525.Az
“Bərpaçı” – gizli səslə yazılmış roman
Mübariz Cəfərlinin romanlarının süjetini həyat faktı kimi bəlkə də kiməsə danışa bilməzsən, dinləyən tərəf tam anlamaz, ancaq əsərdəki hadisələri süjet yəni, sırf ədəbiyyat kimi nəql etsən, hakim həqiqətdir ki, danışdıqlarına gözüyumulu inanarlar. Çünki o, dünyanı romanın içində yaradır, hamını yoran bəlli dünyanı əsərə daşımır.
Elə yazıçılar var ki, onun mətninin ilk cümləsi hansısa həyat həqiqətinin davamıdır, ancaq M.Cəfərlinin ilk cümləsindən yeni həyat başlayır. Bu hala milli nəsrimizdə az halda rast gəlinir, hətta “ədəbi üzdəniraqlar” bu cür əsərləri “qurama”, “senton” adlandırırlar. Mənsə heç kəsin “stəkanına qənd salmadan” M.Cəfərlinin “Bərbaçı” romanı haqqındakı fikirlərimi bölüşəcəyəm.
“Bərpaçı”da məni özünə çəkən nədir? O, gerçəkliyi hansısa məlum mif, bəlli həqiqətlər üzərində qurmur, reallığı mifləşdirir, olduğundan fərqli təqdim edir. Yəni mətnlə birgə sehr başlayır – həmin aləmi (sehri) yazıçı yaradır.
Zənnimcə, oxucunu inandırmaq bacarığı qələm adamı üçün əsas şərtləndəndir. Məsələn, Vaqif Bayatlı Odər “min il də gözləməliyəm” ifadəsini elə yazır ki, elə bil min il gözləmək, doğrudan da, mümkündür, dinməzcə inanırsan. M.Cəfərli eyni ustalığı nəsrdə edə bilir, “Bərpaçı” romanında ilk situasiyadan son məqama qədər onun yaratdığı dünyanın sakininə çevrilirsən. Bu mənada, onun nəsrində “şparqalka” yoxdur, o, həyatın üzünü köçürmür, həyatı yaradır.
“Bərpaçı” romanının mahiyyətində fərqli bir sirr mövcuddur. Sirrin “xasiyyəti” belədir ki, səndən özünə tərəf bir görünməz yol çəkir, o yolla gedib ağlın çatan qədər həmin sirri çözürsən. Ancaq M.Cəfərlinin romanlarında sirrin səni aldada, açılıb yox ola, aşkara çıxandan sonra öncədən sirr olmadığı üzə çıxa bilər. Hətta bəzi məqamlarda bu hal elə həddə çata bilər ki, oxucu özünü ələ salınmış kimi hiss edə bilər. Yəni oxucunun “aldadılmaq” ehtimalı gözardı edilmir. Bu mənada, M.Cəfərlinin “Bərpaçı” romanı xüsusi oxu diqqəti tələb edir.
“Bərpaçı” romanının girişində verilən “Yazılmayan qanunlar pozulmur” epiqrafını müəllifin ironiyalı, çoxqatlı fikrini bir neçə mənada başa düşmək olar:
1. Müəllifin bu əsərdən başqa yazdıqları var. Bu mətn onun davamıdır, müəllifi özündən yaxşı heç kimi ifadə edə bilməz deyə, o özünü (özünə ən yaxın olanı) seçir, sitat gətirir.
2. Epiqrafın ifadə etdiyi məna, əslində, məlumdur: “yazılmayan qanunlar pozulmur”. Təkcə qanunlarmı? Əlbəttə, yox, eyni zamanda, yazılmayan hər bir mətn pozulmur. Bununla müəllif epiqrafın şərtiliyinə eyham edir.
3. “Yazılmayan mətn pozulmur” tezisiylə yanaşanda müəllif əksər mətnlərə bədbin bir işarə edir: “yazılanlar unudula bilər, unudulmayanlar yazılmayanlardır”.
Romandakı keçidlər, xüsusən, Əbu Həssan Əz-Ziyyadi ilə bağlı əhvalatı olduqca uğurludur. Birincisi müəllif insanların yaxşı tanıdığı məşhur sufi və irfani personaj seçmir. Yəni biz hansısa məlum şəxsiyyətlə rastlaşmışırıq ki, ona sözsüz inanaq və tam mənada qəbul edək. Ona görə də nəql edilən əhvalat təxminən Y.Səmədoğlunun məşhur frazasının ovqatını yaradır: “İnanan inansın, inanmayan inanmasın”.
“Bərpaçı” romanında süjet yaddaqalan deyil, ancaq kombinasiyalar arasında elə bir işıq, sirr haləsi var ki, o oxucunun canına hopur və olur ki, bir müddət sonra süjeti unudursan, ancaq ayrı-ayrı işıq seli yadında qalır və müəllif, eləcə də, əsər haqqında söz düşəndə o haləni xatırlayırsan. Sanki əsərdəki o işıq romanın özündən daha güclüdür. Müəllifin və romanın da sonrakı taleyi məhz həmin təsirli işıqdan və halədən asılıdır.
Romanda hadisələr bir-birindən uzaqlaşır, aləmlər dəyişir, (dünya və axirət, yuxu və reallıq) bu dəyişimin içində yeganə dəyişməyən insan (Abdulla) olur. O hər aləmdə insan kimi qalır. Müəllif, əslində, dünyanın faniliyini, insanın əbədiliyinə gizli işarə edir. Romanı danışan kimliyi tam bilinmir, bu dünyada o dünya, o dünyadan bu dünya danışılır. Hər iki dünyada olan və hər iki dünyadan qalan isə sözdür (nəql edilənlər). Sanki roman gizli (naməlum) səslə yazılıb.
Romandakı hadisələr, süjet, daxili plan o qədər geniş və rəngarəngdir ki, məqalədə onları bir-bir nəql etmək, əsəri oxumayanları ancaq çaşdıra bilər. Ona görə də bu yazı daha çox romanı oxumuş ya da yazıdan sonra oxuyub bir də bu məqaləyə qayıdacaq oxucular üçündür.
Romanda akademikin (Ziya Bünyadov nəzərdə tutulur) öldürülməsi “Qanlı cümə” (21 fevral 1997-ci ildə, Z.Bünyadov öldürüləndə cümə günü idi, “Qanlı cümə” İrlandiya Cümhuriyyət Ordusunun Quzey İrlandiyanın Belfast vilayəti yaxınlığında 1972-ci ilin 21 avqustunda 80 dəqiqə ərzində 22 bomba atılması nəticəsində 9 nəfərin ölümü, 130-dan çox dinc sakinin yaralanması ilə nəticələnən hadisəyə beynəlxalq miqyasda verilən addır) hadisəsi nəql edilir. Əsərdə akademikin öldürülməsi əmrini o dünyadan verirlər, bununla da müəllifin nəyə işarə etdiyi bilinir: “Əgər akademikin qatili bu dünyadakı insanlar arasında tapılmadısa, yoxdursa, deməli, onu öldürənlər başqa dünyadan göndərilib”. Eyni zamanda qətlin motivi Moisey Kalankatlunun “Alban tarixi” əsərini Z.Bünyadovun dilimizə çevirməsi, həmin kitabda da peyğəmbərimizin əleyhinə bəzi ifadələr işlədilməsi, akademikin həm də “Qurani-Kərimi” tərcümə etməsi kimi məqamlarda əksini tapıb.
Roman yas məclisi (ölüm motivi) ilə başlayır, yuxu, axirət real-irreal aləmin sərhəddi və keçidləri ilə davam edir. Sanki müəllif bütün bu ardıcıl müşayiət olunan qeyri-real ələmlə dünyanın yalan olmasına, hədərliyini göstərir. Sonda qəhrəmanının ölümü ilə ölüm çevrəsi qapanır. İlk ölüm (yas mərasimi) xəbərdir, son ölüm isə tale.
Romanın qəhrəmanı əsərin sonunda (“Güzgü” adlı hissədə) o biri dünyaya qayıdır və o, özünü başqalarında tapır. Onu o biri dünyaya, cənnətə aparırlar (məhz aparırlar – yəni seçim onun,əslində, heç kəsin öz ixtiyarında deyil). Onu aparanlar da ona oxşayanlar və əqidədaşlarıdır. Nəsiminin qəzəlində də məhz əqidə adamlarının (möminlərin) bir-birinin güzgüsü olması məqamları var:
Camalı möminin möminə mirat
Ki, daim möminin ol mənzəridir.
yaxud:
“Möminin miratı mömindir”,
dedi Xeyrülbəşər
Güzgüyi-safi dutun,
güzgüdə Allahı görün!
Bu romanı birnəfəsə oxumalısan. Çünki real və irreal dünya o qədər iç-içədir ki, o sıxlığı böyük mütaliə vaxtına parçalayanda ardıcıllığı izləmək olmur. “Bərpaçı” romanında yazıçının özünün dünyaya ünvanladığı suallar var. Ancaq bu sualların “ipi” dərinə sallanmır. Çünki birincisi din şəksiz razılaşmağın tərəfdarıdır, həm də ona görə ki, bizim axirət dünyayla bağlı təsəvvürümüz var, təcrübəmizsə yox. M.Cəfərli bu cür incə, sualdolu məqamları estetcə, həm imana, həm də ağıla söykəncəli edir. Suallar demişkən, gəlin romandan oxucunun beynində yarana bilən suallara nəzər salaq:
* Əbədi dünyadan, lap elə tamam problemsiz olan cənnətdən insan bıkmayacaqmı?
* Bu dünyadan o dünyaya getmək mümkün olduğu kimi, o dünyadan bu dünyaya qayıtmaq mümkündürmü?
* Bəlkə bütün hadisələr, reallıqlar, olanlar kiminsə yuxusudur? (F.M.Dostoyevski “Gülməli adamın yuxusu” hekayəsinin V hissəsində həyatın yuxu olması fikrini əsaslandırmağa çalışıb).
* Bəlkə bizə yuxu kimi görünənlər həqiqətdir?
M.Cəfərlinin romanındakı sualları bugünkü dünyaya ünvanlanan hansı dərəcədəsə bəşəri suallardır. Suallar bugünkü cəmiyyət üçün lazımdır. Çünki bu gün din də sualsız təbliğ (idarə) edilir (fitvalar, sanasız təriqətlərin qayda-qanunları, onların dünyaya dəyər kimi sunduqları inanclar), siyasətdə hardasa “yesən də budur, yeməsən də” prinsipi ilə həyata keçirilir. Yəni böyük qüvvələr fikir öyrənmirlər, öz bildiklərini yeridirlər. Bu çağda M.Cəfərlinin sualları sürət zamanında dayanmaq bilməyən insanı yolundan əyləmək, onlardan nəsə soruşmaq istəyidir. O, dərin mətləbləri ifadə edir, cavab təklif eləmir, o sualları əyan edir. “Bərpaçı” romanı ilə təxminən belə bir mesaj ötürür: “gəlin birgə və bir də düşünək”. Romanda qoyulan problemlər və yaranan suallar baxımından bu əsər indiki zamanımıza çox uyğundur.
14.04.2014
çap et