525.Az

Gəncədə "Nizami və vətənpərvərlik" mövzusunda görüş keçirilib


 

Gəncədə "Nizami və vətənpərvərlik" mövzusunda görüş keçirilib<b style="color:red"></b>

Gəncə Regional Mədəniyyət idərəsinin və  Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun "Nizami Gəncəvi Məqbərəsi" filialının birgə təşkilatçılığı ilə "Nizami və vətənpərvərlik" mövzusunda ədəbi-elmi tədbir təşkil olunub.

Görüşə Nizami Gəncəvi irsini tədqiq edən alimlər, Gəncə şəhəri və Gədəbəy rayonunun Gənclər və İdman idarələrinin, Gəncə Maarif Evinin nümayəndələri, bölgənin fəal gəncləri qatılıblar. İştirakçılar  dahi mütəfəkkirimizin məqbərəsini ziyarət etdikdən sonra, Nizami Gəncəvi Muzeyi ilə tanış olublar. Sonra hamı muzeyin önündə, açıq havada keçən tədbirə yığışıb.

Nizami irsinin öyrənilməsi, dahi şairin təqdir etdiyi vətən və insan sevgisi hisslərinin aşılanması məqsədini daşıyan tədbir Gəncə Dövlət Filarmoniyasının muğam üçlüyünün ifa etdiyi "Xudayar təsnifi"nin sədaları ilə başlayıb. Sonra Gəncə Regional  Mədəniyyət idərəsinin rəisi Vasif Cənnətov "Nizami Gəncəvi ili" çərçivəsində dahi mütəfəkkirimizin doğma yurdunda keçirilən və keçiriləcək tədbirlərdən danışıb və bildirib ki, gənclərin nizamişünaslarla bugünkü görüşü də yetişməkdə olan nəslin Nizami Gəncəvi dünyasını daha yaxşı tanıması məqsədi daşıyır. Tədbirin gedişində nizamişünaslar Nizami irsi ilə bağlı gəncləri maraqlandıran məsələlərdən danışıblar.

Tədbirdə həmçinin, Gəncə şəhərinin Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Maarif evinin rəhbəri İmamverdi Vəliyev, Gənclər Evinin direktoru Amil Qurbanov, Gədəbəy rayon Təhsil İdarəsinin aparıcı məsləhətçisi Şahzadə Qəhrəmanlı, ədəbi yaradıcılıqda güclərini sınayan uşaqlardan Gədəbəy şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Fatimə Allahverdiyeva, Goranboy rayonu Səfikürd kənd orta məktəbin VII sinif şagirdi Qismət Məmmədov çıxış ediblər. Gədəbəy şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nərmin İbrahimli dahi mütəfəkkirimizin sulu boya ilə çəkdiyi portretini Nizami Muzeyinə hədiyyə edib.

"Sevindirici haldır ki, insanlarımız, xüsusən gənclərimiz Vətən sevgisi hissləri ilə bağlı görüşlərə böyük həvəslə qatılır, bu məsələdə həmrəylik nümayiş etdirirlər. Düşünürük ki, dahi şairimizin uca məqamı - müqəddəs məqbərəsi, eləcə də onun yaxınlığında qərar tutan Nizami Muzeyi bu cür görüşlərin mütəmadi keçirildiyi məkan olmalıdır", - deyə Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun "Nizami Gəncəvi Məqbərəsi" filialının müdiri Gülnarə İsmayılova bildirib.

"Millətimizin 44 günlük zəfər qabiliyyətli Vətən müharibəsindəki qələbədən sonra xalqımızda vətənpərvərlik hisslərin daha da yüksəldiyini görürük. Bu xüsusda, gənclərimizdə milli soykökə, adət-ənənələrə məhəbbətin artırılmasını vacib məsələlərdəndir. Böyük Nizaminin dünyasından faydalanmaq insanı, cəmiyyəti daha güclü edir.  Biz də Nizami ideyalarını gənclərimizə daha dərindən çatdırmağa çalışmalıyıq", - deyə tədbirdə mövzu üzrə çıxış edən AMEA-nın Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi Təhminə Bədəlova görüşün məqsədini qeyd edib.

Görüşdə Nizaminin əsərlərindən parçalar, həmçinin, yaradıcı gənclərin dahi mütəfəkkirimizə həsr etdikləri poetik nümunələr də səsləndirilib.

Zakir MURADOV
Gəncə

 





29.07.2021    çap et  çap et