525.Az

"Şərq qapısı"na gedən çətin yol - Media


 

"Şərq qapısı"na gedən çətin yol - <b style="color:red">Media </b>

XIX əsrin 90-cı illərində Naxçıvanda qəzet çıxarmaq təşəbbüslərinin olması haqqında məlumatlar vardır. Məhəmmədtağı Sidqi, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Məhəmməd ağa Şahtaxtılı kimi yerli ziyalıların bu təşəbbüsünün həyata keçirilməsinə Rusiya hakim dairələri imkan verməmişdi.

Naxçıvanda Sovet hakimiyyəti elan edildikdən sonra rejimin ideologiyasının həyata keçirilməsində fəal rol oynaya biləcək bir mətbuat orqanının təsis edilməsi zərurəti ortaya çıxmışdı. İlk addım kimi 1921-ci idə Naxçıvanda divar qəzetinə oxşar "Kommunist" adlı bir qəzet buraxılır. Həftədə bir dəfə əlyazma şəklində çıxan və tirajı 50 nüsxəyə çatan bu qəzetin heç bir nömrəsi bu günədək gəlib çatmasa da, adından hansı məramda olduğu aşkara çıxır. Belə bir qəzetin çap olunması haqqında "Şərq qapısı" qəzetinin özü 1925-ci il 31 mart tarixli nömrəsində məlumat vermişdi. Həmin məlumatdan o da aydın olur ki, qısa müddət ərzində qapanan "Kommunist" qəzetinin əvəzinə 1921-ci ildə Naxçıvan İnqilab Komitəsi tərəfindən "Naxrespublika" adlı rus dilində iki səhifəlik bir qəzet nəşrə başlayıb. Əlverişli mətbəə avadanlıqları olmadığı üçün bu qəzetin çapında "Amerikanka" adlandırılan makinadan istifadə edilmişdi. Cəmi 2-3 nömrəsi çıxan həmin qəzetin də heç bir nömrəsi əldə yoxdur. Güman etmək olar ki, bu qəzetin öz nəşrini dayandırmasının səbəbi rus dilində çıxması idi. Əhalisinin 90 faizindən çoxunun rus dilini bilmədiyi bir məkanda kommunist ideologiyasını belə bir qəzet vasitəsi ilə geniş kütlələrə təlqin etmək olmazdı. Odur ki, yeni bir qəzetin nəşri barəsində düşünülürdü. Belə bir qəzet Naxçıvan Sosialist Şura Cümhuriyyəti Cavanlar İttifaqının Ölkə Komitəsi tərəfindən  1921-ci ilin noyabr ayının 1-də mətbəədə nəşrinə başlanılan, lakin texniki çətinliklər üzündən   noyabrın 9-da birinci nömrəsi işıq üzü görən "Cavanlar həyatı" oldu. Ərəb əlifbası ilə vərəqə şəklində 100-dən çox tirajla çıxan həmin qəzetin ilk nömrəsi bu günədək qorunub saxlanılıb. Birinci nömrədə qəzet öz məramı barəsində oxuculara belə məlumat verirdi: "Bu ruznamə (qəzet - F.X.) gələcəkdə cavanlar ittifaqının nə olduğunu, cavanların gələcəkdə ümumdünya sahəsində nə kimi rol oynamalı olduqlarını fəhlə və kəndli cavanlarına bəqədri-imkan bildirəcək".

Birinci nömrədə dərc olunan "Cocuq həftəsi", "Naxçıvan xəbərləri", "Ərazi komissarlığının məlumatı" sərlövhəli yazılardan aydın olur ki, qəzetin oxuculara verdiyi məlumatlar kommunist ideologiyası mövqeyindən dəyərləndirilir. Qəzetin digər nömrələri əlimizə gəlib çatmasa da, bu ruhun həmin nömrələrə də hakim kəsilməsi şübhə doğurmur.

"Cavanlar həyatı"nın tələm-tələsik qoyulan adı o dövrdə bolşeviklərin Naxçıvanda həyata keçirəcəkləri məram üçün yararsız idi. Çünki bu ad əhalinin bütün təbəqələrini özündə etiva etmirdi. Halbuki bolşeviklər öz mənfur siyasətlərini həyata keçirmək üçün əhalinin hər təbəqəsindən istifadə etmək niyyətində idi. "Cavanlar həyatı"nın ömrünün bir ay yarımdan çox çəkməməsinin səbəblərindən biri də bu olmalı idi. 1921-ci ilin dekabrında o, "Füqəra səsi" adlı bir qəzetlə əvəzləndi. Bu ad da yuxarıda göstərdiyimiz səbəbə görə özünü doğrulda bilməzdı. Xatirə materiallarından öyrənmək olur ki, heç bir nömrəsi əlimizdə olmayan həmin qəzet 1922-ci ilin aprel ayınadək öz nəşrini davam etdirmişdi.

Şərq qapısı” qəzeti və blokada Naxçıvanı yaxud 100-ün 30-u – Boyukmillet.com 

Naxçıvanda nəşr olunacaq qəzet üçün ad axtarışları, nəhayət, 1922-ci ilin may ayında uğurla nəticələndi. Həmin vaxt qəzetin bir neçə nömrəsi "Şərq qapısı" adı ilə işıq üzü gördü, lakin o da qısa müddətə öz nəşrini dayandırmalı oldu. 1923-cü ilin ortalarında isə qəzet "Şərq qapısı" adı ilə yenidən nəşrə başladı.

Bütün bu proseslər "Şərq qapısı"nın 1924-cü il 33-cü nömrəsinə əlavədə qəzetin idarəsi tərəfəndən belə şərh olunur: "Gənclər həyatı", "Naxçıvan cümhuriyyəti" namında rus qəzetəsi, "Füqəra sədası" və "Şərq qapısı" qəzetələri ta 1923 ilə nəşr edilib hərəsindən bir neçə nömrə buraxılıb dayandırıldılar. Qapanmaqlarına əvvəlinci ümdə səbəb mətbəə alatının olmamazlığı, mürəttiblərinin yoxluğu, cəmaətimizin qəzetəyə kəmhəvəsliyi və müxbirlərin məlumat yazmaqdan qorxmaqları idi. 1923-cü ildə "Şərq qapısı" qəzetəsinin ikinci dəfə nəşrinə şüru edilib işə başlanıldı". Və qeyd edək ki, həmin dövrdən bu günədək qəzet öz varlığını qoruyub saxlaya bildi.

"Şərq qapısı" bolşeviklər tərəfindən  siyasi niyyətlərlə təsis edilsə də, o dövr ziyalıların nəsildən-nəslə keçən  maarifçilik ənənələrini davam etdirməsi  üçün mötəbər bir tribuna olmalı idi. Ona görə də yerli ziyalılar mərkəzi hökumətin köməyinə arxalanaraq birinci növbədə qəzetin varlığını qoruyub saxlamağa və geniş xalq kütləsi içərisində yayılmasını təmin etməyə ciddi səy göstərirdilər. Həmin ziyalılar və əhalinin müxtəlif təbəqələrinin içərisində Sovet hökumətinə inanmayan, verilən vədlərə şübhə ilə yanaşan, milli-mənəvi dəyərlərə möhkəm tellərlə bağlı olanlar az deyildi. Şübhəsiz ki, Naxçıvanda nəşr olunan qəzetə "Kommunist", "Naxrespublika" və "Füqəra səsi" kimi adların verilməsi onları razı sala bilməzdi. Qəzetə "Şərq qapısı" kimi uğurlu bir adın verilməsində bəlkə də onların çox böyük təsiri olmuşdur. Çünki o dövrdə hələ nəinki Naxçıvanda, heç bütünlüklə Azərbaycanda da Sovet hakimiyyəti möhkəmlənməmişdi və belə həssas məsələlərə ehtiyatla yanaşılırdı. Şübhəsiz ki, bolşeviklərin tam ixtiyarında olsa idi, onlar heç vaxt Ulu Atatürkün Naxçıvanı "türkün qapısı" adlandırması ilə səsləşən  "Şərq qapısı" adını həmin qəzetə verməzdilər. Qəzetə "Şərq qapısı" adı verilsə də, hakim dairələr imkan daxilində bu adın oxuculardan gizlədilməsinə cəhdlər göstərirdilər. Belə ki, 1923-cü ilin 1-21-ci (həmin ildə cəmi 21 nömrə çap olunub), 1924-cü ilin isə 1-22-ci nömrələrində ilk səhifənin yuxarısında ortada böyük formatda "Şərq", onun aşağısında isə oxunmaz dərəcədə kiçik şriftlərlə "qapısı" sözləri yazılmışdır. 1924-cü ilin 23-39-cu nömrələrində isə ilk səhifənin sağ tərəfində yerləşdirilən bir şəklin içərində əlyazısına oxşar şəkildə, nisbətən kiçik hərflərlə "Şərq qapısı" yazılması da xeyirxah niyyətlərdən xəbər vermirdi. Şəklin sağ tərəfinin yuxarı küncündə beşguşəli ulduzun ortasında oraq-çəkic görünür. Əzəmətli bir binanın yanından qatar keçir, əlində oraq tutmuş bir kəndli topladığı sünbül bağlamının yanında dayanıb. Sol tərəfdə günəşin şüaları ətrafa saçılır, uzaqdan uca dağlar görünür, yollar uzanıb gedir, əlində bel tutan bir fəhlə sevincli vəziyyətdə ətrafı seyr edir.

Bu şəkil vasitəsi ilə Sovet quruluşunun üstünlüyü təbliğ edilirdi. Qəzetin "Şərq qapısı" adlandırılmasını heç cür həzm edə bilməyən bolşeviklər və onların varisləri 58 il sonra - 1980-ci ildə onun adını dəyişərək "Sovet Naxçıvanı" qoydular. Üstəlik, qəzetin  "Sovetskaya Naxiçevan" adlı rusca dublikatı da nəşrə başladı. Təxminən 10 ilədək davam edən bu prosesə 1989-cu ildə son qoyularaq qəzetin əsl adı bərpa olundu. "Şərq qapısı!"

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə yüzillik yubileyi qeyd olunan "Şərq qapısı" qəzetinin nəşri tarixinin heç bir səhifəsi qaranlıq qalmamalıdır. Bu Sərəncam imkan verir ki, qəzətlə bağlı bütün həqiqətlər dərindən araşdırılaraq ortaya çıxarılsın və oxucuların diqqətinə çatdırılsın.

 





27.07.2021    çap et  çap et