525.Az

“Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır”


 

“Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır”<b style="color:red"></b>

“Azərbaycan və Rusiya həm yaxın qonşular, həm də strateji tərəfdaş ölkələrdir. Əlamətdar haldır ki, iki ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir”.

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır, elə bir sahə yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsin:

“Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafına iki ölkənin dövlət başcıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri zamanı Vladimir Putinlə görüşündə də əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi oldu. Ümumiyyətlə, son illərdə aydın müşahidə olunur ki, Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür”.

Millət vəkilinin sözlərinə görə, qarşılıqlı səfərlər münasibətlərin daha da gücləndirilməsində, həmçinin əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Azərbaycan və Rusiya dövlət başçılarının mütəmadi olaraq keçirdikləri görüşlərdə fəal siyasi dialoq özünü qabarıq büruzə verir.

Fatma Yıldırım qeyd edib ki, dövlət başçılarının görüşündə də vurğulandığı kimi, bugünümüzün əsas məsələsi regionda münaqişədən sonrakı vəziyyətdir:

“Görüşdə bir daha bəyan edilib ki, Azərbaycan qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindədir. Hər iki ölkə başçısı 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir, bu razılaşmanın, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını vacib sayır. Belə bir şəraitdə Ermənistan tərəfindən Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdi yolverilməzdir.

10 noyabr razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələr də mövcuddur. Onlar regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı deyillər. Bu qüvvələr 30 ilə yaxın dövrdə Ermənistana dəstək göstərib danışıqlar prosesinin uzanmasına səbəb olsalar da sonda hansı nəticə ilə üz-üzə qaldıqlarını anlayır və postmüharibə dövrünün reallıqları ilə barışmamaqla, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı barədə işğalçı dövlətin xülyalarına yardımçı olmaqla heç nə əldə edə bilməyəcəklərini çox yaxşı bilirlər. Ermənistan və ona havadarlıq edənlər Azərbaycanın bütün dünyanı heyran edən “dəmir yumruq” əməliyyatını unutmamalıdırlar”.

Sevinc Qarayeva

 





23.07.2021    çap et  çap et