|
|
|
|
Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr
(Əvvəli ötən bazar sayımızda)
Həqiqətən də yunanlar Qərb irsinin intellektual bünövrəsini yaratmışdılar. Onların insan həyatının əsasına dair meydana gətirdikləri, bu gün də dünya sivilizasiyasının aparıcı xəttini təşkil edir. Kainatın təbiəti nədir? İnsan mövcudluğunun niyyəti nədir? İlahi qüvvələrlə bizim əlaqəmiz nədən ibarətdir? İcmanın quruluşları necə olmalıdır? Dövlət quruluşları necə olmalıdır? Həqiqi təhsil nədir? Qanunun həqiqi mənbələri nədir? Həqiqətin özü nədir və onu biz necə həyata keçirməliyik? Yunanlar təkcə bu suallara cavab vermədilər, həm də onlar özlərini imtahan etmək üçün məntiqi, analitik fikir sistemini yaratdılar. Bizim eradan əvvəl V əsrdəki klassik erada Yunan sivilizasiyası çiçəklənərək, öz yüksək səviyyəsinə çatdı və bu, Afina demokratiyasının nailiyyətləri ilə bərabər gedirdi.
B.e.ə. IV əsrdə meydana gələn Ksenofontun "Hellenica" əsəri Fukidid tarixini davam etdirir. Hərbi əməliyyatlar barədəki qənaəti, praktiki cəhətdən onun müəlliflik qabiliyyətini nümayiş etdirir. B.e.ə. I əsrdə Siciliyada yaşayan yunan Diodor üç əsr ərzində adada baş verən hadisələr barədə mülahizələrini bildirir. Arrian isə Böyük Aleksandrın hakimiyyəti dövrünü təsvir edir. Plutarx ayrı-ayrı şəxsiyyətlər barədə maraqlı xarakteristikalarını verir. Onların əsərlərində Sokratın, Demosfenin, Esxinin çıxışları canlanır. Onlar siyasətə imkan sənəti, mənafelər məkanı kimi baxdıqlarından fərqli mövqelərdən çıxış edirdilər və Afinanın müstəqilliyinə qarşı olan təhlükəni tam əks qaydada qiymətləndirirdilər. Siyasət nəzəriyyəsi barədə Platonun, Aristotelin və digərlərinin əsərləri də burada mənbə kimi istifadə olunur.
Ədəbiyyat da geniş əhəmiyyətə malik olan tarixi hadisələrə münasibət bildirirdi. Arxeologiya isə qədim yazıçıların diqqət mərkəzində olan şeylərə məhəl qoymadıqları cəmiyyət problemlərini tədqiq edə bilirdi.
Arxaik dövrlər
B.e.ə. 1100-900-cü illərdə bu əraziyə dorilərin müdaxiləsi baş verdi. Bürünc erası sivilizasiyası burada süquta uğramağa və tədricən dağılmağa başladıqda, Mikena mədəniyyətinin qalan mərkəzləri də yoxa çıxdı. Əsr ərzində "müdaxilə" dalğa kimi baş verdi, bu, faktiki olaraq daxili münaqişələrin nəticəsi idi. Afina və onun regionları istisna olmaqla, müdaxilənin hər yerdə effekti mədəni standartların dağıdılması idi. Başlıca faktor isə iqlimin dəyişilməsi idi, quraqlıq aclığın yaranmasına səbəb olurdu.
Yeni əhali məskunlaşdıqca ən azı həyat tərzi də dəyişirdi. Yeni mədəniyyət əvvəlkindən bəzi cəhətlərinə görə fərqlənirdi. Dorilər şimali qərbdən olan yunanlar idi, mikenalılar Kipr adasına qaçmağa məcbur oldular. Dorilər Egey adalarında, xüsusən Kritdə də məskunlaşdılar. Bu dövr ərzində artıq mif tarixlərinin doqmaları və din Homer poemalarında inkişaf edirdi.
Dağlar və dəniz yunan tarixinin inkişafında xüsusən mühüm rol oynamışdı. Dağ yerləri yunanları başqalarından ayırırdı. Bu müstəqil yunan icmalarının kiçik ölçüsü siyasi işlərdə onların iştirakına və unikal mədəni ifadəliliklərinə şərait yaradırdı. Dəniz həmçinin, yunan cəmiyyətinin təkamülünə təsir göstərirdi. Yunanıstan uzun məsafəli dəniz sahilinə malik idi, onlarda saysız-hesabsız limanlar var idi. Qaranlıq əsrlər ərzində xeyli sayda yunan materiki tərk edib, Egey dənizi ətrafına miqrasiya etdi, onlar müxtəlif adalarda və əsasən Kiçik Asiyanın cənubi-qərb sahilində məskunlaşdılar və bu sahil zolağı İoniya adlanmağa başladı.
B.e.ə. 900-cü ildə yaxın Afina yunan dünyasının mədəni mərkəzi kimi meydana çıxdı. Şəhər bu vaxt yunan dünyası üçün dan şəfəqi rolunu oynayırdı. Həmin dövrlərdə Egey də əsl yunan dənizinə çevrildi. Şərq zərgərləri Kritə gəlib, Knossosda məskunlaşdılar. Onlar burada qızılla, bürünclə və daşla işləyirdilər.
Homer poemalarının təsvir etdiyi şəhərlərdə müstəqil çarlıqlar yerləşirdi. Bəzi qəhrəman kultlarının təqdim edilməsini isə Homer poemaları ilhamlandırmışdı.
B.e.ə. VI əsrə qədər hələ xəritələr meydana gəlməmişdi. Bu vaxt torpağa və yeni resurslara ehtiyac yarandı, çünki ərzaq metaldan daha vacib idi. Yaxın ərazilərin coğrafiyası yunanların dənizçiliyə maraqlarını müəyyən edirdi, çünki ölkə özünün artan əhalisini ərzaqla təmin edə bilmirdi. Dənizçilik bu problemin həllinə kömək edə bilərdi. Aralıq dənizi məhz belə imkanları təklif etdi, makedoniyalılar da mədəniyyət cəhətinə görə yunan idilər və onların maraqları da bir-birinə uyğun gəlirdi. Qara dənizə keçid çətin olsa da, heç də qeyri-mümkün deyildi, şimaldakı skiflər üçün artıq bazar rolunu oynayırdı.
Afinanın uzaq qərbində yunanları finikiyalılar qabaqlamışdılar, onlar Karfagenin əsasını qoymuşdular. Bu vaxt yunanlar hələ İtaliyanı və Siciliyanı tədqiq edirdilər. Aralıq dənizi dünyasının digər zonalarının məskunlaşdırılmasından əvvəlki ticarət heç də möhkəm qaydada qurulmamışdı. Qərbdə - Cənubi İtaliyada və Siciliyada yunan koloniyaları meydana gəldi Tacirlər Etruriyaya (indiki Toskana əyaləti) gəlib çıxdılar. B.e.ə. VIII əsrin ortalarından Neapol sahili məskunlaşdırıldı, bura həm də yaxşı liman olacaqdı. Sonra yunanlar Siciliyada güclü Sirakuza şəhərini saldılar. Adanın qərbi isə finikiyalılara məxsus idi. İtaliyanın cənubunda axeyalılar heç də tək deyildilər.
Kiçik Asiyanın qərbi b.e.ə. VI əsrin ortalarında Persiyanın müdaxiləsi ilə üzləşdikdə, bir sıra şərqi yunan dövlətləri kütləvi şəkildə qərbə mühacirət etmək şansına bel bağlayırdılar.
Yeni şəhərlər varlanırdı və yunan dünyasının qərbində nəhəng məbədlər tikildi. Yunanlar qərb sularında əvvəldən maraqlı idilər və bu ərazilərdə finikiyalılara qarşı çıxırdılar. Yunan malları İspaniyaya gətirilirdi. Onlar Fransanın cənubunda Massiliya (Marsel) şəhərini salmışdılar. Qara dəniz ətrafında da bir sıra yunan koloniyaları - şəhərlər meydana gəldi. Onların skiflərlə əlaqələri yaranmışdı. Azov dənizinin kənarında da yunanlar indi də həmin adı daşıyan Kerç şəhərini salmışdılar. Qara dənizin sahilində Trabizend (Türkiyədəki indiki Trabzon) şəhərinin əsasını qoymuşdular.
Afina öz siyasi quruluşunda xeyli islahatlara məruz qalmışdı. Əvvəlcə Klisfen islahatları meydana gəldi. Solonun islahatları isə inqilabi xarakter daşıyırdı. Onun islahatlarından ən mühümü borc haqqındakı hüququn islahatı idi, tarixdə bu, "yükün çiyindən atılması" kimi tanınır. O, bütün borcları və onlara verilməli olan faizləri qüvvədən düşmüş elan etdi və gələcəkdə borc sövdələşmələrinin bağlanmasını qadağan etdi. Lakin o, torpaqların yenidən bölüşdürülməsini həyata keçirmədi.
Yunan-Persiya müharibəsindən əvvəl Qara dəniz yolu ilə daşınan taxıl Yunanıstana gətirilirdi. Kritdən cənuba gedən yolla yunanlar hələ çox-çox əvvəl Afrikanın şimalına, Liviya sahillərinə gedib çıxırdılar. Burada onlar Amon kultu ilə tanış olmuşdular və o, yunanların ehtiram bəslədiyi orakula çevrilmişdi. Allah Zevs Ammon kimi tanındı.
Arxaik Yunanıstanda şəhər-dövlət (polis) məskunlaşma tipi meydana gəldi. Polis suveren siyasi birlik idi. Adətən, o, təpədə yerləşirdi, istehkamlanmış mərkəzə malik idi. Şəhər özündən asılı olan ərazi ilə əhatə olunurdu, bu ərazi kənd təsərrüfatı üçün və otlaq kimi istifadə olunurdu. Böyük polislər isə baş şəhərə tabe olan kəndlərə malik olurdu. Cəmiyyət aqrar tipində idi. Hər bir icma tam statuslara malik olan varlı torpaq sahiblərindən, fermerlərdən, torpaqsız əməkçilərdən və sənətkarlardan ibarət idi. Güclü birlik ailə idi.
Hər bir polisin vətəndaşları, həmçinin, irsi qaydada birliklərə bölünürdü, onlar tayfa mənasındakı file adlanırdı. Üç siyasi institut mövcud idi, bunlar çar, şura və yaşlı kişi vətəndaşlardan ibarət olan məclis idi.
Arxaik Yunanıstanda tiraniyalar
İctimai hakimiyyətdə bəzi proseslər tiranların meydana gəlməsinə səbəb oldu. Tiran və tiraniya sözləri heç də istismar rolunu nəzərdə tutmurdu. Mahiyyətcə tiraniya öz şəhərlərində hökmranlıq etmək üçün və nəzarəti ələ keçirən rəsmi iddia ilə başlanmışdı. Əslində, tiranın heç bir vəzifəsi yox idi və tiran şəhər qanunlarını və institutlarını dəyişdirə bilmirdi, sadəcə qeyri-rəsmi qanuni aliliyə malik idi.
Sparta iki ilk çara malik idi. Sonralar Roma çarlıq quruluşundan respublikaya çevrildikdə spartalıların təcrübəsindən istifadə edərək, dövləti idarə etmək üçün iki konsul seçirdi. Çar, şura və məclis hər bir yunan dövləti üçün adəti nümunə idi. Sparta isə daha böyük orqana - 5 nəfərdən ibarət eforlara malik idi. Onlar məclis yığıncaqlarına sədrlik edir, məsələnin həllinə təsir göstərə bilirdilər.
B.e.ə. VI əsrdə Solon Afinada varlılar və kasıblar arasındakı güclü antoqonizmin mövcudluğundan danışırdı. O, 594-cü ildə arxont idi və qanun yazırdı. O, torpağı quldarlıqda saxlayan "sərhəd daşlarını" uzaqlaşdırdı, əvvəllər sahibinin şıltaqlığından titrəyən adamları azad etdi. Solonun islahatına qədər Afina adətlərinə görə, onlar torpağı varlı torpaq sahibləri üçün becərir və məhsulun altıda birini onlara verirdi. Solon, həmçinin, adamları məhsulun "altıda bir hissəsini" verməkdən də azad etdi. O, torpaq sahiblərindən asılı adamları tam azad etdi, hər hansı bir səbəbə görə asılılıq statusunu ləğv etdi, onlar tam azad vətəndaşlara çevrildilər.
Klisfenə gəldikdə, onun böyük islahatı 500-lər şurasını tətbiq etməsi idi. Hər bir tliba Şuraya 50 üzv göndərirdi. Klisfen cəza tədbiri kimi ostrakizmi tətbiq etməyə başladı. Bu cəzanın verilməsi üçün 6 min nəfərin səs verməsi tələb olunurdu. Daha çox səs verilən şəxs on illiyə Attikanı tərk etməli idi, lakin həmin adamın mülkiyyətinə toxunulmurdu.
Yunan polisləri, adətən, kiçik olurdu. Onların arasında aparıcı rol oynayanlar Sparta, Afina və Fiva idi.
B.e.ə. VI əsrdə Persiya çarı Böyük Kirin Lidiyanı işğal etməsi ionluların və digər şərq yunanlarının tabe edilməsinə gətirib çıxaracaqdı. Persiyalılar onlara tamamilə yad idilər və paytaxtları da iki aylıq səfərdən çox olan bir məsafədə idi. Onlar yerli tiranların nəzarətinə arxalanırdılar, belə idarəçilik isə yunanlar üçün anoxronizm idi. Ona görə də ionlular üsyan qaldırdılar.
(Ardı var)