525.Az

İlahələrin tənəzzülü - Natəvan Abdulladan yeni yazı


 

İlahələrin tənəzzülü - <b style="color:red">Natəvan Abdulladan yeni yazı </b>

Min illərdir, dinlər, irqlər və sistemlər güclü qala bilmək üçün birbaşa, ya da dolayısı ilə əks qütbləri hər zaman əzməyə, gözdən çıxarmağa yönəlmiş davranışlar sərgiləyiblər.

Güc daha çox kimin əlindədirsə, onu qorumaq üçün özünə rəqib saydığı tərəf üzərində hakimiyyət qurmaq şakərini bir qayda olaraq mənimsəyib. Bu baxımdan qadınlar da sivilizasiyanı formalaşdıran insan irqinin nümayəndəsi olsa da, əks cinsin sanki belə deyilmiş kimi münasibəti ilə üzləşiblər. Tarixin səhifələrini vərəqləyəndə qadınların ancaq təsvirlərdə, simvollarda, bənzətmələrdə əhəmiyyətli yer tutduğunu görürük. Sosial həyatda isə qadının əlini-ətəyini hər şeydən çəkmiş, yalnız dünyaya övlad gətirən və bəsləyən mövqeyində qalması üçün səy göstərilib. Qadının sosial həyatda mövqeyinin bu gün bu qədər zəif olmasının səbəbi də məhz elə tarixin bu qaranlıq tərəfindən irəli gəlir.

Arxeoloji məlumatlarda ilk qadın təsvirlərinin təxminən 35 min il əvvələ aid olduğu bildirilir. Heç təəccüblü deyil ki, bu təsvirlər məhz məhsuldarlıq və ya doğuşla əlaqəlidir. Başqa sözlə desək, insanlar hələ əkinçilik fəaliyyətinə başlamazdan əvvəl, minilliklər ərzində qadının varlığı ilə məhsuldarlığın nə olduğunu dərk edirdilər. Çünki bu dövrlərə aid kişi təsvirləri yox deyəcək qədər azdır. Bu dövr üçün sosial-iqtisadi məlumatlar maddi olaraq bizə çatmasa da, dövrə aid tapılmış heykəlciklərə əsasən, qadınların insan təsəvvüründə əhəmiyyətli bir yerə sahib olduğunu söyləmək olar. Amma yenə də qadınların o dövrdə necə bir əhəmiyyət kəsb etdiyini dəqiq dəqiq demək mümkün deyil.

Arxeoloqlar belə şərh edirlər ki, neolit dövründə - təxminən 11 min il əvvəl insanların təbiətdən asılılığı qismən azalmış, ilk istehsal münasibətləri formalaşmağa başlamışdı. Bu yerdəyişmə insanıların alışqanlıqlarını da dəyişdirdi və zaman keçdikcə onları işin əsirinə çevirdi. Bu yeni mərhələdə insan, demək olar ki, torpağa məhkum, işləməyə məcbur idi.

 

Ümumilikdə Neolit dövrünün insanların həyatında nə kimi köklü dəyişikliklərə səbəb olduğunu dəqiq öyrənmək çətin olsa da, əldə olan arxeoloji tapıntılar elm adamlarına müəyyən təxminlər yürütməyə imkan verir. Tarixin bu dövrünə aid qırıq-qırıq, yarı-yarımçıq tapıntıların hər biri o dövrün sosial həyatında nələr baş verdiyini bizə çatdıran mesajlardır. Məsələn, dövrün başlanğıcında qadın əvvəllər olduğu kimi, doğuşa hazır vəziyyətdə, kök təsvir edilirdi. Bu, insan əməyinin başlanğıcında qadının hələ də məhsuldarlıq ilə əlaqəli mücərrəd bir ilahə kimi qəbul edildiyindən xəbər verir. Kişilər bir tərəfdən qadının bu mücərrəd gücünü müqəddəsləşdirsə də, digər tərəfdən onu sosial həyatda fiziki və ya funksional olaraq zəiflətməyə başlamışdılar. Bunu arxeoloji olaraq müəyyənləşdirmək çox çətin olsa da, yazılı əsərlər "Ana İlahə" adı ilə müccərrəd qüvvəyə çevrilən qadının rolunun əslində, qətiyyən ürəkaçan olmadığını göstərir. 

Hetlərin (hithitlər) dövrünə və ondan əvvələ aid yazılı mənbələr qadının zamanla evə bağlı, alınıb-satılan bir mal kimi görülməyə başlandığını sübut edir. Neolit dövründən hetlərin dövrünə qədər olan mədəniyyətlərdə qadınlara verilən rol köləliyə qədər enmişdi. O, sivilizasiyanı formalaşdıran insan irqinin nümayəndəsi yox, həmin insanlara kömək edən qulluqçu və ya kölə kimi formalaşmışdı. Hetlərdən bu günə təxminən 4 min il keçməsinə baxmayaraq, qadının cəmiyyətin psixoloji yaddaşındakı rolu çox da dəyişməyib. Yəni qədim dövrlərdə də qadınların həyatda rolu kişilərin çəkdikləri sərhədlər daxilində formalaşırdı. Demək olar ki, indi də eyni gedişatı müşahidə etmək mümkündür. Evlərindən asanlıqla çıxa, ictimai və siyasi tədbirlərdə iştirak edə bilməyən, hətta bəzi cəmiyyətlərdə stadiona girməsi belə qadağan edilən qadınlar təkallahlı dinlər tərəfindən daha çox təzyiq altına alınır. Əlbəttə ki, bəzi dövrlərdə kübar və ya hakim ailələrə mənsub olan qadınlar tarix səhnəsinə çıxa bilirlər. Kişilər də qadının tarixdəki yerini və rolunu bu dəyərli qadınlar vasitəsilə izah edirlər. Başqa sözlə, sosial həyatı formalaşdıran kişilər tarix yazarkən bunu, qadınlar vasitəsilə yox, tək bir elita vasitəsilə izah etməyə çalışırlar.

Belə görünür, əsirlər, qərinələr keçir, amma qadının bu dünyadakı taleyi dəyişmir ki dəyişmir. Biri boşanmaq istədiyinə görə küçədə bıçaqlanır, biri evdə döyülür, biri zorla qatilinə ərə verilir, biri qadın cinsində xəlq olunduğuna görə, anasının qarnından sökülüb alınır, öldürülür.

Gedişat da qadınların sosial statusca kişilərlə bərabərləşdirilmədikcə cəmiyyətin bir addım irəliləyə bilməyəcəyini sübut edir. Cəmiyyətlər hər zaman qadınları ilə güclü olur, qadınlar nə qədər çox geridə qalmışdırsa, bir o qədər az sosial irəliləyiş əldə edilir. Bunu, insanlıq tarixi dəfələrlə nəsillərə sübut edib. Qadın fenomenini əhatə etməyən hər bir ictimai, siyasi və mədəni təşəbbüs yarımçıq qalır və qadınların əməyini əhatə etməyən iqtisadi inkişaf hədəfinə çata bilmir. Bunu ən yaxşı bilən Sovet Sosialist siyasi sistemi idi. 1917-ci il Rusiyada oktyabr çevrilişindən sonra Sovet konstitusiyasında "İstehsalatda iştirak edərək cəmiyyətə faydalı olanlarla yanaşı, ev işlərini görənlərin və başqalarının istehsalatda iştirakını dəstəkləyənlərin" qadınlar olduğu ifadə edildi. Çünki həyatın hər sahəsini əhatə edən qadın əməyinə qarşı laqeyd qalmaq olmazdı. Bütün insanlıq dərk etməlidir ki, cəmiyyətin inkişafı üçün qadınlar sosial həyatın bir parçası olmalıdır. Buna görə Sovet hakimiyyəti bu yanaşmanı ictimai həyatı tənzimləyən əsas ali hüquqi mətndə təstiqləmişdi.

Bu gün bəzi cəmiyyətlər, bir qrup radikal dindarlar ictimai həyatdan təcrid olunmuş və yalnız gündəlik həyatları ilə kifayətlənən qadınlar yaratmağa çalışır və bu sistemin hamılıqla qəbul edilməsini istəyirlər. Bu sistemdə qadınlar uşaq dünyaya gətirir, uşağa baxır, ev işləri ilə məşğul olur, xidmət sektorunda təhlükəsizlik tədbirləri olmadan işləyir, işdən qovulduqda ərindən asılı vəziyyətə düşürlər. Bu bəs deyilmiş kimi, cinsi və ya fiziki zorakılığa məruz qalırlar.

 

Bütün bunları anlamadan patriarxal rejimə tabe olub öz çarəsizliklərini "qadın xoşbəxtliyi" adı altında maskalayaraq yaşayan və ən təməl haqlarından məhrum olunduqlarının belə fərqinə varmayan qadınlar var. Onlarla yanaşı, iqtisadi azadlığı olmadığına görə hər gün fiziki və ya psixoloji zorakılığa dözməyə məcbur olan, öz həyatı ilə bağlı qərar vermək hüququ əlindən alınmış, patriarxal gücün hakim olduğu ailələrin, cəmiyyətlərin qandallarından qurtulmağa çalışan qadınlar da az deyil.

Ümumilikdə gündəlik həyatının sərhədləri təyin edilmiş cəmiyyətlərdə qadın olmaq, hətta insan olaraq qalmaqda çətinlik çəkən hər kəs özü üçün alternativ həyat tərzi yaratmaq cəsarəti göstərməlidir.

Natəvan ABDULLA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





28.07.2021    çap et  çap et