525.Az

Jurnalistin ayaqqabısı - Yazı


 

Jurnalistin ayaqqabısı - <b style="color:red">Yazı </b>

Qəribə sözlərimiz, deyimlərimiz var. "Bulaq başı" verilişində istifadə etmək üçün deyimlər axtarırdım. Başmaq sözü ilə bağlı maraqlı fikirlərə ürcah oldum.

Birincisi, başına gələn başmaqçı olar deyiblər. Yəni, bir hadisə ilə qarşılaşıb onun sonda hansı nəticələr verdiyini bilən adam öyrəncəli olur. İkinci dəfə müəyyən ehtiyat tədbirləri alır ki, sonluq öz istədiyi kimi olsun. Məsəl üçün, bu ermənilər ki var, bizi artıq başmaqçı olmağa öyrətdilər. Onların murdar nəfəsindən bilirik ki, hansı qurğulara, tələlərə əl atacaqlar. Düzdü, təəssüf ki, bəzən başmağı geyənəcən, yaxud, geydirənəcən günahsız qurbanlar da olur. Səkkiz-doqquz ay bundan qabaq Dəmir yumruğu başlarında hiss eləyəndə təslim olmağa ermənilərin başmaqları da razıydı. Gərək biz onların başmaqlarını sevinməyə qoymayaydıq. Iki ayağımızı bir başmağa dirəyib, onların başmaqlarının tozunu da o torpaqlardan siləydik.

Vaxtilə məşhur fransız sərkərdəsi Napoleonun sözgətirəni, özəl elçisi Jauber (onu da deyim ki, məşhur diplomat olub bu adam) bizim Xalxal meşəsindən keçib Zəncana, oradan da Tehrana gedir. Məqsəd Fətəli Şahla görüşmək, fransız hökmdarının sözlərini ona çatdırmaq idi. Onu da deyim ki, bəlkə bilməyənlər var, Fətəli şah Ağa Məhəmməd Şah Qacarın dopdoğmaca babasıdı. Qacarı yəqin tanıyarsınız:

- Bəs baş əymədiniz?

- Əymədim, bəli!

Əyilməz vicdanın böyük heykəli.

- Qılınclar toqquşub iş görən zaman,

Neylər dediyiniz quru bir vicdan?

- Vicdan dedikləri bir həqiqətdir,

Beşiyi məzari əbədiyyətdir.

- Bəs zindan necədir, qaranlıq zindan?

- Soyuq məzara da zinətdir insan.

Hə, elə bu məşhur deyişmədən tanımışam mən də onu. Hətta orta məktəbdə müəllim lövhəyə çıxaranda mən həmişə Vaqifin sözlərini deyərdim.

Bir haşiyə: O vaxt yalandan cızma-qara elıyirdim. Yazdıqlarımı sandıqda gizlədirdim. Hətta Naxçıvan haqqında səkkizinci sinifdə yazdığım bir şeirim vardı. Uşaq təxəyyülü nə qədər imkan verərsə, o qədər yəni. Tərtibçinin o qədər xoşuna gəlib ki, son şeirlərimin üstündən "xətt çəkib", o şeiri antologiyada işıqlandırıb. Sağ olsun, mənim uşaq şeirimi öz ustad şeirləri ilə bərabər tutub.

Amma Vaqifə də halal olsun, gözəl cavablar verib. Hələ Qacar sonluqda deyir,  bu sarayı, xanədanı sənə tapşırıram, amma fars dilində yazmalısan. Vaqıf razı olmur:

Farsın öz qüdrətli şairləri var...
Bizim bu dağların oğluyam mən də,

Az-az uydururam yeri gələndə - deyir.

Deyirəm, ay ustad, azad olub səni sənə qovuşduran o gözəl Qarabağ torpağından baş qaldırasan, görəsən necə söz uyduranlar əmələ gəlib. Sayı yox, hesabı yox. Hamısı da təmiz Azərbaycan dilində yazır. Daha Sənin kimi ana dilimizin saflığını qoruyan qoşmalar, gözəlləmələr yox e, bu "qafiyə ustaları" nə gəldi, necə gəldi, kimdən gəldi yazırlar. Ustad, sizin vaxtınızda nə internet var idi, nə sosial şəbəkələr. Yəqin ki, o vaxt sözdən, ədəbiyyatdan, sənətdən qazanc yolu tapmaq üçün gündə bir antologiya, fəxri ad diplomları icad eləyib, layiq oldu-olmadı haqqı ilə ucuz şöhrət olmaq istəyənlərə sırıyanlar yox idi. Olsa idi, Sabir də bir gün görərdi. Daha sabun bişirib satmaqla dolanmazdı. O vaxt qələm, ruçka mükafatı olsaydı, vallah, qızıl yox a, brilliyant qələm mükafatı alanlar sırasında birinci Sabir gələrdi. Bircə "Fisincan" şeirinə görə qızıldan heykəlini qoyardılar gərək:

Sanma əzdikcə fələk bizləri viranlıq olur,
Un təmənnası ilə buğda dəyirmanlıq olur.

Qarışıqdır hələlik millətin istedadı, -
Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur.

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur...

Təəsssüf ki, ustad şairlərimiz bu birincilikdən, özəlliklərdən, "dəyərli" mükafatlardan məhrum olublar. Nə isə, başınızı ağrıtmayım ki, mənim də başım ağrımasın. Hörmətli diplomat qonağımız Jauberi yarıyolda qoyub, gəlib şairlikdən dəm vururam...

Demək, Jauber Fətəli şahın hüzuruna ayaqqabılarını, yəni başmaqlarını çıxararaq gəlmişdi.

 

 





27.07.2021    çap et  çap et