525.Az

Sosializmin son qalası çökür


 

Sosializmin son qalası çökür<b style="color:red"></b>

Sovet İttifaqının çöküşündən sonra Kubada kommunist rejiminin 30 il hakimiyyətdə qala biləcəyi inandırıcı görünmürdü. Ancaq Fidel və Raul Kastro qardaşları Kubada rejim dəyişikliyinin qarşısını ala bildilər.

Doğrudur, Raul Kastronun hakimiyyəti dövründə müəyyən islahatlar həyata keçirildi. Lakin həmin islahatlar Kubadakı rejimin mahiyyətin dəyişmədi. Kastro qardaşlarından sonra hakimiyyətə gələn Migel Dias-Kanel də radikal islahatlardan çəkindi və Kubadakı kommunist rejimini qoruyub saxlamağa çalışdı. Bütün bunlar isə Kubada sosial-iqtisadi vəziyyətin daha da pisləşməsini qaçılmaz edirdi.

Dünya boyunca iqtisadiyyatın pisləşməsinə səbəb olan koronavirus pandemiyası Kubada da ağır nəticələrə rəvac verib. Bu isə sosial partlayışa səbəb olub. Kubadan xəbər yayan jurnalistlər mağazalarda ərzaq mallarının və tibbi ləvazimatların olmadığını qeyd edirlər. Bu malları ancaq xarici valyuta ilə ticarət aparan mağazalarda tapmaq olur. Xarici valyuta ilə bağlı isə Kuba vətəndaşlarının ciddi problemləri mövcuddur. Vaşinqtonun tətbiq etdiyi sanksiyalar nəticəsində Kubanın xarici ticarət fəaliyyəti ciddi problemlər məngənəsində boğulur.

Digər tərəfdən, ABŞ-ın keçmiş prezidenti Donald Trampın tətbiq etdiyi qadağalar nəticəsində Birləşmiş Ştatlardakı kubalı miqrantlar tərəfindən Kubaya göndərilən pulların miqdarı və qaydası ilə bağlı qadağa çox ciddi təsirlər doğurub. Trampın tətbiq etdiyi qadağadan sonra ABŞ-dan Kubaya göndərilən pulların miqdarı kəskin azalıb. Bu amil Kubada yaranmış sosial-iqtisadi böhranı kəskinləşdirən məqamlardan biridir.

Sosialist təsərrüfat sistemindən imtina edə bilməyən, ABŞ-ın sanksiyaları ilə üzləşmiş Kubada sosial partlayış gözlənilən olduğu kimi, kommunist hakimiyyətinin də bu sosial partlayışa qarşı cəza tədbirləri ilə cavab verəcəyi ehtimal olunurdu. Prezident Migel Dias-Kanel bəyan edib ki, onlar hakimiyyəti qorumaq üçün ən sərt addımları atmaqdan çəkinməyəcəklər. Eyni zamanda, prezident Migel Dias-Kanel Venesuelaya səfər edərək Nikolas Maduro iqtidarından dəstək istəyib. Ancaq Venesuela hökumətinin Kubaya böyük dəstək vermək imkanları yoxdur. Buna görə də, prezident Migel Dias-Kanelin manevr imkanları çox deyil. Əlbəttə, Kuba hakimiyyətinin malik olduğu silahlı güc, hakimiyyəti bir müddətə qorumağa imkan verəcək. Ancaq sosial-iqtisadi böhranın dərinləşməsinin qarşısını almağa prezident Migel Dias-Kanel iqtidarının gücü çatmayacaq. Buna görə də Kubada sosializmin son qalası çökməkdə davam edəcək. Çox böyük ehtimalla, payızda Kubada daha kütləvi etirazların şahidi olacağıq.

 





18.07.2021    çap et  çap et