525.Az

"Qarabağda Çörək Muzeyi" 100 yaşlı "Şərq qapısı"nda - Yazı


 

"Qarabağda Çörək Muzeyi" 100 yaşlı "Şərq qapısı"nda - <b style="color:red">Yazı </b>

Ötən ilin yaz müjdəli payızında Azərbaycan Ordusunun düşmən  işğalında olan cənnətməkan Qarabağımızı azad etməsi, canları və qanları bahasına xalqımıza bəxş etdiyi qürur və sevinc hissləri geridə qalan bir ilə yaxın müddətdə hələ də bizi öz eyforiyasında saxlamaqdadır.

Ali Baş Komandanımızın qətiyyəti və uzaqgörən siyasi iradəsi nəticəsində ərazi bütövlüyümüzün bərpası nə dərəcədə qürurverici idisə, azad olunan torpaqlara istər ölkə rəhbərliyinin, istərsə də ayrı-ayrı rəsmi dövlət qurumlarının, mətbuat nümayəndələrinin, xarici diplomatik korpusların səfəri də bir o qədər fəxr doğurası məqamlar kimi yadda qaldı. Bu gün də işğaldan azad olunan yurd yerlərimizə - Şuşamıza, Ağdamımıza və digər rayonlarımıza səfərlər özlüyündə oraları görüb qayıdanlar üçün zəngin təəssürat yaradır, kədərli və hüznlü xatirələri bərabərində canlandırır.

Belə səfərlər zamanı müxtəlif qələm sahiblərinin, yazıçı və şairlərin, jurnalistlərin, xüsusilə həmin bölgədən olan yazı adamlarının xatirə dolu təəssüratlarını, təəssüf dolu müşahidələrini, qürur dolu sevinclərini ayrı-ayrı qəzet və jurnallarda, xəbər saytlarında, internet portallarında oxuyub, biz də xəyalən o yerlərə səfər edir, Şuşanı, Ağdamı, Füzulini, Cəbrayılı, Laçını və sair rayonlarımızı gözlərimiz önündə canlandırırıq.

Bilmirəm, Ağdamın Qarabağda daha çox əhaliyə sahib olmasındanmı, yoxsa qələm sahibləri, yazı-pozu adamları sarıdan ağdamlıların say çoxluğundanmı, bu rayonla, Ağdam şəhəri ilə bağlı mətbuatda daha çox yazıyla qarşılaşdım və hər birini də birnəfəsə, ağrıyla, sevinclə, hüznlə, kədərlə, qürurla oxudum. Bu bir-birinə zidd olan hisslər burulğanında Ağdamı demək olar ki, elə ağdamlılar qədər sevdim. Həmin yazı müəllifləri yaşadıqları, gördükləri şəhərləri, doğma torpaqları haqqında təəssüflə, ürək ağrısıyla yazılar yazmışdılarsa, mən - o yeri heç görməyən, həm də oralı olmayan biri kimi kənardan müşahidə edərək daha fərqli fikir sahibi olurdum.

Ağdamla bağlı yazıların, demək olar ki, hər birində, həm də verilən fotoşəkillərdə Ağdamdakı məşhur Çörək Muzeyindən bəhs olunur, vəhşi düşmənin vandalizmindən geriyə sadəcə bir divarındakı yarımçıq mozaik təsviri öz əksini tapırdı. Bu mənada Ağdamın Çörək Muzeyi mənim üçün də maraqlı və haqqında daha çox məlumat öyrənmək istədiyim bir məkana çevrilmişdi.

 

Bu günlərdə Naxçıvan Muxtar Respublikasının əsas mətbu orqanı olan, bu ilin noyabr ayında nəşrə başlamasının 100 illiyi tamam olacaq "Şərq qapısı" qəzetində ixtisasıma uyğun olaraq folklora nə dərəcədə yer verilməsi, şifahi xalq ədəbiyyatımızın nəşri, tədqiqi və təbliği sahəsində qəzetin rolu   barədə araşdırmalar aparırdım. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Kitabxanasında, həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində qəzetin pakifkalarını bir-bir gözdən keçirir, hər nömrəyə xüsusilə diqqət ayırırdım. Qəzet 100 illik tarixi boyu bir çox sahələrə işıq tutur, təkcə muxtar respublikanın deyil, həm də Azərbaycanın hər bir guşəsindən materiallar təqdim edirdi. Bu yerdə bir haşiyə çıxıb deyim ki, "Şərq qapısı" qəzeti 1980-1990-cı illər ərzində "Sovet Naxçıvanı" adı ilə nəşr olunmuşdu. Məhz bu dövrdə - qəzetin 6 sentyabr 1988-ci il tarixli nömrəsinin səhifələrində rast gəldiyim bir məqaləni acgözlüklə oxudum: "Qarabağda Çörək Muzeyi" adlı yazını SİTA-nın müxbiri "N.Kupri" imzalı müəllif qələmə alıb. Məqalədə həmin muzeyin nə vaxt yaradılması, hansı eksponatların yer alması barədə ətraflı məlumat öz əksini tapıb.

Məhz bunu nəzərə alaraq həmin məqalə ilə günümüz oxucularının da tanış olmasını istədim. Bir sözünü belə dəyişmədən məqaləni olduğunu kimi təqdim edirəm:

"Builki məhsulun buğda unundan bişirilmiş Qarabağ lavaşı Ağdamdakı çörək muzeyinin sərvətinə çevrilmişdir.  

Ağdam Rayon Partiya Komitəsinin birinci katibi S.Murtuzayev deyir:

- Bu lavaş bizim üçün xüsusən əzizdir. Taxılçılar çətin hava şəraitində çalışmışlar, elə il ərzində şəraitin özü də işə mane olmuşdur - tətillər, nümayişlər... Buna baxmayaraq, kəndlilər var qüvvə ilə işləmişlər. Hamını, hətta təqsiri üzündən dövlətə ziyan dəymiş adamları da yedirtmək lazımdır.

Ağdam rayonunda hər hektardan orta hesabla 40 sentner dənli bitki məhsulu götürülmüşdür. Kirov adına kolxozda və daha bir neçə təsərrüfatda hektarın məhsuldarlığı daha yüksək olmuşdur - 50-60 sentner.

Bu yaxınlarda muzeyə gətirilən lavaş onun salonlarında qoyulmuş 1700 eksponat sırasına daxil olmuşdur. Yeri gəlmişkən, burada ölkədə bişirilən çörək-bulka məmulatlarının demək olar, bütün növlərini görmək mümkündür. Onlar isə təxminən 800 sortdur. Həm də hər bir nümunənin hazırlanması texnologiyası təsvir edilmişdir.

 

Burada "Kosmik" çörək də, Ukrayna və Belarusiyadan gətirilmiş bəzəkli kömbələr, Özbəkistan və Pribaltikadan göndərilmiş çörək, Naxçıvan lavaşı da vardır...

Bu bolluğun yanında balaca bir tara suxarı nəzərə çarpır. Bu, Leninqradın mühasirədə olduğu dövrdən qalmış 125 qramlıq çörəkdir. Onu Neva sahilindəki şəhərin sakini Q.Kanayeva bütün ömrü boyu misilsiz bir yadigar kimi qoruyub saxlamışdır.

Çörək kolleksiyasına Ağdam yaxınlığında arxeoloji qazıntılar zamanı tapılmış buğda dənləri də daxildir. Bu dənlər yeddi min il torpaqda olmuş, buna baxmayaraq, yaxşı qalmışdır. Alimlərin fikrincə, bu tapıntı Zaqafqaziya xalqlarının əkinçilik tarixinə daha bir səhifə yazmağa imkan verəcəkdir.

Muzeyə ekskursiya kafedə başa çatır. Burada isti bulkaların, hər zövqə uyğun olan və peçdən təzəcə çıxmış çörəyin, əlbəttə, çayın dadına baxmaq olar.

Ağdam çörək muzeyi dörd il bundan əvvəl dəyirman bazasının yerində tikilmişdir. Bir çox qocalar onu da, muzeyin işləyən eksponatına çevrilmiş dəyirmanın özünü də yaxşı xatırlayırlar. Qoca dəyirmançı Astan kişi isə muzeyin əməkdaşı olmuşdur. O, bütün ömrü boyu elmi-texniki tərəqqidən qorxurdu, düşünürdü ki, bu, onu sevimli işi ilə məşğul olmaq imkanından məhrum edəcəkdir. Budur, indi qoca dəyirmançı belə qurğuda necə dən üyüdüldüyünü muzeyə gələnlərə nümayiş etdirir.

Rəsmi statusu olan Ağdam çörək muzeyi ölkədə yeganə və dünyada ikinci muzeydir. İlk belə muzey Qərbi Almaniyanın Ulm şəhərində yaradılmışdır".

Məqalə bizə yuxarıda da bəhs etdiyim kimi son dövrlər mətbuat səhifələrindəki fotolarda gördüyümüz, sadəcə mozaikalı bir divarı "sağ qalmış" Ağdam Çörək Muzeyi haqqında ətraflı məlumat verir.

İnanırıq ki, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli qərarları ilə işğaldan azad edilmiş torpaqlarımızda, həmçinin Ağdam şəhərində aparılan bərpa və yenidənqurma işlərinin yekununda Ağdam Çörək Muzeyi də inşa ediləcək və dünyadakı ikinciliyini, ölkədə isə birinciliyini bir daha muzeyə üz tutanlara nümayiş etdirəcəkdir. Muzeyin eksponatları ola bilsin ki, əvvəlki qədər qədim və zəngin olmasın. Amma 1984-cü ildə yaradılan muzeydəki eksponatların zənginləşməsində ölkəmizin hər bölgəsində var olan Tarix-Diyarşünaslıq muzeylərinin dəstəyindən istifadə etmək mümkündür. Eləcə də gələcək nəsillərə elə bugündən başlayaraq zəngin çörək məmulatlarından ibarət muzey bəxş edə bilərik. Bunun üçün təkcə ağdamlılar yox, bütün Azərbaycan vətəndaşları öz fədakarlıqlarını əsirgəməzlər.

Bu yazını yazarkən ürəyimdən bir arzu da keçdi: Bir gün mən də Ağdamı, Şuşanı görə biləydim. Eləcə də ilk əmək fəaliyyətinə başladığım qəzetin səhifələrində rast gələndə heyrətləndiyim və maraqla oxuduğum "Qarabağda çörək muzeyi"ni gəzəndən sonra oradan "Şərq qapısı" üçün reportaj hazırlayaydım.

Kəngərli rayonu, Yurdçu kəndi

 





26.07.2021    çap et  çap et