525.Az

“Ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilir”


 

“Ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilir” <b style="color:red"></b>

Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Əksinə, ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. İcra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha təsdiqləyir. Mərasimdə Prezident İlham Əliyevin iştirakı və çıxışı şəhid ailələrinə və müharibə əlillərinə dövlətin göstərdiyi yüksək diqqət və qayğının növbəti dəfə təzahürüdür.

Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının şanlı tarixi qələbəsi, bütün regionda başlayan yeni inkişaf mərhələsi məsələləri ilə yanaşı şəhid ailələri və müharibə əlillərinə dövlət tərəfindən daim göstərilən böyük diqqət, son illər ərzində bu sahədə görülmüş böyük işlər haqqında ətraflı məlumat vermiş və bildirilmişdir ki, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir:

“2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük göstəricilərə nail olub - 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur, ümumilikdə 7200 avtomobil verilib.
Bu rəqəmləri səsləndirən cənab Prezident İlham Əliyev demişdir:“Mən bu rəqəmləri səsləndirməklə bir daha göstərmək istəyirəm ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır. Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilmir. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır”.

Tamam Cəfərova bildirib ki, İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərin məşğulluq məsələləri həll olunur və bu məsələdə özəl sektor fəal iştirak edir. Təsadüfi deyil ki, özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb:

“İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Həmçinin, ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir. Hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün dövlət tərəfindən vasitələr təqdim olunur. Cari ildə nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır. Müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş olunub, 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib. Reabilitasiya mərkəzlərinin şəbəkəsi genişləndirilir. Artıq bir neçə reabilitasiya mərkəzi yaradılıb və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq Azərbaycan bunu edir və bundan sonra da edəcəkdir. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Azərbaycan hökuməti daim onların yanındadır”.

Sevinc Qarayeva

 





18.07.2021    çap et  çap et