525.Az

Özümüzü tapaq, yoxsa yaradaq? - Aytac Sahədin essesi


 

Özümüzü tapaq, yoxsa yaradaq? - <b style="color:red">Aytac Sahədin essesi </b>

"Özünüzü axtarın", "özünüzü tapın", "özünüzü kəşf edin" kimi məsləhətlərə tez-tez rast gəlirik. Amma "özünüzü yaradın" ifadəsini hardansa oxuduğum ya da eşitdiyim yadıma gəlmir. Halbuki özünü yaratmaq da özünlə ünsiyyətin bir formasıdır.

Əgər insan heç nə etmədən özünü axtarırsa, axtardığı kimdir? Bəlkə də, həyatın sonuna yaxın özünü axtarmaq məntiqlidir, ancaq gənc yaşda özünü yaratmaq daha məntiqlidir. Müəyyən bir yaşı haqlayan insanın həmin yaşdan sonra nəyisə dəyişdirmək həvəsi olmaya bilər, yaxud da buna lüzum görməz, ancaq gənc yaşda "mən bu cürəm", "mən beləyəm" deyib ağ bayraq qaldırması mənə qəribə gəlir. Çünki hələ qarşıda "mən belə olacam" deməyə rəvac verəcək qədər uzun bir ömür var.

Əvvəllər insanın konkret hansısa xüsusiyyətlərlə doğulduğunu, hətta özünün belə bu xüsusiyyətlərə müdaxilə edə bilmədiyini yekdilliklə təsdiqləyən baxışlar vardısa, son dönəmlərdə aparılan araşdırmalar, irəli sürülən fərziyyələr əsrlər boyu qəbul edilən bu yanaşmanı sorğulamaga meydan verir.

Məsələn, "ağ lövhə" nəzəriyyəsi insanın fitri istedad, qabiliyyət kimi xüsusiyyətlərlə doğulmasını inkar edir. Nəzəriyyəni irəli sürən filosof Con Lokk deyir ki,  uşaq doğularkən onun beyni ağ lövhə kimi təmiz olur. Sonra ətraf aləm tədricən ona təsir edir və xarakteri formalaşır.

Lokk "Əqlin tərbiyəsi" əsərində yazır ki, heç bir xalqın övladı milliyyətindən, irqindən asılı olmayaraq ağılsız, qabiliyyətsiz doğulmur. Avropalılarla qara dərili qəbilələri bir-birindən fərqləndirən tərbiyədir, ictimai mühitdir: "Əgər biz sizinlə birlikdə Soldan körfəzində doğulmuş olsaydıq, bizim dünyagörüşümüz və düşüncəmiz orada yaşayan vəhşi qottentotların dünyagörüşündən artıq ola bilməzdi".

Lokkun bu nəzəriyyəsi ilə razılaşanlar da var, razılaşmayanlar da. İstənilən halda bu nəzəriyyədəki həqiqət payını inkar etmək olmaz. İnsanın yaşadığı mühit, aldığı tərbiyə onun formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Tərbiyə dedikdə yalnız valideynlərin verdiyi tərbiyə yox, həm də insanın özünü tərbiyələndirməsi nəzərdə tutulur. O insanlar özlərini tərbiyələndirir ki, nələrisə dəyişmək istəyir, özünü axtarmaqla kifayətlənmir, həm də özünü yaratmaq üçün savaşır. Bu savaşdan qalib çıxır, ya məğlub - bu, artıq başqa mövzudur.

Oturuşmuş xarakter, illərlə qazanılmış vərdişlər, bunları dəyişmək çox çətindir. Bu, başadüşüləndir. Ancaq bir şeyi də başa düşmək lazımdır ki, həyat hərəkət deməkdir. İnkişafa təkan verən dəyişikliklər həyat üçün labüddür.

Mən nə insanın tam şəkildə özünü başdan yarada biləcəyinə inanıram, nə də dərviş kimi yalnız özünü axtarmaqla keçən zamanın gətirdiyi xoşbəxtliyə. Məncə, insan ilk növbədə özünü axtarmalı, tapmalı, dəyişdirə bildiklərini dəyişdirməli, dəyişdirə bilmədiyi cəhətlərlə barışmağı bacarmalıdır.

 





19.07.2021    çap et  çap et