525.Az

Pandemiya bitəcəkmi? - El Romandan daha bir yazı


 

Pandemiya bitəcəkmi? - <b style="color:red">El Romandan daha bir yazı </b>

Hər kəsin ağlında bir sual var: Pandemiya nə vaxt və necə bitəcək?

Dünya tarix boyu buna bənzər, hətta daha böyük problemlərlə qarşılaşıb. Pandemiya başladığı nöqtədə qısa müddətdə əngəllənmədikcə, böyüməyə davam edir. Təbii olaraq, insanlar sosiallaşmağı sevdiyindən onun böyüməsinə həm də kömək etmiş olur. Sosiallaşmaq nə qədər çox olsa, virusun böyümə səviyyəsi və ölən insan sayı da artır. Bu ölümlər virusdan, insan immuniteti fərqliliyindən və çökən səhiyyə sistemlərindən dolayı meydana gəlir.

İnsanların çoxu virusa yavaş-yavaş yoluxur. Bəziləri birbaşa ölür, bəziləri isə güclü immunitetləri sayəsində həyatda qalırlar. Virus yeni insanları yoluxdurmayana qədər bu beləcə davam edir.

Bir pandemiyanın bitmədiyi ssenari yoxdur. Pandemiya gec-tez bitməyə məhkumdur.

Pandemiyalarda ən tükürpədən nöqtəsi ölən insan sayıdır. Eynilə "Çiçək xəstəliyi"ndə olduğu kimi. Hər 10 nəfərdən üçünün öldüyü xəstəlik.

Çiçək xəstəliyi, bundan təxminən 10 min il öncə Cənub-Şərqi Afrikada ortaya çıxdı. Virus hava yolu ilə yayılırdı. Əvvəlcə insanların dərisinə, sonra dəri hüceyrələrinə, sonra isə sümüklərinə və limfa vəzilərinə yayılırdı. İnsanlarda yüksək temperatur, qusma və bədəndə müxtəlif qızartılarla özünü göstərən bu xəstəlik, yoluxduğu hər on nəfərdən üçünü öldürürdü. Qurtulanlar həyatları boyunca bədənlərindəki yara izləri ilə yaşayırdılar. Xəstəliyin dünyaya yayılmasının ən əsas səbəbkarları misirli tacirlər olmuşdu.

18-ci əsrdə ingilis aristokrat Deydi Meri Çiçək xəstəliyinə yoluxaraq bütün gözəlliyini itirmişdi. İstanbulda olduğu müddətdə Osmanlı dövlətinin Ədirnə Darüşşəfasında xəstəliyinə çarə tapılmış, Meri bundan faydalanmış və eyni xəstəliyə yoluxan oğlu üstündə də tətbiq etdirmişdi. Dostuna yazdığı bir məktubda xəstəliyə qarşı peyvənd olunduğunu sevinclə bildirmişdi.

O illərdə İngiltərədə Çiçək xəstəliyi yayılmışdı və minlərlə insan ölməyə davam edirdi. İngilislər "Çiçək peyvəndi"nin yararlı olub-olmamasını yoxlamaq üçün qəribə bir üsuldan istifadə etdilər. Peyvəndi edama məhkum edilmiş insanlar üstündə yoxladılar. Bunun həqiqətən də işə yaradığını görən ingilislər, peyvənddən uzun illər istifadə etməyə davam etdilər. Hətta buna "türk peyvəndi" adı belə verilmişdi. Sonradan peyvənd bütün dünyaya yayıldı. Ancaq zamanla peyvəndin çata bilmədiyi yerlərə yayılan virus, təkcə 20-ci əsrdə 500 milyona yaxın insanın ölümü ilə nəticələndə. ÜST-nin yaradılmasından sonra millətlər bir araya gəldi və peyvəndləmə kampaniyaları başlandı. Ancaq yenə də bəzi yerlərdə problem davam edirdi. Bununla da ÜST strategiya dəyişdirdi. Hər kəsi peyvəndləmək yerinə, virusa yoluxmuş insanlar başda olmaq şərtilə, onlarla təmasda olan şəxslər peyvəndləndi. Bu, xeyli uğurlu strategiya idi. Virus bütün dünyada sürətlə azaldı və yox oldu. 1980-ci il mayın 8-də ÜST Çiçək xəstəliyinin tamamilə yox olduğunu elan etdi.

Digər bir virus növü isə 1900-cü illərin əvvəllərində ortaya çıxdı. "İspan qripi" adlanan bu virus təxminən 50 milyondan çox insanın ölümünə səbəb oldu. Qısa müddətdə çox sayda insanın ölümünə səbəb olduğundan, tarixin ən ağır pandemiyalarından biri kimi qiymətləndirilən bu virus, hər 10 nəfərdən ikisinin ölümünə yol açırdı. Qəribəsi bu idi ki, virus gənc və sağlam insanlara daha çox təsirini göstərirdi. Birinci Dünya müharibəsində ortaya çıxan bu virus, əsgərlərin motivasiyalarına mənfi təsir göstərməsin deyə senzuralandı. Yəni mediada bu virusla bağlı xəbərlərə qətiyyən yer verilmədi. Ancaq həmin dövrdə müharibəyə qoşulmayan İspaniya öz mediasında virusla bağlı xəbərlərə hər gün yer verirdi. Dünyada bir çox insan bu virusu İspaniya sayəsində öyrəndiyi üçün virus "İspan qripi"  adlandırıldı. Yəni virusun əslində İspaniya ilə əlaqəsi yoxdur. Xəstəliyin ABŞ-da başladığı ilə bağlı fərziyyələr var. Virus bir neçə ay sonra öz-özünə azaldı və tamamilə yox oldu.

Bütün tarixin ən ağır xəstəliyi - Qara vəba. 1300-cü illərin ortaları. İnsanların aclıq və qıtlıqdan təzə-təzə çıxdığı illər.

Çində isə vəziyyət hələ də ağır olaraq qalmaqda davam edirdi. İnsanların çoxu elə səfil halda idi ki, donuz, ilan, siçan kimi heyvanlarla qidalanırdı. Siçan və ilan kimi heyvanlarda olan "Yersinia Pestis" bakteriyası immun sistemi zəifləmiş bir nəfərə bulaşaraq öz fəsadlarını göstərməyə, insandan insana yayılmağa başlayar. Dəridə ləkələr, qusma, titrəmə, əl və ayaqlarda dərialtı qanamalar və ən sonda gələn ölüm...

Bu dərialtı qanamalarla bədənin qara rəng almasına görə xəstəliyə Qara vəba deyilir. Çində başlayan bu xəstəlik, yenə ticarət yolları vasitəsilə Avropaya da nüfuz etmişdi. Virus sadəcə 14-cü əsrdə 200 nəfər milyon insanın ölümünə səbəb olmuşdu. Bu xəstəliyə görə atalar uşaqlarını, qadınlar kişilərini tərk edirdi. Virusa yoluxan insanlar 5 gün ərzində acılar içərisində ölürdü.

Virusun bitməsi üçün özəl xəstəxanalar quruldu. Viruslu insanlar karantinə alındı. Bütün gəmilər bir-bir təmizləndi. Çimməyi bilməyən avropalılar çimməyi öyrəndilər. Vəba dörd ilin sonunda yavaş-yavaş bitdi.

Hazırda COVİD-19 virusu ilə yenə bir pandemiya dönəminə girdik. Bunun nə zaman və necə bitəcəyini bilmirik. Tək bildiyimiz şey, eynilə keçmişdə olduğu kimi, bunun da bir gün tamamilə bitəcəyidir. Amma xəstəlik qalıcı təsirlər buraxacaqmı, peyvəndlər nə dərəcədə təsirli olacaq və vaksinasiya prosesində başqa planlar varmı? Bütün bunları sadəcə zaman göstərəcək.

 





17.07.2021    çap et  çap et