525.Az

"Bu, gerizəkalılığın göstəricisidir" - Elşad Musayev


 

ELŞAD MUSAYEV: "SİYASİ MÜBARİZƏ ƏDƏB-ƏRKAN ÇƏRÇİVƏSİNDƏ APARILMALIDIR"

"Bu, gerizəkalılığın göstəricisidir" - <b style="color:red">Elşad Musayev</b>

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevdir.  

- Elşad bəy, il yarımdır ki, ölkəmizdə iqtidarla siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, müzakirələr aparılır. Ötən müddət ərzində həyata keçirilən prosesi necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, bir ildən artıqdır ki, iqtidarla müxalifət partiyaları arasında siyasi müzakirələr aparılır, dialoq prosesi həyata keçirilir. Bu təşəbbüs Prezident Administrasiyasından gəlib. Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri, hörmətli Ədalət Vəliyev bu prosesi hakimiyyət nümayəndəsi olaraq aparır. Hesab edirəm ki, bu, müsbət addımdır. Ondan əvvəl də ölkədə hakimiyyət də, müxalifət də var idi. Amma tərəflər arasında danışıqlar aparılmırdı. Siyasi partiyalarla hakimiyyət arasında danışıqlar xarici qurumlar vasitəsilə aparılırdı. Bu isə çox təhlükəli tendensiyalara yol açırdı. Hesab edirəm ki, bu səhv müəyyən qədər aradan qaldırıldı. Bunu biz ilkin addım kimi qiymətləndirdik. Bizim tərəfimizdən xeyli məsələlər səsləndirilib, bir çox təkliflər irəli sürülüb. İndi də münasibətlər davam edir. Düşünürəm ki, münasibətlər daha yüksək səviyyəyə qalxmalıdır. Hakimiyyətlə müxalifət arasında düşmənçilik münasibətləri aradan qalxmalıdır. Biz nəhayət, bir masa arxasında münasibətləri çözməli idik. Müəyyən problemlər hələ də var, amma hər halda bu, ilkin atılan addımdır. Atılan addımı dəyərləndirmək lazımdır.

- Ötən müddətə nəzər salanda, dialoqun nə kimi nəticələri olub?

- Bu danışıqların, dialoqun ən böyük nəticəsi 44 günlük Vətən müharibəsində özünü göstərdi. Bildiyiniz kimi, siyasi təşkilatların demək olar ki, hamısı - xırda istisnaları qeydə almasaq, hakimiyyətlə birlikdə vahid mövqe ortaya qoydular. Siyasi təşkilatlar birgə bəyanat imzaladılar. Nəticə etibarilə dünyaya bəyan etdik bu, Azərbaycanın milli maraqları, dövlətçilik məsələsində hakimiyyətlə müxalifət vahid mövqedədir, Qarabağın işğaldan azad edilməsinə düşünürəm ki, hakimiyyət və müxalifət arasındakı dialoq da öz töhfəsini verdi.

- Sizin rəhbərlik etdiyiniz partiyanın dialoq çərçivəsində  verdiyi təkliflərin hansı  reallaşıb? Qarşıda nə kimi yeni təklifləriniz var?

- Bizim ilk təklifimiz siyasi təşkilatlara fərq qoymadan görüşün keçirilməsi, danışıqların aparılması idi. Biz hörmətli Ədalət Vəliyevlə ilk görüşənlərdən olmuşuq. Partiyamızın çoxlu təklifləri olub. Əsas təkliflərimiz təxminən 20-yə yaxın idi. Bunlardan da biri fərq qoyulmadan bütün partiyalarla danışıqların aparılması idi. Siyasi partiyalar siyasi institutların tərkib hissəsidir. Bunların fəaliyyət göstərməsi üçün şərait olmalıdır. Ofis problemləri xeyli dərəcədə həll olundu. Bayaq dediyim kimi, dialoq yaradıldı və Vətən müharibəsində xarici qurumlara 100-dən çox  məktublar yazıb, müraciətlər ünvanladıq. Həmçinin, hakimiyyətlə birgə vahid mövqe sərgilədik. Ölkənin idarə olunması, islahatlarla bağlı təkliflərimiz var. Təbii ki, çalışırıq ki, ölkədə fundamental islahatlar aparılsın. Hakimiyyət bölgüsü, qanunvericilik, rüşvət, korrupsiya hallarının aradan qaldırılması ilə bağlı köklü islahatlar aparılsın. Bu təkliflərimizi də vermişik. Həmçinin, Böyük Azərbaycan Partiyası ilin əvvəlində un məmulatlarının qiymətinin bahalaşması ilə bağlı narahatlığını ifadə edib, əlavə dəyər vergisinin (ƏDV) götürülməsi ilə bağlı təklif vermişdi. Düzdür, bir qədər hökumət gecikdi, amma bu təklif faktiki olaraq bizdən gəldi və reallaşdı. ƏDV aradan götürüldü. Azərbaycan bu gün yeni müstəviyə qədəm qoyub. Bizim düşüncəmizə görə,  parlament yeni tələblərə cavab vermir və yeni seçkilər keçirilməlidir. İdarəetmənin özü ilə bağlı xeyli təkliflərimiz var. Paralel strukturkar mövcuddur, onlar ləğv edilməlidir. Monopoliya götürülməlidir və s. Təkliflər, müzakirələr davam edir.

- Sizin də qeyd etdiyiniz kimi, Vətən müharibəsində iqtidar müxalifət birliyinə şahidlik etdik. Şuşa bəyannaməsi ilə bağlı da eyni birliyi müşahidə etdik. Sizcə, əldə edilmiş qələbədən sonra  bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir?

- Artıq vurğuladığım kimi, Vətən müharibəsində iqtidarla müxalifət arasında vahid mövqeyə bütün dünya şahidlik etdi. Bu da bizim xeyrimizə oldu. Deməli, biz bundan nəticə çıxarmalıyıq. Biz yeri gələndə iqtidarla müxalifət arasında narazılığa, narahatçılığa, qarşıdurmaya baxmadan, vahid mövqedən çıxış etmək üçün bir araya gəlməyi bacarmalıyıq. Yəni ölkəmizin taleyi, milli və dövlətçilik mənafelərimiz bunu tələb edir. Şuşa bəyannaməsi Azərbaycanın tarixində yeni bir addımdır. Azərbaycan çox strateji məqamda özünün strateji müttəfiqini düzgün seçdi. Doğru olaraq Türkiyəni seçdi. Yeni dünya düzənində Türkiyənin, onunla birlikdə Azərbaycanın böyük rolu var.  Yəni biz xəttimizi, istiqamətimizi çox düzgün seçmişik.

Çox gərgin proseslərin getdiyi - bir tərəfdən Çinin, digər tərəfdən ABŞ-ın başçılığı ilə NATO-nun, Qərb ölkələrinin Avropanın hegemonluq etmək istədikləri, yeni inkişaf edən ölkələrin maraqlarının baş qaldırdığı bir vaxtda təbii ki, biz təklikdə nəsə edə bilmərik. Ona görə də qardaş ölkə Türkiyə ilə faktiki strateji müttəfiqliyimizi təsdiq etdik. İndi elə bir hal yaranıb ki, əgər Azərbaycanın ərazi bütövlüyünə hər hansı təhdid olarsa, Şuşa bəyannaməsində açıq göstərilib ki, Türkiyə bunu öz ərazisinə təhdid kimi qəbul edəcək və Azərbaycana dəstək verəcək. Əgər Türkiyənin ərazisinə hər hansı təhdid olarsa, onda da Azərbaycan bu ölkəyə dəstək verəcək. Həmçinin, milli təhlükəsizlik orqanları vahid görüşlər keçirib, müzakirələr aparması məsələsi də gündəmdədir. Bu da çox vacib məsələdir. Faktiki ölkələrimiz təhlükəsizlik məsələlərini bir yerdə müzakirə edirlər və müvafiq olaraq çıxış yollarını da birgə çözürük. Bu qələbədən sonra təbii ki, siyasi təşkilatlarla müxalifət arasında həmrəylik vacib şərtdir. Müəyyən gərginliklər var, düşünürəm ki, ölkənin idarə olunması,  sosial iqtisadi məsələlərlə bağlı fərqli fikirlər olmalıdır. Amma Qarabağ, ölkənin ərazi bütövlüyü məsələsində vahid mövqedən çıxış etməliyik.

- Yeri gəlmişkən, Şuşa Bəyannaməsi ilə bağlı müxalifətin nümayiş etdirdiyi birlik, o cümlədən, partiya sədrlərinin Ağdam səfəri bəzi müxalif qüvvələr tərəfindən tənqidlər, hətta "istehza" ilə qarşılandı. Bu cür yanaşmalarla bağlı nə deyə bilərsiniz?

- Ağdam səfəri bir müddət əvvəl olub, yaxşı ki, bunu xatırlatdınız. Siyasi partıya rəhbərlərinin azad olunmuş ərazilərə səfərləri ilə bağlı təklifi də mən irəli sürmüşdüm. Müharibə yeni başlayanda bir təklif də verdim ki, qələbəmizdən sonra siyasi partiya rəhbərlərinin dövlət başçısı ilə  görüşü olsun. Yəni qələbə görüşü. Bu təklif də qüvvədədir. Tənqidlər, müəyyən qədər istehzalar gerizəkalılığın göstəricisidir. İnsanlar hər şeyi düzgün qiymətləndirməlidir. Siyasi mübarizə ədəb-ərkan çərçivəsində olmalıdır. Siyasi təşkilatların Qarabağın istənilən bölgəsinə getməsi müsbət qiymətləndirilməlidir. Çünki biz gedib hər şeyi gözümüzlə görürük. Biz əsir yurdlarımızın, torpaqlarımızın hansı vəziyyətə düşdüyünü gördük. Bu kimi məsələyə istehza ilə yanşmaq,  kimisə nəyisə lağ obyektinə çevirmək gerizəkalılığın əlamətidir. Bu kimi yanaşma ilə irəli gedə bilmərik və düşünürəm ki, belə üsullar siyasi mübarizədə aradan götürülməlidir.

- Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına necə təsir göstərib?

- İnsafən deyək ki, hakimiyyətlə siyasi partiyalar arasında münasibətlərin qurulması müsbət haldır. Yəni biz istənilən məsələni əvvəlkindən fərqli olaraq hakimiyyətin ən yüksək dairəsinə çatdıra bilirik. Kontaktlar mövcuddur. Ölkənin taleyüklü məsələləri ilə bağlı hansısa narahatlıq olanda biz cəmiyyətin səsi olaraq bunu hakimiyyətə çatdırırıq. Ölkədə bahalaşma varsa, insanların güzəranı pisləşirsə, bununla bağlı narahatlığımız çatdırırıq. İstəyirik ki, ölkədə həqiqətən fundamental islahatlar aparılsın, imitasiya olmasın. İşğaldan azad edilmiş bölgələrdə, kəndlərdə tikinti işləri ilə bağlı konkret təkliflər vermişik. Onların arasında  654 milyona iki rayonun yenidən tikilməsi də var.

- Dialoq prosesinin gələcəyini necə görürsünüz?

- Dialoqun olması üçün ilk növbədə tərəflər bir-birini tanımalıdır. Bəzən tərəflər bir-birini tanımadan deyir ki, dialoq olsun. Dialoq prosesi dərinləşməlidir. İmitasiya olmamalıdır. Müzakirələr daha açıq müstəviyə keçməlidir. Dövr, zaman ona gəlib ki, böyük müşavirə keçirilməli, siyasi təşkilat rəhbərləri mövqeyini hökumətə açıq şəkildə bildirməlidir. Yəni proses yeni mərhələyə keçməlidir.

- Əvvəllər də ölkəmizdə dialoq adına müxtəlif təşəbbüslər olub. Və bu prosesdə bəzi xarici dairələr ATƏT, ABŞ səfirliyi vasitəçilik etməyə çalışıb. Sizin fikrinizcə, kənar müdaxilə olmadan aparılan dialoqun hansı üstünlükləri var?

- Əvvəldə də dediyim kimi, daha öncə danışıqlar olub, amma təəssüf ki, bunda xaricilər vasitəçi idi. Buna qətiyyən yol vermək olmaz. Müxalifət kənarda xaricilərlə, hətta ermənilərlə də danışır. Biz nəhayət özümüz öz aramızda danışmağı öyrənməliyik. Problemləri müzakirələr yolu ilə həll etməyi öyrənməliyik. Ona görə də ABŞ, ATƏT vasitəsilə yox, birbaşa özümüz danışmalıyıq. Heç bir müdaxilə olmadan danışmağın ən böyük əhəmiyyəti odur ki, biz problemlərimizi özümüz daha yaxşı bilirik, onların həllini də öyrənməliyik.

- Bu prosesin daha da dərinləşməsi üçün qarşıda hansı addımların atılmasına ehtiyac var?

- İlk növbədə həm hakimiyyət, həm də müxalifət tərəfindən təşəbbüslər davam etdirilməlidir. Yəni müzakirələrdən heç kəs qaçmamalıdır. Birincisi, təşəbbüslərin həyata keçirilməsi üçün istək olmalıdır, ikincisi, təşəbbüslər davam etməlidir. Nəhayət, danışıqlar imitasiya xarakteri daşımamalıdır. Ölkəmizin reallıqlarını, problemlərimizi, ümumilikdə müzakirə etməli, çatışmayan cəhətləri deməli, həmçinin, təkliflərimizi verməliyik. Son nəticədə istəyimiz insanların rifahının yaxşılaşması, dövlətimizin güclənməsi, ərazi bütövlüyümüzün təminidir. Sosial-iqtisadi problemləri həll etmək üçün danışmalıyıq. Tərəflərin heç biri bu danışıqlardan qaçmamalıdır. Ona görə də bütün danışıqlar aşkar şəkildə olmalıdır. Danışmasaq, problemlərimiz də həll olunmayacaq. Həvəsdən düşmək lazım deyil, danışıqlar davam etməlidir.

PƏRVANƏ

 





22.07.2021    çap et  çap et