525.Az

Avropa İttifaqının yardım oyunu: Zərərçəkənə az, zərər verənə çox 


 

Avropa İttifaqının yardım oyunu: <b style="color:red"> Zərərçəkənə az, zərər verənə çox </b>

Avropa İttifaqı (Aİ) Ermənistana 2,6 milyard avro yardım paketi ayırıb. Cənubi Qafqaz regionuna səfərini İrəvandan başlayan Aİ Şurasının sədri Şarl Mişel Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşdən sonra mətbuata açıqlamasında bu yardımın ölkənin qarşısında duran prioritet vəzifələrin icrası üçün ayrıldığını deyib. 

Azərbaycana isə cəmi 150 milyon avroluq yardım nəzərdə tutulub. Əlbəttə ki, bu, qurum tərəfindən ikili standartlı yanaşmanın, ədalətsizliyin göstəricisidir. Avropa İttifaqının rəhbər şəxsləri Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxladığını, ərazilərimizdə daşı daş üstündə qoymadığını yaxşı bilirlər. Onu da bilirlər ki, azad olunmuş ərazilərin bərpası üçün milyardlarla vəsait tələb olunur. Azərbaycanı Aİ-nin Cənubi Qafqazda əsas tərəfdaşı, Avropanın enerji təhlükəsizliyinin təminatçısı adlandıran, regionda sülh, sabitlik, inkişaf, dinc yaşayışın tərəfdarı olduğunu bəyan edən Aİ nədən zərərçəkənlə, bölgədə düşmənçilik yaradan, problemlərin əsasını qoyan, Azərbaycanın ərazilərini tar-mar edən tərəfə böyük miqdarda yardım ayırmağa qərar verib? Belə çıxır ki, Aİ sülhü, inkişafı deyil, separatizmi, vandalizmi dəstəkləyir? Əks halda, bölgənin illərlə inkişafını əngəlləyən, onu terror yuvasına çevirən, faşizm ənənələrini “yaşadan” tərəf belə mükafatlanmazdı.

Burda digər maraqlı məqam Ermənistanın fürsət düşən kimi Rusiyaya arxa çevirməsidir. Emmanuel Makronla eyni ideoloji platformada təmsil olunan fransız Şarl Mişelin regiona səfəri çərçivəsində Ermənistanda keçirdiyi görüşlərin nəticəsi, birmənalı olaraq İrəvanın Rusiyaya növbəti xəyanətidir. Çünki Paşinyan hər dəfə çıxılmaz vəziyyətə düşəndə məhz Rusiyaya üz tutub, Prezident Vladimir Putindən yardım istəyib. Putin ona yardım edib, çətin vəziyyətdən çıxarıb. Hərbçilər qiyam qaldıranda məhz Putinin dəstəyi Paşinyanı xilas etdi. Yaxud da sabiq prezident Robert Koçaryan Rusiyaya yaxınlığı ilə seçilsə də, Moskva seçkilərdə Paşinyana problem yaratmadı. Paşinyan isə sanki Rusiyanı ehtiyatda saxlayaraq, Qərbə qaçır. Ermənistanın NATO, Aİ və digər təsisatlarla ardıcıl təmasları bunu təsdiq edir. Ermənistana 2,6 milyard avroluq yardım paketi həm də o deməkdir ki, Aİ bu ölkədə Marşall planını tətbiq edir və faktiki olaraq Ermənistanı satın alır. 

Yeri gəlmişkən, Mişelin səfərindən əvvəl və səfərdə olduğu günlərdə məhz bu şüarla İrəvanda etiraz aksiyaları keçirildi. Erməni fəallar, radikal siyasi qurumlarından olan "Daşnaksütyun" partiyasının gəncləri srağagün axşamdan başlayan etiraz aksiyalarını bu gün də davam etdiriblər. Onlar "Avropa Ermənistanı satın almağa və öz gündəmini yaratmağa çalışır" deyərək Mişelin səfərinə etiraz ediblər. Avropanın məqsədi aydındır: Ermənistanı Rusiyadan bacardığı qədər uzaqlaşdırmaq. Paşinyan da məhz bu məqsədə xidmət edir. 

Qərbin adamı olan Armen Qriqoryanı XİN rəhbərinin birinci müavini təyin etməsi bu siyasəti aydın göstərir. Paşinyanın Qərblə dərin əlaqələri və təmasları sonda Rusiya üçün arzuolunmaz ssenarinin reallaşdırılmasına gətirib çıxardı. Ona görə də Rusiya üçün artıq qəti qərar vermək zamanıdır. Rusiya regionla bağlı siyasətini bu reallığa uyğun formalaşdırmalı, Ermənistana dəstəyini dayandırmalı və hərbi bazasını bu ölkədən çıxarmalıdır.

Yeri gəlmişkən, Mişel artıq Bakıdadır və bu gün keçiriləcək görüşlərdə rəsmi Bakı çox güman ki, Avropanın bu ədalətsiz mövqeyini, ikilistandartlı yanaşmasını diqqətə çatdıracaq. 

PƏRVANƏ

 





18.07.2021    çap et  çap et