525.Az

"MEDİA çox gözəl bir ilkə imza atdı" - Reportaj


 

MİLLİ MƏTBUAT GÜNÜ İLƏ BAĞLI BAYRAM TƏDBİRİ VƏ "MƏTBUAT İNCİLƏRİ" SƏRGİSİ BÖYÜK MARAQ VƏ RƏĞBƏT DOĞURUB

"MEDİA çox gözəl bir ilkə imza atdı" - <b style="color:red">Reportaj </b>

İyulun 22-də Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının  Medianın İnkişafı Agentliyinin (MEDİA)təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra qalib ölkənin mediasını özündə əks etdirən "Milli Mətbuat Günü-146 il" adlı video-çarx nümayiş olunub.

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bildirib ki, 146 illik Azərbaycan mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub: "Azərbaycan mətbuatı, jurnalistlərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin carçılarıdır. Əminik ki, milli mediamız bu işi bundan sonra da davam etdirəcək".

Əhməd İsmayılov qeyd edib ki, "Media haqqında" qanun layihəsinin mətni artıq yekunlaşmaq üzrədir. Layihə bitdikdən sonra onun məzmunu ictimaiyyətə açıqlanacaq.

Ə.İsmayılov Azərbaycanla digər ölkələr arasında beynəlxalq media platformalarının yaradılmasının əhəmiyyətindən də söz açıb: "Artıq Azərbaycan və Türkiyə arasında belə platformanın icrası tərəfimizdən təmin edilməkdədir. Belə media platformalarının sayının artırılması gələcəkdə Azərbaycan mediasının güclənməsi və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasına köməklik göstərəcək".

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə vurğulayıb ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək məqsədini qarşıya qoyub.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Fazil Novruzovun fikrincə, 1998-ci ildə senzuranın ləğvindən sonra mətbuat inkişaf edib və yeni bir mərhələyə qədəm qoyulub.

Sonra MEDİA Agentliyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə hazırladığı "Əkinçinin doğru sözü" adlı sənədli filminin treyleri nümayiş olunub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktor müavini Murad Hüseynov tədbir iştirakçılarına film haqqında məlumat verib.

Agentliyin şöbə müdiri Natiq Məmmədli "Mətbuat inciləri" jurnalının təqdimatını edib. O bildirib ki, Agentlik  tərəfindən "Azərbaycan çap mətbuatı tarixi inciləri 1875-1920" illəri əhatə edən jurnal nəşr olunub. Həmin jurnalda 1875-1920-ci illərdə işıq üzü görən qəzet və jurnalların əksəriyyəti haqqında məlumatlar  öz əksini tapıb. Jurnalda sözügedən qəzet, jurnalların ön səhifəsinin şəkili, onlar haqqında Azərbaycan və ingilis dillərində məlumatlar verilib. Bu jurnalda olan nümunələr isə stend formasında "Mətbuat inciləri" sərgisində münayiş olunub: "Sərgidə yer alan stendlərdə 74 qəzet və jurnal haqqında məlumatlar yer alıb".

N.Məmmədlinin dediyinə görə, jurnalda yer alan materiallar elektron versiyada MEDİA-nın rəsmi saytında yerləşdiriləcək: "Elektron versiya sayta yerləşdirildikdən sonra bu məlumatları elektron formada oxumaq mümkün olacaq. Jurnal isə kitabxanalara paylanılacaq".

Şöbə müdiri qeyd edib ki, növbəti  mərhələlərdə Sovet və müstəqillik dövrü mediası barədə məlumatların çap olunması nəzərdə tutulub.

Sonra "Mətbuat inciləri" jurnalına həsr edilən video-çarxın nümayiş olub.

MEDİA tərəfindən təşkil olunan fərdi jurnalist müsabiqəsi haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb.

Tədbir iştirakçıları 1875-1920-ci illərdə nəşr olunan qəzet və jurnalların nümayiş etdirildiyi "Mətbuat inciləri" sərgisinə baxıblar və sərgi böyük maraqla qarşılanıb.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Azərbaycanda 1875-1920-ci illərdə nəşr olunan qəzet və jurnalların nümayiş etdirildiyi "Mətbuat inciləri" sərgisini və bu ideyanı çox bəyəndiyini deyir. Baş redaktorun sözlərinə görə, Dənizkənarı Milli Parkda, insanların çox gəlib-getdiyi bir yerdə belə bir sərginin keçirilməsi və BDU-nun Jurnalistika fakültəsi tələbələrinin sərgidə nümayiş olunan stendlərin yanında dayanaraq "Əkinçi" qəzetindən başlayaraq tarixən çap olunan qəzetlərimiz, mətbuat orqanlarımız barədə məlumat verməsi çox yaxşı təşəbbüsdür: "Sərgidəki əksər stendlərə yanaşdım, Jurnalistika fakültəsinin tələbələri ilə söhbət etdim. "Mətbuat inciləri" sərgisi məndə yüksək təəssürat yaratdı.  Bizim əski mətbuat orqanları haqqında məlumatın belə stend şəklində nümayiş olunması çox müsbət hadisədir. Arzu edərdim ki, vaxtaşırı və ya hansısa günlərdə o stendlər yenidən nümayiş olunsun. Dənizkənarı Parkda müxtəlif bu kimi stendlər var. Məsələn, köhnə Bakı bulvarının şəkilləri nümayiş olunur. Çox yaxşı olar ki, bizim əski mətbuat orqanları haqqında məlumatları özündə əks etdirən bu stendlərin sərgi şəklində vaxtaşırı nümayişi təşkil edilsin. Dənizkənarı Milli Parka üz tutan insanlar da bu stendlərlə yaxından tanış olub mətbuatımızın keçmişi barədə məlumatlar əldə etsinlər. Bir də çox istərdim ki, stendlərin yanında dayanan tələbələr öz stendləri haqda qısa videolar hazırlasınlar. MEDİA təfəfindən isə bu videolar toplanaraq bir videoçarx şəklində hazırlansın. Məncə, bu, həm ensiklopedik məlumat, həm də maraqlı bir ideyanın təqdimatı kimi çox yaxşı qarşılanar".

Əflatun Amaşov vurğulayıb ki, "Mətbuat inciləri" sərgisini izləyən hər kəs sanki Azərbaycan mediasının tarixini səhifələdi, jurnalistikamızın keçdiyi yola nəzər saldı. Sərgidə yer alan stendlərdə "Əkinçi"dən sonra işıq üzü görən bütün qəzet və jurnallar haqqında məlumatlar, onların şəkilləri yer almışdı. Stendlərə yaxınlaşan hər bir sərgi iştirakçısına isə orada yer alan qəzet və jurnal barədə ətraflı məlumatlar verilirdi: "İlk dəfə idi ki, Milli Mətbuat günü münasibətilə təşkil olunan  tədbirdə belə bir sərgi nümayiş olunurdu.Mən də hər kəs kimi çox böyük maraqla bu sərgini izlədim. Stendlərin hər biri ilə yaxından tanış oldum. Doğrudan da hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. MEDİA-nın bu ideyasını çox bəyəndim".

Fransızdilli "Le Carrefour" (“Yol qovşağı”) qəzetinin təsisçisi və baş redaktoru Zeynab Kazımova MEDİA-nın Milli Mətbuat Günü münasibətilə təşkil etdiyi tədbirdə iştirakdan və "Mətbuat inciləri" sərgisini izləməkdən çox məmnun qalıb: "Milli Mətbuat Günündə belə bir sərginin keçirilməsi simvolik xarakter daşıyırdı. Bu sərgi 146 illik mətbuat tarixinə bir nəzər yetirmək baxımından çox yaxşı düşünülüb. Mən sərgini izlədikdə, stendlərin qarşısında qayandıqca xəyalən oradakı qəzet və jurnalların çıxdığı dövrlərə qayıtdım. Bu sərgi sanki keçmişdən bu günə və bu gündən gələcəyə bir körpü rolunu oynadı. Biz keçmişimizə bir nəzər saldıq, dünənimizlə üz-üzə gəldik. Fərqli duyğular, hisslər yaşadıq.Mən bu sərgidən böyük zövq aldım. Çox maraqlı bir məqamı da xüsusi olaraq vurğulamaq istəyirəm. Stendlərdə Azərbaycan mətbuat tarixindən danışarkən adları daha tez-tez çəkilən "Əkinçi","Həyat", "Şərqi rus" "Kaspi" kimi qəzet və jurnallarla yanaşı dörd, altı ay, bir il müddətində nəşr olunan, daha sonra müxtəlif səbəblərdən fəaliyyətini dayandıran mətbu orqanlar haqqında da məlumatlar yer almışdı. Bütün bunların araşdırılması və məhz Milli Mətbuat Günündə ictimaiyyətə təqdim olunması çox yaxşı təşəbbüsdür. "Mətbuat inciləri" sərgisi Milli Mətbuat Günü keçirilən tədbirə xüsusi rəng qatdı. Mən bu sərginin təşkili üçün MEDİA-ya çox təşəkkür edirəm, bu ideyanı alqışlayır və dəstəkləyirəm. Çox istərdim ki, bu ideya bir layihə formasında davam etdirilsin".

Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu bildirib ki, "Mətbuat inciləri" sərgisi 146 illik şərəfli yola müfəssəl bir baxış idi. Oradakı stendlərin hər biri klassik Azərbaycan mətbuatının bir nümunəsinə həsr edilmişdı: "Jurnalistika fakültəsinin 2 və 3-cü kurs tələbələri MEDİA könüllüləri olaraq stendlərin yanında dayanıb sərgi iştirakçılarına stenddə yer alan mətbu orqan haqqında  ətraflı məlumat verirdi. Onlar böyük həvəslə bu işin öhdəsindən gəlirdilər. Bu bizim klassik irsimizin tanıdılması idi. Gənc nəslin nümayəndəsi, gələcəyin jurnalisti bu klassik irsimizi tanıdır, təqdim edirdi. Milli Mətbuat günündə fərqli bir formatda tədbir və belə möhtəşəm sərgi təşkil etdiyi üçün mən MEDİA-ya öz təşəkkürümü bildirirəm".

BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu vurğulayıb ki, hər il Milli Mətbuat günündə tədbirlər təşkil olunur, ancaq bu il MEDİA-nın keçirdiyi tədbir digərlərindən tamamilə fərqlənirdi: "Bu tədbir əvvəlkilərdən sözün yaxşı mənasında seçilirdi. Həm tədbir, həm də sərgi yüksək səviyyədə keçdi. MEDİA-nın təşkil etdiyi "Mətbuat inciləri" sərgisi çox bəyənildi. MEDİA bu ideyası ilə çox gözəl bir ilkə imza atmış oldu. Maraq doğuran digər məqam isə ilk dəfə olaraq BDU-nun Jurnalistika fakültəsinin tələbələrinin, gələcək jurnalistlərin MEDİA könüllüləri olaraq bu işə cəlb olunması idi".

Sevinc QARAYEVA

 





26.07.2021    çap et  çap et