525.Az

Azərbaycan gəncliyinin milli mənlik şüurunun formalaşmasında keçdiyi yol


 

Azərbaycan gəncliyinin milli mənlik şüurunun formalaşmasında keçdiyi yol<b style="color:red"></b>

Milli şüur uzun tarixi inkişaf prosesi keçərək formalaşan bir məhfumdur. Geniş mənada bu məhfum milli mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Milli şüurda bir fərdin təmsil olunduğu etnik, dini, mədəni xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər də öz əksini tapır. Həmçinin millətə aid bir çox keyfiyyətlər: düşüncə tərzi, özünəməxsusluq, milli xarakter, psixi amillər milli şüurun tərkibində vəhdət kimi çıxış edir.

Hər bir dövlətin taleyi bütün mənalarda onun milli şüurunun daşıyıcılarından asılıdır. Bu daşıyıcılar isə təkcə görkəmli şəxslər, elm adamları və tarixi şəxsiyyətlər deyil, eləcə də vətən, millət təəssübkeşliyi çəkən hər bir şəxsdir. Hər bir insan mənsub olduğu xalqın milli əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Bu gün istər vətəndaş cəmiyyətinin formalaşmasında, istərsə milli şüurun ən böyük daşıyıcıları kimi gənc nəsli xüsusi qeyd etmək lazımdır.

Gənclik müasir dövrün hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Xüsusilə milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün illər lazımdır. Bu gənclərin yetişməsi üçün isə, cəmiyyət özü zəmin yaratmalıdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanmasında hər bir dövlətin qarşısında duran böyük vəzifədir.

Dövlətçilik tariximizə nəzər salsaq görərik ki, ölkəmizdə bütün dövrlərdə gənc nəslin doğru yetişdirilməsinə xüsusi önəm verilib. Hələ 103 il öncə yaradılan Azərbaycan Xalq Cumhuriyyəti zamanında gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində ciddi işlər görülüb. Bu dövrdə Azərbaycan gəncliyində güclü milli mənlik şüuru və  vətənpərvərlik hissləri formalaşmışdı. Həmin gəncliyin əməyi nəticəsində çətin bir dövrdə azərbaycançılıq ideyası, dövlət və milli birlik anlayışı, vətən sevgisi, eləcə də ədəbiyyatı, mədəni nümunələri və s. formalaşdı. Sonrakı dövrdə də Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin rolu az olmayıb. Təkcə Milli Azadlıq Hərəkatında iştirak edən yüzlərlə gənci misal çəkmək kifayətdir.

Artıq 30 ildir ki, Azərbaycan Sovet imperiya zəncirlərindən azad olunub və müstəqil dövlət kimi formalaşıb. Hələ 1918-ci ildə boy göstərən və formalaşan milli mənlik şüuru, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə yenidən yüksəliş dövrünə çatdı. Artıq ölkədə baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunların nəticəsində Heydər Əliyevin Fərmanı ilə gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi təsis edildi. Gənclərlə bağlı atılan növbəti addım 2 fevral 1996-cı ildə gənclərin I Forumunun keçirilməsi oldu. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

 

İndi Müstəqil Azərbaycanın dövlət siyasətində gənclər siyasəti başlıca yerlərdən birini tutur.  Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birmənalı olaraq gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədardır. Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının  təmin  edilməsidir. Bu məqsədlə ölkəmizdə rəhbərlik tərəfindən bir çox silsilə addımlar atıldı. Dövlət başçısının gənclərin potensialından ölkə mənafeyi naminə düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmini, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. 2007-ci il ölkədə "Gənclər İli"nin elan edilməsi gənclərlə bağlı davam edən siyasətin bir hissəsi idi.

Bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Xüsusilə hərb sahəsində şücaət göstərən Azərbaycan gəncliyini vurğulamaq lazımdır. Hazırda Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər.

2016-cı ildə  baş verən və hərb tariximizə "Aprel döyüşləri" kimi düşən döyüşlərdə Azərbaycan gəncliyi yeni bir qəhrəmanlıq tarixi yaza bildi. Təmas xəttində düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənc nəslin ölkə həyatındakı nə qədər mühüm rol oynamasının göstəricisi idi. 

Müasir dövr Azərbaycan gəncliyinin ən böyük qəhrəmanlıq salnaməsi şübhəsiz Vətən müharibəsində göstərdikləri rəşadətli mübarizə ilə bağlıdır. Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş bu müqəddəs mübarizədə Ali Baş Komandan ətrafında səfərbər oldu. Müharibənin əsas ağırlığı isə Azərbaycan gəncinin üzərinə idi. Çünki Qarabağı azad etmək uğrunda gedən qanlı döyüşlərdə sinəsini sipər edən, əli silahlı düşmənin üzərinə gedənlər ilk növbədə gənclər oldular.  Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak edib. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu sübut ediblər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi, qələbə dolu döyüş yolu ilə yeni tarix yazdılar. Azadlığa qovuşan hər qarış Vətən torpağında 2907 şəhidin qanı və bütün qəhrəman qazilərimizin alın təri var. Bu birlik Azərbaycan tarixində möhkəm kök salmış  milli mənlik şüurunun və vətənpərvərlik hissinin ən ali səviyyəsi idi.

Bu gün gənclər ölkənin bütün sahələrdə dövlətçiliyin əsas dayağı funksiyasını yerinə yetirir və cəmiyyət həyatının müxtəlif sahələrində təmsil olunurlar. Gənclərin ən aktiv iştirak etdiyi sahələrdən biri də könüllülük fəaliyyətidir.  Azərbaycanda könüllülüyün tarixi kifayət qədərdir və bu fəaliyyət bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevən və ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir. XIX əsrin sonu XX əsrin əvvəllərinə nəzər salsaq, bir sıra xeyriyyə cəmiyyətlərinin yarandığını və insanlarımızın burada könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığını görə bilərik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə ictimai-siyasi proseslərdə könüllülərin kifayət qədər rolu olub. İlk yaranan könüllü özünümüdafiə dəstələrini, müharibəyə könüllü gedən həkim və tibb bacılarını misal kimi göstərmək olar. Qanlı 20 Yanvar hadisələri zamanı insanların xəstəxanalara könüllü gedərək qan verməsi də xalqımızın könüllülük dəyərlərinin bariz nümunələrindəndir. Bu gün isə ölkəmizdə könüllülük daha geniş bir hərəkat halını alıb. Artıq yeni konsepsiyada formalaşan hərəkat könüllülükdə yeni yanaşmanı ortaya qoyub və bunun bütün tərəflər üçün səmərəli bir fəaliyyət olduğunu sübuta yetirib.Son illərdə könüllülük sahəsində gənclər üçün daha böyük perspektivlərin olduğunu söyləmək olar. Dövlət başçısının bütün dövlət və özəl qurumların fəaliyyətinə gənclərin könüllü kimi cəlb olunması ilə əlaqədar tövsiyəsi gənclər üçün yeni fürsətlər yaradıb.

Təbii ki, cəmiyyətin milli mənlik şüurunun yüksək səviyyədə saxlanılmasında yazılı mətbuatın, televiziyaların təbliğat sahəsində rolu əvəzsizdir. Azərbaycan gəncliyi də öz növbəsində məsuliyyətini dərindək dərk edir və üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





23.07.2021    çap et  çap et