525.Az

Hadrut qəhrəmanı haqqında ballada - Yeni kitab


 

BİR KİTABIN TƏQDİMATI

Hadrut qəhrəmanı haqqında ballada - <b style="color:red">Yeni kitab </b>

Gəlin Sizə bir nağıl danışım. Hadrut qəhrəmanının nağılını.

Biri var idi, biri yox idi. Azərbaycanın bölgələrindən birində - Kürün Xəzərə qovuşduğu məkanda  bir oğlan var idi: İsmayılov Camal Vidadi oğlu. Bütün balaca oğlanlar kimi, onun da öz arzuları, istəkləri, xəyalları var idi. O da oxuduğu, dinlədiyi nağıllarda olduğu kimi, Xeyirin Şər üzərində qələbəsini arzulayırdı. Yeddibaşlı əjdahalara, başı buludlara dəyən, ayağı dəryadan nəm alan qalaçalarda gözəl qızları əsir edən adamyeyən divlərə qan qusdurmaq niyyəti ilə böyüyürdü. Və yaşa dolduqca bu hisslər qəlbində Vətən məhəbbətini, el-oba təəssübünü artırırdı. Bu sevgi böyüdükcə Camal da böyüyürdü və onu hərbiyə aparan yollara doğru addımlayırdı. Bu yollar onun eşitdiyi nağıllardakı yollar kimi müxtəlif ayrıclara, istiqamətlarə yönəlirdi. Və Camal  nağıl qəhrəmanları kimi dördyol ayrıcında dayanıb fikrə getməmək, seçim qarşısında qalmamaq üçün  böyük məsləhətinə də ehtiyac duymuşdu. Ancaq əsl öz qəlbinin səsinə qulaq asmışdı. Dinləmişdi ürəyini  hansı yola qədəm basacağına qərar vermək üçün. Camal qarşısında açılan, onu sonsuz üfüqlərə doğru aparan yollardan  birini seçmişdi. Bu yol onun həyatına, onun arzusuna, onun məsləyinə doğru  addımlamaq üçün meydana çevrilmişdi. Seçdiyi yolda əsir olan Vətəninin, 30 ilə yaxın bir zaman kəsiyində gözləri öz elini soraqlayan torpağın həsrətinə son qoymaq  niyyəti ilə addımlamışdı. Və Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, qrup komandiri, Vətən Müharibəsi Qəhrəmanı, nəhayət, Vətən müharibəsi ŞƏHİDİ  adını qazanmışdı. Hamıya  qismət olmayan  adlar  Camalın tale, alın yazısı olmuşdu seçdiyi, addımladığı həyat yollarında.

Hələ Aprel döyüşlərində qəhrəmanlığının ilk sətirlərini yazan Camal 44 günlük Vətən müharibəsində əsl şücaət göstərəcəyini bilmirdi və qəlbi dayanmadan onu seçdiyi yolda  addımlamağa sövq edirdi. 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi Camalın  Şər üzərində qələbəsinə aparan yolun yekunu idi. Çünki mənfur qonşularımız tərəfindən zəbt, işğal olunmuş Qarabağımız öz azadlığına məhz bu müharibədə  qovuşacaqdı. Camal bu müharibədə Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Zəngilan, Qubadlı  istiqamətlərində gedən döyüşlərdə əsl qəhrəmanlıq salnaməsi yazacaqdı. Onun qəhrəmanlığının zirvəsi Hadrut qəsəbəsinin azad olunması zamanı ətrafa səs salacaqdı...

Camal özü də bilmədən XXI əsrin nağıl, dastan qəhrəmanına çevrilirdi. Babək, Cavanşır, Şah İsmayıl, Koroğlu kimi babalarından nəfəs, güc alan Camal düşmənə qan qusduran, onları lərzəyə salan qəhrəman timsalına dönürdü. Deməli, Azərbaycan xalqı həmişə, hər vaxt qəhrəman oğullar, qızlar yetişdirən, düşmənə qaçanda aman verən, arxadan vurmayan igid xalqdır. Xalqımız həm də öz igidlərini nəzm, nəsr nümunələrində yaşadan,  onlara əsərlərdə ikinci həyat verən yazarlar məkanıdır.

Bəli, bu günümüzdə artıq əbədiyyətə qovuşan igidlərimiz haqda əsərlər yazılır, mahnılar bəstələnir. Bu günün Samidləri, Poladları, Xudayarları, Kamilləri, Camalları haqda real dastanlar qoşulur. Mən sizlərə belə əsərlərdən biri haqda danışmaq, İsmayılov Camal Vidadi oğlu barədə  yazılmış poemadan söz açmaq istəyirəm.

Elnur Uğurun "Hadrut fatehi"  poeması həmyerlimiz Camal və onun qısa, lakin  çox mənalı ömür yolu barədə qələmə alınmış sanballı əsərdir. Camal kimi igidlərimizin qəhrəmanlığını əbədiləşdirən əsərlər məhz şair Elnur Uğurun yaradıcılığından qaynaqlana, ilhamlana bilər. Əsəri diqqətlə oxuyanlar heç də yanılmadığım anlamına  gələrlər.  Elnur Uğur da bölgəmizin - Neftçalanın yetişdirdiyi  şairlərdən biridir. Artıq 20 ildən çox bədii yaradıcılıqla məşğul olan, bir çox kitablar, mükafatlar müəllifi Elnur Uğur Camal haqda, onun qəhrəmanlığı barədə  poema yazmaqla qəhrəman eloğlumuzun həyatını əbədiləşdirməyə müvəffəq olub. Camal İsmayılovun  ətrafa səs salan qeyri-adi igidliyi Elnur Uğur qələmindən də yan keçə bilməzdi.

Durmuşuq üz-üzə danışırıq biz,
Mən canlı ölüyəm, sən ölü diri.
Bağrıma basıram burda sevgiylə,
Bu torpaq məzarı, Vətən qəbiri!

Əsərin Proloq hissəsindən verdiyim bu bənd müəllif niyyətinin güzgüsüdür. Asanlıqla bəlli olur ki, şair başlanğıcda 44 günlük Vətən müharibəsi savaşında canını fəda etmiş igidlərimizdən ümumən bəhs edir. Onların şücaəti sayəsində azad edilmiş Vətən torpaqlarımızı mədh edərək deyir:

Şəhidlər yurdumun odu-ocağı,
Canını bürüyən bayraq - Vətəndir.
Vətənin torpağı Ana qucağı,
Şəhidlər doğulan torpaq - Vətəndir!

Şair bənzətməsi maraqlı, eyni zamanda,  inandırıcı, dəfələrlə təkrarlanan deyimin yeni formada təzahürüdür. "Şəhidlər doğulan torpaq - Vətəndir" - fikri "Torpaq o zaman Vətən olur ki, onun bağrına şəhid qanı tökülsün" - ifadəsinin şeir dili ilə tərənnümüdür. Eyni zamanda, xalq arasında belə bir inanc da gəzir ki, şəhidlər pak, müqəddəs olurlar. Əgər onlar yuyulmamış dəfn olsalar belə, Allah dərgahında qəbulediləndirlər. Elnur Uğur qələmində bu deyim, inanc öz ifadəsini belə tapır: "Qanı qüslü olan ey pak Şəhidim, Kəfənin - Bayrağım xalqın varıdır". Proloqda şair fəxrlə 44 gün xalqla, şanlı Azərbaycan ordusu ilə birgə addımlayan Ali Baş Komandandan da bəhs edir.

Ali Baş Komandan vur əmri verdi,
Oğullar cəbhədə cəbhə yaratdı.

Yaxud da:

Döyüşdü sonadək siyasətilə,
Sarsılmaz Rəhbərim yurd çıxsın dardan.

- misralarında ölkə Prezidentinin  müharibədə oynadığı böyük roldan danışır.

 

Proloqdan sonra gələn "Fikir səyahəti" adlı hissə maraqlı və fərqli təsir bağışlayır. Başdan-başa lirik ricətlər üstündə qurulan "Fikir səyahəti" şəhid qardaşımız Camalın ziyarətinə gedən yoldakı düşüncələrdir.

Yol alıb özümdən çıxmışam yola,
Şəhid Camalımın ziyarətinə.
Qəlbimdə adını an-an zikr edib,
Dua oxuyuram Şəhadətinə.

İlk bənddən müəllifin məqsədi bəlli olur ki, o, Camalın qəbrini ziyarətə gedir. Ancaq yol boyu  Neftçalanın təbiəti, sərvətləri, insanları, tanınmış ziyalıları, igid oğulları xatırlanır, münasibət bildirilir. Muğan torpağının yetişdirdiyi  adamların bölgənin həyatında oynadığı rolu  diqqətə çatdırılır.

Kimlər bəxş etmədi Muğan torpağı
Vətən xidmətində dayanmaq üçün?

- deyən müəllif  müharibə qəhrəmanlarının, şairlərin, pedaqoqların, yazarların, rəssamların adlarını sadalayır. Ayrı-ayrı bəndləri məhz bu tanınmışlar üçün xərcləyir. Əslində, bu fəsil şairin doğulub boya-başa  çatdığı Vətəninə sonsuz məhəbbətinin təzahürüdür. Neftçalanın qumlu, şoran torpağını, yonca, taxıl çöllərini, neft buruqlarını, ən nəhayət, Ana Kürünü sevən, mədh edən müəllif köksünün qabardığını, fəxr hissini öz oxucusu ilə paylaşmaq istədiyini şeir dili ilə ifadə edir. Sonuncu bənddə müəllif yoluna çıxdığı müqəddəs ziyarətgaha yetişdiyini, bu səyahətdə fikrinin, düşüncələrinin Zəvvarbaşı olduğunu uğurlu misralar taparaq ikinci hissəni bitirir.

Fikir zəvvarıyam özümdən - ona,
Odur Zəvvarbaşı səyahətimin.
Səni ziyarətə gəldim, Şəhidim,
Tanrım əcrin versin ziyarətimin!

Poemanın üçüncü hissəsi Şəhidin atası Vidadinin və anası Filara xanımın söylədiklərinə istinadən yazılmış  "Biz qalib gəldik!" adlanır. Maraqlıdır, ilk iki hissəni dördlük şəklində qurmuş, misralarını abab, bəzən də abcb şəklində qafiyələndirən şair bu fəsildə sərbəst şeirdən istifadə etmişdir. Məzmun forma vəhdətindən irəli gələn bu yanaşma poemaya yenilik gətirmiş, daha oxunaqlı, cəlbedici etmişdir. "Biz qalib gəldik!" hissəsində Vətən Müharibəsi Qəhrəmanının uşaqlığı, təhsil və işlədiyi illər valideynlərinin dilindən və şair misralarında qərarlaşan lirik ricətlərlə verilir. Məlum olur ki, qəhrəman Camal Neftçalada doğulub, onun həyatının bir qismi uzaq Rusiyada keçib, lakin Vətən sevgisi heç vaxt balaca qəlbindən uzaq düşməyib. Çünki ata-anasının ona təlqin etdiyi yurd  sevgisi ilə böyüyüb.

Sevdi Vətənini
Vətəndən uzaqda.
Anasına:
- Vətən haqda
Danış, - dedi.
Filara Ana
Vətən gözəlliklərini,
İlmə-ilmə toxudu oğlunun yaddaşına.
Vidadi ata
Neftçala təbiətinin rəsmini çəkdi
dodaqlarıyla,
Camalın gözlərinə.
Vətən sevgisiylə böyüdü qürbətdə...

Bundan sonra müəllif ata və ananın duyğularına qonaq edir oxucusunu. Filara ananın doğum günündə oğlunun şəhid xəbərinin gəlişini yanıqlı misralara tökərək oxucu ilə iltifata keçir. Sanki burda üçlük - valideyn, şair və oxucu danışır, söhbətləşir, həmfikir, həmdərd olurlar. Valideynlər Camalın Şəhadət qazanmasından  həm kədərli, həm də qürurludurlar. Qürurludurlar ki, Vətən sevgisini damla-damla övladlarına  onlar təlqin ediblər, qazandığı diş texnikliyi  sənətinin arxasınca getməyib, hərb yolunu seçməsinə etiraz etməyiblər. Çünki belə qəhrəman oğulu məhz belə qəhrəman valideynlər yetişdirə bilərdilər.

Dördüncü hissə yenə də dördlük şəklində təqdim olunur və "Hadrut fatehi" adlanır. Burda Camal İsmayılovun Hadrut uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan söz açılır. Bu dəfə poemasının qəhrəmanı haqda müəllif şəhidin döyüş yoldaşından bilgilər alıb və məlumatları şeir dilinə çevirərək bizlərə  çatdırır. Məlum olur ki, Camal Hadrut uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərib. Dörd dili  dilçitək gözəl bilən Camal düşmənə öz dilində "Sizə əmr edirəm geri çəkilin! Özünü generaltək təqdim elədi". - deyərək qəsəbə uğrunda qələbənin təminatçısı olur.

Camal  tarix yazdı tarixdə o gün,
Üzünü oxşadı Qarabağ mehi.
Laçından səs gəldi, Əhsən səsləri,
Yaşa, ey Qəhrəman, Hadrut Fatehi!

"Laçın dəhlizində Şəhadət" adlanan yeni hissədə artıq oxucu qəhrəmanının şəhidlik zirvəsinə gedən yolda addımladığını görür və bu barədə şair qələmində təsirli sözlərlə ifadə olunan cümlələri diqqətlə oxuyur, qavramağa, anlamağa çalışır.

Çünki qəhrəmanının necə şəhadət qazanması oxucuya  çox  maraqlıdır. Məlum olur ki, Camal öz döyüş yoldaşları ilə birgə qeyri-bərabər vuruşa girir. 600-16 sayı sübut edir ki, düşmən məkrli olduğu qədər də, say etibarı ilə  güclüdür. Amma azəri oğulları bu qeyri-bərabər döyüşdə  bir addım da olsa, geri çəkilmirlər. Sona qədər döyüşürlər. Bu hissədə şair Camalın şəhid olmuş dostlarından da söz açır, onların Camalın qollarında canını tapşırmasını təsvir və tərənnüm edir. Kamil Şirinov, Sübhan Cəbrayılov və başqaları müəllif tərəfindən yad edilir, oxucunun diqqətinə çatdırılır.

Laçın dəhlizini açan zirvədə,
16 igidlə Şəhid oldu o.
Ucaldı haqqın son mərtəbəsinə,
Tarix yaddaşında belə qaldı O!

Poemanın son üç fəsli "Pirətəvan məzarlığı", "Alparslan", "Camal İsmayılovun qızları: Əsmət və Əsnadın dilindən" adlanır. Müəllif bu hissələrdə gah özünün düşüncələrini, gah da şəhid övladlarının fikirlərini, söylədiklərini nəzmə çəkir, oxucu nəzərində canlandırır. Bu hissələrdə şair yenə də məzmun-forma vəhdətinə önəm verir, bəzən səkkiz hecalı, bəzən on bir hecalı dördlük şəklindən bəhrələnir,  bəzən də sərbəst şeirin üstünlüklərindən istifadə edərək  maraqlı forma ilə çıxış edir.

Neftçalanın bu Pirində,
Bənövşə ömürlər yatır.
Burda Vətən sevdasının,
Səsi Tanrıyadək çatır.

Yaxud da:

12 fevral günü gəldin həyata,
Camal yadigarı Alparslan bala.
Sən Şəhid atanın əmanətisən,
Müqəddəs Anamız Azərbaycana!

- misraları müəllif fikirlərini oxucuya yüksək səviyyədə çatdırılmanın ifadəsidir.

Poema Proloqla başladığı kimi, Epiloqla da sona çatır. Baş alan düşüncələr bu hissədə sonlanır, yekunlaşır. 44 günlük müharibədə əldə olunan Qələbə bir daha xatırlanır, bu yolda Camalların böyük rol oynadığı açıqlanır. Son bənd əsərin möhürbəndi kimi səslənir:

Bu gün bütün dünya bax səninlədi,
Ey azad Vətənim, adın müzəffər.
Şəhidlər qanıyla təsdiq elədi,
Haqqındır, haqqındır, haqqındır ZƏFƏR!

Poemanın adına da münasibət bildirmək istərdim. "Hadrut fatehi" adı ilə  çıxış edən əsər sosial şəbəkələrdə  şəhidə verilmiş  "Fateh" adının ifadəsidir. Bir filoloq  kimi bu yerdə ictimaiyyətə fikirlərimi çatdırmaq arzusundayam. Düşmənimizin məkrli olduğunu nəzərə alaraq bu ada öz etirazımı bildirirəm. İzahlı lüğətlərdə mənası belədir: "isim (ərəbcə)  Bir məmləkəti, ölkəni fəth edən, işğal edən şəxs... Ad-sanım dünyada bilinsin gərək! Fatehlər  tarixdən silinsin gərək! A.Şaiq". Düzdür, məcazi mənası "təntənəli" olsa da, "mübarizə, inad, böyük zəhmət yolu ilə bir şeyi əldə edən, nail olan" mənasını versə də, əsas sözün həqiqi mənasıdır. Bu da gələcəkdə hiyləgər düşmənlərimizin ayağına yağ sürtmək anlamına gəlir. Biz öz torpaqlarımızı geri almışıq, heç kimin torpaqlarını zor ilə işğal etməmişik. Əlbəttə, bu, mənim subyektiv fikrimdir, amma nəzərə alınmasını tövsiyə edirəm. Poema müəllifi də, yəqin ki,  sosial şəbəkələrdə, “google”də  yayılmış ada istinad etmiş və əsərini "Hadrut fatehi" adlandırıb.

Böyük sevgi, hörmət, qürur hissi ilə yazılmış poema münasibətilə müəllifi təbrik edir, ona gələcək yaradıcılıq yollarında uğurlar arzulayıram.

Ruhəngiz NƏCƏFOVA (ƏŞRƏFQIZI)
Neftçala

 





27.07.2021    çap et  çap et