525.Az

Makron Bakıda nələrdən danışacaq? - Sosial şəbəkədə yazılanlar


 

Makron Bakıda nələrdən danışacaq? - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- "Studentlər"in Ukrayna nəşrinə ön sözü  bitirdim. Bu romanı və Yusif Vəziri sanki yenidən kəşf etdim. Bütün Sovet ədəbiyyatı Leninin şəninə difiramb oxuduğu bir dövrdə Yusif Vəzir ilk nəşri 1931-ci ildə çıxan "Studentlər"də "proletariatın dahi rəhbəri" haqda qəhrəmanının dili ilə belə deyirdi. "Savadsız, sərxoş və yıxıcı bir xalq yenilik qura bilməz. Lvovlara təhəmmül edə bilmədiyimiz halda ortalığa bir də bir Lenin çıxdı. Bu, baltanı bir az da ağacın dibindən vurur. Vursun, baxalım sonu nə olacaq? Bunlar hamısı alman oyunlarıdır. Lenin düz adam olsaydı, Vilhelm onu qapalı vaqonda bizə göndərməzdi..."

Bu adam, necə deyərlər, başını qoltuğuna vurub gəzirmiş. Belə qorxmaz ziyalılarımız olub...

***

- Vaxtı ilə ingilis fantastı Herbert Uels Lenini "Kreml xəyalpərəsti" adlandırmışdı. Amma xəyalpərəstlərin  ən anaşı bizim qonşuluğumuzdadır. Ağayi Paşinyanı deyirəm. Deməli, çox düşünüb-daşınandan sonra yaxın bir neçə ildə ABŞ-dan 100 min erməninin, Yaxın Şərq ölkələrindən isə 50 min erməni ailəsinin (aşağı-yuxarı 150-200 min nəfər) Ermənistan adlı bankrot dövlətə köçürülməsi qərarına gəlib. Görünür, yerli istehsal imkanları tamamilə tükənib... Soruşan gərək ay bədbəxt, sən məmləkətdən qaçan ermənilərinin qabağını saxlaya bilmirsən, yeniləri (həm də Ermənistanın inkişafına nail olacaq ağıllı adamları) hansı yolla viranə ölkəyə cəlb edəcəksən? 

Əziz Əlibəyli, jurnalist:

- Yeni Qərargah rəisi Kərim Vəliyev əslən Qazaxın Salahlı kəndindəndir. Babası Kərim ağa Vəkilov Qafqaz İslam Ordusunun tərkibində döyüşüb, Türkiyə və Azərbaycan Cümhuriyyətləri arasında hərbi əlaqələri, yardımlaşmaları təşkil edib, koordinasiya işini həyata keçirib.

Babası Kərim ağa Vəkilov Səməd Vurğunun doğma əmisi oğludur. Kərim Vəliyev ana babasının adını daşıyır. Leyla xanım Vəkilovanın oğludur. Yəni Leyla xanım atasının adını oğluna qoyub. Soyad fərqliliyi də burdandır. Həm də Kərim Vəliyev tək ana tərəfdən deyil, ata tərəfdən də Vəkilovlara bağlıdır. Ağa nəslindəndir. 

Nura Suri, müğənni:

- Görünən budur ki, bir müddət sonra hamı hər yerə COVİD pasportu ilə gedə biləcək. Alış-veriş mərkəzləri, restoranlar, kino teatrlar və s. Beləcə hamı tam və rahat kontrol olunacaq. Terrorizm sıfıra enəcək, oğurluq və başqa cinayət hallarının sayı azalacaq (bircə yaxşı olan hal budur ancaq).

Zatən mobil telefonlar da kontroldadır. Nəinki həyatımız, beynimiz də.

Əvvəllər Hollivud filmlərində görürdük ancaq.

İllər öncə Uill Smitin çəkildiyi bir film yadıma düşdü - "Vraq qosudarstva". 1998-ci ilin filmidir. Vaxtınız olanda baxın.

Sonra isə Snovdenin açıqlamaları (əgər məlumatsızsınızsa, hətta filmi də var izləyə bilərsiniz).

Yazılan kitablar, çəkilən filmlər gerçəkləşir və biz başqa bir dünyada yaşayırıq artıq.

Black Mirror serialında gördüklərimiz də gerçəkləşir yavaş-yavaş.

Sonra da deyirsiz həyat filmlərdəki kimi olmur. Olur! 

Mehriban Zeynalova, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri:

- Hadisələrin hay-küyündə eşidilməmək ehtimalını düşünüb, ya ümumən gecikirəm, ya da...

Jurnalistlərin evləri ilə bağlı düşüncəmi bölüşmək istərdim.

Mənə görə jurnalist peşəsi ən təhlükəli peşədir. Ən qaynar nöqtələrdə onlar olur... müharibə, təbii fəlakətlər, adi yol hadisələri, kütləvi tədbirlər, adi tikinti, yanğın və s. Təbii ki, belə təhlükəli peşədə olan ailəli şəxslərin evlərinin olması çox vacibdir. Amma bəzi hallarda bu və digər səbəbdən tək övlad böyüdən  qadın jurnalistlərin evlərinin olması üçqat vacibdir... Çünki onlar ən azı övladlarından həmişə əmin ola bilər.

O baxımdan belə hallarda hətta kişi həmkarları tək övlad böyüdən qadın jurnalistlərin siyahısını cənab Prezidentə ilk növbədə təklif edib, hətta onun dəstəklənməsi üçün müraciət də ünvanlamalıdırlar. 

Bəhruz Həsənov, jurnalist:

- Canlı yayım sırasında məşhur elm adamı Cəlal Şəngörə deyilir ki, Çanaqqala savaşında Türkiyəni dini inanc qurtardı.

Cəlal hoca möhtəşəm cavab verir: "İnanc bizi Balkan savaşında niyə qurtarmadı? Ağıllı komandirlər xilas edib bizi".

İnanc, dini bağlılıq önəmli məsələlərdir, amma smart müharibələrin taleyini dua yox, pua və yaxud dini fətva yox, hərbi-innovativ fərq, fərasət müəyyən edir.

Yeni nəsil müharibələrin taleyi fəzada həll olur, üləmaların isə fəza anlayışı 7-ci əsrin idrakından o tərəfə keçmir... 

Sahib Alıyev, millət vəkili:

- Ermənistan mediası Göyçənin Kəlbəcərlə sərhəd kəndlərində yaşayanların qədim yurd yerlərimizi tərk etdiklərini yazır. Səbəb kimi isə onların sərhəddəki atışmadan qorxmaları göstərilir. Bu gün baş verənlər, yəni ordumuzun Kəlbəcərdəki mövqelərinin yenidən atəşə tutulması təsdiqləyir ki, düşmən hürən və eyni zamanda da, quyruq bulayan it kimi davranır. Gec-tez hürmək kəsiləcək. Çünki hürdürənlər bunun perspektivsizliyini anlamaqdadırlar.

"Dağlıq Qarabağ Muxtar Vilayəti artıq ləğv edilib və Azərbaycan Ordusu bu keçmiş vilayətin böyük hissəsini, o cümlədən, mühüm şəhəri Şuşanı nəzarətə götürüb. İndi Azərbaycanın tərkibində "Dağlıq Qarabağ" adlı inzibati-ərazi vahidi yoxdur və hər hansı leqal status da gündəmdə deyil". Rəsmi Bakının Qarabağın dağlıq hissəsiylə bağlı mövqeyinin təkrarlandığı bu cümlələr ABŞ-ın beynəlxalq siyasət üzrə ixtisaslaşan "Foreign Policy" nəşrində yer alıb. Və orada belə bir cümlə də var: "Minsk qrupunun fəaliyyəti dəfn edilib, indi real sülh və barışıq zamanıdır, geriyə baxmaq yox, gələcəyə istiqamətlənmək vaxtıdır". Demək, artıq qərbdə də Azərbaycanın yaratdığı yeni reallıqla barışmaqdan başqa ayrı yolun qalmadığını dərk edənlərin sayı artır. Ermənistan rəhbərliyi bunun nə qədər tez fərqində olsa, bir o qədər özləri üçün yaxşıdır. 

Aqil Kəngərli, jurnalist:

- GÖZƏL GÖYÇAYIM. BIĞIR KƏNDİ...

BIĞIR - qədim türk dillərində dağ çıxıntısı, qala mənasını verir. Dəvə yatan yer kimi mənalandıranlar da var. Əhalisi 1537-ci ildən sonra Şamaxının Buğurd qalasından köçüb burda məskunlaşıb.

Bığır Göyçayın ərazi və əhali cəhətdən ən böyük kəndidir. Azərbaycanda narın Vətəni Göyçay, Göyçayda isə Bığırdır.

Çinin Sintszyan-Uyğur ərazisində də Bığır adlı şəhər, çay var. Bığır kəndi qonşu İsmayıllı rayonunda da var.

1918-ci ildə Qafqaz İslam Ordusu ilə Bakı XKS qüvvələri arasında bu kəndin ərazisində də döyüşlər gedib. Kənddə TÜRK DAĞI adlanan yerdə türk şəhidinin məzarı, kəndin girəcəyində isə bununla bağlı abidə var. 

Azad Əliyev, jurnalist:

- Niyə jurnalistləri tənqid edirsiniz? Bu ölkədə Flora Kərimova şəxsiyyətdə, ləyaqətdə neçə müğənni var? Fuad Poladov, Rasim Balayev ucalığında, məğrurluqda neçə aktyor var idi? Neçə peşəkar, vicdanlı həkimimiz var? İşini bilən neçə mühəndisimiz, çilingərimiz, fizikimiz, dulusçumuz var? Hər sahədə ləyaqətli, vicdanlı, işinin peşəkarı olan şəxslər bir əlin barmağı qədər ola, ya olmaya. Cəmiyyətimizdə insan problemi var. Bizim jurnalist, həkim, müəllim problemimiz yoxdur.

Emin Əmrullayev, təhsil naziri:

- İyulun 25-də Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Zəfər" düşərgəsinin iştirakçıları Qubaya yola düşüb. 

İyulun 31-dək Quba STEAM Mərkəzində baş tutacaq düşərgədə 74 şəhid övladı iştirak edir. Düşərgə iştirakçıları bu müddət ərzində birgə maraqlı, intellektual və əyləncə dolu zaman keçirəcəklər. 

Elxan Şahinoğlu, politoloq:

- Fransa prezidenti Emmanuel Makron Ermənistanla yanaşı, bu dəfə Azərbaycana da rəsmi səfərə gəlmək istəyərsə, bu, Paris və Bakı üçün nə demək olacaq? Aydındır ki, Makron İrəvanda ermənilərin eşitmək istədiklərini deyəcək. Ancaq Makron anlayır ki, onun bu mövqeyi Azərbaycanı Fransadan daha çox uzaqlaşdırır. O, İrəvanda dediklərini Bakıda təkrarlamaq istəyərsə, onun söylədikləri cavabsız qalmayacaq. Bu isə Fransa-Azərbaycan münasibətlərinə əlavə gərginlik gətirəcək. Yox, əgər Makron Bakıda daha diplomatik ifadələr işlətməyə üstünlük verərsə, bununla iki ölkə arasındakı münasibətləri bir qədər əvvəlki məcrasına qaytara bilər. Bütün halarda Makron ermənilərə rəğbətini gizlətmir və həmsədr olaraq "balans" siyasətini çoxdan unudub. Makron prezident olduğu dövrdə Fransa-Azərbaycan münasibətləri normallaşmayacaq və onun Bakıya mümkün səfəri heç nəyi dəyişməyəcək. 

Etibar Məmmədov, jurnalist:

- Paşinyanın Qazax rayonu ilə sərhəd bölgəsinə müəmmalı səfəri - Qazaxın işğal altındakı kəndləri geri qaytarılır?

Nikol Paşinyan Ermənistan polis rəisi Kazaryanın və onlarla polis əməkdaşının müşayiəti ilə Qazax rayonu ilə həmsərhəd Tavuş bölgəsinə gedib.

Paşinyan səfər çərçivəsində yerli özünüidarəetmə orqanları ilə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyasi və demarkasiyası ilə bağlı məsələləri müzakirə edəcək.

Erməni ictimaiyyəti narahatdır ki, Paşinyan artıq Qazax rayonunun işğal altında olan 7 kəndini qaytarmaq məcburiyyətindədir və bu məsələni yerli hakimiyyətlə razılaşdırmaq, kəndlərdəki əhalini evukasiya etmək niyyətilə bölgəyə yollanıb.

"Əgər sərhədlərin delimitasiyası prosesində SSRİ dağılmamışdan əvvəlki Sovet xəritələrinə istinad olunacaqsa, Ermənistan Tavuş rayonunda birtərəfli güzəştlərə gedəcək və strateji əhəmiyyət daşıyan bir sıra yaşayış məntəqələrini Azərbaycana təhvil verəcək", - Teleqram şəbəkəsinin erməni seqmentinə aid bəzi səhifələri bu təxminləri irəli sürürlər.

Rəşad Mahmudov, millət vəkili:

- Əvvəllər Bakıdan Astaraya getmək üçün 4-5 saatımızı yolda keçirməyə məcbur olurduq. Yol dağınıq və əksər yerlərdə sürət həddi 60 km/s idi. Hazırda çox keyfiyyətli avtomagistral mövcuddur, üstəlik, təzə yol 50 km daha qısadır. Gediş-gəliş rahat olduğuna görə insanlar cənub bölgələrimizi, xüsusi ilə Astaranı yeni-yeni kəşf edirlər.

Rayonumuzu ziyarət etmək istəyənlər üçün Astaranın gəzməli və görməli yerləri, təbiəti, mətbəxi və mədəniyyəti haqqında paylaşımlar edərək hər kəsə "Astaranı kəşf et" deyə səslənmək qərarına gəldik.

 





27.07.2021    çap et  çap et