525.Az

"Oranı xaraba vəziyyətdə görmək bizi çox ağrıtdı" - Müsahibə


 

DEPUTAT JAN-LÜK RAYTZER: "MƏQSƏDİMİZ FRANSADA AZƏRBAYCANIN HƏLƏ DƏ BİR ÇOX DOSTUNUN OLDUĞUNU GÖSTƏRMƏKDİR"

"Oranı xaraba vəziyyətdə görmək bizi çox ağrıtdı" - <b style="color:red">Müsahibə </b>

Fransa Milli Assambleyasının deputatı Jan-Lük Raytzer "Trend" agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik. 

- Azərbaycana budəfəki səfərinizin məqsədi nədir?

- Məqsəd Fransa ilə Azərbaycan arasında dostluq münasibətlərini davam etdirməkdir. Bildiyiniz kimi, münasibətlərimizdə, xüsusən də Milli Assambleyanın üzvləri tərəfindən yekdilliklə olmasa da, əhəmiyyətli bir hissəsi tərəfindən qondarma "Dağlıq Qarabağ" Respublikasının tanınması üçün irəli sürülən təklifə səs verilməsi səbəbindən çətin anlar yaşandı. Buna görə də çox yaxşı başa düşürəm ki, bəzi fransız parlamentarilərin bu təşəbbüsü nəinki sorğu-suallara, hətta bir sıra anlaşılmazlıqlara da səbəb oldu. Buna görə də məqsəd, bir tərəfdən Fransada, xüsusən də parlamentarilər arasında Azərbaycanın hələ də bir çox dostunun olduğunu göstərməkdən ibarətdir. Məqsədimiz həm də azad edilmiş ərazilərə səfər etmək idi. Füzuliyə getdik. Təəssüf ki, təxminən otuz il işğal dövründə bu bölgələrin azərbaycanlı sakinlərinin keçmiş evlərinin hansı hala salındığının şahidi olduq.

- Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Cənubi Qafqazda iki ölkə arasında dayanıqlı sülhün bərqərar olunmasının mümkünlüyünü necə görürsünüz?

- Məncə, bu, çox sadədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Bu qətnamələr Azərbaycanın xeyrinə idi. Belə ki, onlar Azərbaycanın bu ərazilər üzərində, ilk növbədə, yeddi ətraf rayonlar üzərində və daha sonra Dağlıq Qarabağ üzərindəki suverenliyini tanıyıb. Beləliklə, Fransanın da üzv olduğu Minsk Qrupu nəhayət, öz işini görməli və tarazlıq, ədalətli və davamlı bir sülhə nail olmalıdır. Hesab edirəm ki, Azərbaycan, Ermənistan və bütün beynəlxalq ictimaiyyət arasında etibar bağları yaratmaq üçün kifayət qədər siyasi, iqtisadi və mədəni vasitələrimiz var.

- İşğaldan azad olunmuş ərazilərə səfər etmisiniz. Bu səfərdən təəssüratlarınızı bilmək istərdik.

- Əvvəla, Azərbaycan xalqının tarixi irsinin işğal edilərək və tamamilə xaraba vəziyyətinə salınmasını görmək bizdə çox ağrılı bir təəssürat yaratdı. Tarixi binaları, məscidləri gördük, keçmiş bir qubernator sarayını gördük və bu irsin hansı vəziyyətdə olduğuna şahidlik etdik. Eyni zamanda, burada ümid doğuran amillər də var idi: noyabr ayında əldə olunan atəşkəs, bir sıra layihələrə start verilməsi. İndi iyul ayının sonundayıq və xüsusilə yol sektorunda artıq xeyli sayda işlərin həyata keçirildiyini gördük. Səfərimiz çərçivəsində, bərpa edilməkdə olan, eləcə də yenicə tikilmiş avtomobil yolları ilə kilometrlərlə ərazilər qət etdik. Bununla yanaşı, azad olunmuş ərazilərdə yeni şəhərlərin yaradılması üzrə layihələrin hazırlanması ilə tanış olduq. Planlarla tanış olduq, hər şeyin çox konkret düşünüldüyünü gördük. Növbəti aylar və ya illər ərzində bir daha buralara baş çəkmək imkanımız olduqda, əminəm ki, hər şeyin dəyişildiyinin şahidi olacağıq. Burada eyni zamanda, həm böyük kədər hissi, həm də ümid hissi keçirdik. Ümid hissi ona görə ki, Sizin gələcəyə doğru yönəldiyinizi gördük.

- Azərbaycanda yəqin ki, kilsələrdə, sinaqoqlarda və s. olmusunuz. Bu ölkənin multikulturalizmə verdiyi töhfəsini necə qiymətləndirirsiniz?

- Ötən səfərimiz zamanı Bakıdakı bir katedralda olduq. Yəhudilərin çoxluq təşkil etdiyi bir şəhərə səfər etdik və Azərbaycanın inanc azadlığına hörmətlə yanaşan dünyəvi bir ölkə olduğunun bir daha gördük. Bakıdakı bir çox tarixi sənədlərin saxlanılması mərkəzinə çevrilmiş Erməni kilsəsinə də baş çəkdik. Eyni zamanda, öz gözlərimin şahidi oldum ki, Bakıda fəaliyyət göstərən Erməni kilsəsi belə bərpa edilib və oradakı bütün sənədlər qorunaraq, mühafizə olunur. Mənim fikrimcə, Azərbaycan mədəni siyasətə böyük önəm verir. Bu arada Fransada mədəni irsin bərpası üçün bir çox işlər görən Heydər Əliyev Fondunu da qeyd etmək istəyirəm. Fondun Fransadakı mədəni irsin bərpası ilə əlaqədar həyata keçirdiyi işlərdən biri də Alzasdakı Strasburq Katedralıdır. Buna görə də ölkənin mədəniyyət, tarixi irs, bu mədəniyyətin və bu irsin qorunması və inkişaf etdirilməsi məsələlərinə xüsusi bir həssaslıqla yanaşdığını bilirəm.

- Bildiyiniz kimi, 2016-cı ildən bəri UFAZ universiteti və 2013-cü ildən etibarən Fransız liseyi Bakıda fəaliyyət göstərir. Bütün bunların fonunda, fikrinizcə, hər iki ölkə arasında təhsil sahəsində hansı perspektivlər mövcuddur?

- Bu, prioritet olmalıdır. Siz sülhdən, bu sülhün qurulmasından və qorunmasından bəhs etdiniz. Ermənistan və Azərbaycan arasında buna mədəniyyət vasitəsilə, o cümlədən, gənclik vasitəsilə nail olmaq lazımdır. Bildiyiniz kimi, mən əslən Fransanın Alzas regionundanam, Strasburq Universitetinin Bakı Universiteti (UFAZ) ilə tərədaş olduğunu, müəllimlər arasında mübadilə proqramlarının həyata keçirildiyini bilirəm. Bu mübadilə proqramları çərçivəsində, əvvəllər fransalı müəllimlər Azərbaycana bir az istəksiz gəlirdilər, çünki onların Azərbaycan haqda kifayət qədər məlumatı yox idi, amma bu gün onlar arasında Bakıya gələrək bu proqramlarda iştirak etmək üçün güclü rəqabət müşahidə edirik. Beləliklə, siz də bu qarşılıqlı mübadilə proqramlarının bir-birimizi daha yaxşı anlamağa və tanımağa necə təsir göstərdiyinin şahidi olursunuz.

- İkitərəfli mədəni əlaqələr fikrinizcə, hansı səviyyədədir?

- Hər iki ölkə arasında mədəniyyət sahəsindəki mübadilələr ürəkaçandır. Mən bir az öncə Heydər Əliyev Fondu tərəfindən Fransada görülən işlərdən bəhs etdim. Buna nümunə olaraq, müntəzəm şəkildə tədbirlərin təşkil olunmasını vurğulaya bilərəm. Dünənki səfərimiz çərçivəsində baş çəkdiyimiz Horadiz şəhəri ilə 2016-cı ildə qardaşlaşan Altkirş şəhərinin otuz dörd il ərzində meri olmuşam. Bildiyiniz kimi, iki şəhər arasındakı bu dostluq bağlarını qeyd etdiyimiz zaman rəqslərlə, ənənəvi Azərbaycan musiqisi ilə folklor tədbiri keçirilmişdi. Hesab edirəm ki, bu, inanılmaz bir uğur idi. Çünki insanlar Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmağa can atırdılar. Bu səbəbdən mədəniyyət sahəsində mübadilələrin ürəkaçan olduğunu söyləyə bilərik və bunların dəstəklənməsi və inkişaf etdirilməsi labüddur.

 

 





28.07.2021    çap et  çap et