525.Az

Cənnətdən çiçək... - Yaddaş


 

Cənnətdən çiçək... - <b style="color:red">Yaddaş</b>

Yadıma gəlir, uşaq vaxtı anam hər gün bulaqdan su gətirməyə gedəndə mənə bir xarıbülbül gətirərdi. Mən xarıbülbülü çox sevirdim.

İndi məndən niyəsini soruşsalar, deyə bilmərəm niyə. Rəngimi, yoxsa ətrimi xoşuma gəlirdi, ya başqa nəsə, bilmirəm. Amma sadəcə sevirdim onu. Oturub saatlarla ona tamaşa edirdim niyəsini bilmədən. Hətta indi də uşaq vaxtı anamın mənə topladığı qurumuş xarıbülbülləri, daha doğrusu, onların çubuğunu saxlayıram. Otağımın divarından çərçivələtdirib asmışam. İşdən qayıdanda isti çayımı içə-içə oturub dayanmadan ona tamaşa edirəm. İnanmazsınız, bəlkə də, amma onda qurumuş gülə deyil, sanki bir insana baxıram. O da mənə. Buz kimi, kəskin baxışlarıyla. Nəsə demək istəyir, nəyinsə xiffətini çəkir sanki. Nəyinsə həsrətini...

Hə, mən xarıbülbülü çox sevirdim. Amma anam mən xarıbülbülü sevirdim deyə mənə xarıbülbül gətirmirdi hər gün. Mənim 11 yaşım var idi onda, özümdən beş yaş kiçik də bir bacım var idi. Anam bulağa gedəndə biz evdə tək qalırdıq. Atam da naxırda olurdu. Ona görə də evdə sakit oturub balaca bacıma göz-qulaq olum deyə gətirirdi. Nadinclik eləməyim deyə. Mən də bunu bilirdim. Ona görə də ağıllı oturub anam gələnə kimi bacıma göz-qulaq olurdum. Və mükafatımı da alırdım.

Mən etdiyim hərəkətlərin, dediyim sözlərin bəzən həqiqətən özüm də səbəblərini bilmirəm. Belə vaxtlardan birində anamdan dəxli olmadığı halda soruşdum ki, ana sən öləndən sonra mənə xarıbülbül gətirə bilməyəcəksən? Bəs hər gün mənə kim xarıbülbül gətirəcək? On bir yaşında uşağın belə bir sual verməsini heç cür gözləməyən anam bir an duruxdu, elə bil yerindəcə donmuşdu. Arada olan sükut məni elə qorxutdu ki, özüm də peşman olub tez səhvimi düzəltməyə çalışdım: "Bilirəm, ana. Sən mənə cənnətdən göndərəcəksən xarıbülbülləri. Axı cənnətdə də həyat var. Və xarıbülbül cənnətdə, bir də Şuşada bitir ancaq. Məktəbdə demişdi müəllim. Sən də ora gedəndən sonra mənə oradan gətirəcəksən xarıbülbülü. Elə deyilmi, ana? Söz verirsənmi? Mən də sənə söz verirəm, anacan, sən yaşlananda da mən sənə hər gün xarıbülbül gətirəcəm". Anam bir müddət heç nə, bir kəlmə belə demədi. Sonra bircə kəlmə "söz verirəm" deyib sadəcə güldü, ya da gülməyə çalışdı. Eynilə mənim bu gülüşü (əgər o gülüş idisə), anamın son gülüşünü xatırlayanda gülməyə çalışdığım kimi...

Anam yenə də həmin gün bulaqdan su gətirməyə getdi. Həmişə yarım saata, uzağı bir saata evə qayıdardı. Bu dəfə isə o gecikirdi, 2 saat keçsə də, o hələ də qayıtmamışdı. Bir saat da keçdi. Anam hələ də qayıtmamışdı. Atam inəkləri naxırdan gətirmişdi artıq. Anamın bulaqdan hələ də gəlmədiyini görüb çox narahat oldu. Bacım da ac idi. Yemək yeməmişdik. Həmişə anam bulaqdan qayıdandan sonra yeməyimizi bişirərdi. Ona görə bacım da çox narahat olmuşdu atamla bərabər. Mən isə adətim üzrə anamla birgə öz mükafatımı da səbirsizliklə gözləyib onun üçün də narahat olurdum. Atamın narahatlığı qorxuya çevrilirdi yavaş-yavaş. On bir yaşım olmasına baxmayaraq, onun içindəki qorxunun səbəbini də hiss eləmişdim sanki. Ermənilərin Xocalıda elədiyi vəhşilikləri bilirdik biz də. Müharibənin qızğın vaxtı idi. Hər kəsin içində bir qorxu, bir səksəkə vardı. Çünki heç kim sabah başına nə gələcəyini, ümumiyyətlə, sabaha sağ çıxıb-çıxmayacağını bilmirdi. Belə bir vaxtda isə anamın qayıtmaması. Atam ermənilərin səssizcə Şuşaya hücum eləməsindənmi qorxurdu bilmirəm, amma bir onu bilirdim ki, o, anamın başına nəsə gəlməsindən qorxurdu. Hər keçən dəqiqə isə bu qorxunun doğruluq payını bir az da artırırdı. Yarım saat da keçdi. Şər qarışırdı. Anam isə hələ də gəlməmişdi. Atam artıq dura bilməyib getdi anamın arxasınca. Məni isə "bacından muğayat ol" deyə bərk-bərk tənbehlədi. Bacım isə çox qorxmuşdu, ağlayırdı. Mən isə onu sakitləşdirə bilmirdim. Özüm də ondan betər qorxurdum. Çünki nə olduğunu anlamışdım deyəsən...

Atam anamı axtarmağa gedəndən xeyli sonra qayıtdı. Artıq bacımı sakitləşdirə bilmirdim. Özüm də çarəsizliyimdən hönkürə-hönkürə ona qoşulub ağlayırdım. Ancaq yaxşı ki o sonra ağlaya-ağlaya da yuxuya getdi. Atamı qayıdanda görmədi. Anamı o vəziyyətdə görmədi.

İlk dəfə idi ki, qaranlıqdan qorxmadan çöldə oturub onları gözləyirdim. Anamın yenə də həmişəki kimi əlində xarıbülbül, gülə-gülə mənə sarı gələcəyini gözləyirdim. Amma belə olmadı. Atam anamın cansız bədəni ilə gəldi. Qana bulaşmış əlində tutduğu qıp-qırmızı xarıbülbüllə. Mən isə meyit kimi donub qalmışdım qorxumdan. Eynilə atam mənə anamın niyə öldüyünü deyəndə donub qaldığım kimi. Amma onda qorxumdan yox, utancımdan donub qalmışdım. İlk dəfə hiss elədiyim vicdan əzabından donub qalmışdım. Atam anamı tapanda paltarı cırılmış, hər tərəfi isə sıyrıq içində imiş. Dağdan yumalanmışdı anam çox güman ki. Həm də çox pis yumalanmışdı göründüyünə görə. Dağa isə sırf mənə görə, mənə xarıbülbül gətirsin deyə dırmaşıbmış. Çünki anam hər dəfə bulaqdan su götürəndən sonra dağa çıxardı xarıbülbül toplamağa. Özü demişdi mənə bunu: "Sən bacına göz-qulaq ol mən gələnə kimi. Mən ən gözəl xarıbülbülü gətirəcəm sənə dağ döşündən, mənim ağıllı balam..." Atam mənə onları danışanda, anamın əlində olan o qanlı xarıbülbülü görəndə o an sadəcə utancımın verdiyi mənəvi əzabın altında əzilib qalmışdım. Atam isə kədərini boğaraq axı nə üçün anamın dağa çıxdığını anlamağa çalışırdı. Mən isə bir kəlmə belə deyə bilməmişdim onda atama. Sadəcə anamın cansız bədəninə sarılıb ağlamışdım. O qanlı xarıbülbülü bağrıma basıb ağlamışdım...

Mayın 6-sı günü dəfn elədik anamı. Qırx  illik həyatımın yeganə günü idi ki, saniyəsinə kimi xatırlayıram o günü. Filanıncı dəqiqənin filanıncı saniyəsində nələr  baş verdiyini, məsələn. Hər şeyi xatırlayıram həyatımın ən dözülməz, ən çox ağladığım, vicdan əzabının, boynubüküklüyün nə olduğunu dərk etdiyim həmin günündən. Mənə hələ də ən çox əzab verən isə odur ki, anamın məzarına belə doya-doya sarılıb, doya-doya ağlaya bilmədim. Kənddə xəbər yayılmışdı ki, ermənilər Şuşaya yaxınlaşır. Artıq hər kəs, məmə deyənindən pəpə deyəninə qədər hər kəs anlamışdı. Düşmən gəlirdi. Ya burada qalıb öz torpağında ölməli, ya da qaçıb ailənin, övladlarının canını xilas eləməlisən. Hər kəs ikincini seçdi. Əvvəllər belə olsaydı, kənddən çıxan adamı lağa qoyardılar. Ancaq indi belə olmadı. Çünki kimsə kimisə lağa qoyacaq vəziyyətdə deyildi. Hamı öz canının hayında idi.

Atam da getməyimizə qərar vermişdi. Ancaq mən getmək istəmirdim. Axı necə gedə bilərdim ki?! Anama verdiyim sözü tutmamışdım axı mən. Anamı mən necə tək qoya bilərdim axı. Onsuz da buz kimi torpağın altında o çox üşüyürdü, çox nəfəssiz qalmışdı. İsti vətən torpağını onun üçün necə buza döndərə bilərdik biz?! Torpağın üstündə ona nəfəs olmalıykən onu necə düşmən umuduna qoyub qaça bilərdik biz?! Axı o çox qorxardı. Axı o xarıbülbülsüz qalardı, axı mən xarıbülbülsüz qalardım. Başqa yerdə xarıbülbül bitmirdi axı. Yox, o xarıbülbülsüz qalmayacaqdı. Axı xarıbülbül cənnətdə, bir də Şuşada bitir. Anam isə bu dünyanın cənətindən o dünyanın cənnətinə köçmüşdü. Deməli, orada da o xarıbülbül toplayacaq. Mənə oradan xarıbülbül göndərəcəkdi. Amma mən? Mən ona xarıbülbül göndərə biləcəkmiydim? Heç bundan sonra ömrümdə xarıbülbül görüb-görməyəcəyimi belə bilmirdim. Getməmək üçün çox səbəbim vardı, ya da getməyə haqqım yox idi. Anamın mənə görə qarışdığı torpağı tərk eləməyə haqqım yox idi. Atam isə məni sürüyə-sürüyə də olsa, aparacaqdı buradan. Bunu da bilirdim. On bir yaşında bir uşağın sözünü kim dinləyib onu burada tək qoyardı ki?

Çıxmalıydıq Şuşadan. Atam buna görə də bacardığı qədər xırda, əlinə gələn şeyləri götürüb yır-yığış edirdi. Atamdan o an sadəcə bir sual soruşdum: "Ata, bəs anam? Biz Şuşaya nə vaxtsa qayıdanda onun qəbrini tapa biləcəyikmi?" Eynilə iki gün əvvəl anama sual verəndə olduğu kimi oldu. Atam da ilk başda duruxdu. Maddım-maddım üzümə baxırdı. Amma o anam kimi gülməyə çalışmadı. Ağladı. Həm də hönkür-hönkür ağladı. Məni bağrına basıb ağladı. Dodaqları yerinə gözləri dinmişdi. Gözləri mənlə danışmışdı. Mən anladım. Biz, bəlkə də, heç vaxt Şuşaya qayıtmayacayıq. Qayıtsaq belə, anamın heç bir nişanəsi olmayan, sadəcə kiçik bir daş parçasına adı yazılmış qəbrini tapa bilməyəcəkdik. Mən ən çox da bununla barışa bilmirdim. Heç olmasa, son dəfə anamın qəbrini görmək üçün atamdan icazə aldım. Atam isə göz yaşlarını boğub sadəcə "bir az tez gəl" - dedi. Birbaş dağlara tərəf qaçdım. O dağlara ki, anam həmişə mənim oraya getməyimdən qorxardı. Son dəfə, bəlkə də. Mən əsl cənnəti bax o an görmüşdüm (əgər mənə desələr ki, öləndən sonra cənnətə düşməyəcəm, zərrə təəssüflənmərəm. Mən onsuz da cənnətdə doğulmuşdum, tək arzum isə o cənnətdə ölmək olardı sadəcə). Şuşa da anlamışdı bizim onu tək qoyacağımızı. Xarıbülbülün boynu bükülmüşdü sanki bir günün içində. Anamın həmişə mənə gətirdiyi kimi şax, məğrur deyildi o gün. Mənim boynum isə onlarınkından daha çox bükülmüşdü. Gözümdən axan yaşı silib tez-tələsik iki xarıbülbül qoparıb kəndimizin qəbirstanlığına qaçdım. Anamın qəbrinin yanına gəlib qopardığım xarıbülbülün birini basdırdım onun torpağına. Onunla öz ümidimi basdırırdım orada. Bəlkə bir gün qayıdarsaq, onun qəbrini o xarıbülbül sayəsində tapa bilərəm deyə. Bəlkə də, anama verdiyim sözə bir gün də olsa, əməl edə bilim deyə. O gün anama çox sözlər deyə bilərdim. O qədər istərdim ki, o məzarının başında qalıb əkdiyim xarıbülbülü öz göz yaşlarımla suvarmağı. Ancaq bacarmadım. Qopardığım digər xarıbülbülü də anamın öldüyü gün mənə gətirdiyi qanlı xarıbülbülün yanına qoyub evə getdim. Anam gətirəcəkdi əslində onu mənə. Şuşada olduğum son gün anam gətirəcəkdi. Əgər anam sağ olsaydı...

...Şuşadan çıxdığım son gün həyatımın ən kədərli günü idisə, ora qayıtdığım gün ən gözəl günü olacaqdı. Hələ anamın qəbrini tapsaydım, daha da gözəl olacaqdı deyə düşünmüşdüm aradan keçən 28 il ərzində. Ümidim gündən-günə azalırdı həyatımın ən gözəl gününü yaşayacağıma. Amma elə bir gün oldu. Gec də olsa, oldu. Şuşa azad olundu. Deməli, mən də artıq Şuşaya gedə bilərdim. Artıq anamın mənə cənnətdən göndərdiyi xarıbülbülləri toplaya biləcək, artıq mən öz doğulduğum cənnətimdə də ölə biləcəkdim...

Çərçivələtdirib divardan asdığım xarıbülbüllərlə yola çıxdım Şuşaya doğru. Qurumuş xarıbülbüllərlə.  Çox çətindir uşaq ikən çıxdığın torpağa iyirmi səkkiz il sonra başını ağardaraq qayıtmaq. Hər şeyin, amma hər şeyin dəyişildiyini görmək. Heç bu torpaqlarda olmayıbmışsan kimi, yad kimi gəzmək. Sənin illərlə qoruyub-saxladığın xarıbülbüllərin boynunun büküldüyünü görmək.

Birbaş o vaxt kəndimizin qəbirstanlığı, indi isə xarabalığa çevrilmiş torpaq sahəsinə getdim. İyirmi səkkiz il sinəmdə gəzdirdiyim, iyirmi səkkiz il əvvəl anamın qəbrinə basdırdığım ümidimlə. Yüyürərək getdim. Ancaq hər şey məhv olmuşdu, heç nə, amma heç nə əvvəlki kimi deyildi. Ümidim puça çıxmışdı. Anamın qəbrini tapmadım. Ümumiyyətlə, burada heç kimin qəbrini, qəbir bir yana, nişanəsini belə tapmaq olmazdı. Hər şey dağıdılmışdı. Mənim ümidlərim kimi. Əlimdən sadəcə yerə çöküb ağlamaq gəldi. Şuşadan çıxdığımız gün atamın ağladığı kimi. Hönkür-hönkür. Çarəsizcəsinə. Buradan getmək istədim. Tez. Bacardığım qədər tez. Bu an gözümə bir az aralıda topa bitmiş xarıbülbüllər sataşdı. Diqqətlə baxanda gördüm ki, düzümlə bitmişdi. Sanki kimsə öz əlləriylə əkmişdi. Bu böyüklükdə ərazidə bir tək orada bitmişdi. Daha da bərkdən hönkürdüm. Amma bu dəfə sevincdən, sevinc göz yaşlarıyla. Anamın qəbrini tapmışdım. Anam mənə verdiyi sözü tutmuşdu. Anam mənə mənim Şuşada olmadığım hər il cənnətdən xarıbülbül göndərmişdi...

Aynurə ABBASZADƏ

 





17.07.2021    çap et  çap et