525.Az

"Ədibin Evindən hekayələr"ə geniş ictimai rəğbət var" - Müsahibə


 

"Ədibin Evindən hekayələr"ə geniş ictimai rəğbət var" - <b style="color:red">Müsahibə </b>

Bu günlərdə "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondu yeni uğurlu layihə ilə söz sənəti vurğunlarını sevindirib.

Fond "Ədibin Evindən hekayələr" layihəsi ilə Azərbaycan ədəbiyyatından sevilən bir çox hekayələri səsli şəkildə mütaliə həvəskarlarının ixtiyarına verir.

"Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva qəzetimizə müsahibəsində bu və digər maraqlı layihələri haqqında geniş məlumat verdi: 

***

 

- Şəfəq xanım, "Ədibin Evindən hekayələr" layihəsinin ideyası necə yarandı?

- İdeya baş verən bir neçə prosesin məntiqi sonluğu kimi göründü. Əvvəla, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış 2017-ci ildə açılan "Ədibin Evi" missiyasını genişləndirərək fəaliyyətini bu ildən Ədəbiyyata Dəstək Fondu kimi davam etdirdi. Fondun Himayəçilik Şurasının üzvləri Bakı Dövlət Universitetinin kafedra müdiri Ədibə Paşayeva, həmin universitetin professoru Təhsin Mütəllimov və "ADA" Universitetinin rektoru Hafiz Paşayev icraçı direktor kimi mənə tapşırıq verdilər:  Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə bağlı tədbirlər həyata keçirmək və bu mənada, gənc nəsli diqqətdə saxlamaq. Həyatımıza inqilabi şəkildə daxil olan informasiya texnologiyaları bizim "oxu" vərdişlərimizi zatən dəyişmişdir. Bir ildən çox yaşadığımız pandemiya şəraiti təhsilimizi də daha çox onlayn istiqamətə apardı. "Ədibin Evi" digərlərinə çətinlik kimi görünə bilən bu şərti üstünlüyə çevirməyə çalışır. Məlumdur ki, bizim artıq rəqəmsal dünyada öyrənməyə vərdiş edən tam bir nəslimiz yetişib. İnternet möhtəşəm bir bilik ümmanının qaynağıdır. Demək, rəqəmsallaşma ilə maariflənmə arasında sürətlə artan əlaqəni nəzərə alaraq oxu vərdişlərimizi müvafiq şəkildə uyğunlaşdırmalıyıq. Bu məqsədlə, iyun ayından etibarən "ASAN Radio 100 FM"lə sosial media layihəsinə başladıq. "Ədibin Evindən hekayələr" adlı oxuya həvəsləndirmə layihəsi Mir Cəlal və digər klassiklərimizin qısa hekayə janrına aid ölməz əsərlərini rəqəmsal şəkildə gənclərə təqdim edir. Peşəkar aktyorlar və tanınmış ictimai simalar tərəfindən səsləndirilən bu qısa hekayələr, eləcə də, onları ifa edənlərlə kitabın həyatımızdakı əhəmiyyəti barədə qısa müsahibələri videoçarxlar şəklində yayımlanır və internetlə ölkəmizin bütun guşələrinə əlçatan olur.

 

- İlk buraxılışlarınız yayımlandıqdan sonra  necə reaksiyalar almısınız?

- Rəqəmsal mühitin üstün cəhətlərindən biri də onun şəffaflığıdır. Hesablamalarımız göstərir ki, "Ədibin Evindən hekayələr"ə geniş ictimai rəğbət var. Çünki ilk buraxılışlarımız 30 mindən çox izləyici qazandırıb. Və təbii ki, bu rəqəm artacaq. Linklər paylaşıldıqca, hekayələri dinləyənlər də çoxalacaq. Layihəmiz Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən də maraqla qarşılanıb. Buraxılışlarımızı onlar da öz səhifələrində və müxtəlif tərəfdaşlarının səhifələrində bölüşürlər. İzləyicilərdən görünür ki, təhsil və mədəniyyət dairələrində az da olsa artıq maraqla qarşılanmışıq. Məqsəd də elə budur. Çünki üzərimizə götürdüyümüz missiya - ədəbiyyata və kitaba sevginin aşılanması o qədər miqyaslı və vacibdir ki, bunun ətrafında nə qədər çox tərəfdaş toplasaq, o qədər gözəldir. Yeri gəlmişkən, "Ədibin Evindən hekayələr" layihəsi bütünlüklə sosial məsuliyyət layihəsidir. Yəni burada iştirak edənlər, istər "ASAN Radio"nun peşəkar prodüser qrupu, istərsə də tanınmış qiraətçilərimiz bunu təmənnasız şəkildə edirlər. Məhz ona görə də, bu layihə ətrafında həmfikirlər birləşib. Mir Cəlal müəllim kitabı günəşə bənzədirdi. O deyirdi ki, "günəş torpağın dərinliklərinə nüfuz edib onu bahar həyatına oyadan kimi, kitab da bəşəriyyətin ən geniş təbəqələrini həyata, azadlığa, səadətə çağırmaqdadır".

 

- "Ədibin Evi" gələcəkdə başqa hansı layihələrlə ədəbiyyatsevərləri sevindirəcək?

- Bizim bəzi layihələrimiz davam edəcək. O cümlədən, mütəmadi keçirdiyimiz qısa hekayə müsabiqəsi. Pandemiyaya görə ara verdiyimiz bu layihə bu il yenidən daha geniş şəkildə davam edəcək. Himayəçilik Şuramızın üzvü, professor Təhsin Mütəllimovun təbirincə desəm,  zamanında xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılara nümunə olacağına ümid edirik. Onun qələminin əsas müraciət ünvanı - insanlıq fəlsəfəsinin təlqini bu gün də olduqca aktualdır. Gənclərimizin bu və digər mövzulara müraciət edərək ustadın ənənələrini yaradıcı şəkildə davam etdirəcəklərini gözləyirik. Qısa hekayə müsabiqəsi bir ənənə olaraq sentyabrın sonu - Mir Cəlalın anım günündə elan edilir.

Yaşadığımız gerçəkliklərdə ictimai səhiyyə ilə bağlı bütün məhdudiyyətlər aradan qalxdıqdan sonra "Ədibin Evi" əvvəlki kimi qapılarını incəsənətsevərlərə açacaq və XX əsrin əvvəlində bu divarların ev sahibliyi etdiyi saysız-hesabsız ədəbi müzakirələr və fəlsəfi söhbətlər davam etdiriləcək.

Ədəbiyyatla bağlı tədqiqat işlərimiz də davam edəcək. Bu günə qədər "Ədibin Evi" dörd nəşr buraxıb. Bunlardan bəziləri tanıtım nəşrləridir, o cümlədən, Mir Cəlal müəllimin ədəbi-tənqidi məqalələr toplusu, onun bütün füzulişünaslara əvəzsiz irsi kimi qalacaq "Füzuli Sənətkarlığı" elmi əsəri, Səməd Vurğunun "Hey uçsam da, yuvam sənsən!" başlıqlı xalq tərəfindən sevilən şeirlər toplumu. Digər nəşrlər isə tam yenidir. Məsələn, Mir Cəlal Paşayevin indiyə qədər nəşr edilməyən "Qayğılar" romanı və on bir arxivlərdən yeni tapılan hekayəsi. Bunların hər biri Mir Cəlalın bədii üslubunun səciyyəvi cəhətləri ilə-maraqlı əhvalatlar, gülüş doğuran hadisələr, tipik obrazlar və həyat lövhələri ilə doludur. Yeri gəlmişkən, "Ədibin Evi" bu əsərlərin hamısını, həmçinin, rəqəmsal formatda yayacaq. Hazırda Ədəbiyyata Dəstək Fondumuzun yeni veb-səhifəsi üzərində iş gedir. Bu əsərlər oxuculara səhifəmizdə bir düymə basımı qədər əlçatan olacaq. O zamana qədər isə bütün oxucularınızı, ədəbiyyat həvəskarlarını, sənətsevərləri "Ədibin Evindən hekayələr"i izləməyə dəvət edirəm.

Şahanə MÜŞFİQ

 





19.07.2021    çap et  çap et