525.Az

"Elektron hökumət" varsa, niyə "Rəqəmsal icra hakimiyyəti" olmasın?


 

"Elektron hökumət" varsa, niyə "Rəqəmsal icra hakimiyyəti" olmasın?<b style="color:red"></b>

Rəqəmsal texnologiyaların sürətlə inkişafı bəşəriyyət qarşısında yüksək tərəqqi üçün yeni yollar açır. İndi dünya “Dördüncü Sənaye İnqilabı”na qədəm qoyur. Bu isə öz növbəsində istehsalatda və emal prosesində müasir texnologiyalar olan süni intellekt, avtomatlaşma və digər sahələrin inkişafını zəruri edir. Müasir dövrümüzdə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin icrası da məhz bu çağırışa cavab verən amillər sırasındadır. Elmin, texnologiyanın yüksək səviyyədə inkişaf etdiyi bir mühitdə insanların gündəlik həyat tərzinin rəqəmsallaşma istiqamətində formalaşması (rəqəmsallaşması) qarşıya qoyulmuş ən böyük məqsədlərdən biridir. 

Elektron hökumət (e-Government) sisteminin yaradılmasının əsas məqsədi də idarəetmədə rəqəmsallaşmanın tətbiqi, xidmətlərin elektronlaşdırılması, şəffaflığın və interaktivliyin artırılması, bir sözlə, əhalinin həyat keyfiyyətinin artırılmasıdır.

 Elektron hökumət sisteminin bir çox üstünlükləri var. Belə ki:

-    İdarəetmə ilə bağlı qərarlar şəhər və rayonların göstəricilərinə uyğun olaraq verilir;

-    Xidmətlərin elektronlaşdırılması bu işə sərf olunan vaxtı minimuma endirir;

-    Əldə olunan sənədlər və aidiyyəti qurumlar rəqəmsal platforma ətrafında cəmləşir;

-    Müraciət edən şəxs yerləşdiyi coğrafi məkandan asılı olmayaraq bütün ölkə ərazisində təqdim olunan elektron xidmətlərdən istifadə edə bilir;

-    Dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliliyinin artırılması və elektron xidmətlərin keyfiyyətinin artırılması təmin olunur;

 “Elektron hökumət” konsepsiyasının yaradılması müasir dünyada qloballaşma və “Dördüncü Sənaye İnqilabı”nın səbəb olduğu bir çox problemləri aradan qaldıra bilər. O, həmçinin, şəhər və bölgələrdə daha əlçatan xidmətlərin göstərilməsini təmin edə bilər ki, bu da icmaların davamlı inkişafı sahəsində BMT-nin əsas məqsədlərindən biridir.

2003-cü ildə BMT Baş Assambleyası A/RES/57/277 saylı qətnaməsində 23 iyun tarixini BMT-nin Dövlət Xidmətləri Günü elan etmiş və bununla da, cəmiyyətə dövlət xidmətlərinin əhəmiyyətini çatdırmışdır. Bu da ölkələr arasında dövlət xidmətlərinin ildən ilə daha da artırılmasına böyük təkan vermişdir. 

Qətnamə qüvvəyə mindiyi müddətdən etibarən dünya ölkələri arasında müxtəlif meyarlar əsasında Elektron Hökumətin İnkişafı İndeksi tətbiq olunmağa başladı (Elektron Hökumətin İnkişafı İndeksi BMT-yə üzv dövlətlərin elektron hökumət inkişafının vəziyyətini ifadə edir. Bu indeks elektron hökumətin üç vacib ölçüsünün – onlayn xidmətlərin göstərilməsi, telekommunikasiya bağlantıları və insan potensialının cəmidir). Həmçinin, həmin gündə BMT-nin Dövlət Xidmətləri Mükafatları təsis edildi və hər il dövlət xidmətinin rolunun, nüfuzunun artırılması işinə töhfə verən ölkələr bu mükafatla təltif edilirlər.

BMT-nin Dövlət Xidməti Mükafatı 4 əsas kriteriya (meyar) əsasında verilir:

- Rəqəmsal transformasiya daxil olmaqla hamı üçün əhatəli və bərabər xidmətlər təqdim etmək üçün yeniliyi təşviq etmək;

- Dövlət qurumlarının Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün effektivliyini artırmaq;

- DİM-lərə nail olmaq üçün genderə həssas dövlət xidmətlərinin təşviqi;

- Böhran dövründə institusional hazırlıq və cavab;

Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 2019-cu ildə BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi etmişdir. Forumun Azərbaycan Respublikasında təşkil olunmasına töhfə verən ən üç əsas amil ölkənin dövlət xidmətləri sahəsində əldə etdiyi uğurlar, “ASAN xidmət” in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidməti Mükafatı ilə təltif olunmasıdır. Bu, heç şübhəsiz, ölkəmizin dövlət xidmətləri sahəsində gördüyü işlərin bariz nümunəsidir. 

“ASAN xidmət” barədə onu qeyd etmək lazımdır ki, bu qurum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. “ASAN xidmət”i uğurlu edən parametrlərdən biri də operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulmasıdır.

Hazırda bir çox dünya ölkələri “ASAN” modelini öyrənir və tətbiq edir. “ASAN xidmət” tam brend kimi hazırda Əfqanıstanda tətbiq olunur. “ASAN xidmət”dən adını götürən “ASAN khedmat” hazırda bu ölkənin ən aparıcı rəqəmsal platforması kimi 8 xidmət üzrə fəaliyyət göstərir. 4 mərhələdə fəaliyyətini genişləndirən “ASAN khedmat”in tezliklə bütün ölkə ərazisində tətbiqi nəzərdə tutulur. 

Qeyd olunduğu kimi, Elektron Hökumətin İnkişafı İndeksinə təsir edən əsas faktorlardan biri də rəqəmsal savadlılıqdır. İnsanların çox böyük hissəsinin şəhərlərdə cəmləşməsi xidmətlərin rəqəmsallaşmasında öz təsirini göstərməkdədir. Belə ki, əhalinin sıx olduğu böyük şəhər və meqapolislərdə vətəndaşların rəqəmsal savadlılığı olduqca yüksək olur, beləliklə, xidmətlər daha da optimallaşaraq əlçatan və inklüziv hala gəlir. Lakin regionlarda əhalinin daha az məskunlaşdığı ərazilərdə maarifləndirmə tədbirlərinin geniş aparılmaması və dövlət xidmətlərinin regionlarda daha az rəqəmsallaşması ölkə üzrə elektron iştirakçılıq indeksini (e-Participation Index) aşağı salan amillər sırasındadır.

Bu göstəricini yüksəltməyin tək yolu yerli idarəetmə və özünüidarəetmə orqanları üzrə xidmətlərin rəqəmsallaşması və vahid platforma ətrafında cəmləşməsidir. Bu barədə bizə qardaş Türkiyədə ötən il tətbiqinə start verilən “e-Bələdiyyə” məlumat sistemi yardımçı olacaq. “e-Bələdiyyə” mahiyyət etibarilə “ASAN Xidmət” modelinə bənzəsə də, bu xidmətlər sistemi məhz yerli idarəetmə və özünüidarəetmə orqanlarını vahid pəncərə ətrafında birləşdirir. 

Ümumilikdə 63 xidməti özündə birləşdirən sistem bələdiyyələrə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi və Ətraf Mühit və Şəhər Nazirliyi tərəfindən təklif olunan xidmətləri vətəndaşlara çatdırmaq imkanı yaradır və bununla da, vətəndaş rahat şəkildə bu xidmətlərdən istifadə edə bilir. “ASAN Xidmət” kimi milli brendin yaradıcısı, həmçinin, qısa bir müddət ərzində ölkəmizdə “myGov – Elektron Hökumət Portalı”, “ASAN Login – vahid giriş sistemi”, “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza” və digər bu kimi sistemlərin tətbiq olunduğunu nəzərə alaraq, Azərbaycanda rəqəmsal savadlılığın həlli yolu kimi, “Rəqəmsal İcra Hakimiyyəti” (Digital Executive Power) portalının yaradılması zəruridir.

Türkiyədə Bələdiyyələrin statusunun yerli icra hakimiyyəti orqanlarından yüksək olduğunu nəzərə alaraq, bu xidmətlərin Azərbaycanda yerli icra hakimiyyətləri tərəfindən göstəriləcəyinə tam əmin ola bilərik. Bu sistemin qurulması Rayon və Şəhər İcra Hakimiyyətlərində 20-dən çox xidmətin elektron qaydada göstərilməsinə imkan verəcək. Həmçinin, bu sistem vətəndaşlara aşağıdakı üstünlükləri qazandıracaq:

-    Vaxta qənaət

-    Bürokratiyanın aradan qaldırılması

-    “Bir pəncərə” sistemi

-    Şəffaf və mədəni xidmət

Müxtəlif Yerli İcra Hakimiyyəti Orqanlarını birləşdirəcək bu sistem tezliklə Qarabağda, gələcəkdə isə ölkəmizin hər bir regionunda tətbiq olunacaq “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin perspektivləri üçün yeni imkanlar açacaq. Bildiyimiz kimi, BMT-nin 2030-cu il gündəliyinə daxil edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədindən biri də “Dayanıqlı Şəhər və İcmalar”dır ki, bu layihənin tətbiqi sayəsində Azərbaycan BMT-nin Dayanıqlı inkişaf hesabatında dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə daha yüksək pillələrə qalxacaq. Qeyd edək ki, hazırda Azərbaycan bu siyahıda mümkün 100 baldan 72,41 bal toplayaraq 55-cü pillədə qərarlaşıb. 

Bu üsul vətəndaşlar arasında rəqəmsal savadlılığın artırılmasına öz təsirini göstərəcək, regionları rəqəmsal sistemlərlə idarə etməyə şərait yaradacaq. Digər tərəfdən məsələyə yanaşsaq, görərik ki, rəqəmsallıq gələcəyin ən zəruri ehtiyacıdır. Bu gün “Dördüncü Sənayə İnqilabı” dünyaya fərqli bacarıq, qabiliyyətlər tələb edir. Əgər birinci sənaye inqilabında buxarla işləyən maşınlardan istifadə etməyi bacaran işçi qüvvəsi tələb olunurdusa, artıq süni intellekt, texnologiyalarla ayaqlaşmağı bacaran, psixoloji və mənəvi bütövlüyə sahib, prosesləri idarə edə bilən, yumşaq bacarıqları olan insan kapitalına tələbat artacaq.

Arif Rəhimli 
Qeyd: Bu məqalə 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramının müsabiqə mərhələsi üçün yazılıb.
 

 





24.07.2021    çap et  çap et