525.Az

"Ən unudulmaz xatirələr ən çətin hallarda yaranır" - Aytac Məmmədova


 

"Ən unudulmaz xatirələr ən çətin hallarda yaranır" - <b style="color:red">Aytac Məmmədova </b>

Son illərdə həyata keçirilən bir sıra layihələr gənclərin öz potensialını üzə çıxarmalarına, cəmiyyətdə özlərini təsdiq etmələrinə şərait yaradır.

İctimai sektorda önə çıxan gənclərdən biri də Aytac Məmmədovadır. O, 1998-ci il, oktyabrın 12-də Bakıda anadan olub. 2016-2020-ci illərdə Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. Aytac Məmmədova "İrəli" İctimai Birliyinin püxtələşdirdiyi siamlardandır. 

***

- Aytac xanım, "İrəli" ilə tanışlığınız necə və nə zaman başladı?

- "İrəli"yə 2017-ci ilin aprel ayında 3 aylıq təcrübə proqramı ilə qoşulmuşam. Dövlət İdarəçilik Akademiyasında təhsil almışam və bizim Akademiyanın tələbələri sosial fəaliyyət cəhətdən çox aktiv idilər və bir çox təşkilatlarda təmsil olunan gənclər var idi. Həmin dövrdə layihələri, xüsusilə, düşərgələri ilə daha çox diqqətimi cəlb etdiyindən "İrəli"ni seçdim. Daha sonra digər təşkilatların müxtəlif layihələrində iştirak etməyimə baxmayaraq, tələbəliyimin əsas hissəsi "İrəli" İctimai Birliyində keçib və mənə həm iştirakçı, həm təşkilatçı olaraq, yerli və beynəlxalq layihələrdə iştirak imkanı verib. 3 aylıq təcrübə proqramı bitdikdən sonra "SAY: Solidarity" layihəsində iştirak etdim və  "İrəli"yə qarşı marağım daha da artdı. Qərar verdim ki, mən bu təşkilatda daha aktiv olub, daha çox imkanlardan yararlanım.

- Yalnız "İrəli"nin layihələri sizin böyük marağınıza səbəb oldu, yoxsa başqa amillər də var idi?

- Layihələri ilə yanaşı, "İrəli"nin kollektivi də insanı təşkilata cəlb edirdi. Mehriban və tam gənc ruhlu bir atmosfer mövcud idi. Təşkilata qarşı həvəsimin artmasında hazırda "İrəli" İctimai Birliyinin sədri olan Şahin Rəhmanlının xüsusi rolu olub. Şahin müəllim o zamanlar təşkilatın baş katibi idi və biz ofisə gələrkən heç vaxt boş buraxmazdı. Daim ideyaları, məsləhətləri və verdiyi tapşırıqlarla bizim inkişafımıza çalışardı. Əminliklə deyə bilərəm ki, Şahin Rəhmanlı sayəsində mənim "İrəli"dəki fəaliyyətim əyləncəli olmaqla yanaşı, həm də məhsuldar keçib.

- Vaxtilə "İrəli" İctimai Birliyində insan resursları üzrə katib vəzifəsini icra edirdiniz. Həmin fəaliyyətiniz barədə danışaq...

- "İrəli"nin əsas insan resursu təşkilatın üzvləridir və mənim insan resursları üzrə katib vəzifəsini icra edərkən birbaşa işim üzvlərlə idi. Üzvlərlə görüşlərin keçirilməsi, onlara təşkilat haqqında məlumatların çatdırılması, həftə sonu fəaliyyətlərin təşkili, üzvlərin təşkilata qarşı motivasiyasının qorunması, layihələrə iştirakçı seçimi zamanı üzvlərin qiymətləndirilməsi kimi öhdəliklər birbaşa məndə idi. Həmin vəzifəni icra etdiyim müddətdə təşkilatın bir çox gənci ilə fərdi ünsiyyətlərim baş tuturdu, onların təşkilata qoşulmaqda məqsədləri, həyat planları ilə bağlı məlumatlı olurdum və bu mənə onu öyrədirdi ki, hər gəncə individual yanaşmalıyıq və təşkilat olaraq qiymətləndirmələr apararkən daha diqqətli olmalıyıq. Üzvləri yaxından tanımağım yerli və beynəlxalq layihələrə gənclərin cəlb edilməsi zamanı mənə çox yardımçı olurdu. Çünki bunun üçün doğru qiymətləndirmə aparmaq çox önəmli idi.

- Gənclər özlərini nə zaman təşkilatın doğma üzvü kimi hiss edirlər? Bunun üçün nələrə fikir vermək zəruridir?

- Təşkilatın üzvləri olan gənclər özlərinə qarşı xırda da olsa, bir diqqət və dəyər görmək istəyirlər ki, təşkilatın bir parçası olduqlarını hiss etsinlər. Fərdi şəkildə göndərdiyimiz doğum günü və bayram təbriklərinə edilən geridönüşlərdən belə bunu anlamaq mümkün idi. Onlar bu diqqət və dəyəri hiss edəndə, biz komanda olaraq hamımız ən azı həmin gənclər qədər sevinirdik.

- Hazırda Gənclərin İnkişaf və Karyera Mərkəzində fəaliyyət göstərirsiniz. İşiniz əsasən nədən ibarətdir?

- Gənclərin İnkişaf və Karyera Mərkəzi fokus qrupu gənclər, daha dəqiq desək, region gəncləri olan bir qurumdur. Hal-hazırda Azərbaycanın 41 rayon və şəhərində bizim nümayəndəliklərimiz mövcuddur və region gənclərinin şəxsi və karyera inkişafı yönündə müxtəlif addımlar atırıq. Mən də GİKM-in Regional İnkişaf Departamentinin koordinatoruyam. Qeyd etdiyim 41 nümayəndəliyin 6-nın koordinasiyası ilə birbaşa mən məşğul oluram. 2 aydır ki, fəaliyyət göstərməyimə baxmayaraq, bu müddətdə özümü eyni anda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Sumqayıtdan hiss etməyim üçün kifayət edib, bu arada, özüm də əslən Gədəbəydənəm. Gənclərin İnkişaf və Karyera Mərkəzi mənim üçün gənclərlə iş, layihə koordinatorluğu, menecerlik üzrə qazandığım təcrübələrimi digər gənclərə ötürməyim və bu sahədə yeni təcrübələr qazanmağım üçün çox gözəl imkanlar yaradır. Eyni zamanda, mənim işim çox məsuliyyətli işdir. Təsəvvür edin, 6 nümayəndəliyin bütün fəaliyyəti, məsuliyyəti və inkişafı üzrə məsul şəxs sənsən və əlində çox gözəl imkan var ki, region gəncləri üçün faydalı işlər görə biləsən. Düşünürəm ki, gənclərlə işləməyə həvəsli olan bir insan üçün Gənclərin İnkişaf və Karyera Mərkəzi ideal bir qurumdur.

- "İrəli"nin qazandırdığı təcrübəni hansı məqamlarda xüsusi hiss edirsiniz?

- Sosial fəaliyyətə ilk addımlarımı "İrəli" ilə atdığımından gənclərlə iş, layihə menecerliyi, beynəlxalq layihələrdə iştirak kimi sahələrdə təşkilatın mənə öyrətdiyi çox məqamlar var. İndiki dövr üçün müsbət təsirini hiss etdiyim sahə gənclərlə işdir. "İrəli" sayəsində gündəlik, aylıq, illik bir çox gənclərlə əlaqədə olur və müxtəlif keyslərlə rastlaşırdım. "Həmyaşıdlarımla işgüzar ünsiyyət zamanı nələrə diqqət etməliyəm?", "Onların motivasiyasını, işə olan maraqlarını necə təmin edə bilərəm?", "Mübahisəli vəziyyətlərdə necə həllə fokuslanmalıyam?" kimi sualların cavabını axtararkən "İrəli"dəki gənclərlə iş təcrübəmdən yararlanıram. "İrəli" İctimai Birliyində bir sıra layihələrin təşkilatçılığında yer almışam və hər bir layihənin idarə olunması mənim üçün praktiki təcrübə olub.

- "İrəli"dəki hansı hadisə unudulmaz xatirəyə çevrilib?

- Düşünürəm ki, ən unudulmaz xatirələr ən çətin hallarda yaranır. 2019-cu ilin yayında "İrəli"nin Qubada "SAY: Unity" adlı çadır şəraitində düşərgəsi oldu. Düşərgənin son gecəsi güclü yağış başladı və sabah oyandığımızda bir anlıq dünyanın sonunun gəldiyini düşündüm: çadırın qapısına qədər su qalxmışdı, ayaqqabılarımız suda üzürdü, əşyalarımız da nəm idi. Anlıq şok keçirdikdən sonra başladıq üşüyə-üşüyə əşyalarımızı, çadırlarımızı yığmağa. Corablarla, gödəkçələrlə bir-birimizə dəstək olurduq, yaranan gölməçələrdən bir-birimizi keçirdirdik, isinmək üçün oyunlar təşkil edirdik, pozitiv qala bilməyimiz üçün mahnılar oxuyurduq və daha nələr... Onu deyim ki, layihənin adına uyğun tam bir birlik (unity) mövcud idi. Öncədən belə bir halın yaşanacağını bilsəydik, bəlkə də, qoşulmazdıq, amma şərait və məcburiyyət bizim üçün unudulmaz xatirələr yaratmış oldu və hesab edirəm ki, çətin şəraitlər insanları tanımaq üçün çox uyğun bir vaxtdır. Ümumən isə, "İrəli"də unudulmaz xatirələrim çoxdur. Hər layihədən sonra mütləq ki, ən azı, bir il deyib-gülərək xatırlayacağımız xatirələrimiz yaranırdı.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Açığını desəm, pandemiya düşdükdən sonra gələcəklə bağlı planlar qurmağı, demək olar ki, dayandırmışam. Mən o "məşhur" 2020-ci ildə məzun olmuşam və sərt karantin şəraitindən, sərhədlərin bağlanmasından və müxtəlif şəxsi səbəblərdən dolayı tələbəlik dövründə qurduğum planları reallaşdırmağım alınmadı. Düşünürəm ki, planlar quraraq görəcəyimiz işləri və əldə edəcəyimiz bilikləri hər hansı bir çərçivəyə salmağa ehtiyac yoxdur. Önəmli olan odur ki, gördüyümüz işi maksimum keyfiyyətli həyata keçirməyə çalışaq və gündəlik vərdişlərimizlə özümüzü hər gün inkişaf etdirək. Təbii ki, bu mənim şəxsi fikrimdir və plan qurmağın da müsbət tərəfləri olduğuna əminəm. İndiki vəziyyətdə isə günümü maksimum dəyərləndirməyə çalışmaq və gələcəklə bağlı konkret hədəflər bəlirləməmək mənə daha çox kömək edir, daha yaxşı hiss etdirir. Amma plan deyil, istəyimi soruşsaz, deyə bilərəm ki, lap 40 yaşımda da olsam, gənclərlə iş və idarəçilik sahələrində çalışmaq istəyərəm. Çünki gənclərlə iş monoton deyil və daim yeni insanlarla, yeni hallarla üzləşə bilirsən.

Nadir YALÇIN

 





24.07.2021    çap et  çap et