525.Az

Rusiyaya qarşı Üçlər ittifaqı


 

Rusiyaya qarşı Üçlər ittifaqı<b style="color:red"></b>

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfəri postsovet məkanında yeni siyasi konfiqurasiya yarandığını təsdiqlədi. Batumidə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə bir araya gələn Ukrayna, Gürcüstan və Moldovanın dövlət başçıları Avroatlantik strukturlara inteqrasiya yolunda birlikdə hərəkət edəcəklərini təsdiqlədilər.

Üç ölkənin - Gürcüstan, Ukrayna və Moldovanın prezidentləri Salom Zurabişvili, Vladimir Zelenski və Mayya Sandu Şarl Mişelin müşaiyəti ilə imzaladığı Bəyannamədə "dinc, demokratik və firavan Avropa gələcəyini" təmin etmək üçün birlikdə hərəkət edəcəkləri ilə bağlı öhdəlik götürüblər. Bəyannamədə hər üç dövlətin suverinliyinə və ərazi bütövlüyünə təhlükənin eyni ölkədən - Rusiyadan gəldiyi qeyd olunmaqla bu təhdidə qarşı birgə müqavimətin vacibliyi vurğulanır. Eyni zamanda, prezidentlər təmsil etdikləri ölkələrin keçmişə qayıtmaq istəmədiyini və Avropaya inteqrasiya yolunda mübarizə aparmağa hazır olduqlarını ifadə ediblər.

Bəyannamənin mətni kimi onun imzalandığı məkan da çox diqqətçəkicidir. Bəyannamə Batumi yaxınlığında, Pyotr (Petra) Qalasında imzalanıb. Bu qalanın altıncı əsrdə, Bizans hökmdarı Yustinianın əmri ilə inşa etdilməsi ilə bağlı rəvayətlər var. Bütövlükdə isə bu qala Gürcüstanda müqavimətin simvolu sayılır. Bu qalada Ukrayna, Gürcüstan və Moldova prezidentlərinin imzaladığı bəyannamədəki "Bizi keçmişə qayıtmaq istəməməyimiz birləşdirir" ifadəsinin məhz Rusiyaya ünvanlandığına heç bir şübhə doğura bilməz. Bunanla üç prezident Rusiya ilə eyni ittifaqlarda təmsil olunmayacaqlarını birmənalı şəkildə ifadə ediblər.

Avropa İttifaqının altı postsovet respublikasına - Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukraynaya yönəlik Şərq Tərəfdaşlığı proqramına daxil olan üç ölkənin birlikdə Avroatlantik məkana inteqrasiyada birgə hərəkət edəcəkləri ilə bağlı imzaladıqları bəyannamə postsovet məkanında yeni siyasi konfiqurasiyanın yaranmasından xəbər verməklə yanaşı, həm də fərqli bir prosesin start götürdüyünə işarədir.

Belə qənaət yaranır ki, Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqı ilə yaxınlaşması bu ölkələrin Rusiya ilə münasibətlərinin daha da kəskinləşməsinə səbəb olacaq. Görünür, Qərbdə də bunun fərqindədirlər və müəyyən ehtiyat tədbirləri həyata keçirməyə başlayıblar. Məlumatlara görə, ABŞ ordusuna məxsus qırıcı təyyarələr Qara dəniz üzərində mütəmadi uçuşlar həyata keçirirlər. Bu addımın Rusiyanın bölgədə hansısa təcavüzkar hərəkətlərinin qarşısının alınmasına xidmət edəcəyi gözlənilir. Lakin Rusiyadan yayılan məlumatlar da Moskvanın bu üç respublikanın, xüsusilə də Ukraynanın asanlıqla Avropa İttifaqına və NATO-ya üzv olması ilə barışmaq niyyətində olmadığından xəbər verir. Belə görünür ki, Sovet İttifaqının dağılmasından sonra postsovet məkanında  mahiyyətcə tamamilə yeni proses başlayır və ilk dəfə Rusiyaya qarşı bir ittifaq yaranır.

 





24.07.2021    çap et  çap et