525.Az

“Qonağım ol” rubrikasının qonağı İmdat Avşar olacaq


 

“Qonağım ol” rubrikasının qonağı İmdat Avşar  olacaq<b style="color:red"></b> F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının qonağı yazıçı, tərcüməçi, şair, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar  olacaq.

525.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd, oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla oxucuların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.

İmdat Avşar çağdaş Türkiyə ədəbiyyatında ədəbi-bədii və fəlsəfi-estetik fikrin formalaşmasında böyük və əvəzsiz xidmətləri olan usta yazardır. Azərbaycan ədəbi mühitində də İmdat Avşar imzası ilə, peşəkar qələmi ilə tanınır və sevilir. İmdat bəyin çağdaş və klassik ədəbi ənənələrə söykənən zəngin nəsr yaradıcılığı vardır ki, orijinal yazı tərzi, qeyri-adi ifadə forması, şeir kimi bənzərsiz təhkiyə yaratmaq qabiliyyəti, əsərlərinə məxsus psixoloji – fəlsəfi dərinlik və mövzu rəngarəngliyi bütün Türk dünyasında böyük oxucu auditoriyasının rəğbətini qazanmışdır.

2012-ci ildə İmdat Avşarın “Anamın saatları” adlı Azərbaycan türkcəsində ilk kitabı işıq üzü görmüşdür. Bu günlərdə isə müəllifin “Göyərçin sevdası” adlı ana dilimizdə ikinci kitabı nəşrə hazırlanır.
Kitabda müəllifin “Xocalıda qalan tar”, “Kafa kağıdı”, “Göyərçin sevdası”, “Bitməyən roman”, “Durna çırağı”, “Söylənməmiş sözlər”, “İtmiş bahar nərgizi”, “Rehin”  və s.hekayələri yer almışdır. “Xocalıda qalan tar” hekayəsi İmdat bəyin “Qarabağ qaçqınları”ndan sonra Vətənsizlik nisgilimizi sözə çevirən ikinci hekayəsidir.

İmdat bəy Mirzə Fətəlidən, Mirzə Cəlildən üzübəri tərcümə edə-edə gəldiyi və bu gün sevə-sevə təbliğ etdiyi Azərbaycan ədəbiyyatının ən doğması, fədakar dostumuzdur! Savaş günlərində isə yazdığı “Tanrı Türkü qorusun!” şeiri ilə İmdat Avşar qələmi ilə Azərbaycan əsgərinin səngərində, bütün ürəyiylə Qarabağda olduğunu – Qarabağlı olduğunu göstərmiş oldu.

“Qonağım ol” rubrikası əsasında reallaşacaq görüş çərçivəsində, oxucular, canlı yayım üzərindən yazıçı ilə onlayn görüş, diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər. Yazar görüş zamanı həyat və fəaliyyəti, əsərləri haqqında ətraflı məlumat verəcək.

Onlayn görüş iyulun 23-də saat 20:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən baş tutacaq.

 





22.07.2021    çap et  çap et