Azərbaycan opera səhnəsinin görkəmli nümayəndəsi, Əməkdar artist Əli Haqverdiyevin xatirəsinə
İyulun 29-u Azərbaycan opera səhnəsinin görkəmli nümayəndələrindən biri, Əməkdar artist Əli Haqverdiyevin (1939-1992) anadan olmasının 82 ili tamam olur. Ə.Haqverdiyev Azərbaycan mədəniyyəti tarixində adı böyük fəxrlə çəkilən sənətkarlardan biridir. O, 30 ildən çox zaman ərzində musiqi mədəniyyətimizə layiqincə xidmətlər göstərmişdi. Ə.Haqverdiyev rəssam, müğənni, aktyor, pedaqoq kimi fəaliyyət göstərmiş və bu sahələrin hər birində uğur qazanmışdı. İfaçının sənət yolu, yaddaqalan ifaları, opera səhnəsində canlandırdığı unudulmaz obrazları, rəsm əsərləri bu gün də sənətsevərlərin, eləcə də incəsənət xadimlərinin diqqət və marağına səbəb olur.
Ə.Haqverdiyev 1939-cu ildə rəssam Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində anadan olmuşdu. Onun incəsənət aləminə olan marağı təsadüfi deyildi. Bu maraq ilk növbədə ailəsindən qaynaqlanırdı. Eyni zamanda, İçərişəhərin özünəməxsus ab-havası, eləcə də, göz açdığı doğma Bakı şəhərinin mədəni mühiti onun incəsənətə olan meylini daha da artırmışdı. Ə.Haqverdiyevin atası H.Haqverdiyev Cənubi Azərbaycanda anadan olmuş və 1918-ci ildə Azərbaycana gəlmişdi. Anası Xalq rəssamı G.Mustafayeva sayılıb-seçilən nəslin nümayəndəsi idi. Mustafayevlər S.Ə.Şivani, M.Ə.Sabirin nəslindən idilər. Təbii olaraq bu faktlar Ə.Haqverdiyevin də həyatında, onun rəssamlıq sənətinə gəlməsində mühüm rol oynamışdı. İfaçı həm də uşaqlıqdan vokala maraq göstərir və züm-zümə edərdi.
Ə.Haqverdiyev rəssam ailəsinin nümayəndəsi kimi bu peşəni davam etdirmək qərarına gəlir və 1955-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna qrafika ixtisası üzrə daxil olur. O, burada keçirilən bir çox tədbirlərdə müğənni kimi də iştirak edər və ifaları böyük marağa səbəb olardı. Belə tədbirlərin birində görkəmli bəstəkarımız, A.Zeynallı adına o vaxtkı Musiqi Texnikumunun direktoru Midhət Əhmədov Ə.Haqverdiyevin ifasını eşidir və ona həm də opera müğənnisi kimi təhsil almasını məsləhət görür. M.Əhmədovun bu sözləri sanki musiqiçini vokal sənətinə daha da ruhlandırır və o, ifaçılıqla ciddi məşğul olmağa başlayır. Onun ilk vokal müəllimi A.Milovanov olmuşdur. Burada musiqiçi ilk dəfə olaraq vokal sənətinin sirlərinə yiyələnmişdir. Daha sonra müğənni 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Konservatoriyanı bitirdikdən sonra bir müddət indiki Sankt-Peterburq şəhərinin opera teatrında ezamiyyətdə olur. Belə bir istedad sahibi təbii olaraq həmin dövrdə fəaliyyət göstərən görkəmli musiqiçilərin diqqətini çəkməyə bilməzdi. O, 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunur və burada fəaliyyət göstərdiyi 30 il ərzində 30-dan çox obraz canlandırır. Ə.Haqverdiyev Nofəl, Sultan bəy, Həsən xan, Aslan şah, Atakişi, Qalitski, Skarpiya, Eskamilio, Riqoletto, Yaqo, Fernando, Mefistofel kimi partiyaları ifa etmişdir. Müğənni bu obrazların hər birini özünəməxsusluqla təfsir etmişdir. Onun təfsirində bu obrazların hər biri Azərbaycan vokal ifaçılığı sənətinin tarixində mühüm yerə malikdir.
Kino sahəsi də Ə.Haqverdiyevin yaradıcılığının vacib bir hissəsini təşkil edir. O, "Şir evdən getdi", "Üzeyir ömrü", "Özgə ömür", "Dədə Qorqud" kimi filmlərdə canlandırdığı obrazlar ilə Azərbaycan kino sahəsində öz sözünü deməyə nail olmuşdur. Əlbəttə, Ə.Haqverdiyevin yaradıcılığından bəhs edərkən, qeyri-ixtiyari olaraq rəssamlıq sənəti də yada düşür. Belə ki, müğənninin çəkdiyi müxtəlif portretlər onun rəssam kimi cizgilərini müəyyən etməyə imkan verməklə yanaşı, peşəkarlığının göstəricisi rolunda da çıxış edir. Onun müəllifi olduğu rəsm əsərləri ailəsinin şəxsi arxivində qorunub saxlanılır.
Ə.Haqverdiyev 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunmuşdur. Musiqiçinin 1992-ci ildə qəfil və faciəli ölümü onu cismən bizdən ayırsa da, o, ifaları, yaratdığı obrazları, çəkdiyi rəsmləri ilə hər zaman yaddaşımızda qalacaqdır. Ə.Haqverdiyev məhdud zaman çərçivəsinə böyük və şərəfli sənətkar ömrü sığdırmağı bacardı. Yaşasaydı, daha nələr yaradacaq, hansı obrazları canlandıracaqdı...
İlham NƏZƏROV
Əməkdar artist, Prezident təqaüdçüsü