525.Az

"Dialoqun alternativini görmürəm" - "Siyasi dialoq"


 

ƏHMƏD ORUC: "BEYNƏLXALQ VASİTƏÇİLƏRİN KEÇİRDİYİ DİALOQ BİZƏ UYĞUN DEYİL"

"Dialoqun alternativini görmürəm" - <b style="color:red">"Siyasi dialoq"</b>

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Azadlıq Partiyasının sədri Əhməd Orucdur. 

- Əhməd bəy, təxminən ilyarımdır ki, ölkəmizdə iqtidarla siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Siz ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz?

- Hakimiyyət tərəfindən siyasi dialoqla bağlı təşəbbüs irəli sürülüb və bir müddətdir ki, bu proses davam edir. Düşünürəm ki, prosesin daha da inkişafı, dərinləşməsi üçün yüksək səviyyədə görüşün keçirilməsi zəruridir. Bilirsiniz ki, ötən müddət ərzində müxalifət milli məsələlərdə dövlətin, hakimiyyətin yanında olub və öz dəstəyini ifadə edib.

- Ötən müddətə nəzər salanda, dialoqun nə kimi nəticələri olub?

- Birincisi, əksər partiyalarla hakimiyyət arasında münasibətlər yumşalıb. 44 günlük Vətən müharibəsi dövründə millətimiz, dövlətimiz üçün vacib olan milli birlik formalaşdı. Yəni heç bir siyasi təşkilat, siyasi arenada olan şəxslər fərqli mövqe nümayiş etdirmədilər. Faktiki olaraq dövlətin, Ali Baş Komandanın, Ordumuzun yanında olduqlarını, 44 günlük müharibə və ondan sonrakı dövrdə də Ordumuzun qələbəsi üçün mümkün olan dəstəyi nümayiş etdirdilər. Əsas nəticə budur.

Yəni cəmiyyətdə çaxnaşmanın, xaosun olmaması, vahid fikrin mövcudluğu bütün diqqəti cəbhədə qələbəyə yönəltdi. Cəmiyyət bir yumruq şəklində birləşdi. Şükür olsun ki, 28 ildən sonra torpaqlarımızı işğaldan azad etdik. Bu, milli birlik, dialoq nəticəsində mümkün oldu. Mənim fikrimcə, dialoqun əsas nəticəsi məhz budur.

- Dialoq Azərbaycan cəmiyyətində nələri dəyişib?

- Azərbaycan cəmiyyətində dialoqa münasibət fərqlidir. Bu məsələdə birbaşa iştirak etməyən AXCP və Müsavat partiyaları digər partiyaları hakimiyyətin yedəyində olan, hakimiyyətin göstərişi ilə işləyən partiyalar qismində təqdim etməyə çalışırlar. Məlumdur ki, bu, qətiyyən həqiqətə uyğun deyil. Bəzi məsələlər göstərir ki, dialoq, milli birlik mövqeyində olanlar daha ağıllı imişlər. Ən azı 44 günlük müharibənin nəticəsi, Azərbaycan cəmiyyətində parçalanmanın olmaması, parçalanmış vəziyyətdəki Ermənistan cəmiyyətinin hansı durumda olduğu ölkədə dialoq çağırışının tərəfdarı olan partiyaların daha doğru düşündüyünü göstərdi. İkincisi, biz hakimiyyətlə qarşı-qarşıya oturub, problemləri, səhvləri söyləmək və bunların düzəldilməsi istiqamətində israrlı şəkildə mövqe bildirən partiyalarıq. AXCP və Müsavat isə dialoqdan məsafədə dayanırlar. Əslində, onlar bizdən fərqli heç nə nümayiş etdirmirlər. Yəni onlar da müharibə dövründə hakimiyyəti dəstəkləyib, biz də dəstəkləmişik. Lakin özlərini elə aparırlar ki, guya bizdən fərqli mövqedədirlər. Ancaq onların bu cür mövqe nümayiş etdirmələrinin səbəbi tamamilə fərqlidir. Hamıya məlumdur ki, bu iki qüvvə uzun müddətdir ki, xaricdən Azərbaycan hakimiyyətinə bir təzyiq, təsir vasitəsi, alternativ kimi, yəni tutaq ki, demokratik ölkələrin bu qüvvələrə "stavka" edəcəyi halda bunların hakimiyyətə gələ biləcəyi haqda rəy yaratmaqla hakimiyyəti təzyiq altında saxlamağa çalışırdılar. AXCP və Müsavat bu rolda olduqlarına və uzun müddət maliyyələşdirildiklərinə görə bir qədər fərqli yanaşma nümayiş etdirdilər. Əslində isə onlar nəinki dialoq mühitində olmuş, hakimiyyətlə uzun müddət əməkdaşlıq etmiş partiyalardır. Hər ikisi vaxtilə "saxta" dedikləri seçkilərlə parlamentdə ana müxalifət funksiyasını yerinə yetiriblər. Onların ana müxalifətçiliyindən indi Azərbaycan cəmiyyətində yaddaqalan heç nə yoxdur. Faktiki olaraq müxalifətçilik mövqelərini qoruyub saxlamağa çalışırlar. Bununla da hakimiyyətin mövqeyinə birbaşa xidmət etmiş hesab olunurlar. Onlar ölkədə yeni bir siyasi mühitin yaranmasında, yeni siyasi qüvvənin meydana çıxmasında maraqlı deyillər. Ona görə özlərindən başqa hamını çirkaba qarışdırmaq, guya bunlar həqiqi müxalifətdir, digərləri yox, deyərək yalançı rəy yaratmağa çalışırlar. Əslində, Azərbaycan müxalifətinin bu günə düşməsinin, demokratik qüvvələrin bu qədər zəif vəziyyətdə olmasının əsas səbəbkarı bu iki partiyadır. Onlar səhv yoldadırlar, müəyyən qrantlar almaq naminə özlərindən başqa guya ölkədə müxalifət olmadığı görüntüsünü yaratmaq naminə müxalifəti parçalayıb, bu günə salıblar.

- Sizin rəhbərlik etdiyiniz partiya dialoq çərçivəsində  hansı təklifləri verib və onlardan reallaşan olubmu?

- Biz dialoq çərçivəsində hakimiyyətə əsasən 4 təklif vermişik. Təkliflərimizdən biri dövlət başçısı ilə görüş idi. Partiyaların qərargahlarla təminatı, eyni zamanda, mediada müxalif fikrə yer verilməsi təkliflərini irəli sürmüşük. Bu, sivil ölkələrdə də belədir. Dördücü təklifi müharibədən öncə vermişdik. Dünyada Azərbaycanın mövqeyini müdafiə edən azərbaycanlı olmayan 100-lərlə insan var. 44 günlük müharibə göstərdi ki, biz haqlı olsaq belə, ermənilər dünyanın hər yerində bizi haqsız çıxartmağa çalışırlar. Ermənilər bəzilərini inandıra bilmişdir ki, guya azərbaycanlılar onların torpaqlarını "işğal edib" və dinc erməniləri qırırlar. Buna görə də mən təklif etmişdim ki, dünyada Azərbaycanın dostları cəmiyyətini yaradaq. Bunu eləməyə hazır insanlar da var. Bu məslədə mən də kömək etməyə hazıram. Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında bu, çox mühümdür.

- Dialoq çərçivəsində gələcəkdə hansı addımların atılmasını zəruri hesab edirsiniz?

- Dialoqun gələcəkdə davam etməsi üçün ölkə rəhbəri ilə görüş vacibdir. Ədalət Vəliyev çox yaxşı iş aparan, kommunikasiya quran insandır. Ancaq hesab edirəm ki, proses daha da dərinləşib, yüksək səviyyəyə qalxmalıdır.

- Bayaq siz də dediniz, Vətən müharibəsində iqtidar-müxalifət birliyinə şahidlik etdik. Şuşa Bəyannaməsi ilə bağll da eyni birliyi müşahidə etdik. Sizcə, əldə edilmiş qələbədən sonra  bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir? Nəzərə almaq lazimdır ki, hələ də sərhəd və digər həll edilməmiş məsələlər qalıb. Həmçinin, sülh müqaviləsi imzalanmayıb...

-Bəli, qeyd etdiyim kimi, Vətən müharibəsindəki birlik - Ordu ilə millətin birliyi bizim qələbəmizlə yekunlaşdı. Ancaq bu, kövrək nəticəsidr. Çünki Azərbaycan daxilində istənilən parçalanmanı Azərbaycanın bütün düşmənləri gözləyir. Proseslərin uzadılması, erməniləri əldə olunmuş razılıqları pozmağa sövq etmək, razılaşmaların ləğvinə çalışmaq, ATƏT-in Minsk qrupunun dirçəldilməsi, sərhədlərin demarkasiyası məsələsində yeni yanaşmanın ortaya qoyulması cəhdləri göstərir ki, Ermənistan cəmiyyəti, eləcə də onun tərəfdarları Azərbaycanda bir parçalanma, qarşıdurma, çaxnaşma gözləyirlər. Hesab edirəm ki, nə qədər ağır olsa da, buna yol vermək olmaz. Ona görə də dialoqun davam etməsi Azərbaycanın milli maraqlarına uyğundur.

- Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına necə təsir göstərib?

- Dialoq mühiti partiyaların reytinqinə fərqli təsir edib. Məsələn, elə siyasi partiyalar var ki, yaradılan imkandan razı qalıblar. Biz bilirik ki, dialoq Azərbaycanın milli maraqları üçün zəruridir, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, qaçqınların öz yurdlarına qayıtması, Zəngəzur dəhlizinin açılması, dünyada Türkiyənin nüfuzunun artması üçün Azərbaycanda indiki kimi qarşıdurmalar olmayan cəmiyyətə ehtiyac var.

- Əvvəllər də ölkəmizdə dialoq adına müxtəlif təşəbbüslər olub. Və bu prosesdə bəzi xarici dairələr - ATƏT, ABŞ səfirliyi vasitəçilik etməyə çalışıb. Sizin fikrinizcə, kənar müdaxilə olmadan aparılan dialoqun hansı üstünlükləri var?

 - Əvvələr Azərbaycanda dialoq adı altında müxtəlif ölkələrin, beynəlxalq təşkilatların öz oyunlarını qurması prosesi gedib. Bu prosesdə ATƏT də, Britaniya, ABŞ  səfirliyi və digər qərb dövlətlərinin də səfirlikləri iştirak edib. Mən həmişə bildirmişəm ki, Azərbaycanın ictimai fikrini xaricdən asılı vəziyyətə gətirmək doğru deyil. İqtidar və müxalifət daxildə bir araya gəlib, dil tapa bilsə, 44 günlük müharibədə olduğu kimi, problemlərimizi həll edə biləcəyik. Xaricdən özümüzə ağa axtarsaq, kimlərinsə nəzarəti, rəhbərliyi altında guya danışıqlar aparmağa çalışsaq, düşmənlərin maraqlarına xidmət etmiş olacağıq. Ona görə də bəzi razılaşmadığım məqamlara baxmayaraq, biz prinsipcə dialoq tərəfdarıyıq. Bizim dövlət olmağımız üçün mütləq daxildə siyasi qüvvələr arasında dialoq aparılmalıdır. Biz bir araya gəlməyi bacarmalıyıq. Münasibətlərimiz şəxsi müstəviyə, düşmənçiliyə keçməməlidir. Mən iqtidarla müxalifət arasında dialoqun alternativini görmürəm. Beynəlxalq vasitəçilərin keçirdiyi dialoq bizə uyğun deyil.

PƏRVANƏ

 





28.07.2021    çap et  çap et