525.Az

“Modern Trinity” səyyar rəssamlar qrupunun ilk sərgisi açılıb


 

 “Modern Trinity” səyyar rəssamlar qrupunun ilk sərgisi açılıb<b style="color:red"></b>

İyulun 22-də İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində "Modern Trinity" səyyar rəssamlar qrupunun "İncəsənət həmişə aktualdır" adlı ilk sərgisi keçirilib.

525.az xəbər verir ki, sərgidə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova iştirak edib, gənc rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sərgidə müxtəlif rəssamlıq nümunələri, abstrakt rəsmlər və kollajlar nümayiş olunub. Müasir rəssamlıq nümunələri ilə yaxından tanış olan qonaqlar sərgidən xoş əhval-ruhiyyə ilə ayrılıblar.

Qeyd edək ki, sərginin layihə rəhbəri və kurator Alvina Süleymanovadır. A.L.Ştiqliç adına Sənayə və Rəssamlıq Akademiyasını bitirən Alvina xanım Sankt-Peterburqda Nonkonformizm Muzeyində işləyib və Azərbaycana öz kuratorluq təcrübələrini gənc rəssamlarla bölüşmək üçün gəlib.

İslam Əhmədli, başda “Kəpənək effekti” olmaqla, işlədiyi işlərin koloriti və işlənmə texnikası ilə diqqəti cəlb edib.

Pərviz Kazımlı əsasən kollaj texnikasında özünü göstərib, daha çox nostalji - keçmiş mövzulara müraciət edən rəssam tamaşaçılarda nostalji hissləri oyadıb.

Sahib Yaqubov heykəltəraş, rəngkar rəssamdır, “Qarabağa dəstək” heykəli və “3 Klarnet ifaçısı" əsərləri ekspozisiyada yer alıb. Digər işlərində isə rəssamın Azərbaycanın milli folklor və təsviri sənətinə üstünlük verdiyini görə bilərik.

Vasif İbrahimli Qarabağ mövzusunda nümayiş etdirdiyi “Əbədiyyət” əsəri daha çox diqqəti cəlb edib və tamaşaçılarda maraq oyadıb.

Rufana Mamedova yaradıcılıqda Vasiliy Kandinski ve Edgar Degadan ilhamlanıb, xanım rəssamın böyük ölçüdə tabloları sərgidə nümayiş olunub.

Sərgi iyulun 25-dək davam edəcək və sonda rəssamlar İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunacaqlar.

 

Nurtən Əkbərli

 





23.07.2021    çap et  çap et