525.Az

"Əkinçi" və başqaları... - Sosial şəbəkədə yazılanlar


 

"Əkinçi" və başqaları... - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Mehriban Vəzir, yazıçı-publisist:

- Həsən bəy Zərdabi ilk ana dilli mətbuatımız "Əkinçi"ni cəmi 2 il keçindirə bilir, qəzet 1877-də qapanır.

2 il qəzetsizlikdən sonra Ünsizadə qardaşları  "Ziya" (Ziyayi-Qafqaziyyə) qəzetini ərsəyə gətirirlər. 1884-də o da qapanır.

Kiçik qardaş Ünsizadə 1883-də "Kəşkül" qəzetini yaradır və ağır şəraitdə düz 8 il qəhrəmanca yaşada bilir...

Dövrün iqtidarı olan rus Çar hökuməti 1891-ci ildə "Kəşkül"ü də qapadır... eyni ilə "Əkinçi" və "Ziya" kimi...

Firidun bəy Köçərli 1901-ci ildə yazır: "Kəşkül"ün bağlanmasından 10 il keçdi, biz ruznaməsiz (qəzetsiz) qaldıq"

"Əkinçi"dən sonra onlarla Azərbaycan intellektualı qəzet açmaq üçün rus hökumətinə müraciət edir... onlardan biri də Əhməd bəy Ağayev idi. Əhməd bəyin daxili işlər nazirinə və Qafqaz senzura komitəsinə müraciəti belə cavablandırılır: tatar dilində qəzet və jurnalların nəşri tamamilə arzuedilməzdir...

Monarxiya tərəfdarı kimi hakimiyyətə yaxın olan Məhəmməd ağa Şahtaxtinskinin ana dilində qəzet açmaq ərizələrinə cavab belə olur:  - Bu vaxta qədər olmayan qəbilə dilində xüsusi jurnalistikanın başlanğıcına yol verə bilmərik.

Şahtaxtinski yazır: "Peterburqa getdim və rəis Solovyovla görüşdüm... dil töküb xahiş etdim... bir şey çıxmadı..."

Solovyov dedi: "Tatarca qəzetə icazə verə bilmərəm, sizin zadəganlar rusca oxusunlar. Qəzet xalqın nəyinə lazımdır? Qara camaat  qoy gedib sürülərini otarsın..."

"Əkinçi"nin, "Ziya"nın, "Kəşkül"ün bağlanmasından sonra və o sırada, düz 30 il Azərbaycan ziyalısı ana dilində qəzet və kitab nəşr edib xalqı maarifləndirmək, məlumatlandırmaq üçün dəridən qabıqdan çıxır...

Azərbaycan türkcəsində qəzet açmaq üçün Ünsizadə qardaşları, Əhməd bəy Ağayev, Məhəmməd ağa Şahtaxtinski, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Məhəmməd Tağı Sidqi, Haşım bəy Vəzirov ilə yanaşı, gürcü münəvvərlər Sereteli, Çavçavadze, rus Çernyayevski, Klimovski, Kuzmin, alman Tsenk... illərlə çalışmış, yazışmış, Qafqazın hərbi komendantına, Peterburq Baş Senzura İdarəsinə, daxili işlər nazirinə müraciətlər göndərmiş... və davamlı olarq "yox" cavabı almışlar... Halbuki həmin dövrdə Qafqazda rusların, gürcülərin, ermənilərin, almanların, yəhudilərin bir neçə ədəd günlük qəzeti, həftəlik jurnalları çıxırdı...

Rusiya imperiya dövləti bütün 19-cu əsr boyu Qafqazda Azərbaycan türkcəsində məktəb açılmasına, qəzet və kitab nəşrinə, təşkilat qurulmasına qəti yasaq qoymuşdu. Bu işin peşinə düşənləri isə amansızca təqib etmişdir...

Dövrün ən böyük yazılı söz fədailəri olan... Şirvan zadəganları Səid, Camal, Kamal Ünsizadə qardaşlarının aqibətləri isə hələ də məlum deyil... 

Elnur Məcidli, jurnalist:

- Cəbrayıl rayonunun mərkəzinə gedərkən tarixi çinar ağacının yanından keçdik. Bizə bildirildi ki, 800 il yaşı olan və təbiət abidəsi kimi qorunan, "Xan çinarı" adlandırılan şərq çinarının əsas gövdəsi kəsilib, lakin sonradan törəyən ağac gövdəsi də, kifayət qədər ehtişamlı idi.

Ən çox su tutumu olmasıyla bilinən məşhur Çinar Kəhrizi də, məhz, bu ağacın yanında yerləşir.

Təəssüf ki, kəhriz, vəhşi vandallar tərəfindən dağıdılıb, üstü torpaqla örtülüb.

Qarşısında yerləşən çayxana isə, yerlə-yeksan edilib.

Cəbrayılı gəzəndə bir daha əmin oldum ki, işğaldan azad olunmuş torpaqlarımızda böyük ekoloji soyqırımla yanaşı, milli, mədəni və tarixi miraslarımızın dağıdılması və qarət olunması, qarşımızdakı düşmənin nə qədər qəddar, modern dünyadan uzaq, humanistlikdən kənar, heç bir geniş, hətta ibtidai təfəkkürü belə olmadığını görmək mümkündür. 

Elçin Hüseynbəyli, yazıçı:

- Ölkədə narkotik və psixotrop maddələrin bu qədər yayılması çox təhlükəlidir. Müharibənin nəticələrindən də betərdir, genofondun məhv edilməsidir. Bu məsələdə təhlükəsizlik və gömrük orqanları məsuliyyət daşıyır. Cəmiyyət də ayıq olmalıdır. Narkotika aludəçisi olan xanım normal əsgər doğa bilməz. O cür kişilərin də övladı normal ola bilməz. Savaş hələ bitməyib, dostlar! 

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Macar yazıçısı və tərcüməçi Kato Lomb (1909-2003) poliqlot idi. Fərqli dil ailələrinə mənsub 16 dil bilirdi. Xarici dilləri daha çox kitablardan öyrənirdi. 90 yaşında ivriti öyrənməyə başlamışdı. Öz təcrübəsi haqqında "Mən dilləri necə öyrənirəm?" adlı əsər də yazmışdı.

Dilləri canlı təmasda deyil, kitablar vasitəsi ilə öyrəndiyinə görə bəzən gülməli hadisələr də baş vermişdi.

Məsələn, 1945-ci ildə Budapeştdə olan Sovet hərbi heyətini müşayiət edirmiş. Hər şey yaxşı keçirmiş. Qonaqları yola salmaq ərəfəsində təsadüfən bir mətndə gözü "skatertğö doroqa" (idiomatik ifadədir, mənası "rədd olun", "cəhənnəm olun" deməkdir) sözlərinə sataşır. Düşünür ki, əla ifadədir, "skatertğ" "süfrə", "doroqa" "yol" deməkdir. Yəqin ki, mənası "yolunuz bolluq, rifah içində keçsin" olar.

Ona görə də ertəsi gün rus generallarını trapın qarşısında yola salarkən motorun uğultusunu batırmaq üçün var səsi ilə "Skatertğö doroqa! Skatertğö doroqa!" -deyə qışqırıb əlini yelləyir.

Rusların üzündə yaranmış ifadədən sözlərinin nə isə yerinə düşmədiyini anlayır və onların həqiqi mənasını yalnız sonralar öyrənir.

Amma bilmək olmaz, sonralar bəlkə də bu ifadəni işlətdiyinə görə qürur duyub... 

Xaqani Səfəroğlu, jurnalist:

- Fransa öz ordusunu Ermənistan-Azərbaycan sərhədinə göndərmək istəyir.  Prezident Makron və Paşinyanın bu barədə müzakirə apardıqları barədə məlumatlar yayılır.

Paris bu avantura ilə Ermənistanla "duet" yaratmaq və Qarabağ məsələsində öz planını yeritməyə cəhd edir.

Fransız ordusu Cənubi Qafqaza gəlsə, ciddi geopolitik qarşıdurmaların anonsu olacaq. 

Fazil Mustafa, millət vəkili:

- TRT-1-dən Türkiyənin dəyanət işlər başqanının icra etdiyi bayram namazına qiyabi olaraq qatıldım və xütbəsini dinlədim. Nə qədər anlamlı və gözəl mesajlar verdi. Dindən, həyatdan, siyasətdən. Bu bayram da faydalı sözlərin eşidilməsi üçün bir fürsətdir. Kipr Barış hərəkatından danışdılar, "İstiqlal" marşının sözləri ilə Türk insanının daha da əzmli olmasını təlqin etdi. İstər camiyə gələn, istər də canlı yayımda izləyən insanlar üçün çox düşündürücü, anlamlı bir xütbə oldu. Azərbaycanda 44 günlük savaşdan sonra ilk Qurban bayramı idi. Hələ savaş riski də tam mənası ilə ortadan qalxmayıb. Bəlkə siyasət, din başbilənlərimiz bunu da düşünəydilər. Cəmiyyətə Vətənə sevgi, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, mehribançılıq, həmrəylik mövzusunda pozitiv bir şeyləri hələ də Türkiyədəki ahənglə deyə bilmirik. Böyük dövlət olmanın şərtlərindən biri də budur. Hər sahədə dövlət-vətəndaş münasibətlərinin canlı tutulmasına çalışmaq vacibdir. Bu cür bayramları başdansovdu yola vermək olmaz. Din təkcə qutu qoyub nəzir yığmaqdan ibarət deyil ki? Bu, həm də dövlətin ən önəmli sütunudur, məhz bu sütun sağlam təmələ oturmadığına görə hər an binamızın uçma təhlükəsini hiss edirik. Üstəlik də, ictimai nəqliyyatın bayram günlərində işləməsini qadağan etməklə, təkcə Allahın bayramına deyil, Allahın vətəndaşına da başdansovdu yanaşıldığını görürük. Olmaz. İnsanların bir qisminin taksiyə verməyə pulu yoxdur. Belə günlərdə də qiymətləri taksilər kəlləçarxa çıxarırlar. Vətəndaşa bayram əvəzinə hüsran yaşatmaq olmaz. Bu mənasız qərarlardan da uzaq durmaq lazım. Nə isə, gedib qurbanlarımızı kəsdirib paylayaq, Allah hər kəsin niyyətinə görə əməlini qəbul etsin!

Turan İbrahimov, jurnalist: 

- Cəmiyyət olaraq hələ də anlamamışıq ki, Qurbanlıq bir-birinə ət payı verib, kabab bişirmək deyil.  Qurbanlıqda kəsilən heyvanın əti bircə pay özünə götürmək şərti ilə, ehtiyacı olanlara, ət alıb yeyə bilməyənlərə çatdırılmalıdır.

Bu bayramın məqsədi kəsim yerlərində minbir antisanitariya və qəddarlıqla heyvan kəsdirib, şəkil çəkdirib, ən azından həftədə 2-3 dəfə ət yeyə bilən qohum-əqrəbaya, qonum-qonşuya paylayıb, kabab tüstülərini ərşə qaldırmaq deyil. 

Cavid İsmayıl, jurnalist:

- Xameneinin fətvası haqqında

Bu gün Şeyxülislam Allahşükür Paşazadə bayram namazında çıxış edərkən ayətullah-əl-üzma Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürünü bildirib: "Ayətullah Xameneinin "Qarabağ İslam torpağıdır" deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı".

Bilməyənlərin nəzərinə çatdırım ki, Xameneinin "Qarabağ torpağı İslam torpağıdır" fikri Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə ortaya çıxmayıb. İnanmırsınızsa, "Google"da "Qarabağ İslam torpağıdır" yazıb axtarış verin, görəcəksiniz ki, ən azı 2019-cu ilə aid materiallar qarşınıza çıxır. Şəxsən mən 2010-cu ildə Tehranda keçirilən 10 günlük Media Sərgisində iştirak edərkən İran paytaxtının müxtəlif yerlərində "Qarabağ xake-Eslam əst" şüarına rast gəlmişəm. Yəni bu fətvanın (əgər fətvadırsa) məhz müharibə dövründə verildiyini iddia etmək ictimai fikri çaşdırmaqdır.

 





23.07.2021    çap et  çap et