525.Az

Kənd təsərrüfatına Elektron Hökumət dəstəyi - Münasibət


 

Kənd təsərrüfatına Elektron Hökumət dəstəyi - <b style="color:red">Münasibət </b>

Elektronlaşma, müasirləşmə həyatımınızın hər bir anına sirayət edib. Ölkəmizin idarəetməsinə yeni və müasir həllər gətirən Elektron Hökumət layihələri də durmadan artmaqda, köhnə və yeni sahələrə elektron həllər gətirməkdədir. Hər bir ölkənin əsas dayaqlarından olan kənd təsərrüfatı da elektronlaşmaqdadır.

Kənd təsərrüfatının inkişafına dəstək üçün bir çox dövlət dəstəyi və proqramı mövcuddur. Bunlardan ən çox bilinənləri dövlət tərəfindən fermerlərə verilən subsidiyalar və texniki dəstəkdir. Bu subsidiyaların verilməsi bu günə qədər bir çox dövlət qurumlarına, icra hakimiyyətlərinə müraciət əsasında baş verirdi. Burada vətəndaş - yerli qurum - dövlət - yerli qurum - vətəndaş şəklində yarım döngü həm vaxt aparır, həm də bir çox anlaşmazlıqlar yaradırdı. Artıq 2019-cu ildən fəaliyyət göstərən https://eagro.az/ saytı və mobil tətbiqi bu məsələyə elektron həll gətirib, köhnə problemləri aradan qaldırmağı hədəfləyib.

Subsidiyadan yararlanan fermerlərdən olan Bəhman Məmmədov deyir ki, 15 ilə yaxındır, subsidiya alır: "Hər mövsümdə yerli icra orqanına müraciət edirdik. onlar da uyğun qurumlara yönləndirir, əkəcəyimiz sahəni nümayəndəyə göstərir, bəzi sənədlər almalı, bəzən günlərlə gedib-gəlməli olurduq”.

O, vaxt itkisindən əlavə, başqa itkilərin də yaşandığını qeyd edir: “Bəzən yanlış hesablanır, gübrə, toxum və ödəniş əskik gəlirdi. Prosesdə özümüz olmadığımız üçün səhv olanda birbaşa müdaxilə edə bilmirdik”.

Artıq nəinki fermerlər, süni mayalanma mütəxəssisləri, baytar həkimlər və əlavə olunacaq digər kənd təsərrüfatı sahələri ilə məşğul olan şəxslər rahatlıqla, üçüncü tərəf olmadan dövlətə elektron şəkildə müraciət edə biləcəklər.

Saytdan və mobil tətbiqdən qeydiyyatdan keçmək üçün “Asan Login”dən istifadə olunur. Artıq elektron hökemətdə kabineti olan istənilən şəxs asanlıqla qeydiyyatdan keçə bilər. Artıq “Asan Login”in “identifikasiya nömrəsi ilə qeydiyyat” bölməsinə “video qeydiyyatdan keç”də əlavə olunduğu üçün, adına mobil nömrə olmayan şəxslər də rahatlıqla qeydiyyatdan keçə bilərlər.

Proqramla saytın funksiyaları demək olar ki, eyni olduğu halda, kiçik bir fərq nəzərə çarpır: proqramdan istifadə tamamilə pulsuzdur, lakin saytda fərdi kabineti ildə bir dəfə 2 manat rüsumla açmaq lazımdır.

Mobil tətbiq də, saytda fermerlərə və digər şəxslərə subsidiya üçün müraciət etməyə, gələcək planlarını qurmağa və öz təsərrüfatlarını elektron şəkildə izləməyə imkan verir.

Saytın istifadəçisi olmuş daha bir fermer İsa İbrahimli təklif edir ki, məlumatlandırma fermerlərdən daha çox, gənc ailə üzvlərinə edilməlidir: "Bu barədə sosial mediada daha çox məlumatın yerləşdirilməsi, onlayn və canlı təlimlərin olması daha məqsədəuyğun olar".

Nəzərə alsaq ki, hazırda kənd təsərrüfatı ilə məşğul olan şəxslərin əksəriyyəti orta yaş və yuxarı yaş qrupuna aid olan şəxslərdir, onların elektron alətlərdən bir qədər çəkinməsi başa düşüləndir.

“Elektron Kənd Təsərrüfatı Sistemi” layihə rəhbəri Nərgiz Rəsulova da bu problemdən xəbərdar olduqlarını, vaxtaşırı təlim qruplarının fermerləri məlumatlandırdığını bildirir. Həmçinin, fermerlər ASAN Xidmət başda olmaqla, digər dövlət qurumlarından qeydiyyatdan keçməyə dəstək istəyə bilərlər.

Sonda isə bunu qeyd edə bilərik ki, rəqəmsallaşan dünyada bir çox sahələr kimi, kənd təsərrüfatı da müasir həllər tələb edir. Hazırda yeni fəaliyyətə başlayan eAgro proqramı subsdisiyalar və digər dəstəklərin verilməsi üçün istifadə olunsa da, gələcəkdə hava şəraiti proqnozu, mövsümlük əkin tövsiyələri, müxtəlif əlaqəli sahələri birləşdirməsi və digər funksiyalarla fermerlərin ən yaxın köməkçisi olmaq yolundadır. Bunu eAgro tətbiqinin gələcək layihələrindən danışan Nərgiz xanım bildirib.

Tətbiq və sayt haqqında ətraflı məlumatı Kənd Təsərrüfatı Nazirliyinin saytından almaq mümkündür.

Cəmilə MƏMMƏDLİ

Yazı 3-cü "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün,  "Bölgələrdə rəqəmsal savadlılığın artırılmasının həlli yolları" mövzusunda  yazılıb.

 





24.07.2021    çap et  çap et