525.Az

Ermənistanda siyasi qarşıdurmanın yeni mərhələsi - Şərh


 

Ermənistanda siyasi qarşıdurmanın yeni mərhələsi - <b style="color:red">Şərh </b>

Ötən ayın 20-də keçirilən parlament seçkisinin Ermənistanda siyasi gərginliyə son qoymayacağı, siyasi qüvvələr arasında qarşıdurmanı yeni mərhələyə keçirəcəyi ilə bağlı ethimallar özünü doğruldur.

Parlament seçkisinin Ermənistanda siyasi gərginliyə son qoymayacağını ehtimal etməyə əsas verən əsas səbəb seçkidən sonra daha da kəskin özünü büruzə verməkdədir. Bu səbəb isə aparıcı siyasi qüvvələr arasında İrəvanın xarici siyasətinin istiqaməti ilə bağlı kəskin fikir ayrılığının olmasıdır. Üç il öncə hakimiyyətə gələn, son parlament seçkilərində də iqtidarı əlində saxlamağa nail olan qüvvə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxaraq Avroatlantik strukturlara inteqrasiyasının tərəfdarı kimi çıxış edir. Erməni mətbuatının yazdığına görə, Baş nazir Nikol Paşinyan yeni hökumətdə rəhbər vəzifələrə antirusiya mövqeli şəxsləri təyin edir. Məsələn, müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyanın istefaya göndərilməsini müxalifət Rusiyayönümlü kadrların vəzifədən kənarlaşdırılması kimi dəyərləndirir. Gürcüstan doğumlu, Bakıda təhsil almış Vaqarşak Arutyunyan İkinci Qarabağ müharibəsindən sonra, ötən ilin noyabrın 20-də müdafiə naziri təyin olunmuşdu. Bu, həmin dövr idi ki, Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğramış və silahlı qüvvələrinin önəmli hissəsini itirmişdi. Ölkə təhlükəsizlik məsələsində tam şəkildə Rusiyadan asılı vəziyyətə düşmüşdü. Ermənistanın özündə isə siyasi qarşıdurma mövcud idi. Belə bir vəziyyətdə Baş nazir Nikol Paşinyan Vaqarşak Arutyunyanı müdafiə naziri təyin etməklə Rusiyanın Ermənistanın təhlükəsizliyində daha çox mövqe almasına cəhd etdi. İndi isə artıq Vaqarşak Arutyunyan Nikol Paşinyana lazım deyil. Lazım olmadığı üçün də iyulun 20-də Baş nazir Nikol Paşinyan prezident Armen Sarkisyana təklif edib ki, müdafiə nazirini istefaya göndərsin. Müxalifət hesab edir ki, Vaqarşak Arutyunyanın istefaya göndərilməsi Ermənistanın xarici siyasət kursunun tamamilə Qərbə istiqamətlənməsi anlamına gəlir. Ermənistan mətbuatının yazdığına görə, Vaqarşak Arutyunyanın istefaya göndərilməsi Rusiyanın bölgədəki sülhməramlılarının da narazılığına səbəb olub. Erməni müxalifəti hesab edir ki, Baş nazir Rusiya hərbçilərinin Qərb ölkələrindən, ilk növbədə isə Fransadan olan hərbçilərlə əvəzlənməsinə hazırlıq görür. İddia edilir ki, Baş nazir Nikol Paşinyan bu niyyətinə nail ola bilməsə, Rusiya sülhməramlılarının ATƏT-in Minsk qrupunun mandatı altında həmsədr ölkələrin hərbçiləri ilə əvəzlənməsinə cəhd göstərəcək.

Ermənistanın Rusiyayönümlü müxalifəti Avropa İttifaqının ölkəyə 1.6 milyard avro qrant ayırmasını da tənqid edir. Avropa İttifaqının bu addımını Ermənistanın satın alınması kimi dəyərləndirən müxalifət hesab edir ki, Qərb İrəvanın Rusiya ilə bağlarını qoparmağa çalışır. Keçmiş prezident Robert Köçəryanın qardaşı qızı İrina Köçəryan Avropa İttifaqının Ermənistana 1.6 milyard avro qrant ayırmasını "Dövlətçilik müqabilində bir dənə çörək" kimi dəyərləndirib. Rusiyayönümlü müxalifət hesab edir ki, Ermənistana ayrılan qrant insanların problemlərini həll etmək iqtidarında deyil. Keçmiş prezidentin tərəfdarlarının tənqidlərinə baxmayaraq, Ermənistanda böyük əksəriyyət Baş nazir Nikol Paşinyanın Qərbyönümlü siyasətini dəstəkləyir. Məsələ ondan ibarətdir ki, Rusiya öz vassalarının bütün ehtiyaclarını qarşılamaq imkanında deyil. Rusiyanın postsovet respublikalarındakı təsir imkanlarını itirməsinin əsas səbəbi də budur. Sovet İttifaqının dağılmasından ötən 30 ildə Rusiyanın keçmiş Sovet respublikaları ilə iqtisadi münasibətləri çox zəifləyib. Zaman ötdükcə keçmiş Sovet respublikalarının Rusiya ilə iqtisadi bağları zəifləyir və qopmağa başlayır. Digər tərəfdən, avtoritar idarəçiliyin hökm sürdüyü Rusiya mənəvi-siyasi cəlbediciliyini də itirib.

 

Bu gün Ermənistanın Rusiyadan yeganə asılılığı təhlükəsizlik sahəsindədir. İrəvanın siyasi dairələrində belə hesab edirlər ki, Ermənistan özü-özünü qorumağa qadir deyil. Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun yeganə səbəbi də budur.

Məlum olduğu kimi, Rusiya ABŞ-dan fərqli olaraq hərbi bazalara görə böyük pullar ödəmir. Məsələn, ABŞ Qırğızıstanın hava limanının bir hissəsinin icarəsinə görə hər il Bişkekə 150 milyon dollar ödədiyi halda, Rusiya cəmi 15 milyon dollar ödəyirdi. İrəvanın Qərbin hərbi bazalarına meyllənməsinin bir səbəbi də budur. Ermənistanda hesab edirlər ki, əgər Fransa və ABŞ-ın hərbi təmsilçiliyi yaransa, dövlət büdcəsi yeni gəlir mənbəyi əldə edəcək. Digər tərəfdən, bunun  müəyyən qədər iş yerlərinin də açılmasına səbəb olacağı da ehtimal edilir. Bu ehtimalların isə müəyyən əsasları var. Qərbin hərbi bazalarında xidmət sahələrinə yerli xalqların təmsilçiləri cəlb edilir. Rusiya hərbi bazalarında isə həmin işləri hərbçilərin özləri həyata keçirirlər.

Bütün bunlar Rusiyanın bir müttəfiq kimi Ermənistan üçün cəlbediciliyini itirməsinə səbəb olur. Əgər Rusiya Qərb ölkələrinin Ermənistanda hərbi baza yaratmaq istəyinin qarşısını ala bilməsə, İrəvanı Moskvaya bağlayan yeganə amil də sıradan çıxacaq. Bu isə Ermənistanın tamamilə Avroatlantik strukturlara inteqrasiyasının yolunu açacaq. Ermənistandakı Rusiyayönümlü müxalifəti narahat edən, onları hökumətə qarşı daha radikal çıxışlara sövq edən amil də budur. Digər tərəfdən, İrəvanın Moskvanın təsir dairəsindən tamamilə çıxması Rusiyayönümlü müxalifət üçün böyük təhlükədən xəbər verir. Müxalifət cəbhəsi Baş nazir Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən az sonra həyata keçirilən həbsləri unutmayıb. O zaman hətta Rusiya prezidenti Vladimir Putinin şəxsən müdaxiləsi belə Robert Köçəryanı həbsdən xilas edə bilməmişdi. Əgər İkinci Qarabağ müharibəsində Ermənistan məğlub olmasaydı, Robert Köçəryan azadlığa çıxa bilməyəcəkdi. Məhz 44 günlük müharibədəki ağır məğlubiyyət Ermənistanı Rusiyadan daha çox asılı vəziyyətə saldı və nəticədə Baş nazir Nikol Paşinyan Moskvanın istəklərinə müqavimət göstərə bilmədi. Bütün bunlar Ermənistanda siyasi qüvvələr arasında antaqonist ziddiyyətlərdən xəbər verir. Bu antaqonist ziddiyyətlər isə həmin siyasi qüvvələrin biri məhv olana kimi davam edəcək. Hazırda Ermənistanda proseslər məhz həmin istiqamətə doğru gedir. Ölkədə siyasi gərginliyin artması da elə bunun nəticəsidir.

 





28.07.2021    çap et  çap et