|
|
|
|
Rubrikamızın budəfəki qonağı yapon sənətçisi Atsuko Suetomidir. O, yapon milli aləti olan koto ifaçısıdır.
2007-ci ildən qardaş ölkə Türkiyəyə köçərək sənətini inkişaf etdirməyə başlayıb. Həmçinin, oradakı gənclərə koto alətində ifa etməyi də öyrədir.
- Musiqi macəranız necə başladı?
- Musiqi təhsilimə 7 yaşımda fortepiano dərsləri ilə başladım, amma sonra bu dərsləri davam etdirə bilmədim. Bunun ardınca koto alətində ifa etməyə başladım. Klassik kotodan fərqli olan müasir musiqi məni cəlb edirdi. Elə buna görə də, Savai müəllimdən dərs aldım. Daha sonra isə müəllimimin professor olduğu universitetin Yapon musiqisi bölməsində təhsilimi davam etdirdim.
- Bir qədər xəyallarınız və hədəfləriniz haqda danışardınız...
- Xəyalım insanların musiqim sayəsində daxili aləmlərində dinclik və ümid tapmaqlarıdır. Əgər elə olsa, bu da məni xoşbəxt edəcək.
- Musiqi istedadınız ailədən gəlir?
- Atam klassik Qərb musiqisini çox sevirdi. Valideynlərim musiqiçi deyildilər, amma musiqi həvəskarı idilər. Onlar uşaqlarda perspektiv və emosional inkişaf baxımından musiqi və sənətin vacib olduğuna inanırlar.
- Fəaliyyət göstərmək üçün niyə məhz Türkiyəni seçdiniz?
- İlk dəfə konsert turu ilə Türkiyəyə gələndə oraya aşiq oldum. Onsuz da sevməmək mümkün deyil. Türkiyənin min illərdir davam edən dərin və ecazkar bir gözəlliyi var. Demək olar ki, bu, dünya sivilizasiyalarının bir muzeyidir. Burada fərqli sivilizasiyaları, mədəniyyətləri, dilləri və dinləri birləşdirən bir çox musiqi və bədii əsər tapa bilərsiniz. Düşünürəm ki, Türkiyəyə bir turist kimi gəlmək kifayət deyil, onları dərindən anlamaq və öz musiqilərində mənimsəmək üçün bu torpaqlarda yaşamaq lazımdır. Məsələn, Anadolu musiqisinin dərinliyini 10 il Türkiyədə yaşadıqdan sonra anlamağa başladım.
- Musiqinin gələcək taleyi barədə nə düşünürsünüz?
- Musiqi tarixində çox çətin bir dəyişiklik dövrünü yaşayırıq. Bildiyiniz kimi, koronavirus pandemiyası musiqi aləminə də mənfi təsir göstərdi. Bununla birlikdə bütün dünya musiqilərinə internet üzərindən çatma imkanımız var və texniki imkanlar daha da inkişaf edəcək. Gələcəkdə sənətçilər 3D ekran texnologiyası ilə tamaşaçılar qarşısında canlı ifa edirlərmiş kimi çıxış edə biləcəklər.
Nə qədər inkişaf etmiş texnologiya olsa da, insanlar xəstəliklərdən və çətin şərtlərdən narahatdırlar. Düşünürəm ki, insan qəlbi ən çox sevgiyə və barışa ehtiyac duyur. Fiziki bir xəstəliyimiz olmasa da, narahatlıq və ümidsizlik bizi xəstələndirir. İnanıram ki, musiqi insanları sağaltmaq, onlara ümid və motivasiya aşılamaq üçün həmişə mövcud olacaq.
- Nə vaxtsa Azərbaycanda olmusunuz?
- 2016-cı ilin oktyabrında Ankaradakı Beynəlxalq Hüquq Festivalına dəvət alanda azərbaycanlı sənətçi Təranə Əliyeva ilə tanış oldum. Özünün və musiqisinin zərifliyi diqqətimi çəkdi. Bundan sonra 2018-ci ilin noyabrında Azərbaycandakı Yaponiya səfirliyi tərəfindən yapon imperatorunun ad günündə təşkil olunan ənənəvi yapon aləti kotonu ifa etməyə dəvət edildim. Sonra Dövlət Konservatoriyasında konsert vermək üçün Təranə xanımla yenidən görüşdüm. İlk dəfə səsləndirdiyim Azərbaycan musiqisi "Dumanlı Təbriz" olmuşdu. Həmçinin, Ankara Mozart Evində azərbaycanlı fortepiano ifaçısı Nailə xanımla da konsert vermişdik.
- Burda olmaq sizə necə təsir bağışladı?
- Görüşdüyüm sənətçilər zərif, mehriban və çalışqan insanlar idi, xüsusən də əziz Təranə xanım mənimlə çox maraqlandı. Təranə xanım və eyni konservatoriyada dərs deyən ecazkar pianoçu ilə birlikdə getdiyimiz Azərbaycan milli mətbəxinə məxsus restoran çox gözəl idi. Azərbaycanın yeməkləri də, insanları da möhtəşəmdir.
Əgər imkan olarsa, Azərbaycanda bir daha konsert vermək istəyərəm.
Yaşar USLU
Günel ABBAS