525.Az

Qarabağ pərisi: Aşıq Pəri


 

Qarabağ pərisi: <b style="color:red">Aşıq Pəri </b>

Aşıq Pəri, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə... XIX yüzillikdə Şuşa mühitinin Azərbaycan ədəbiyyatına verdiyi üç görkəmli qadın şair. Firidun bəy Köçərli onları "Qarabağın üç şaireyi-möhtərəməsi" adlandırmışdı. Adamın yadına lap İntibah rəssamı Sandro Botiçellinin "Üç  zəriflik" tablosu düşür...

Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya böyük və əbədilik qayıdışın gerçəyə çevrildiyi indiki günlərdə  bu torpağın yetirdiyi bütün ədəbiyyat, elm, sənət adamları haqda geniş söz açmaq, hər birini insanlarımıza tanıtmaq lazımdır. Natəvan haqqında yazmışdım (“525-ci qəzet”, 11 aprel 2021-ci il). Bu dəfə Aşıq Pəri şəxsiyyəti və sənəti haqda bəzi fikirlərimi bölüşməyə çalışıram. Silsilədən sonuncu yazı isə Fatma xanım Kəminəyə həsr ediləcək.

Gəncədən Şəfibəy Sultanov adlı müəllif "Zakavkazye" qəzetinin 1908-ci il 12 yanvar tarixli sayında Avropada universitet təhsili alan ilk azərbaycanlı qızlardan Leyla bəyim Şahtaxtinskayanın vaxtsız vəfatı münasibəti ilə yazırdı: "Yaxşı adamlar nə qədər azdır və bizim qəddar zəmanə onlarla nə qədər amansız rəftar edir! İnsan həqiqətə, xeyirxahlığa, işığa can atdığı vaxtda  ölümün məhvedici qüvvəsi qurbanının kimliyinə baxmadan ayrılıq hökmünü verir. Gənc, ürəyi həyat eşqi ilə dolu Leyla bəyim çadra mühiti ilə barışa bilməzdi. Orta təhsilini başa vurandan  sonra  yalnız bununla kifayətlənmək istəmədi. İsveçrəyə gedib Lozanna universitetinə daxil oldu. Çadranın və xurafatın  həmvətənlərinə necə ağır zərbə vurduğunu əsla unutmadan böyük maraq və səylə təbabəti, ictimai elmləri öyrənməyə başladı. O, böyük arzularla yaşayırdı. Fəqət Leyla bəyim Cenevrədə xəstələnib öldü. Lakin onun xatirəsi, başladığı xeyirxah iş çadranın altından da olsa, həyata baxmaq istəyən hər kəsin yaddaşında həmişə yaşayacaq".

Keçən əsrin ili, ayı, günü bilinməyən bir çağında Leyla bəyim kimi gənc və gözəl Pəri adlı bir azərbaycanlı qız da Şuşada (bəlkə də Cəbrayılda?) həyatdan köçmüşdü. O, nəğməsini oxuyub az yaşadığı, lakin məhrumiyyət, acılıq və yamanlıqlarını doyunca daddığı həyata əlvida demişdi. Aşıq Pərinin vəfatı ilə bağlı heç yerdə heç nə yazılmamışdı. Qəribədir, sağlığında şairəni vəsfində sanki bir-birləri ilə yarışa girən həmkarları da  susmuşdu.

Hər halda o naməlum ilin naməlum günündə cavan yaşında ölən Pəri haqda dövrümüzə heç bir təəssüf nidası gəlib çatmayıb. Leyla bəyim ali təhsil almaq üçün Tiflisdən Cenevrəyə qədər çətin (xüsusən də o dövrün azərbaycanlı qadını üçün) bir yol keçmişdi. Aşıq Pərinin isə həyatındakı ən uzaq səfər, yəqin ki, doğma kəndi Maralyandan Şuşaya gəlişi olmuşdu.

Bəlkə də hələ 17-18 yaşlı Pəri Maralyanda yaşadığı dövrdə bu balaca kənd onun sözü, şeiri sayəsində xalq yaddaşında təsirli bir bayatıya çevrilmişdi:

Mən aşiq Maralyana,
Yol gedər Maralyana,
Necəsən, bir ah çəkim,
Dağlarda maral yana?

Tiflisdən Cenevrəyə... Maralyandan Şuşaya... Məsafələr müxtəlif olsa da, məqsəd eyni idi. Hər iki gənc qız özlərinin, bir az pafoslu səslənsə də, mənsub olduqları "millətin imzasının" təsdiqi üçün yurdlarını tərk etmiş, yaxın və doğmalarının  qayğısından uzaq düşmüşdü. Məhz bu nöqtədə  əsilzadə ailəsindən çıxan Leyla bəyim də, ortabab tacir qızı olan  Aşıq Pəri də sanki eyniləşir, əkiz bacıya çevrilirlər. Və orası da aydındır ki, vəsfində yarışa girən kişilərə üzünü tutub "Bu təriflər zənənə nə yaraşır? Haqq bilir ki, mən mərdana gəlmişəm" - deyən Aşıq Pəri, ədəbi-ictimai fəaliyyət meydanında ağlı, biliyi ilə seçilən Natəvan, söz sərrafı Fatma xanım Kəminə olmasaydı, XX əsrin əvvəllərində tək-tük Leyla bəyim kimi xanımların ortaya çıxması  müşkül məsələyə çevrilərdi.

İlk ədəbiyyat tarixçimiz Firidun bəy Köçərli şairə haqda yazırdı: "Aşıq Pəri öz müasirləri beynində (arasında) ən istəkli, əzizə və möhtərəmə bir zənən imiş. Onun vətəni - əslisi Qarabağ xanlığına mütəəlliq (bağlı) Cəbrayıl uyezdində, Dızaq mahalında Maralyan qəryəsidir. Zəmani-təvəllüdü və tarixi-vəfatı məlum deyil. Mirzə Həsənin, Kərbəlayi Abdulla Canızadənin, Mirzəcan bəyin, Məhəmməd bəy Aşiq təxəllüsün, Cəfərqulu xan Nəva təxəllüsün müasiri imiş. İbtida təlimini öz qəryəsində alıbdır və əyyami-tüfuliyyatdan (uşaq vaxtından) şeir və qəzəl söyləməyə meyli olduğundan, hənuz elm kəsb etməmiş sinədən şeirlər deyərmiş".

Hələ Aşıq Pərini tanıyanların həyatda olduğu dövrdə Firidun bəy kimi geniş əlaqələrə malik tədqiqatçı yalnız bu məlumatı toplaya bilmişdi. Müəllif sözünə davam edərək yazırdı:  "Aşıq Pərinin mütəəddid (tək-tük) şeirləri pərişan övraqda (vərəqlərdə) yazılmış və bizim əlimizə düşənlərində çox səhv və qələtlər vardır ki, onları təshih etmək dəxi müşküldür. Xüsusən onun bağlamaları və bəzi mürəbbəatı ki, Molla Pənah Vaqifə nəzirə olaraq yazılıbdır və bir bisavad mollanın vasitəsi ilə bizə göndərilibdir, elə imlasız və dolaşıq xətt ilə təhrir olunubdur ki, onları məzkur mollanın özündən başqa bir kəs düz oxuyub məna çıxara bilməz".

Bu da həyatda bəxti gətirməyən şairənin yaradıcılıq irsinin taleyi! Kim bilir, aradan keçən illərdə həmin "pərişan övrağın" nə qədəri əbədilik itirilib? Bisavad mollaların yalnız özlərinin başa düşdükləri "mixi xətti" ilə köçürdüklərini də itirilənlər sırasında saymaq lazımdır.

Bir sözlə, Aşıq Pərinin ədəbi irsinin taleyi də  öz taleyi kimi uğurlu olmayıb. İndi şairənin təxminən 50-yə yaxın şeiri məlumdur. Bu şeirlər müəllifin poetik dəsti-xəttini, şəxsi həyatının bəzi məqamlarını, müasirləri ilə münasibətlərini qismən də olsa, öyrənməyə imkan verir.

XIX əsr Azərbaycan poeziyasının ilk tədqiqatçılarından qafqazşünas alim A.P.Berje 1867-ci ildə Leypsiqdə çap etdirdiyi "Məcmueyi-əşari-şüərayi-Azərbaycan" adlı müntəxabatda Aşıq Pərinin 1829-cu ildə 18 yaşlı, nadir gözəlliyə malik bir qız olduğunu və qeyri-adi poetik istedadı ilə məşhurlaşdığını yazır. Eyni zamanda, məlumatların bir qismini "dostu Mirzə Fətəlidən aldığını" qeyd edir. Bu tarixdən çıxış edərək şairənin təvəllüd tarixini təxminən 1811-ci il kimi müəyyənləşdirmək olar.  Amma bu, yalnız ehtimaldır. Pərinin doğum tarixini 1802, yaxud 1813-cü il kimi göstərən tədqiqatçılar da var.

Əksər mənbələrdə onun çox gənc ikən vəfat etdiyi bildirilir. "Azərbaycan aşıqları və el şairləri" kitabında konkret vəfat tarixi kimi 1834-cü il göstərilib. Bu tarix, şübhəsiz ki, düzgün hesab oluna bilməz. Bir fakt. Aşıq Pəri "Dünya, sənin etibarın yox imiş, Söylə görüm Mirzəcanı neylədin?" misraları ilə başlayan qoşmasında müasiri, əsərlərini Azərbaycan dilində yazmış Qarabağ ermənisi Mirzəcan Mədətovun ölümündən doğan təəssüf hissini dilə gətirmişdi. Mirzəcanın dəqiq təvəllüd və ölüm tarixləri bəllidir. O, 1797-ci ildə Şuşa yaxınlığındakı Çanaqçı kəndində anadan olmuş, 1837-ci il avqustun 17-də Tiflisdə vəfat etmişdi. (Vikimənbələr vəfat tarixini yanlış olaraq 1851-ci il göstərirlər). Deməli, onun ölümünə şeir yazan Aşıq Pəri ən azı 1830-cu illərin sonunda  hələ həyatda idi.

Aşıq Pərinin ailə qurması da Mirzəcanın ölümündən sonraya təsadüf edir. Bu da onun 1811-ci il doğumlu olduğunu və təxminən 26-27 yaşlarında ərə getməsini söyləməyə əsas verir. Müasiri Məhəmməd bəy Aşiqin şairəyə müraciətlə yazdığı "Oğlana" qoşmasında bu barədə müəyyən işarələr var.
 
Aşıq Pəri, bir göftgu (söhbət) eşitdim.
Namizəd olmusan bir şux oğlana -

deyə Pərinin həyatında baş vermiş, yaxud verməkdə olan dəyişikliyə işarə edən Məhəmməd bəy onun "əhli-haldan ülfəti kəsdiyindən" şikayətlənir, xanın - yəni vəlineməti kimi tanınan Cəfərqulu ağa Nəvanın bu işdən xəbəri olub-olmadığmı soruşurdu. Qoşmada daha sonra Mirzəcanın əgər indiyə qədər sağ qalsaydı, Aşıq Pərinin izdivacına necə münasibət bəsləyəcəyi məsələsinə də toxunulurdu:

Qəzanın işini əgər bilirdi,
Əl çəkib dünyadan çətin ölürdü,
Sıçrayıb qəbirdən dişrə gəlirdi,
Yetsəydi bu xəbər ol Mirzəcana.

Bu misralar Aşıq Pərinin 1834-cü ildə vəfat etməsi ehtimalını heçə endirir. Fikrimizcə, 1845-1846-cı illərdə də həyatda idi. Şairənin Cəfərqulu xana  müraciətlə yazılan aşağıdakı misraları belə düşünməyə əsas verir:

Ey Pəri, təcil et sualında sən,
Nöqsan yetiribsən kamalında sən,
İndi zurna çalmaq xəyalındasan,
Onu gərək axirətdə çalasan.

Şeirin bəlli yaranma tarixçəsi var.  1840-cı  illərin ortalarında artıq 60 yaşını haqlamış general Cəfərqulu ağa Cavanşir (1785-1865) Qarabağ hakimi mənsəbinə  yiyələnmək üçün əmisi Mehdiqulu xanın yeganə varisi, 15 yaşlı Xurşidbanuya evlənmək fikrinə düşmüşdü.  Bir neçə il Peterburqda yaşadığından özünü müasir, mədəni  adam kimi tanıtmağa çalışan ahıl generalın bu yüngülbeyin hərəkəti müasirlərini hiddətləndirmişdi.

Yaxşı tanıdığı, şeirləşdiyi bəzi müasirlərinin Cəfərqulu ağaya ünvanladıqları çoxsaylı, imzalı və imzasız həcv və mənzum məktublarda onun yaşına, mövqeyinə yaraşmayan uğursuz sevdası tənə, məzəmmət hədəfinə çevrilmişdi. Çox güman ki, Şuşaya Cəfərqulu xanın dəvəti ilə gələn, ona müəyyən ərki çatan Aşıq Pəri də   xanı yersiz hərəkətindən çəkindirmək məqsədi ilə yuxarıda bir bəndini nümunə kimi gətirdiyimiz qoşmanı yazmışdı.

Sonra iz itir və Aşıq Pərinin adına bir də Mirzə Yusif Qarabağinin 1856-cı ildə Temirxanşurada çap etdirdiyi "Məcmueyi-Vaqif və müasirani-digər" kitabında rast gəlirik. Vaxtı ilə Mirzəcan Mədətovun xahişi ilə Vaqifin əsərlərini toplayan Mirzə Yusif onları kitab şəklində çapa hazırlayanda Vaqif ədəbi məktəbinin davamçısı kimi tanınan  Aşıq Pərinin bəzi şeirlərini  də məcmuəyə salmağı zəruri saymışdı. Görünür, həmin illərdə şairənin adı aşıqlar və ümumən poeziya həvəskarları arasında kifayət qədər populyar imiş.
Yuxarıda qeyd etdiyimiz kimi, qafqazşünas A.P.Berje də Aşıq Pərinin yaradıcılığı üzərindən sükutla keçməmişdi. XIX əsrin 80-ci illərində şairənin əsərləri ilə tanışlıq imkanı qazanan  ukraynalı şərqşünas N.İ.Qulak onun Mirzəcan Mədətovla məşhur deyişməsinə işarə edərək yazırdı ki, "biz avropalılar üçün məsum, xəyalpərvər Aşıq Pəri kobud, hissiyyatlı erməni Mirzəcandan müqayisəyəgəlməz dərəcədə yüksəkdə dayanır. Həqiqətən də, Zaqafqaziya müsəlmanları Aşıq Pəri kimi bir şair qadınla fəxr edə bilərlər. Həm də o, Zaqafqaziyanın türk qadınları arasında yeganə istisna deyil".

Aşıq Pərinin qoşma və gəraylılarından nümunələrə demək olar ki, XIX əsrdə tərtib olunmuş bütün məcmuə, cüng və bayazlarda təsadüf edilir. Zahiri gözəlliyi, məlahəti ilə yaradıcılığındakı səmimiyyəti, zərifliyi məharətlə birləşdirən, bunların birini digəri ilə tamamlayan şairə təkcə müasirlərinin deyil, sonrakı ədəbi nəsillərin də diqqət mərkəzində dayanan cazibədar bir şəxsiyyət olmuşdur.

Şair-aşıq müasirləri isə Aşıq Pərinin vəsfində sanki bir-birləri ilə yarışa girmişdi. Pəri onların şeirlərinin Leylisinə, Zöhrəsinə, Şirininə çevrilmişdi. Firidun bəy Köçərlinin "ziyadə mə'rifətli, xoşxülq və sahibcəmal bir zat" kimi təqdim etdiyi şuşalı şair Mirzə Həsən bəy Vəzirov (1791-1833):

Qönçə lətafətli, lalə üzlüsən,
Məstanə baxışlı, xumar gözlüsən,
Şirin hərəkətli, şəkər sözlüsən,
Yoxdur yer üzündə misalın sənin -

deyə Pərinin gözəllik və ağlını heyrətlə vəsf edirdi. Bu iki söz adamı arasında çox incə münasibətlərə söykənən səmimi dostluq var idi. Pəri özündən yaşca böyük olan  Mirzə Həsəni bəlkə də yalnız şair qadınlara xas bir məhəbbətlə sevirdi. Bu sevgidə nəvaziş də vardı, gənc qadın işvəsi idi. 1833-cü ildə Şəkidəki rus komendantlığı dəftərxanasında tərcüməçi işləyən Mirzə Həsən ağır xəstə halda ömrünün son günlərini  yaşamaq üçün Şuşaya dönəndə Aşıq Pəri

Nə yatıbsan ləhaf bəstər içində?
Bimarmısan, nədir bu halın sənin? -

misraları ilə  şairə üz tutub tez sağalması üçün dua-sənasını əsirgəməmişdi:

Barilahi gülzarına qıymasın,
Xəstə düşüb, bimarına qıymasın,
Şirin-şirin göftarına qıymasın,
Bağışlasın qaşı hilalın sənin.

Ölüm yatağına düşən Mirzə Həsən qoşmanı cavabsız qoymamış, "Bu qəm bəstərində, möhnət içində, Daim fikrimdədir xəyalın sənin" misraları ilə Pəriyə bəslədiyi saf dostluq, sədaqət duyğularım həyatının sonuna kimi ürəyində yaşadacağını bildirmişdi. Həmin son isə lap tezliklə gəlib çatmışdı. 1833-cü ildə Aşıq Pəri Şuşada  ən yaxın dostlarından biri ilə əbədi vidalaşmışdı...

Aşıq Pəri — Vikipediya

Qarabağlı şair Əsəd bəy Vəzirov (1824-1873) da Aşıq Pərinin klassik Şərq gözəllərinə xas poetik portretini yaratmaq istəyindən özünü saxlaya bilməmişdi. Müaşirəyə qoşulan digər qələm dostları  kimi, onun da tərənnüm etdiyi Pəri sevgisi əslində, rəmzi səciyyə daşıyırdı. Pərinin simasında şair gözəlliyə, mənəvi təmizliyə, səmimiyyətə və saflığa məhəbbətini dilə gətirmişdi.  Qoşmadakı bu  misralar əslində ənənəvi vəsf, tərənnüm təsiri bağışlasa da, Aşıq Pərini klassik şeirdəki gözəl obrazları ilə bir sıraya qoymaq baxımından diqqəti çəkir:

Arizindir günəş, camalındır ay,
Heç nazənin ola bilməz sənə tay,
Tiri-qəmzən qatil, kirpiyin ox, qaşın yay,
Qamətindir sərvi-xuraman, Pəri.

Aşıq Pərinin Şuşada sıx ünsiyyət saxladığı, şeirləşdiyi müasirlərindən biri də Aşiq təxəllüsü ilə klassik və xalq yaradıcılığı üslubunda gözəl şeirlər yazan, Şuşada doğulsa da, zəngilanlı kimi tanınan Məhəmməd bəy  (1800-1861) idi. O,  ömrünün çoxunu doğma şəhərində keçirmişdi. Burada Azərbaycan və fars dillərində mükəmməl təhsil almışdı. Qasım bəy Zakir, Cəfərqulu xan Nəva, Mirzə Həsənlə yaxın dost idi. Şuşaya gələndən sonra Pəri də bu qeyri-formal şairlər məclisinə qatılmış, Məhəmməd bəylə sənət yarışına girmişdi.

Xoş yaradıb səni ustadi-əzəl,
Hüsn-vəcahətdə yektayi-bədəl,
Dizaq mahalında sənin tək gözəl,
Haqdan istəmişəm, biqərar ola -

deyə Pərinin vəsfində digərlərindən geri qalmayan Məhəmməd bəy eyni zamanda, şairədən yaşca böyük olduğunu da unutmur, yeri gələndə ona nəsihət verməkdən, yol göstərməkdən də geri qalmırdı. "Müəşşərin (klassik şeir şəklidir - V.Q.) hər bəndini açarsan, Mən açmaram, yenə özün açarsan" - misraları ilə Pərinin poetik ustalığını təqdir etməklə yanaşı, şairəni ictimai məsələlərə həddən artıq aludəçilikdən və kəskin, cəsarətli çıxışlardan çəkindirməyə çalışırdı.

Bu mənada Məhəmməd bəyin aşağıdakı misraları həm nəsihət, həm xəbərdarlıq idi və müəyyən mənada Pərini qorumaq məqsədi daşıyırdı:

Əlindəki badə olsun, saz olsun,
Hərəkətin işvə olsun, naz olsun,
Yekə yerdən danışmağın az olsun,
Düşərsən bir dərin dəryaya, Pəri.

Aşiq yaşına və təcrübəsinə baxmayaraq qadın həmkarı ilə müşairələrində bəzən onun sözünün qarşısına söz çıxara bilməyib "Fəhmü fərasətdə yüz sən tək Pəri, Gərək Məhəmmədə xidmətkar ola" - tipli hərbə-zorbalara da əl atırdı. Amma Aşıq Pərinin şeirləri "fəhmü fərasət" baxımından bu zərif xanımın  geniş, hərtərəfli biliyindən, klassik Azərbaycan və Şərq poeziyasına bələdliyindən xəbər verir. Məhəmməd bəyə  yazdığı "Oynaşır" rədifli cavabında misal gətirəcəyim son bənd bu baxımdan diqqətəlayiqdir:

Pəriyəm, xalq ara olmuşam bacı,
Kimsənin kimsəyə yox ehtiyacı,
Bəlxü Buxaranın, hindin xəracı,
Zənəxdanda siyah xallar oynaşır.

Fars dilini bilən, fars şairlərini orijinalda oxuyan Aşıq Pəri bu bənddə ad çəkmədən həmkarının diqqətini Hafizin "Əgər an torke-Şirazi bedəst arəd dele-mara, Be xali hinduyəş bebəxşəm Səmərqəndo Buxara" beytinə, türk hökmdarı Teymurlənglə məşhur dialoquna yönəldir. Rəvayətə görə, qəzəli oxuyan Teymur Hafizi yanına çağırıb hansı haqla minlərlə əsgərinin qanı bahasına fəth etdiyi şəhərləri belə səxavətlə gözəllərin bir xalına bağışladığını soruşmuşdu. Hafiz cırıq əbasını göstərib hədsiz səxavətindən bu günə qaldığını söyləmiş, hazırcavablığı sayəsində  xilas ola bilmişdi. Aşıq Pəri həmin rəvayəti Şuşada klassik poeziyanın mahir bilicisi sayılan Məhəmməd Aşiq bəyə bir bənddə ustalıqla çatdırmışdı.

Şairənin cəsarəti, çəkinmədən həmişə həqiqəti deməsi onun yuxarıda adını çəkdiyimiz Cəfərqulu ağaya münasibətində daha aydın nəzərə çarpır. Zakirin  istehza ilə "Yekəpər" kimi xatırladığı, bəzən gileyləndiyi, bəzən satira hədəfinə çevirdiyi Cəfərqulu ağa xasiyyət, etibarı ilə ziddiyyətli adam idi. Cavanlıq illərini vətəndən uzaqlarda keçirən bu əsilzadənin sadə xalq dilində, elat ruhunda qələmə alınmış şirin, ürəyəyatan qoşmaları onun incə zövq sahibi olmasından, şifahi ədəbiyyata  və ana dilinə dərin bələdliyindən xəbər verir.

Lakin Cəfərqulu ağanın şəxsi həyatı, törətdiyi fitnə-fəsadlar, qurduğu intriqa torları, Zakir demişkən, "əhli-beytin rəng-ruhunu soldurması və zülmü sitəmlə aləmi doldurması" adı ətrafında müəyyən mənfi aura yaratmışdı. "Kavkaz" qəzeti 1847-ci il saylarının birində Cəfərqulu xanın şəxsi həyatından söz açaraq  yazırdı ki, o, bəzən  bütöv bir sutkanı az qala eyni pozada qumar masası arxasında keçirir, ən fantastik məbləğ uduzduqda belə, özünü  aristokratcasına soyuqqanlı aparmağı bacarır. Sonra isə eyni həvəs və ehtirasla bir neçə gün davam edən səs-küylü ova çıxırdı. Firidun bəy Köçərli sanki bu məlumatı tamamlayaraq göstərirdi ki, "xani-məzkuru görüb eşidənlərin rəvayətinə görə, onun süfreyi-ehsani məcməi-füqəra və mövqeyi-məsaküni-züəfa olmayıb, bəlkə lotu-potu yığıncağı, oyunbaz, quşbaz və şəbədəsazi-məhəlli olubdur".

Aşıq Pəri insana heç bir dəyər verməyən belə qoluzorlunun gözünün içinə

Xanzadəsən, mən tanıram sözündən,
Əyri demə, doğru söylə düzündən,
Zalımlıqda xəbərin yox özündən,
Hər yerdə deyirlər rahbər (yolkəsən) sənə! -

deməyə cəsarət tapmışdı. Başqa bir qoşmasında isə o, eyni ötkəmliklə Cəfərqulu xanın kobudluğuna, zadəgana, ürfan əhlinə yaraşmayan naqis hərəkətlərinə  işarə edərək onun dəvəti ilə Şuşaya gəlməsinə peşman olduğunu dilə gətirmişdi.

Adam bildik, biz də gəldik adına,
Adamlığı qanmayıbsan hələ sən.

Yəqin ki, Cəfərqulu ağadan ov quşu-tərlan peşkəş aldığına görə ona uzun bir şeir ithaf edən Məhəmməd bəy Aşıq Pərini "yekə yerdən danışmamağa" çağıranda ilk növbədə, xanla rəftarında ehtiyatlı olmağı xəbərdarlıq edirmiş.

Lakin ünvanına deyilən sərt sözlərə, tikanlı ifadələrə rəğmən, Cəfərqulu ağa  Pərinin cəlbedici qadın gözəlliyinə laqeyd qala bilməyib qarşısında özünü itirirdi. Bəlkə də Pəri - bu sadə kənd qızı onun zalımlığını, əxlaqi naqisliyini açıq-aşkar üzünə deyən yeganə adam idi. Xan isə bunun müqabilində özünü cəngavər kimi aparır, şairəni  orijinal epitetlərlə vəsf edir, onu zavallı eşq divanələrini məharətlə tora salan hiyləgər və gözəl  tovuz quşuna bənzədirdi:

Tökmək üçün zülfə vurma şanəni,
Yola apar görəndə divanəni,
Səpibsən üzünə xaldan danəni,
Qoyubsan üzünə zülfdən tələ sən.

Nəhayət, Aşıq Pərinin dostları, pərəstişkarları içərisində yuxarıda adı çəkilən erməni Mirzəcan diqqəti cəlb edir. Əmisi, general-leytenant Valerian Mədətov Qafqaz müsəlmanlarına, ən çox da Azərbaycan türklərinə hədsiz pisliklər etdiyi halda, Mirzəcan özünü onların dostu sayılırdı. Sonralar erməni vəhşiliyinin qurbanı olmuş Firidun bəy yazırdı ki, "Mirzəcan bəy əgərçi milliyyət cəhətincə erməni idi, vəli əxlaqü adatca müsəlmanlardan seçilməzdi. Müsəlmanlara çox yavuq olduğu üçün onun əfkarü hissiyyatı müsəlman əfkarü hissiyyatı idi, nişast-bərxastı (oturub-durmağı) onlar ilə idi. Öz qövmündən artıq müsəlmanları dost tutardı".
Azərbaycan, fars, rus dillərini yaxşı bilən Mirzəcan Qafqaz baş hakiminin dəftərxanasında tərcüməçi idi. Bəxt ulduzu general Yermolovun dövründə  parlamışdı. Yermolovu qraf Paskeviç əvəz edəndən sonra isə diribaş erməninin ərköyünlüyünə qətiyyətlə son qoyulmuşdu.

Paskeviç sələfinin yaxın adamlarına şübhə ilə yanaşırdı. Mirzəcan da belələrinin sırasına idi. 1827-ci ilin sonlarında ona istefaya çıxmaq təklif olundu.  Bir il sonra isə kapitan Hüseyn bəy və praporşik Əhmədağa Məmmədovla birlikdə müxtəlif vəzifə cinayətlərində ittiham olunaraq Şamaxıda məhkəmə məsuliyyətinə cəlb edilmişdi.

Nə bir qəmxar, nə bir dostu - yeganə,
Təmami aşina oldu biganə,
Saldın axır, fələk, məni zindanə,
Qoymadın qüssədən can azad olsun -

misralarını da, görünür, Mirzəcan elə həmin dövrdə, bəlkə də zindanda yazmışdı.

Baron Rozenin hakimiyyətə gəlişi ilə Mirzəcan nəinki bəraət qazandı, hətta yenidən mənsəb pillələri ilə irəliləməyə başladı. Hər cür şəraitə uyğunlaşmağı bacaran  zirək Qarabağ ermənisi peşəkar hərbçidən (son rütbəsi podpolkovnik idi) daha çox əhlikef məclis aşıqlarını xatırladırdı. Yanında həmişə Badam adlı yaraşıqlı bir oğlan olurdu. Badam yüksək rütbəli zabitlərin, yerli bəylərin iştirak etdiyi ziyafət məclislərində Mirzəcanın və digər el sənətkarlarının qoşma və gəraylılarını sazın müşayiəti ilə oxuyurdu. O,  ustadı ilə birlikdə Şuşada, eləcə də şairənin doğma kəndi Maralyanda olmuş,   məclislərində iştirak etmişdi.  Pərinin "Eylədin" rədifli gəraylısındakı

Saymadın sultanı, xanı,
Eyləyibsən nahaq qanı,
Badam kimi növcavanı,
Yer ilə yeksan eylədin -

misralarından aydın olur ki, o, tək Mirzəcanın deyil, yetirməsi Badamın da ölümünə yas qurmuş, "Ölübdü bülbülüm, lal olub bağlar, Saralıb-sovulub güllər, ağlaram" - deyə taleyin amansızlığından şikayətlənmişdi.

Biri-birinin ardınca yaxın dostlarını - Mirzə Həsəni, Mirzəcanı, Badamı qeyb edən Aşıq Pəri əvvəlki nəşəsini, şuxluğunu itirib bədbinliyə qapılmışdı.   Şeirlərində kədər, ruh düşkünlüyü və qəm-qüssə motivləri daha bariz şəkildə üzə çıxmağa başlamışdı. Şübhəsiz, ailə həyatındakı uğursuzluq, şəxsi xoşbəxtliyini tapa bilməməsi də burada az rol oynamamışdı:

Pərinin dərdi tüğyandı,
Sakin yeri Maralyandı,
Gülüm qönçəsində yandı,
Bülbüllər əfğan eylədi.

"Çanaqçı mülkündən gözü yaşlı qayıdan", "sinəsində şeir, kitab bağlayan sahibi-huş, gövhər kanı" dostunun ölümü üçün ağlayan bu sadə azərbaycanlı qızın böyük ürəyi vardı.

O, öz millətinin oğlu şair Mirzə Həsəni də, bu millətin dilinə, mədəniyyətinə tapınan erməni Mirzəcanı da eyni həssaslıqla qiymətləndirməyi, çətin anlarda şair qəlbinin şəfqəti, oxşamaları ilə hər ikisinin yardımına qoşmağı, təsəllisinə çevrilməyi  bacarmışdı. Mirzəcan da

Mən özüm nəsraniyəm, amma ta ki, gördüm səni,
Əşhədü billah ilə oldum müsəlman, ey Pəri -

deyə saf insani duyğuların hər cür dini hisslərin fövqündə dayandığını bildirirdi.

Onların dildən-dilə düşmüş deyişməsi isə həm Mirzəcanın Azərbaycan dilinə və ədəbiyyatına bələdliyini, həm də Aşıq Pərinin dünyagörüşünü, düşüncə və bilik dairəsini müəyyən etmək üçün kifayət qədər material verir. Bu deyişmədən azərbaycanlı şairənin islam və xristian dinlərinin əsas ehkamlarına, astrologiya və astronomiya ilə bağlı təsəvvürlərə, Yer haqqında sxolastik elmin müddəalarına bələd olduğu aydınlaşır. Aşıq Pəri Mirzəcanı dünyanın sirlərinə aşina olmağa, mövcud təsəvvür və anlayışların mahiyyətinə enməyə səsləyir, ədəbiyyat və sənət haqqında fikirlərini bölüşürdü. Ukraynalı şərqşünas N.İ.Qulak haqlıdır ki, bu deyişmədə həyata daha fəlsəfi və poetik nəzərlərlə baxan Aşıq Pəri sırf praktik kimi çıxış edən, dünyanı "beş günlük" sayan Mirzəcandan qat-qat üstün və cazibədar görünür.

Aşıq Pərinin həyat və yaradıcılığı barəsində  müasirlərindən təcrid edilmiş şəkildə söz açmaq mümkün deyil. Çünki şairənin əldə olan qoşma və gəraylılarının böyük əksəriyyəti  haqqında danışılan müəlliflərin mənzum məktublarına cavab, yaxud da onlara müraciət şəklində qələmə alınıb. Digər poetik əsərləri isə bilavasitə deyişmə, şeirləşmə formasında yazıldığından onlardan da yalnız ünvanlandıqları şəxslərlə əlaqəli şəkildə danışmaq mümkündür.

Lakin bir çox hallarda müəyyən mövzu ilə bağlı informasiya, yaxud verilən suallara cavab səciyyəsi daşıyan bu sadə nümunələrdə Aşıq Pəri oxucusunu gözlənilmədən  füzuliyanə bir deyimlə heyrətləndirməyi də bacarır:

Dad eylərəm haray naşı əlindən,
Yandı ciyər eşq ataşı əlindən, 
Mən nə deyim, gözüm yaşı əlindən
Üzüşür sonalar, göllər oynaşır.

Həqiqətən də, romantik lirikaya məxsus bir mənzərədir. Şairə dərd əlindən o qədər göz yaşı töküb ki, bütöv bir göl yaranıb. İndi həmin göz yaşı gölündə sonalar üzür. Bu misraları oxuyanda, istər-istəməz, dahi Füzulinin:

Hər tərəf əşklərimdir görünən, ya yığılıb,
Gəldi su xəlqi sirişkim suyu nəzzarəsinə -

beyti yada düşür. Özünün bütün keyfiyyətləri ilə Molla Pənah Vaqifin vəsf etdiyi Azərbaycan gözəllərini xatırladan Aşıq Pəri böyük şairin səsinə səs verənlərdən, onun dərin xəlqi və milli ruhlu ədəbi məktəbinin ilk davamçılarından biri oldu. Gözəl, qəlb oxşayan şeirləri ilə Azərbaycan türkcəsinin zəngin, axıcı və xəlqi  poeziya dilinə çevrilməsinə töhfəsini verdi. Şəxsi nümunəsi ilə Azərbaycan qadınının təfəkkür və mənəviyyat baxımından  nəyə qadir olduğunu göstərdi.

Ali təhsil almaq üçün İsveçrəyə yollanan Leyla bəyim, təbii ki, Aşıq Pərini tanımırdı. Ancaq o, cəsarətli, açıqfikirli, həqiqət aşiqi Aşıq Pərilərin yaratdığı azadlıq və sərbəstlik ruhunun yetirməsi idi...

 

 





21.07.2021    çap et  çap et