525.Az

Anamın tikiş maşını - Təəssürat


 

Anamın tikiş maşını - <b style="color:red">Təəssürat</b>

Uçuq kalafalar arasında atılmış tikiş maşını... Dopdolu evi yağmalayanda, evdəki sandığı qırıb içindəkiləri gülə-gülə yığıb aparanda o tikiş maşınını niyə atıblar ki, ora? Bizə gözdağı üçünmü? Kəndin indiki cavanları o vaxtlar uşaq idilər. Bəlkə, yadlarına gələr, bəlkə də gəlməz... Kənd işğaldan azad olunandan sonra gediblər ora - evləri, həyətləri, keçmişdən nişanələri axtarmağa, tapmağa. İndi işğaldan sonra gedib uçmuş divarlar arasında yadigar nəsə axtarırlar.

Nənənin tikiş maşınını tapdınız? O tikiş maşını ilə nə qədər xeyirxah işlər görülüb. Nəvələrə balaca yorğan-döşək, kəndin qız-gəlinlərinin uşaqlarına paltar tikilib, kəndin ehtiyacı olan işlərdə nə qədər köməyi dəyib. Daşlar arasına atılmış o tikiş maşınını bir vaxtlar həvəslə işlədən nənə bu gün Bakıda - qərib bir qəbiristanlıqda uyuyur, ruhu isə "Məni o öz torpağıma aparın" - deyib fəryad qoparır.

Uşaqlar, zəhmətdən keçib, getmişkən evin uçmuş zirzəmisinə də baxın, görün nənənin sacı, dördayağı, oxlovu, teşti, böyük samovarı dururmu? Adına "Xaşal samovar" deyərdik, bir vedrə su tuturdu.

O vaxtlar nənə sübh tezdən oyanar, böyük həyəti süpürərdi. Güllü-çiçəkli bağçası, çoxlu meyvə ağacları olan həyət. Həyətdəki bir alma ağacının xüsusi yeri vardı - "Şah Abbas almasıdır" - deyirdi. O almanın xüsusi qoxusu, rəngi var idi. Uşaqlar deyir, o bağdan tək bir alça ağacı qalıb. Yəqin, o turş alçadan yeyib ağızlarını turşudurmuşlar ermənilər, dilə gətirməsələr də, ürəklərində əlbət deyirmişlər ki: "Buralar bizim deyil, buraların yiyəsi gələcək".

Vaxtilə bizlə qonşu olan Xənəzək, Bayandur kəndlərində azərbaycanlılar yaşayıblar. Xənəzəkdə azərbaycanlıların məscidi olub, anam deyirdi, ermənilər məscidi yem anbarı eyləyiblər.

 

Ermənilər yayda eşşəklə gəlirdilər. Anam və kənd adamları onları duz-çörəklə qarşılayırdılar, gedəndə eşşəklərini tut, boranı ilə yükləyib yola salırdılar.

Anam səhər tezdən o böyük həyəti süpürüb sulayardı. Həyətdəki akasiya ağacının altına böyük stol və stul düzərdilər. O xaşal samovarı da qaynadıb qoyardı stolun yanına. Kəndin ağsaqqalları oradan keçəndə deyərdilər gedək bir çay içək.

Kənddə maraqlı adamlar çox idi. Məsələn, kəndin yuxarı hissəsində Umud kişinin evi, böyük bağı var idi. Evin qapısından arx keçirdi. Umud kişi suyu kəndə çətinliklə verərdi. Su üstündə Qaçay və Musa müəllimlə mübahisələri yaranardı. Bəhmən kişinin həyətində gözəl qoxulu qızılgüllər olardı. Qapısından girən kimi ətrafa qızılgül ətri yayılardı. Bəhmən kişi o güllərdən qırıb qanadlarını çeynəyərdi.

Asya və Lala mamanın çox duzlu-məzəli söhbətləri vardı. İndi onlar Bakıda, Laçın qəbiristanlığında uyuyurlar.

Uşaqlar, getmişkən bir az da gedin, Rəcəbin evindən dərəyə enin, o balaca çaydan keçin, görün qəbiristanlıq nə vəziyyətdədir?

İki qəbir gördüyünüzü deyirsiniz - ata və oğulun qəbirlərini. Deyirsiniz ki, atanın başdaşı oğlunun qəbrinin üstünə düşüb. Bəlkə, oğlunun qəbrini qorumaq üçün oraya düşüb ki, qəbir dağılmasın. Axı, onlar bir-birlərini çox istəyirdilər.

 

O bağlar da, elə bil, balacalaşıb, çay da məzlumlaşıb, sanki suyu azalıb. O abad kənd nə qədər məzlum vəziyyətə düşüb. Yəqin öz yiyəsini gözləyir, ancaq demir ki, o kənddən gedən böyüklər həsrətdən dünyalarını dəyişiblər.

1990-cı illərdə kəndin o vaxtkı cavanları tüfənglərini götürüb hər gecə kəndə keşik çəkərdilər.

Yəqin indiki cavanlar da bir gün gedib o kəndi abadlaşdırarlar...

Yavər HALAYQIZI

 





29.07.2021    çap et  çap et