525.Az

"Şuşaya getmək mənə yuxu kimi gəlirdi" - Müsahibə


 

SƏMAYƏ ALLAHVERDİYEVA: "ŞUŞA SİZİN İDİSƏ, NİYƏ O GÜNDƏ SAXLAYIRDINIZ?"

"Şuşaya getmək mənə yuxu kimi gəlirdi" - <b style="color:red">Müsahibə </b>

Səmayə Allahverdiyeva Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında Laboratoriya şöbəsinin müdiridir. 2021-ci ilin mayında Şuşada keçirilən "Xarıbülbül" festivalında iştirak edib. Necə? Bax bunu söhbətimiz zamanı biləcəksiniz.

- Səmayə xanım, gəlin lap əvvəldən başlayaq. "Xarıbülbül" festivalına niyə başqa rayon yox, məhz Ağcabədidəki xəstəxanadan nümayəndə göndərildi?

- Düzünü deyim, mən də bilmirəm. Amma belə baxsaq, bizim laboratoriyanın nüfuzu var. Respublika üzrə 4-cü səviyyəli laboratoriyadır. Hər halda, bu da nəzərə alınıb.

- Orada işiniz nədən ibarət idi?

- Yaxma analizi götürürdük.

- Bəs bu analizlər çox zaman almırdı?

- Xeyr. Biz yaxmaları kart - test üsulu ilə götürüb yoxlayırdıq. Bu, tez başa gəlir. Əgər testin cavabı pozitiv çıxardısa, onun üçün artıq tam avtomat aparat var idi. Ən müasir aparatdır. Özümüzlə aparıb Şuşada qurmuşduq ki, cavabı pozitiv çıxanları yenidən PZR üsulu ilə analiz edək.

- Şuşaya getməyiniz haqqında məlumat alanda nə hisslər keçirdiniz?

- Onu təsvir etmək mümkündürmü? Heç cür ifadə edə bilmərəm. Əslində, əvvəl hara gedəcəyimizi deməmişdilər. Eləcə şəxsiyyət vəsiqələrimizi istədilər. Düşündüm ki, yəqin Şəkiyə-filana gedəcəyik. Axşam saat 8-də dedilər ki, Şuşaya gedirsiniz. İlahi, o an... Necə danışmaq olar ki, o hissləri? İndi də yadıma düşəndə göz yaşımı saxlaya bilmirəm.

- Əvvəllər Şuşanı görmüşdünüz?

- Uşaq vaxtı getmişəm. Heç yadıma da düşmür.

- Yol gedərkən "Doğrudanmı Şuşaya gedirəm" deyə bir duyğu yaşadınızmı?

- Əlbəttə... Eynən... Elə bilirdim, yuxudur. Qəribə hisslər idi...

- Neçə tibb işçisi getmişdiniz?

-  Üç nəfər idik.

- Məhz siz gedəndə xəstəxanada qısqanclıqla yanaşan oldumu?

 

- Ayy, siz nə danışırsınız? Tək bizim xəstəxana yox ey, respublikada kim eşitdisə, qısqanclıqla yanaşdı (gülür).

- Festivalda necə, iştirak etdinizmi?

- Əlbəttə, hamısını izləyirdik. Hə, yadıma düşmüşkən, Masallıdan olan "Nənələr"dən danışım. Onların söhbətlərindən belə çıxdı ki, qrup üzvlərinin əksəriyyəti ağcabədili ilə qudadırlar. Yamanca tərifləyirdilər qohumlarını...

- Məşhurlardan danışmışkən, demək olar, əksər say-seçmə incəsənət nümayəndələri, siyasi xadimlər orada idi. Onlarla ünsiyyət, tanışlıq... Bu haqda hansı təəssüratlarınız var?

- Birinci növbədə sadəliklərini vurğulamaq istərdim. Orada bizim rahatlığımız, qaldığımız yerdəki şərait... Hər şeylə saatbasaat maraqlanırdılar. İncəsənət nümayəndələri də eləcə... Çox sadə idilər.

- Yəqin ki, avtoqraflar, birgə şəkillər oldu onlarla?

- Bilirsiniz, mənim yaşım da o yaş deyil axı, əlimdə telefon onların ardıyca gedim ki, gəl şəkil çəkdirək. Amma məşhurların özlərindən bizə yaxınlaşanlar oldu. Məsələn, dəyərli sənətkarımız Flora xanım özü bizə təklif etdi ki, gəlin şəkil çəkdirək. Yaxud, Mənsum İbrahimov dedi ki, burada çox əziyyət çəkmisiniz. Sizinlə şəkil çəkdirək, xatirə qalsın.

- Festivalda ən çox yadda qalan nə oldu sizin üçün?

- Ümumilikdə çox gözəl idi. O anları yaşamaq bir xoşbəxtlikdir. Mənə ən təsir edən məqam Prezidentin kövrəlib ağlamağı oldu. Biz elə yerdə əyləşmişdik ki, onu qarşıdan görürdük. Prezident ağlayanda məni də ağlamaq tutdu. Bir bloger var idi. Bunu ötürmədi. Nə qədər etdimsə, kadrı silmək istəmirdi ki, bu anı güclə tutmuşam. Dedim anam görsə, danlayacaq ki, hər yerdə ağlayırsan, ondan sonra sildi...

Festivalın birinci günündə ölkəmizdə yaşayan ayrı-ayrı xalqların yaradıcılıq qruplarının çıxışları da çox yadda qalan oldu. Bildiyimiz kimi, Vətən müharibəsində bu xalqların nümayəndələri fədakarlıq göstərdilər, torpaqlarımızın azadlığı uğrunda sinələrini sipər etdilər. Onların festivaldakı çıxışlarını izlədikcə insanın qəlbi riqqətə gəlirdi. Bu, bir birlik, güc, böyüklük mesajı idi. Cənab Prezident çıxışında da həmin mövzunu xüsusilə vurğuladı.

- Şuşada daha hara getdiniz?

- Gövhər ağa məscidinə, çörək sexinə getdik. Həqiqətən də dadlı çörək bişirilir orada. Sizə bir şey deyim, biz Şuşaya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələndə də getmişdik. Orada da bütün rəqqasların, ictimai xadimlərin yaxmasını götürdük. Sülhməramlılar artıq bizi tanıyırdılar. İkinci dəfə Şuşadan qayıdanda soruşdular ki, həkim, necə gedib-gəldiniz? Dedim əla!

 

- Şuşada yəqin ki, dağılmış, uçmuş, köhnə binaları da gördünüz. Necə təsir etdi sizə?

- Çox pis. Bu bədbəxtlər necə pinti millət imiş. Bax, deyirdilər ki, Şuşa guya onlarındır. Yaxşı, sual vermək lazımdır ki, Şuşa sizin idisə, niyə o gündə saxlayırdınız? İnanırsınız, hər yeri zibilxanaya döndəriblər. Orada təmizliyə baxanlar deyirdilər ki, neçə aydır yığıb-yığışdırırıq, bunların zibili qurtarmır ki, qurtarmır.

- Sonda özünüz nə demək istərdiniz?

- Nə deyim? Şükür bu günə... Bizə yuxu kimi görünənlərin bu gün hamısını real olaraq yaşadıq. Allahdan Ali Baş Komandanımıza uzun ömür arzulayıram. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə və digər döyüşçülərimizə sağlıq diləyirəm. Onların sayəsində biz bu günləri gördük.

Söhbətləşdi: Məhsəti MUSA

 





26.07.2021    çap et  çap et