525.Az

Bölgələrdə rəqəmsal savadlılığın artırılmasının həlli yolları


 

Bölgələrdə rəqəmsal savadlılığın artırılmasının həlli yolları<b style="color:red"></b>

Müasir dövrümüzdə rəqəmsallaşma ən aktual məsələlərdən biridir. Dünyanın inkişaf etmiş ölkələri, eləcə də inkişafda olan ölkələr rəqəmsallaşmanı prioritet istiqamət kimi öz təcrübələrində əsas götürərək bu yolla bir çox istiqamətlərdə – iqtisadiyyat, bank sektoru və.s sahələrdə rahat və şaffaf bir inkişafa nail ola biliblər.
 
Əvvəlcə gəlin görək rəqəmsallaşma nədir və nələri özündə ehtiva edir. Rəqəmsallaşma dedikdə hər bir şeyin elektronlaşdırılması nəzərdə tutulur. Daha doğrusu rəqəmsallaşma bir növ kağız daşıyıcılarındakı məlumatların minimallaşdırılması və onların elektronlaşdırılmasıdır. Həmçinin bu ifadə daha geniş məfhumdur və nağdsız ödənişləri də özündə ehtiva edir. Yəni rəqəmsallaşdırma bütün sahələrdə tətbiq olunur və maliyyə, kənd təsərrüfatı, iqtisadiyyatın digər sahələri üzrə onun tətbiqi daha da genişlənəcək.
 
Bəs gəlin görək, Azərbaycanda rəqəmsallaşma nə yerdədir və bu istiqamətdə hansı işlər görülür. Son illərdə ölkəmizdə də bu istiqamətdə inkişaf göz önündədir. Bu sahədə “ASAN” xidmət mərkəzlərində, bir sıra banklarda aparılan işlər və inkişaf, sözsüz ki, danılmaz faktlardandır. Üzücü bir məqam isə bundan ibarətdir ki, rəqəmsallaşma üzrə bu inkişaf hələlik demək olar ki, ancaq Bakı şəhərini əhatə edir. Bölgələrdə isə bu problem hələlik “keçilməz səddə” çevrilib. Sözsüz ki, hər bir problemin həlli yolu mümkündür. Bölgələrdə rəqəmsallaşma üzrə inkişaf istiqamətləri və rəqəmsal savadlılığın həlli yollarına keçməzdən əvvəl bu təcrübənin paytaxt Bakıda necə olduğuna qısaca nəzər salaq.
 
Qeyd edək ki, “ASAN” Xidmət mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi rəqəmsallaşmaya ən bariz misallardan biridir. Bu üsulla vətəndaşlarımızın rahatlığı peşəkar bir səviyyədə tam təmin olunub. Əvvəlki illərə nəzər saldıqda aydın görə bilərik ki, insanlar şəxsiyyət vəsiqələrinin almasında çox çətinliklərlə üzləşirdilər: Əlavə arayışlar, fotoşəkil və.s buna bənzər tələblər bu çətinliyin əsas hissələri sayıla bilər. Rayon qeydiyyatlı insanlar şəxsiyyət vəsiqələrinə görə, bir neçə yüz kilometr yol qət edib qeydiyyatda olduqları ünvana getməli olurdular. Bu da əlavə əziyyət və pul itkisi deməkdir. İndi isə insanlar harda qeydiyyatda olmalarına baxmayaraq, 108 çağrı mərkəzinə zəng vurmaqla öz növbələrini götürə və bu prosesdə rahat iştirak edə bilirlər. Prosedur isə çox qısa zaman kəsiyində aparılır. Vətəndaşın məlumatları, imzası, fotoşəkli yeni texnologiya sayəsində yerinə yetirilir. Ən vacibi isə bundan ibarətdir ki, bütün iş prosesi vətəndaşın oturduğu bir masada yerinə yetirilir ki, bu həm də şəffaflığın əsas göstəricisi sayıla bilər.
 
Eyni zamanda, son zamanlar banklarda kredit sərmiləşdirilməsinin “onlayn” qaydada aparılması da ölkəmizdə rəqəmsallaşmanın genişlənməsinin göstəricisidir. Əvvəlki ənənəvi qaydalar isə artıq tarixə qovuşur. Belə ki, bir sıra banklar artıq “onlayn” kredit təkliflərində videogörüntü sistemini hazırlayaraq insanların rahatlığını təmin edə biliblər. Köhnə sistem zamanı təbii ki, vətəndaşların kredit rəsmiləşdirilməsində çəkdiyi əziyyətlər bir çoxlarına bəllidir. Vətəndaş kredit əldə etmək üçün bir sıra ağır prosedur qaydalarını keçməli idi. Bank növbəsində saatlarca gözləməkdən tutmuş, kredit mütəxəssisi ilə imzaladığı çoxsəhifəli müqavilələrə qədər keçən proses bu işin ən ağır və dözülməz tərəfləri idi. Yeni istifadəyə verilən “videogörüntü” sistemi isə yuxarıda qeyd edilən çətinliklərin hər birini aradan qaldırmağa müvəffəq ola bilib. Artıq vətəndaş olduğu yeri tərk etmədən, əlavə çoxsaylı müqavilələr imzalamadan, hər hansı bir arayış və ya sənədin nüsxəsini banka təqdim etmədən elektron qaydada tələb olunan prosesi yerinə yetirdikdən sonra yekunda bankın mütəxəssisinin videogörünütlü zənginə cavab verərək prosesi yekunlaşdırır.
 
Dünyada baş verən koronavirus pandemiyasını nəzərə alsaq rəqəmsallaşmanın hətta virusun yoluxma dərəcəsinin azalmasına təsirlərinin olduğunu da demək olar. Belə ki, yuxarıda qeyd etdiyim proses, yəni kreditin videogörüntü vasitəsilə rəsmiləşdirilməsi banklarda insanların sıxlığının qarşısını alır ki, bu da yoluxmanın azalmasına mütləq təsir edən amillərdən biri sayıla bilər.
 
Rəqəmsallaşma insanların, idarələrin, bankaların işini nə qədər asanlaşdırsa da burada təhlükəli hallar mövcuddur ki, bunlardan biri də kibertəhlükəsizlikdir. Doğrudur, rəqəmsal etimad xidmətləri və rəqəmsal identifikasiya xidmətləri, müasir cəmiyyətlər və müəssisələrə cəmiyyət ilə biznes arasında qarşılıqlı əlaqələrin sürətləndirilməsinə, fərqli coğrafi bölgələrdə etimadın gücləndirilməsinə, fərdi şəxslərə və şirkətlərə daha az əməliyyat xərcləri ilə dəyər yaratmağa və həqiqətən rəqəmsal olmağa kömək edir, lakin bu anlayış rəqəmsal dünyaya ötürülə və bir-birimizə kor-koranə etibar etməyimizə kömək edə bilər. Bu baxımdan, kibertəhlükəsizlik çox vacib əhəmiyyətə malikdir, ancaq bu etimadı yaratmağımıza imkan verən vasitələr və texnologiyaların olması, bu vasitələrdən etibarlı şəkildə istifadə edə bilmək qədər vacibdir. Bunu üçün də son zamanlar dünyda bu cür halların baş verməməsi yeni-yeni uğurlu layihələr təqdim edilməkdədir.
 
Ölkəmizdə rəqəmsal savadlılığın artırılması ən vacib və ən problemli məsələlərdən biridir. Nəzərə alsaq ki, bölgələrdə bu vəziyyət daha ciddidir o zaman həmin yerlərdəki insanların rəqəmsal savadlılığının artırılmasına ehtiyacın olduğu qaçılmazdır. Bölgələrdə rəqəmsal savadlılığın artırılması, düşünürəm ki, öncə ailə daxilində gedən prosesdən başlamalıdır. Əgər ailələrdə rəqəmsal savadlılıq dərəcəsi aşağıdırsa o zaman məsələyə daha ciddi yanaşma tələb olunmalıdır. Təəssüflər olsun ki, bölgələrdə bu problemin ən böyüyü məhz bundan başlayır. Bəs bunun üçün nə etmək lazımdır. Düşünürəm ki, hər bir problemin həlli yolları olduğu kimi, bu məsələnin  də hər hansı bir yolu mövcuddur. Rəqəmsal savadlılığın artırılması üçün ən əsası kadr hazırlığı mövcud olmalıdır. Kadr hazırlığının mövcud olması üçün isə məktəblərdən başlayan proses universitetlərdə keyfiyyətli şəkildə davam etdirilməlidir. Bu işin ən ağır yükü isə təbii ki, universitetlərin öhdəsinə düşür. Universitetlərdə bu sahədə kadr hazırlığı işi elə qurulmalıdır ki, növbəti mərhələlərdə tələblərə tam cavab verilə bilsin. Eyni zamanda orta məktəblərdə də bu sahənin genişləndirilməsi, öyrədilməsi düşünürəm ki, prosesi daha da sürətləndirə bilər.
İnsanlar arasında rəqəmsal maarifləndirmə də qeyd edilən sahənin genişlənməsinə kömək edə bilər. Tutaq ki, hər hansı bir ucqar rayonda kommunal və yaxund hər hansı digər  ödəniş edən sakin bunun üçün poçta və ya banka yaxınlaşmalı olur. Bu da həmin şəxsin əlavə vaxt itkisi və ya yol məsrəfləri deməkdir. Belə bir zamanda bu şəxsə özünə hər hansı bank kartı açdırıb və bu kartda lazımı məbləğ saxlamaqla bütün ödənişləri edə bilmək imkanını başa salarıqsa düşünürəm ki, rəqəmsal maariflənməyə az da olsa töhfə ola bilər. Və bu proses geniş şəkildə aparılarsa artıq çox sayda insanın əziyyətlərinin qarşısı alınar, eyni zamanda maariflənmiş olarlar.
 
Təhsil sahəsində də rəqəmsallaşma ən vacib məsələrdən biridir. Əslində, inkişaf etmiş dünyada təhsilin rəqəmsallaşdırılması, onlayn təhsil ilk görüntülü danışıq icad olunandan tətbiq olunmağa başladı, təəssüf, Azərbaycan çox gecikmiş durumdadı. Pandemiya dövründə bütün dünyada bu proses sürətləndi. Əsasən də, onlayn təhsil məsələsi. Virusun tüğyan etdiyi bir zamanda bütün dünyada məktəblər, təhsil ocaqları məcburiyyətdən qapadıldı. Çıxış yolu isə təhsildə onlayn sistemə keçilməsi oldu. Təbii ki, dünyada bu təcrübə özünü çox uğurla doğrultsa da Azərbaycan, xüsusən bölgələrdə bu proses çox ləng getdi. Hətta rayon kəndlərində demək olar onlayn təhsil yox səviyyəsinə qədər gəlib çatmışdı. Təhsilin belə bir vəziyyətdə gəlməsi isə nəinki rəqəmsal maariflənməyə, hətta ümumilikdə insanların savad və biliklərinin hədsiz dərəcədə azalmasına təsirsiz ötüşə bilməzdi. Sonradan isə Təhsil Nazirliyi qeyd edilən probelmlərin hamısını da olmasa bir çoxunu aradan qaldırmağa müvəffəq oldu.
 
Rəqəmsal savadlılığın artırılması üçün valideynlər də bu prosesdə aktiv iştirak etməlidirlər. Uşaqlara internetin üstünlükləri, həmçinin mobil  oyunların öyrədilməsi, telefon, kompyuterdən istifadə etmək imkanın yaradılması sözsüz ki, bu cür uşaqların digər həmyaşıdlarına nisbətdə daha savadlı və məlumatlı böyümələrinə şərait yaradır.
 
Bir daha qeyd edək ki, qloballaşan dünyada rəqəmsal texnologiyaların inkişaf etdirilməsi ölkəmizin dünya ölkələri arasında daha çox uğur qazanması üçün vacib amillərdən biridir. Bu sahənin inkişaf etdirilməsi gələcəkdə bütün sahələrin inkişafına mühüm töhfə ola bilər. Bunun üçün də, yuxarıda qeyd etdiyimiz kimi orta məktəblərdən tutmuş universitetlərə kimi bu mövzunun ən aktual mövzu kimi gündəmdə saxlanılması, tədris prosesində istifadə olunması vacib məsələlərdən biridir. Çünki rəqəmsallaşma dövlət strukturlarının işini də olduqda asanlaşdırır, bundan əlavə yerlərdə rüsvətxorluğun qarşısının alınmasına gətirib çıxara bilər. Həmçinin proseslərin yerinə yetirilməsində şəffaflığın təmin olunmasına şərait yarada bilər. Bütün bunları nəzərə alaraq bildirirəm ki, bu sahənin inkişafı qaçılmazdır, mütləqdir, ən prioritet məsələdir.
 
Nurlan Cəfəri
 
Qeyd: Bu məqalə 3-cü "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb.

 





24.07.2021    çap et  çap et