525.Az

Ənənədən tərəqqiyə doğru - İnkişafda "rəqəmsal nəslin" rolu


 

Ənənədən tərəqqiyə doğru - <b style="color:red"> İnkişafda "rəqəmsal nəslin" rolu  </b>

Artıq hər birimiz sürətlə inkişaf edən və inkişafdan doğan dəyişikliklərlə zəngin dünyanın fərqindəyik. Hətta bu inkişafın gətirdiyi yeniliklərlə ayaqlaşmalı da oluruq. Son onilliyə nəzər salsaq görərik ki, bəşəriyyət daha qlobal və köklü dəyişikliklər yolundadır. Nəticədə postindustrial dövr öz yerini rəqəmsallaşmaya verir. Əslində, rəqəmsallaşma prosesi ötən əsrin 90-cı illərində start götürüb. Lakin sonrakı dövrdə internetin istifadə arealının böyüməsi, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişafı texnologiya sahəsində sıçrayışa səbəb oldu. Rəqəmsal texnologiyaların sürətlə inkişafı cəmiyyətin yüksək tərəqqisi üçün yeni yollar açdı. 

Bəs rəqəmsallaşma nədir?

Əvvəla onu qeyd edək ki, rəqəmsallaşma artıq gələcək deyil, bu gündür.  Rəqəmsallaşma daha geniş məfhumdur və kağız daşıyıcılarındakı məlumatların elektronlaşdırılması, internet resursuna çevrilməsidir. Necə ki, texnoloji tərəqqinin inkişaf səviyyəsi müxtəlif ölkələrdə fərqlidir, rəqəmsallaşma üzrə də vəziyyət eynidir. Lakin dünya ölkələri artıq "Dördüncü Sənaye İnqilabı" prosesində lider olmaq üçün elektronlaşmanın bütün imkanlarından maksimum yararlanmaq istəyirlər. Təbii ki, ölkəmizdə də rəqəmsal texnologiyaların üstünlüyü nəzərə alınır və  bu istiqamətdə önəmli addımlar atılır. Bir çox enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, eləcə də enerji və nəqliyyat mərkəzi kimi tanınan  Azərbaycan da bütün sahələrdə rəqəmsallaşmaya keçid edir. Xüsusilə rəqəmsal iqtisadiyyatın qurulması, innovasiyaların tətbiqi prioritetlər sırasındadır. Eyni zamanda, rəqəmsal hökumətin yaradılması yönündə böyük addımlar atılıb və uğurlu nəticələr əldə edilib. Hökumətin rəqəmsallaşdırılması və yaradılan sistemlər haqqında yazmamışdan öncə, bir qədər süni intellekt və onun imkanları haqqında haşiyəyə çıxaq.

Rəqəmsallaşmanın süni intellekt səviyyəsi

Sadə dildə desək, süni intellekt insan zəkası, məntiqinin maşınlara tətbiqi məqsədi daşıyan riyazi elmdir. Süni intellekt sayəsində insan intellekti riyazi dəqiqliklə maşınlar tərəfindən simulyasiya edilir. Bu gün rəqəmsallaşmada süni intellekt həlləri texnoloji buma gətirib çıxarıb. Tətbiq edildiyi zamandan etibarən onun haqda fikirlər nə qədər təzadlı olsa da, texnoloji sıçrayış həyatımızın asanlaşmasında mühüm yer tutur. Hazırda süni intellektdən - iqtisadiyyat, istehsalın avtomatlaşdırılması, vergi, bank, məhkəmə, təhsil və s. kimi müxtəlif sahələrdə uğurla istifadə edilir. Bu sahələrin hər birinin rəqəmsallaşması üçün fərdi xüsusiyyətləri olsa da, onlar elektron hökumət xidmətləri adı altında ümumiləşdirilir. Yəni demək olar ki, bütün dünyada tətbiq edilən elektron hökumət proqramları vətəndaşlara bütün xidmətlərin vahid formasını və əlçatanlığını təşkil edir. E-hökumət layihələri xüsusilə inkişaf etmiş ölkələrdə həyatın bütün sahələrinə əvəzedilməz rola malikdir. Sevindirici haldır ki, Azərbaycanda da “Elektron Hökumət” konsepsiyası hazırlanıb və e-gov.az portalı istifadəyə verilib. Beynəlxalq təcrübəyə əsaslanan sistemin hüquqi bazası da yaradılıb. 

Belə ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı və digər normativ sənədlər bu hüquqi normanı formalaşdırır. 

Elektron hökumət portalı bir növ vahid mərkəzdən xidmət anlayışıdır. Yəni portal dövlət qurumları arasında məlumat və sənəd mübadiləsinin sadələşdirilməsinə yol açır. Qurum, şirkət və fərdlər haqda məlumatların mərkəzləşdirilmiş şəkildə saxlanılmasını təmin edir. Demək ki, istənilən xidmətə məsafədən əlçatanlıq e-hökumətin əsas iş prinsipidir. 

Qeyd edim ki, ölkələr üzrə elektron hökumət proqramları bir sıra beynəlxalq təşkilatlar tərəfindən yararlılıq səviyyəsi və digər meyarlara görə qiymətləndirilir. BMT-nin apardığı elektron hökumətlər haqda sorğusunu, eləcə də Dünya Bankı, Beynəlxalq Telekommunikasiya Birliyi və s. kimi qurumların statistik göstəricilərini misal çəkmək olar. 

Beynəlxalq statistikalarda yüksək nəticə göstərmək, o cümlədən, portalın xidmət keyfiyyətinin yüksəldilməsi üçün “Elektron Hökumətin İnkişafı Mərkəzi”  tərəfindən daim innovativ yeniliklər tətbiq olunur. Bütün bunlar vahid elektron kabinet və onun daxilindəki digər funksiyaları əhatə edəcək “Elektron hökumət”in yeni modeli çərçivəsində həyata keçirilir. 

Sürətli rəqəmsallaşma üçün nə lazımdır?

Rəqəmsallaşmadan müxtəlif sahələrdə uğurla istifadə edilməsi barədə istər dünya təcrübəsi, istərsə də ölkə təcrübəsindən kifayət qədər çox misal çəkmək olar. Bəs bu uğurlu təminatı təşkil etmək üçün nələrə ehtiyac var? Əvvəla rəqəmsal irəliləyiş üçün yeni tələbata uyğun kadr təminatı vacibdir. Savadlı kadr təminatının yetişdirilməsi isə ali təhsil ocaqlarının öhdəsinə düşən məsələdir. Doğrudur, bu gün Azərbaycanda, xüsusilə, rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində uğurlu iqtisadi islahatlar həyata keçirilir. Lakin universitetlərdə də kadr hazırlığı işi elə qurulmalıdır ki, bu, həm ölkəmizin iqtisadi, həm də yeni dövrün texnoloji tələblərinə tam cavab verə bilsin. 

Müxtəlif inkişaf etmiş dövlətlərin təcrübəsinə əsasən deyə bilərik ki, ali təhsil ocaqlarında müasir dövrün tələblərinə cavab verən yeni texnoloji ixtisasların yaradılması və ona gənclərin marağının artırılması ümdə məsələlərdən biridir. Qeyd edək ki, bu ixtisaslı kadrların təcrübə keçməsi üçün ölkəmizdə kifayət qədər imkanlar da var. 

Misal üçün, Azərbaycan dövlətçilik təcrübəsi daha çox olan əksər dünya dövlətlərinin gerçəkləşdirə bilmədiyi süni peyk layihəsi ilə tarixi uğura imza atıb. Ölkəmiz artıq Azərbaycan telekommunikasiya peyki - “Azərspace-1”i uğurla kosmosa çıxarıb. Azərbaycanın ilk peyk proqramının ümumi dəyəri təxminən 250 milyon dollar təşkil edir. Daha bir misal Azərbaycan Prezidentinin 2010-cu il 3 may tarixli Sərəncamı ilə “Azərkosmos"un təsis edilməsidir. Ölkəmizdə yaradılan bu texnoloji üstünlüklərdən yararlanaraq kadr təminatı sahəsinə güclü təkan verilə bilər. Tələbələrin təcrübə proqramları birbaşa ixtisasları ilə əlaqədar qurumlarda gücləndirilə bilər. Beləliklə, 4 ilin tamamında həm nəzəri, həm də praktiki baxımdan hazır kadrlar işlərə cəlb edilə bilər. 

Sürətli rəqəmsallaşma prosesini yavaşladan digər problem insanların müəyyən qisminin texnoloji üstünlüklərdən məlumatsızlığı, adət etdikləri ənənəvi xidmətlərdən kənara çıxmaq istəməmələri ilə əlaqədardır. İnsan, haqqında heç nə bilmədiyi, ona yad olan hər hansı prosesə qoşulmaqdan çəkinir. Ona görə də, maarifləndirmə mütləqdir. Lakin əgər bütün ölkə üçün rəqəmsallaşma prosesinə keçid nəzərdə tuturuqsa, təbii ki, maarifləndirmə işini də bütün regionlarda bərabər aparmaq lazımdır. 

Ümumilikdə dünyanın mövcud durumunu nəzərə alsaq, bu işin nə dərəcədə effektli təşkili sual yaradır. Lakin elə texnoloji üstünlüklərdən yararlanaraq bu məsələni də həll etmək olar. Bu işdə ölkə üçün kifayət qədər uğurlu sayılan "e-gov.az" portalı kimi tətbiqlərin təcrübəsindən yararlanmaq olar. Yeni bir "e-gov.az" əlavəsi tətbiq yaradaraq bunu sınaqdan keçirmək olar. Tətbiq hər sahə üzrə rəqəmsallaşmanın həyatımıza gətirəcəyi rahatlıq barədə informativ məlumatlar verə, müəyyən bölmələrlə istifadəçiyə daha geniş imkanlar təkif edə bilər. Hətta tətbiqdə məlumatlar yazılı, səsli və vizual formada qurularsa, bu, cəmiyyətin bütün təbəqələrini nəzərə almaq həssaslığını da göstərmiş olar. Beləliklə, insanların böyük faizində ən azından mobil cihazların olduğunu nəzərə alaraq, gün boyu tətbiqdən istifadə ilə elektron hökumətin təklif etdiyi xidmətlərin növləri və onlardan istifadə ilə rəqəmsallığa keçidin faydalarını anlaya bilərlər. Bu, həm də rəqəmsallaşmış xidmətlərin öz istifadəçi auditoriyasını çoxaltması üçün elə rəqəmsal imkanlardan yararlanmağın da bir növüdür. 

Dəyişən dünyanın sürəti ilə ayaqlaşmaq, daha da inkişaf etmək və vətəndaş məsuliyyətini anlayaraq ölkəmiz adına daha yararlı biri olmaq üçün informasiya  kommunikasiya texnologiyalarından maksimum şəkildə yararlanmalıyıq. Unutmaq olmaz ki, texnologiyalar əsridir və bu imkanlardan imtina edənlər geridə qalmağa məhkumdur. 
 
Afaq Rza 

Qeyd: Bu məqalə 3-cü "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün,  "Rəqəmsal hökumətdə süni intellektin tətbiqi üzrə uğurlu nümunələr və ölkə üzrə təkliflərin verilməsi" mövzusunda  yazılıb.
 

 





24.07.2021    çap et  çap et