525.Az

"Meşə vannaları. Yapon təcrübəsi": sağlam həyat üçün zəruri bilgilər


 

"Meşə vannaları. Yapon təcrübəsi": <b style="color:red">sağlam həyat üçün zəruri bilgilər</b>

Bu günlərdə Rauf Orucovun "Sinrin-yoku: Meşə vannaları. Yapon təcrübəsi" kitabı çapdan çıxıb.

Kitabda yapon alimi Çin Linin meşə gəzintilərinin insan stressinin aradan qaldırılması, insanın immunitetinin gücləndirilməsi, meşə ilə ünsiyyətin insana enerji, mənəvi rahatlıq verməsi barədə fikirləri öz əksini tapıb. Həmçinin, müəllif başqa ölkələrin alimlərinin elmi tədqiqatların nəticələrinə istinad etməklə, meşə vannalarının insan saglamlığına müsbət təsiri haqqında bilgilərə yer verib.

Rauf Orucov qeyd edir ki, yapon dilində "sinrin" - meşə, "yoku" isə vanna deməkdir: "Sinrin-yoku ilə məşğul olarkən biz meşə meşə atmosferilə həmahəng olur, beş duyğu orqanımızla meşəni hiss edirik. Meşəni gəzərkən qaçmaq, idman yerişi və ya mürəkkəb fiziki hərəkətlərlə məşğul olmaq lazım deyil, təbiətlə təkbətək qalmaq, onunla təmas etmək yetərlidir. Qapalı məkanda biz yalnız iki hissiyat üzvümüzdən istifadə edirik: görür və eşidirik. Açıq məkanda isə biz çiçək qoxlaya, havanın dadını hiss edə, yarpaqların rənginin necə dəyişməsini müşahidə edə, quşların oxumasını dinləyə, küləyin dərimizə toxunmasını hiss edə bilərik. İnsan təbiətin bir hissəsidir və onunla həmahəng yaşayır. Meşədə gəzərkən gördüyümüzə, eşitdiyimizə və hiss etdiyimizə diqqət yetirərək biz təbiətin nəbzi ilə bütövləşirik. Bu halda sinir sistemi yenidən yüklənir, bədən və ruh möhkəmlənir, biz istirahət edir və gücümüzü bərpa edirik. Buna görə meşə haqqında dərin biliklərə malik olmaq lazım deyil: sinrin-yoku sizin... həqiqi "mən"inizə olan yolu göstərəcəkdir".

Müəllif vurğulayır ki, meşə insan sivilizasiyasının təbibidir. O, insanlarda irsi özünümüalicə bacarıqlarını oyadır və orada insan təbiətlə qovuşur. Meşə gəzintilərinin əsas məqsədi hər beş duyğu üzvü ilə ətraf mühitlə təmasa girməkdir: "Şəfa tapmaq üçün biz yalnız ana təbiətin dəvətini qəbul etməli və onun ağuşuna atılmalıyıq, bundan sonra isə qalanını o, özü edəcək. Meşədə sakit bir guşə tapın. Mobil telefon və fotoaparatı özünüzlə götürməyin. Siz yavaş-yavaş meşədə gəzəcəksiniz və hər hansı bir elektronik əşya lazım olmayacaq. Öz hisslərinizə inanın. Tələsmədən səslərdən, qoxudan və gözəl mənzərələrdən zövq alın, meşənin havasını içinizə çəkin. Meşə hissinin oyanmasının əsas sirri beş hissiyat üzvündə gizlənib. Təbiəti özünüzə qulaqlarınızla, gözlərinizlə, burnunuzla, ağzınızla və bütün bədəninizlə çəkin.  Bütün beş duyğu üzvünüzü işə salın, quşların səsinə və açaq yarpaqlarının xışıltısına qulaq asın, ağacların budaqları arasından işığın necə saçdığını müşahidə edin. Oksigenlə zəngin havanı nəfəsinizə çəkərək meşə qoxusundan zövq alın. Ağzınızla nəfəs alın və təmiz havanı hiss edin. Hər iki əlinizi ağacın gövdəsinə qoyun, ondan gələn gücü hiss etməyə çalışın, torpağın üzərində uzanın. İmkan verin meşənin qoxusu sizi sərxoş etsin, sevinc və sakitlik dalğaları sizin bədəninizdən keçsin. İndi siz təbiətlə bütövləşdiniz..."

Rauf Orucova görə, təbiətə qulaq asdıqca insanlar özlərini daha yaxşı hiss edir. Virtual reallıq vasitəsilə meşə şəklinin üzərinə səsin yerləşdirilməsi relaksativ və antistres effektini gücləndirir. Sevimli meşə səsləri arasında suyun şırıltısı, küləyin, quşların səsi seçilir: "İnsan qulağı 2500-dən 3500 hersə qədər səsə həssasdır. Quşların səsi də məhz bu diapazona düşür. Ola bilər, məhz buna görə quşların səsi bizdə musiqi təəssüratı yaradır. Meşədə eşitdiyimiz səslər beyin yorğunluğunu, yükünü azaldır və bizə düşünmək üçün zəruri olan sakitliyi təmin edir. Sakitliyi necə qorumalı və təbizətin səslərindən necə zövq almalıyıq? İlk öncə dayanmalı və bir az gözləməliyik. Bezdirici fikirlərdən qurtulmaq və təbii sakitliyi duymaq üçün zaman lazımdır. Sakit yer tapıb və oturmaq lazımdır. Bütün diqqəti tənəffüz üzərində cəmləşdirmək və bezdirici fikirlərdən yaxa qurtarmaq lazımdır. Əgər bu baş verməsə, bütün diqqəti nəfəs almağa yönəltmək məsləhətdir. Ətrafdakı səslərə dinləyin. Bir müddət sonra beyindəki qarışıq fikirlər aradan qalxacaq və bundan sonra siz təbiətin səslərini eşitməyə başlayacaqsınız. Eşitmə qabiliyyətinizi gücləndirmək üçün gözlərinizi bağlayın, daxili hüzur, fikirlərinizdə sakitlik və təbiət səslərinə diqqət eşitmə qabiliyyətiniz artıracaq və itiləşdirəcək".

Müəllif bildirib ki, meşənin gücünü və insan sağlamlığının möhkəmləndirilməsində əhəmiyyətini hiss etmək üçün meşədə gəzintidən yaxşı yol yoxdur. Hər beş üzvü meşə ilə sıx əlaqələndirdikdə, dəridə ilıq küləyi hiss etdikdə yarpaq xırçıltısını eşitdikdə, ağacların qoxusunu hiss etdikdə və təbiətin gözəlliyinə olduqda, insan özünü gümrah, istirahət etmiş kimi hiss edəcək: "Əgər insan immun sistemini əsaslı şəkildə gücləndirmək istəyirsə, meşə gəzintisinə çıxsın. Meşə insanın sağlamlığını və həyat eşqini geri qaytarır. İnsan da öz növbəsində onu qorumağa çalışmalıdır. Təbiətə sevgi insanlara ona qayğı göstərməyə sövq edir. Təbiət aləmi ilə nə qədər dərindən əlaqəli olsaq, bir o qədər onu gələcək nəsillər üçün qorumağa çalışacağıq. Yapon alimi Çin Linin meşə vannalarının insan saglamlığına müsbət təsirini müəyyən edən nəticələr sağlamlığımızın möhkəmləndirilməsi məqsədilə sinrin-yoku ilə hər birimizin məşğul olmasına ciddi əsas verir".

SEVİNC

 





21.07.2021    çap et  çap et