525.Az

Müharibədən şeirlər - Seyid Aynur


 

Müharibədən şeirlər - <b style="color:red">Seyid Aynur</b>

Seyid Aynur 1987-ci ildə Bakıda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Hüquq, eləcə də Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültələrinin məzunudur.

2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Anton Çexov, Federiko Qarsiya Lorka, Rabindranat Taqor kimi məşhur yazıçı və şairlərin yaradıcılığından tərcümələrin müəllifidir.

Şeirləri "Art Kaspi", "Ulduz", "Mədəniyyət" jurnallarında və müxtəlif ədəbiyyat portallarında yayımlanıb.

Müharibədən şeirlər

Qeyrətinin üzünü yudu zabit,
Zühur etmiş arzular bulağında
Çiçək açdı mərmilər,
tüpürdü çarmıxa çəkilmiş İsa
erməni xislətinə.

Həsrətinlə yaşıd oğullar gəldi,
nəğmə
deyə-deyə, fit çala-çala,
Bir evdə bir ananın
yuxusunda çilikləndi aynalar
vağzalı çalınmadı.

Xatirələri başdaşlarında qalan,
Ağoğlanı düşünüb Məryəm ana
yaddaş məzarlığında
hıçqırdı elə hey ağac-ağac,
saraldı yarpaq-yarpaq.

Göyə əl açan yaralı məscidlər,
Gileyləndi bu dünyanın işindən
üfüqlər əcəl kimi:
Peyğəmbəri-əkrəmin hüzurunda
Ağlamsındı mələklər.

Dalğalanar gözlərimdə bayrağım,
Gəldim oturub söhbətləşək, Şuşa:
sən, mən, dəfnə ağacı
Səbrim ovuclarıma sığmır daha
çırp keçmişin tozunu.

Təbiətin beşinci fəslindəyəm-
bir budağım gətirib qucaq-qucaq,
o biri tumurcuqlayıb
Dastan yazıb Cıdırda yallı gedən
Koroğlular, vətənim!.

"Xudayarın nəğməsi" ni oxuyur,
Yarım qalan səngər-səngər məktublar
Dağlara şeir aparın,
bir də ovuc dolu vətən buğdası-
göyərçin yuva salıb.

*** 

Qar yağır yerə lay-lay,
Anam oxuyar lay-lay
Elin igid oğluna,
Səngərlər deyər lay-lay.

Əzizim, xarı bülbül,
Ağladı yarı bülbül
Beşiyi dağlar oldu,
Saraldı sarı bülbül.

Düzləri ağ qar aldı,
Yol çəkən göz ağardı.
Axtarmayın əsgəri,
Əhdi dağlarda qaldı.

Əzizim asa məni,
Sırğa tək asa məni
Don vurmuş bənövşəyəm,
Çağırın yasa məni.

***

Boz rəngli qeyd kitabçasında
Ləpələnir gözləri bir qızın
dəniz-dəniz,
birdən qayıtmaz deyə
hər gün şəhadət barmağını
sətirlərə tuşlayan əsgər
öldürür sevgisini,
Hardansa uzanan ana əli
silir vağzalının
 göz yaşlarını.

***

Ata evidir vətən,
bayrağı pəncərəsi,
cığırları alnımın qırışı,
duası anamın göz yaşları.
Dəftərin kənarına
çinar ağacı çəkib
kölgəsində illərin yorğunluğunu
çıxarmağım gəlir.

 





17.07.2021    çap et  çap et