525.Az

Təhsil Tələbə Krediti Fondu: gələcəyimizə dövlət qayğısının təcəssümü


 

Təhsil Tələbə Krediti Fondu: <b style="color:red">gələcəyimizə dövlət qayğısının təcəssümü</b>

Bu günlərdə Prezident İlham Əliyevin müvafiq Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb.

Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Bu fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir və nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşacaq.

Təhsil naziri Emin Əmrullayev deyir ki, növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Krediti Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq. Kreditlər veriləndə isə ilkin mərhələdə giriş balları nəzərə alınacaq: "Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Güzəştlərin edilməsi də nəzərdə tutulacaq. Bu kredit kommersiya məqsədi daşımır. Gələcəkdə müxtəlif mənbələrdən Fondun maliyyəsi artırıla bilər. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da veriləcək. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək. Tələbə təhsili bitirəndən təxminən 20 il ərzində kreditini hissə-hissə ödəyəcək. Bu və ya digər səbəbdən ödəyə bilmədiyi, hərbidə olduğu, işləmədiyi və digər hallarda kiçik müddətli möhlət hüququ da veriləcək".

Nazirin sözlərinə görə, bu addımın atılmasında əsas məqsəd ali təhsildə əlçatanlığın təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır: "Təhsil Tələbə Krediti Fondu ali təhsildə mühüm dəyişikliklərə gətirib çıxaracaq. Fonddan həm dövlət, həm də özəl təhsil müəssisəsində təhsil alan tələbə istifadə edə bilər. Əsas məsələ ali təhsil müəssisəsinin lisenziyasının olmasıdır. Ümumiyyətlə, Fərmandan irəli gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək, bu qaydalar növbəti bir ay ərzində hazırlanıb Nazirlər Kabinetinə veriləcək və təsdiq ediləcək. Bu kreditlər çox aşağı, təxminən 2 faiz olacaq. Kreditlər sosial həssas qrupdan olandan üçündür. Sosial həssas qrupdan olmayanlar üçün isə qaydalar açıqlanacaq. Ehtiyacla yanaşı, giriş ballarına da baxılacaq, yüksək nəticə bizim üçün əsas şərtlərdən olacaq. Müvəffəqiyyət göstərici olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Amma vətəndaş məsuliyyəti və dayanıqlılıq baxımından, ödənilmiş maliyyə geri qaytarıldıqca digər tələbələrin oxuma şansı da olacaq".

Təhsil naziri vurğulayıb ki, kreditin məbləği təhsil haqqı məbləğindən artıq olmayacaq. Himayəçilər Şurası tərəfindən təhsil kreditinin yüksək həddi müəyyən ediləcək: "Belə də ola bilər ki, təhsil haqqının 80 faizi ödənilsin. Bu, daha çox əlavə kömək üçündür. Kredit tələbəyə yox, onun oxuduğu ali və ya orta ixtisas təhsil müəssisəsinə köçürüləcək. Bu da yenə müzakirə mövzusudur, öz hesabına oxuyan tələbələr təhsil haqqının müəyyən qismini özü ödəyirsə, müəyyən qismini də kreditlə ödəyə bilər. Amma tələbənin təhsil aldığı 4 ildə ailənin sosial vəziyyəti də dəyişilə bilər. Ona görə kreditlər hər tədris ili üzrə veriləcək. Fondun Nizamnamə kapitalı 80 milyon manatdır, amma əlavə də ola bilər. Tələbənin təhsil haqqı tam və ya qismən ödənilə bilər. Azərbaycanda təhsil haqqı 900 manatdan 7000 manata qədərdir. Ola bilsin peşə məktəblərində daha da az olsun. Daha çox bakalavr və magistr səviyyəsi üzrə kredit olacaq. Digər qruplar üzrə yəqin ki, araşdırma aparılacaq".

 

E.Əmrullayevin dediyinə görə, təhlillər göstərir ki, orta hesabla 95 faiz tələbə Universiteti bitirir, digər 5 faiz tələbə təkcə təhsil haqqı yox, başqa səbəblərdən də bitirə bilmir. İnkişaf etmiş ölkələrdə 30-40 faiz tələbə ali təhsili bitirə bilmir, əsas səbəb də imtahanları verə bilməməyi olur. Amma bizdə tələbələr imtahan verirlər, amma təhsilin keyfiyyəti əsas amildir: "Təhsil güzəşti həm də keyfiyyətdə güzəşt deməkdir. Şəhid ailələri, əlilliyi olan şəxslərlə bağlı şərtlər yerində qalır, amma ödənişli şərtlərlə oxuyanlar kredit ala bilər. Konkret şərtlər Himayəçilər Şurası tərəfindən hazırlanacaq və Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Bu kredit xaricdə təhsil alanlar üçün yox, Azərbaycan universitetləri üçün nəzərdə tutulub. Kredit Azərbaycanda təhsil alan xarici tələbələrə də şamil edilməyəcək".

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, Təhsil Tələbə Krediti Fondunun yaradılması olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlığının təmin olunmasına xidmət edən dövlət sənədidir. Təhsilə və gələcəyimizə dövlət qayğısının təcəssümüdür: "Təhsil Tələbə Krediti Fondu  təhsil almaq istəyən, bunun üçün maddi imkanları zəif olan gənclərin təhsilinə dəstək missiyasını həyata keçirəcək. Eyni zamanda Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Ona görə də, Fondun tələbələrin təhsilinə dəstəyi hiss olunacaq. Bu Fond insanların təhsil arzusunun gerçəkləşdirilməsi məqsədilə yaradılıb. Təhsil Tələbə Krediti Fondu sosial baxımdan həssas ailələrin övladlarının təhsilinə dəstək olacaq. Güzəştli şərtlərlə təhsil kreditlərinin verilməsi onların ali təhsil alaraq savadlı insan kimi yetişməsinə, gələcəkdə özünün və ailəsinin maddi durumunun yaxşılaşdırılmasına imkan yaradacaq. Təhsil Tələbə Krediti Fondunun insan resursunun, insan kapitalının yaradılması baxımından böyük missiyası var".

İ.Orucov bildirib ki, aztəminatlı ailələrdə təhsil haqqının ödənilməsində yaranan çətinlik bəzən gənclərin ali təhsil almasına mane olur. Tələbələrin bu Fondun imkanından bəhrələnməsi sayəsində onlar əmək bazarında özlərinə layiqli iş tapa biləcəklər. Yeni yaradılacaq Təhsil Tələbə Krediti Fondunun büdcəsinin əsas hissəsinin dövlət büdcəsi hesabına maliyyələşməsi isə çox mühüm amildir.

Millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək məqsədilə Təhsil Tələbə Krediti Fondunun yaradılması Azərbaycan cəmiyyətində çox böyük maraq və razılıqla qarşılanıb: "Xeyli vaxt idi ki, Milli Məclisdə və ayrı-ayrı ziyalılar tərəfindən ödənişli təhsil alan gənclərin təhsilə əlçatanlığını təmin etmək üçün dövlətin bir mexanizminin yaradılması məsələsi irəli sürülürdü. Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq barədə müxtəlif təkliflər səsləndirilirdi. Prezidentin sərəncamı ilə yaradılan Fond hər bir Azərbaycan vətəndaşına, eyni zamanda ödənişli əsaslarla təhsil alanların qayğılarına çox həssaslıqla yanaşıldığını göstərir. Nəzərə alaq ki, bu, gənclərimiz üçün çox böyük bir dəstəkdir. Fondun yaradılması gənclərin təhsil almasında dövlətin rolunun artdığını bir daha sübut edir".

Təhsil eksperti Kamran Əsədovun sözlərinə əsasən, Avropa ölkələri və ABŞ, post-sovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər: "Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər üç növdür və hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir".

Bakı Dövlət Universitetinin (BDU) professoru Hikmət Əlizadənin dediyinə görə, sözügedən Fondun yaradılması Azərbaycanda təhsilin inkişafı naminə mühüm rol oynayacaq: "Dünyanın inkişaf etmiş ölkələrində adətən belə fondlar müxtəlif şirkətlər tərəfindən yaradılır. Prezident İlham Əliyev yenə də humanist addım ataraq belə bir Fondun yaradılmasına qərar verdi. Prezidentimiz həmişə olduğu kimi gənclərimizin təhsil almasına çox böyük həssaslıqla yanaşır".

Tanınmış hüquqşünas, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, Təhsil Krediti Fondu sayəsində hər il yüzlərlə tələbənin məhz təhsil haqqını ödəyə bilməməsinə görə təhsildən kənarda qalmasının qarşısı alınacaq: "Belə fondların yaradılması xarici ölkələrdə geniş istifadə olunan təcrübədir. Bir çox hallarda belə fondlar müxtəlif istiqamətlər üzrə fəaliyyətləri stimullaşdırırlar. Məsələn, könüllülük işini stimullaşdırır. Fondun büdcəsi qanunla qadağan olunmayan digər mənbələrdən formalaşdırılır. Bu isə biznesin Fondun maliyyələşməsində iştirakına imkan verir".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





17.07.2021    çap et  çap et