|
|
|
|
Biz daha çox kağız üzərində çəkilmiş rəsmləri görməyə adət etmişik. Ancaq həmin əsərləri divar üzərində yaradan adamlar da var. Həmsöhbətimiz onlardan biri - gənc rəssam Özal Aydınovdur. Bəs Özal bu işlə məşğul olmaq qərarına necə gəldi? Bunu onun öz dilindən eşidək...
- Xarici rəssamların divar üzərində rəsmlərini görərək bu işə həvəslənmişdim. Hazırda bizdəki məşhur divar rəssamlarının çoxu rəsmi kompressorla çəkir. Mən isə fırça ilə çəkirəm. Yaxınlarda kompressorla da sınamaq fikrim var.
- Sosial şəbəkələr fəaliyyətinizdə hansı yerləri tutur?
- Birinci növbədə ən çox istifadə etdiyim platforma instaqramdır. İnstaqramda məşhur olan şəxslərin portretini çəkirəm, onlar da bunu paylaşaraq məni reklam etmiş olurlar.
- Həyatımızın yaddaqalan məqamlarından biri də tələbəlik illəridir. Siz bu illəri necə xatırlayırsınız?
- Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışam. Tələbəlik illəri həqiqətən də həyatımın fərqli bir mərhələsidir. İndi də tələbə yoldaşlarımızla görüşürük, bir-birimizlə əlaqəmiz var.
- İnsanların rəsm əsərlərinə göstərdiyi maraq sizi qane edirmi?
- Çox vaxt insanlar ən dahi rəssamın şah əsərinə adi fotoya baxırmış kimi reaksiya verirlər. Çünki o adamlar incəsənətdən zövq almırlar.
- Sosial şəbəkələrdə məşhurlaşan bəzi adamlar cəmiyyətin tənqidinə tuş gəlirlər. Həmin insanlara münasibətiniz necədir?
- Məncə, tənqidə tuş gələn o adamlar həqiqətən buna layiq olanlardır. Çox vaxt elələrinə fikir vermirəm.
- Qazanc əldə bilirsiniz bu işdən?
- Divar üzərində çəkilən rəsmlərlə yanaşı, portretlər də çəkdiyim üçün qazancı elə buradan əldə edirəm.
- Hər bir insanın sevdiyi musiqi olur. Bəs siz rəsm çəkərkən hansı musiqiləri dinləyirsiniz?
- Musiqi əvəzinə söhbət etməyi sevirəm. Rəsm çəkərkən kimləsə söhbət edəndə vaxtın necə keçdiyini özüm də bilmirəm. Bir də baxıram ki, rəsmi çəkib bitirmişəm.
- Bu rəsmləri konkret bir məkanda yaradıb, sərgi kimi saxlamaq fikriniz varmı?
- Düşünürəm ki, hələ sərgi açacaq qədər əsərim yoxdur. Sürətlə işləməyimə baxmayaraq, ağlımda olan rəsmlərin çoxunu çəkməmişəm. Əgər xəyalımda canlandırdığım o əsərləri yaratsaydım, indiyə qədər çoxdan sərgi açardım.
- Düşünürsünüz ki, indi əvvəlki dövrlərə nisbətən incəsənətə maraq azalıb?
- Şübhəsiz ki, əvvəlki dövrlərdə daha çox maraq var idi. Amma bu prosesi dünyanın hər yerinə aid etmək olmaz. Bəzi ölkələrdə incəsənətə olan maraq gündən-günə artır.
- Dünya rəssamlarının əsərlərini izləyirsinizmi?
- Bəli, izlədiyim rəssamların çoxu xaricilərdir.
- Rəsm çəkərkən sizdə yaranan auranı necə izah edərdiniz?
- Özümü yaratdığım əsərlərin içərinidə hiss edirəm. Beləcə, həmin rəsm ürəyim istəyən kimi alınır.
- Gələcəklə bağlı hansı planlarınız var?
- Açığı, plansız həyat sürürəm. Bu, özümdə ən sevmədiyim xüsusiyyətdir. Amma gözlədiyim bir məqam var, o da indiyə qədər çəkmək istədiyim bütün rəsmləri çəkməkdir.
Günel ABBAS