525.Az

Cənab Mrozun iltifatı. Çernomırdinlə fikir davası... və xəyali biznes ortaqlığı


 

Cənab Mrozun iltifatı. Çernomırdinlə fikir davası... və xəyali biznes ortaqlığı<b style="color:red"></b>

2000-ci illərin əvvəlləri idi. Bakıda "İrşad" otelində keçirilən bir müzakirədə idim. İştirakçılar arasında xarici ekspertlər də vardı.  Tədbirin adını unutmuşam. Yadımda qalan öz çıxışımdır, çünki məhz həmin çıxış mühüm bir beynəlxalq yığıncaqda iştirakıma səbəb olacaqdı.

Tədbir yenicə bitmişdi, naharqabağı dağılışırdıq ki, bir amerikalı yaxınlaşıb nitqimdən məmnunluğunu, mənimlə şəxsən tanış olmaq istəyini bildirdi. Konkret deməsə də, sonradan mənə əyan oldu dediklərimi nəyə görə bəyənibmiş: Qərb-Şərq ziddiyyətlərini fərqli mədəniyyətlər prizmasından dəyərləndirən stereotip və daha çox "Şərq əxlaqı" - "Qərb əxlaqı" kimi mənə görə primitiv müstəvidə ənənəvi olaraq ifadə edilən mülahizələrə qarşı tənqidi yanaşmamı səsləndirmiş, bu ziddiyyətləri xeyir-şər dəyərlərinə dair fəlsəfi konsepsiya prizmasından nəzərdən keçirməyə səy göstərmişdim.

Vizit kartım yanımda deyildi, öz kartını verib ona məktub yazmağımı rica etdi. Həmin şəxs Amerikada Şərq-Qərb İnsitutunun təsisçisi, prezidenti Con Mroz idi.

Ona sadəcə elektron ünvanımı bildirmək üçün göndərdiyim məktuba cavabında "sən yaxşı adamsan ki, məni unutmamısan" yazmış, Bakıdakı çıxışıma işarə ilə "sən Qərblə Şərqi birləşdirə bilərsən?" deyə bir sual ünvanlamışdı. Mən də bu zarafatyana yazılan sualı zarafatla belə cavablandırmışdım: "Şərqlə Qərbi mən birləşdirməsəm, kim birləşdirəcək ki?!"

Çox keçmədi məni unutmayacağım mühüm bir beynəlxalq toplantıya dəvət etdi.

Tədbir İstanbulda keçirilirdi.

İstanbul aeroportunda pasport-gömrük qeydiyyatından keçirəm, gözüm məni qarşılayacaq təşkilatçıları axtarır. Uzaqdan iri hərflərlə Nariman Gasimoglu həkk edilən lövhəni görüb oraya yön alıram. Lövhəni əlində tutan gənc məni kamali-ehtiramla qarşılayıb çemodanımı götürməyə cəhd edir, nəzakətinə görə təşəkkür edirəm, istəmirəm çantamı götürsün, amma hiss edəndə ki, ona verilən tapşırığı yerinə yetirməkdə israrlıdır, mane olmuram. Onun müşayiətilə bayırda bizi gözləyən Limuzinə yaxınlaşırıq, sürücüyə tapşırır məni Çırağan otelinə aparsın. İlk dəfədir bu markada rahat, nəhəng və uzunsov maşında yol gedirəm, özü də tək sərnişin olaraq. "Bu nə həngamə hörmətdir?" deyə öz-özümə sual edirəm.

Suala cavabı otelə gəlib super lüks otaqda yerləşəndən sonra iştirakçıların siyahısının yazıldığı vərəqi görən kimi tapıram. Hamısı Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, eləcə də şərqi Avropa ölkələrinin keçmiş dövlət və hökumət başçıları, parlament sədrləri. Sözün açığı, belə bir heyətdə şəxsimin istisna olacağını gözləmirdim: nə Sovet dövründə, nə müstəqillik illərində hökumətdə adicə vəzifəm belə olmamışdı. Əlbəttə, belə protokola uyğunsuz gəldiyimə görə Con Mroza minnətdardım. Təşkilatçı tərəf Şərq-Qərb İnsitutunun prezidenti cənab Mroz siyasi əhəmiyyətini iştirakçı tərkibin müəyyənləşdirdiyi həmin tədbirə məni müzakirələrə sadəcə bir-iki kəlmə söz demək üçün dəvət etməmiş, toplantının gündəliyinə ayrıca məruzəmi də saldırmışdı. Düşünürəm, görünür, belə nəzərdə tutubmuş ki, mövzusu Şərqi Avropada münaqişələrin həlli yollarına həsr edilən müzakirələrdə neytral, dövlət siyasətində olmamış bir şəxsin də təhlilləri, fikirləri səslənsin.

ABŞ paytaxtında fəaliyyət göstərən analitik mərkəzlərin işlərinə müəyyən bələdliyim var. Vaxtilə Vaşinqtonda Corctaun Universitetində çalışarkən belə mərkəzlərin tədbirlərində, müzakirələrində çox iştirak etmişəm və bilirəm, səslənən fikirlər, təhlillər sonradan ümumiləşdirələrək adətən ABŞ-ın siyasi dairələrinin istifadəsinə təqdim edilir. Hətta bir dəfə belə müzakirələrin birində aparıcı çox çalışmışdı mənə söz verməsin, onun bu hərəkətindən təəccüblənmişdim. Demə, söyləcəklərimdən ehtiyat edirmiş ki, Dövlət Departamentinə onun rəhbərlik etdiyi ekspert qrupunun nəzərdə tutduğundan fərqli mülahizələr də çatar. Haqlı imiş. Mərkəzi Asiya ölkələrindən birinə dair dəfələrlə səsləndirdiyim eyni tövsiyəmin konkret siyasətdə ifadəsini görəndə məəttəl qalmışdım. Ona görə indi mənə dəqiq aydın idi ki, İstanbul görüşünün başlıca qayəsi Şərqi Avropada münaqişələrə dair Amerika hökumətinə ideyalar, tövsiyələr hazırlamaqdan ibarətdir. 

Bu mühüm toplantıya, əlbəttə, hazırlıqlı gəlmişəm. Dad çəkdiyimiz, uzandıqca uzanan (İlahi, min şükür, o ağrılı günlərimiz arxada qalıb!) münaqişənin anatomiyasına dair nələrisə açıqlamağın əsl yeridir. Fürsəti dəyərləndirmişəm, cənubi Qafqazda münaqişələrin mümkün həlli yolları barədə təhlillərimi və fikirlərimi ifadə edən çıxış hazırlamışam.

Toplantımız növbəti günə planlaşdırılmışdı. Axşam oteldə iştirakçıların şərəfinə Türkiyənin xarici işlər naziri İsmayıl Cem şam ziyafəti verdi.

Səhəri gün otelin konfrans zalında müzakirələr başladı. Moderator Macarıstanın keçmiş prezidenti idi. Adını xatırlamıram. Yadımda qalan onun mənə qarşı nəzakətsiz bir tövrü oldu. Bu barədə bir az sonra.

Toplantının işçi dili ingilis və rus dilləri idi. Üstünlüyü ingiliscəyə verib məruzəmi bu dildə yazmışdım.

Qafqazda regional münaqişlərin səbəblərinə, köklərinə dair təhlillərimi səsləndirərkən diqqəti daha çox Rusiyanın imperiya ambisiyalarına yönəldir, keçmiş Sovet ölkələrində konfliktlərin yaradılması, idarə edilməsini təmin edən Kremlin işlək siyasi mexanizmindən danışır və bir qədər sonra bu mexanizmin ayrıntılarına aid əsas təhlilimi Ermənistan-Azərbaycan münaqişəsi müstəvisində qurmağa çalışıram. Amerika hökumətinə də tövsiyəm var. Ümumi məzmunu belədir ki, postsovet ölkələrində demokratikləşmə proseslərinə dəstək verməyə israrlıdırlarsa, onda bunu beynəlxalq münasibətlərə aid olaraq da siyasət kimi nəzərdə tutsunlar, məhəlli münaqişlərə ikili standartlar deyil, beynəlxal ədalət prizmasından yanaşsınlar. Başqa sözlə, insan haqlarının müdafiəsinə dəstək məsələsi elan olunan siyasətdirsə, beynəlxalq münasibətlərin demokratikləşməsini də elan edilən, real olaraq həyata keçirilən siyasətə çevirsinlər ki, münaqişələrdən əziyyət çəkən xalqların rəğbətini qazana bilsinlər. Yoxsa Amerikanı da Rusiyaya olan münasibət gözləyir.

Haşiyə çıxaraq qeyd edim ki, eyni tezislərlə 2-3 il sonra Tiflisdə də çıxışım oldu. Qafqaz Evi təşkilatının o zamankı rəhbərlərindən olan yazıçı Naira Gelaşvilinin dəvəti və bir alman fondunun dəstəyi ilə orada beynəlxalq konfransda olmuşdum. Nitqim gürcülərin xoşuna gəlmişdi. Bir osetin eksperti nitqimə irad tuturmuş kimi  beynəlxalq qanunların heç də ədalətli olmadığından danışmışdı. Osetin separatçıları Rusiya himayəsində olduğu üçün onun bu qeyri-hüquqi bəyanatı anlaşılan idi. Sadəcə yerimdən replika vermişdim ki, "siz, deməli, anarxiya tərəfdarısınız". Gənc rusiyalı ekspert isə Azərbaycan-Ermənistan münaqişəsini ənənəvi ritorika ilə şərh edərək iki xalqın barışığa getməsi zərurətindən danışarkən ona da yerimdən gülə-gülə replika atmışdım:

- Çox xahiş edirəm Zaqafqaziyanı tərk edin, hər şey yaxşı olacaq, Siz sadəcə narahat olmayın, hər şeyi özümüz həll edəcəyik, ermənilərlə təkbətək qalanda, sizsiz.

- Allah xatirinə, təki siz deyən olsun, bizim də istəyimiz odur ki, bölgədə sülh olsun, - deyə o da gülümsəyərək cavab vermişdi.

- Allah xatirinə, tərk edin Zaqafqaziyanı, sizdən çox-çox xahiş edirəm, - deyəndə hiss etdim iştirakçılardan gürcü əksəriyyətinin əhvalını xeyli qaldırmışdım.

Əlbəttə, Tiflisdəki müzakirə sıravi ekspertlərin arasında gedirdi deyə fərqli fikirləri rahat dinləyir, hərə öz rəyini ifadə edir, öz rəyində qalır və ciddi mübahisələr baş vermirdi. İstanbuldakı o mühüm görüşdə isə...

Deməli, çıxışımı bitirmişəm, Rusiya tərəfinin etirazını gözləyirəm. Təmsilçiləri Rusiyanın keçmir baş naziri Viktor Çernomırdindir. Düzbucaqlı iri masada köməkçiləri ilə bərabər qənşərimdə əyləşib. Üzündə qəzəbli ifadə var. Əlini qaldırıb söz istəyir. Ona söz verməzdən əvvəl zalım moderator gözlənilmədən mənə kobudcasına irad tutur, iradını da səsini üstümə qaldıraraq bildirir:

- Bu necə davranışdır özünüzə rəva bilirsiniz? Çıxışınızın əvvəlində özünüzü təqdim edəndə demədinizmi, diplomat deyilsiniz, siyasətçi deyilsiniz? Amma siyasətçi kimi danışdınız. Olmaz belə...

Macarların keçmiş başçısının nitqimə belə qeyri-ciddi iradı məndə bir anlığa o təəssüratı yaratdı ki, yəqin vaxtilə sovetlərin Şərqi Avropaya nəzarət etdiyi dövrlərdən qalma köhnə təfəkkürlü birisidir və Rusiyanın siyasi elitasına yaltaqlanmaq vərdişindən hələ də əl çəkə bilmir. İradını cavablandırmağa imkan vermədən sözü dərhal V.Çernomırdinə ötürdü. V.Çernomırdin aldı görək, səsini bir az da ucaldaraq və sözün gerçək mənasında üstümə çımxıraraq nə dedi:

- Siz axı hansı cürətlə Rusiyaya qarşı belə cəfəng-cəfəng sözlər işlədirsiniz? Bu, necə danışıqdır, Rusiyanı hörmətdən sala bilməzsiniz. Sizin qeyri-obyektiv fikirləriniz münaqişənin həllinə deyil, qızışdırılmasına xidmət edir. Rusiyanın bir amalı var, o da dünyada sülhü, əmin-amanlığı təmin etməkdir.

Deyəsən, başqa nələrisə dedi, ilk dediklərindən yadımda qalan budur. Çox qəzəbli idi, ağ ayını hirsləndirmişdim. Sakitləşdirməyə cəhd edirəm:

- İcazə verin iradınızı sizin ana dilinizdə cavablandırım, - deyə ruscaya keçirəm. Gün gələr dedikləriniz həqiqət olar, əlbəttə. Ancaq bundan ötrü  Rusiya qonşuları ilə münasibətlərinin fəlsəfəsinə yenidən baxmalıdır.

- Siz kimsiniz axı? - deyə yenə üstümə çığırır.

Heç bir vəzifə tutmamış şəxsə qarşı kobudluğu başa düşüləndir. Və Sovet vərdişlərindən azad olmamış rəhbərin təkəbbürlə dediyinə təbəssümlə cavab verirəm.

- Axı, sizin prezidentiniz Heydər Əliyev heç vaxt belə danışmır, heç vaxt özünə rəva görməz Rusiya haqqında belə nalayiq fikirlərə yol versin.

- Viktor Stepanoviç, Heydər Əliyev Prezidentdir, dövlət rəhbəridir, təcrübəli siyasətçidir, dövlətimiz və xalqımız qarşısında məsuliyyəti var. Mənimsə məsuliyyətim yoxdur.

Elə bunu demişdim, zalda bir qəhqəhə qopur gəl görəsən. Baxıram, V.Çernomırdinin sifətindən qəzəb silinib, təbəssümünü də deyəsən, gizlətməyə çalışır.

Sonra digər iştirakçılara söz verilir. Danışanlardan biri Gürcüstanın keçmiş parlament sədri Zurab Jvaniyadır. Sədr vəzifəsindən yenicə istefa verib.

Diqqətlə dinləyirəm. Rusiyanın rolundan danışmır, qıcıqlandırıcı mətləblərə toxunmadan çıxışını yekunlaşdırmaq istəyir. Və axırda heç kimi yox, təkcə bir azərbaycanlı kimi məni qıcıqlandıran tövsiyəsini səsləndirir. Qayıdasan ki, bəs Qafqazda münaqişə tərəfləri arasında iqtisadi münasibətlərin bərpası münaqişlərin həllinə yardım edərdi.

Düşünürəm bu necə siyasətçidir, hansı siyasi məntiqlə mümkün sayır sənin ərazini işğal edənlə iqtisadi münasibətlər qurasan. Bu absurd məntiqə məəttəl qalmışam. Onunla 90-cı ildə Tiflisdə Naira Gelaşvilinin mənzilində verdiyi ziyafətdə şəxsən tanış olmuşam, Qafqav Evi ideyası ətrafında faydalı söhbətlər aparmışıq. İndi zənn-güman içində fikrimdən keçirirəm, bəlkə qərbli həmkarlarına xoş gəlmək üçün belə mənasız danışır? Nitqini bitirən kimi əlimi qaldırıb söz istəyirəm. Moderator şübhəli-şübhəli məni süzür və söz verməkdən başqa əlacı qalmır. Üzümü Z.Jvaniya tutub soruşuram:

- Siz mənə izah edə bilərsinizmi ki,

 ərazisi işğal olunan bir ölkə işğalçı ilə iqtisadi münasibətləri necə qursun? Məni bu tövsiyənizin siyasi məntiqi maraqlandırır.

- Sizi başa düşürəm, əlbəttə. Amma... bilirsiniz.., əslində, başqa mətləbi nəzərdə tuturdum. Doğru, ərazi işğalı qalırsa, bu, çətin olar.., deyə məni bir növ sakitləşdirir.

Müzakirələr bitib, çıxışlarda səslənən fikirləri ümumiləşdirib oxuyurlar, tövsiyələri də səsləndirirlər. Beynəlxalq münasibətlərin demokratikləşdirilməsinə dair tövsiyəm konfliktlərin həllinə yardımçı vasitələrdən biri kimi siyahıda yer alır. Z.Jvaniyanın arxasında dayana bilmədiyi tövsiyəsi isə, necə deyərlər, havadan asılı qalır.

...Zalı tərk edirik ki, toplantıdan sonra təyin olunan ziyafətə qatılaq. Hələlik ayaqüstü "tusovka"dır. Keçmiş dövlət və hökumət rəhbərləri bir-biri ilə söhbət edirlər. Növbəti gün hərə öz vətəninə qayıdacaq. Fürsətdir Macarıstanın keçmiş prezidenti ilə "razborka" aparım. Yaxınlaşıram. Salamlaşırıq. Birbaşa mətləbə keçirəm:

- O nə məsələ idi? O nə irad idi mənə tuturdunuz? Mən Qarabağ məsələsindən danışırdım, fikirlərimi çatdırırdım. Əslinə qalsa, sizin bu məsələyə şəxsən münasibətiniz məni maraqlandırmır, üzrlü bilin. Sizi heç anlamadım, iradınız mahiyyəti üzrə deyildi.

Nə desə yaxşıdır:

- Azad edin də torpaqlarınızı... Nəyi gözləyirsiniz?

- Azad etsək etiraz etməzsiniz ki... necə ki, mənə yığıncaqda etiraz etdiniz.

- Xeyr. Nə etiraz? Torpaq sizindir, ermənilər işğal ediblər, sizin haqqınızdır ki, torpağınızı azad edəsiniz.

- Oldu, təşəkkür edirəm, - deyib aralanıram.

... Ötən ilin oktyabrında, müharibənin şıdırğı vaxtında internetdə rastıma bir məqalə çıxmışdı. Macar Hökuməti Dağlıq Qarabağ Münaqişəsində Azərbaycanın Yanındadır başlıqlı by yazını - https://hungarytoday.hu/hungary-nagorno-karabakh-conflict-eu-summit-azerbaijan/ oxuyanda keçmiş macar lideri ilə söhbətimi xatırladım. Dəyişən geosiyasi reallıqlar fonunda macar siyasətinin bizə münasibətdə müəyyən passiv mövqedən açıq dəstəyə doğru təkamülünü izləmək xoş idi. Hazırda Macarıstan hətta Türk dövlətləri Şurasında müşahidəçi dövlətdir.

Bu ölkədən və Qarabağ dərdimizdən söz düşmüşkən, bir məqamı da xatırlamaya, yazmaya bilmirəm.

2019-cu ilin oktyabr ayında Cənubi Koreyada bir beynəlxalq forumda iştirak edirdim. Ekoloji Sivilizasiya 2 adlanan forumda sessiyaların birinin moderatoru  idim. Həmin sessiyada iqtisadi, məhəlli, geosiyasi, strateji məsələlər üzrə macar alimi Norbert Csizmadia Avrasiyanın Yüksəlişi - Uzunmüddətli və Dayanıqlı Geosiyasətlər mövzusunda məruzə ilə çıxış etmişdi. Konkret iqtisadi göstəricilərə və siyasi reallıqların dinamikasını nümayiş etdirən cədvəllərə istinadla sübut edirdi ki, nəhəng Avrasiya sürətlə işıqlı gələcəyə doğru gedir və dünyanın siyasi ağırlığı yaxın perspektivdə tədricən bu kontinentə keçəcək. Mənim "bəs regional münaqişələr necə olacaq?" sualıma "münaqişələr tezliklə öz həllini tapacaq" cavab verib yenə də məruzəsindəki təhllilərin siyasi məntiqi işığında cavabını inandırıcı şəkildə əsaslandırmağa çalışmışdı. İnanmışdım. Qarabağı qaytara biləcəyimizə ümidim xeyli artmışdı və Bakıya qayıdanda bu nikbin əhvalımı dostlarımla da bölüşmüşdüm. Və düz bir il sonra "Əziz Şuşa, sən azadsan!" nidası bütün dünyaya səs salanda təkan alıb pərvazlandığım həmin o nikbinlik platforması idi...

Qayıdıram İstanbul xatirəmə. Keçmiş macar liderindən aralanıb tək dayanmışam. Bir az kənarda V.Çernomırdin öz köməkçilərinin əhatəsindədir. Baxışlarımız toqquşur. Üzümə gülür. Bayaqkı qəzəbli tövrü toplantıda görüntü üçün imiş. Ona yaxınlaşıram.  Soruşur:

- Nə var, nə yox? Bakıda nə ilə məşğulsan?

- İlahiyyat araşdırmaları, din və demokratiya məsələləri, Quran tərcüməsi, poeziya... Siyasət yox!

- Hm... Maraqlıdır. Amma çıxışınızda peşəkar politoloq kimi danışdınız. Zarafat etmirsiniz?

- Yox, Vladimir Stepanoviç... Nə danışırsınız? - əslində, ürəyimdən keçir zarafata salıb deyim "səninlə zarafatım-zadım var?"

- Mənim Bakıda xeyli dostlarım var, - deyib bir neçəsinin adını çəkir.

Ardınca da:

- Heydər Əliyev olduqca müdrik prezidentdir, sizin bəxtiniz gətirib ki, belə bir rəhbəriniz var, - deyir.

- Əlbəttə...

Öz-özümə düşünürəm, Rusiyanın bu keçmiş baş naziri haqqında ən zəngin şəxslərdən biri kimi danışırlar, gəlsənə söhbətin istiqamətini dəyişəsən. Təsəvvür edin, cibimdə bir qəpik pul olmaya-olmaya birdən "iqtisadi" cəsarətlə oliqarxa qayıdıb deyəsən:

- Vladimir Stepanoviç, siz hazırda Kiyevdə Rusiyanın ticarət palatasına rəhbərlik edirsiniz. Sadəcə elmi, bədii yaradıcılıqla məşğul olsam da, Bakıda yaxşı əlaqələrim var. Gəlin sizə şərikli biznes təklifi edim, bir yerdə pul qazanaq.

Təklifimin həddindən artıq qeyri-ciddiliyini düşünürkən, buna görə özüm-özümü daxilən bir növ əyləndirirkən və ondan da nə isə zarafatyana bir cavab gözləyirkən birdən tamamilə ciddi şəkildə:

- Məmnuniyyətlə, Nəriman. Hansı növ biznesi nəzərdə tutursunuz? - deyə soruşur.

Sual məni qəfil haqladığından sadəcə bunu deyə bilirəm:

- Gəlin belə edək. Mən öz adamımı konkret biznes-planla göndərirəm Kiyevə, mənim adımdan gəlib sizinlə görüşür, ətraflı müzakirə edirsiniz. Sonra görüşünüzə özüm də gəlirəm. Olar belə?

- Əlbəttə. Niyə də yox? Çox xoş olar.

Söhbətimizin bu yerində hamını ziyafət zalına dəvət edirlər. Şam yeməyinə başlamazdan əvvəl daxil olduğumuz aralıq otaqda ayaqüstü spirtli içkilər təklif edilir ki, hərə istəyincə seçimini edib öz qədəhi ilə yemək masası arxasına keçsin. V.Çernomırdinlə hələ ki, bir yerdəyik.

Məndən:

- Nə məsləhət görürsünüz? Nə içək? - soruşur.

- Nəbadə hamıya süzülən o "rakı"ya yaxın durasınız, dərman qoxusu verir. Bizim kimilərin, yəni keçmiş Sovet adamlarının ağız tamına uyğun deyil. Ən məsləhətlisi ağ şərabdır.

- Nədir adı? Rakı? Süd rəngində olan? Bəlkə dadına baxaq?

- Özünüz bilin, mənlik deyil.

- Hə, risk etməyim. Doğru, yaxşısı elə şərabdır.

Qədəhlərimizə şərab süzdürüb protokol qaydasınca bizə ayrılan fərqli masaların arxasında əyləşirik. Ziyafət başlayır. Bir də baxıram azacıq aralıdakı masadan məni səsləyərək qədəhini qaldırır, ucadan:

-Sizin sağlığınıza, - deyir.

- Siz də sağ olun, - mən də qədəhimi ona sarı qaldırıram.

Əlbəttə, sadəlövh deyiləm, əminəm ki, V.Çernomırdin miqyaslı oliqarxı mənimlə hansısa biznes maraqlandıra bilməz, ona maraqlı gələn sadəcə şəxsimdir. Və xəyali biznes ortağımla məsafədən o sağlıq mübadiləsi beləcə son görüşümüzün xatirəsinə yazılır. 

Ertəsi gün yenə Limuzin, yenə İstanbul aeroportu, yenə Bakı, yenə qayğılı düşüncələr girdabında həyat.

Qarabağın mübarək azadlığına hələ təxminən 20 il qalırdı...

 





26.07.2021    çap et  çap et