525.Az

Kiber müharibə başlayır? - Xaqani Cəfərlinin şərhi


 

Kiber müharibə başlayır? - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

Rusiya xüsusi xidmət orqanlarına bağlılığı barədə çoxsaylı məlumatlar yayılmış "REvil" isimli haker qrupunun “DarkNet”dən silinməsinin gerçək səbəbləri məlum olmasa da, iki ehtimal mövcuddur.

Birinci ehtimala görə, "REvil" haker qrupunun “DarkNet”dən silinməsi ABŞ-ın kiber müdaxiləsinin nəticəsidir. Bu ehtimalı əsaslı hesab edənlər baş verən hadisəni kiber müharibənin başlanğıcı kimi dəyərləndirirlər. İkinci ehtimala görə, "REvil"in “DarkNet”dən silinməsi ABŞ-ın təzyiqləri qarşısında Rusiya hakimiyyətinin gördüyü tədbirdir. Bu iki ehtimalın hansının həqiqəti əks etdirdiyini zaman göstərəcək.

Hələlik isə qeyd etmək lazımdır ki, kiber məkanında xərac toplamaqla  məşğul olan "REvil" haker qrupu son zamanlar ABŞ-ın milli təhlükəsizliyi üçün təhdidə çevrilmişdi. ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə iyulun 9-da telefon danışığı zamanı əsas müzakirə mövzusu kiber təhlükəsizlik idi. Ağ evdən yayılan məlumatda deyilir ki, prezident Co Bayden Rusiya ərazisində yerləşən cinayətkar qrupun xüsusi virus proqramların vasitəsilə ABŞ şirkətləri və dövlət strukturlarının baza məlumatlarını oğurlamaqla məşğul olduğunu Vladimir Putinin diqqətinə çatdırıb və tədbir görülməsini tələb edib. Bu prosesin qarşını almaq üçün ABŞ-ın bütün zəruri tədbirlər görəcəyini rusiyalı həmkarının diqqətinə çatdıran prezident Co Bayden bu sahədə ölkəsinin daha böyük imkanlara malik olduğuna da diqqət çəkib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının iyun ayında hazırladıqları hesabatda ABŞ-ın infrastrukturlarına və özəl şirkətlərinə hücumların Rusiya ərazisindən edildiyi öz əksini tapmışdı. Bu məlumat yayıldıqdan dərhal sonra iyulun 2-də Rusiyanın ABŞ-dakı səfirliyi xüsusi açıqlama yayaraq ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının hesabatında əksini tapan məlumatların həqiqət olmadığını sübut etməyə çalışmışdı.

Ancaq Rusiya səfirliyinin açıqlaması ciddi qəbul olunmamışdı. Çünki ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının hesabatını şübhə altına almaq üçün Rusiya tərəfi heç bir ciddi dəlil təqdim etmir. Sadəcə olaraq Rusiya tərəfi ümumi sözlərlə dəlillərə əsaslanan hesabatı təkzib etməyə çalışır. Bu isə ciddi qəbul edilmir. Digər tərəfdən, ictimai rəydə Rusiya hansısa şübhələr yaratmağa nail olacağına ümid bəsləsə də, ABŞ rəsmilərini çaşdıra bilməz. Buna görə də ABŞ prezidenti rusiyalı həmkarı ilə söhbətində kiber hücumların mənşəyini müzakirə etməyərək, həmkarından tədbir görməsini istəyib. Əks halda ABŞ-ın tədbir görəcəyini həmkarının diqqətinə çatdırıb. Bu telefon danışığından sonra "REvil" haker qrupun “DarkNet”dən silindi.

 

Bu əməliyyatın ABŞ-ın, yoxsa Rusiyanın əməli olduğu isə ancaq zamanla aydınlaşacaq. Hələlik isə bir şey məlumdur ki, "REvil" haker qrupuna məxsus onlayn infrastrukturun hamısı iyulun 14-də söndürülüb. Siyasətçilərlə yanaşı, kiber təhlükəsizlik üzrə ekspertlər hələlik bunun səbəbini izah edə bilmirlər. Sadəcə olaraq bəzi ekspertlər bu hadisənin ABŞ-ın xüsusi əməliyyatı olduğunu daha inandırıcı hesab edirlər. Kiber təhlükəsizlik sahəsində tanınmış ekspertlərdən biri olan “Recorded Future”nin əməkdaşı Allan Liska bu günə kimi belə hala rast gəlmədiyini bildirib. Ekspertlər bildirirlər ki, "REvil" haker qrupunun bir müddətdən sonra internet məkana qayıtma ehtimalı çoxdur. Çünki bu qrupun üzvləri tam zərərsizləşdirilməyiblər. Hələlik yalnız onlara məxsus olan onlayn infrastruktur fəaliyyətini dayandırıb.

Siyasi şərhçilər isə hesab edirlər ki, rusdilli haker qrupunun fəaliyyətini dayandırması hazırkı şəraitdə Rusiya hakimiyyətinin də maraqlarına uyğundur. Çünki Rusiya hakimiyyətinin beynəlxalq aləmdə imici çox korlanıb və kiber cinayətlərə görə məsuliyyət daşımaq istəmir. Digər tərəfdən, "REvil" haker qrupuna məxsus onlayn infrastrukturun fəaliyyətini dayandırması Rusiyanın Qərblə əməkdaşlığa hazır olduğu görüntüsünü də yarada bilər ki, buna Moskvanın çox böyük ehtiyacı var. Rusiya üçün önəm kəsb edən bir neçə enerji layihəsinin taleyi Qərblə münasibətlərin yaxın bir neçə ayda necə olacağından çox asılıdır.

Bəzi rusiyalı politoloqlar hesab edirlər ki, “REvil”in fəaliyyətini dayandırması Rusiya hakimiyyətindəki "qırğılar" adlanan iqtidardaxili qrupla bağlıdır. Bu haker qrupunun fəaliyyətini dayandırması "qırğılar"ın Rusiya hakimiyyətindəki mövqelərini itirməsi kimi də dəyərləndirilir. Çünki "qırğılar" Qərbin təzyiqləri qarşısında hər hansı sahədə güzəştə getməyin əleyhinədirlər və bunun zəiflik kimi qəbul olunacağından ehtiyatlanırlar.

"REvil" haker qrupuna məxsus onlayn infrastrukturların fəaliyyətini dayandırması müsbət hadisə olsa da, bu, kiber müharibələrin sona çatdığı anlamına gələ bilməz. Əksinə, bu hadisə çox təhlükəli kiber müharibələrin anonsu ola bilər. Çünki "REvil" Rusiya hakimiyyətinin nəzarətində olan yeganə haker qrupu deyil. Bu qrupdan başqa da Rusiyanın nəzarətində olan çoxsaylı haker qrupları var. Onların bir çoxu Rusiyanın ərazisində yerləşmir. Həmin haker qrupların əsasən Moskvanın nəzarəti altında olan ölkələrdə, ilk növbədə isə postsovet respublikalarında fəaliyyət göstərdiyi iddia olunur. Buna görə də Rusiya ilə Qərb arasında kiber müharibə çox geniş bir coğrafiyanı əhatə edə bilər.

Ümumiyyətlə, "REvil" haker qrupu fəaliyyətini əbədi olaraq dayandırsa belə, "Global Look Press", "DarkSide", "Clop", "Syrian Electronic Army" və "FIN7" kimi təhlükəli haker qrupların mövcudluğu rəqəmsallaşmanın gerçəkliyə çevrildiyi dünyamızda hər bir dövlət, biznes strukturu və fərdlər üçün təhlükə mənbəyi olaraq qalır. Bəşəriyyət nüvə müharibəsindən daha təhlükəli ola biləcək kiber müharibələri önləmək üçün imkan və yollar tapmaq məcburiyyətindədir.

 





22.07.2021    çap et  çap et