525.Az

Həyat mənbəyi və oksigenlə bol meşələrin qorunması - Ekologiya


 

Həyat mənbəyi və oksigenlə bol meşələrin qorunması - <b style="color:red">Ekologiya </b>

Həyat üçün ən vacib amillərdən biri sayılan meşələr yer kürəsinin "ağ ciyəri" və oksigen mənbəyi hesab olunur.  Meşələr havadakı karbon qazını və zəhərli maddələri udur, nəfəs aldığımız havanı oksigenlə zənginləşdirir, tozdan, zərərli maddələrdən təmizləyir.

Bir sözlə, bir növ süzgəc rolu oynayır. Meşələr həmçinin, torpaqda su balansını nizamlayır, kəskin iqlim dəyişikliyinin, sellərin və torpaq sürüşməsinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır.

Meşələr planetin torpaq səthinin üçdə bir hissəsini təşkil edir.  Azərbaycanda isə meşələrin ümumi sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini əhatə edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da ölkə ərazisinin 11,8 faizi deməkdir.

Ölkənin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentdən bildirilib ki, ərazilərin dəyişkən və mürəkkəb relyefli olması, meşə ağac və kol bitkilərinin dəniz səviyyəsindən 2000-2200 metr yüksəkliklərə qədər çatması ilə yanaşı, həm də zəngin və rəngarəng növ müxtəlifliyinin əmələ gəlməsinə səbəb olub. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanıb. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılıb. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar ölkənin meşələrində bitir. Bu isə ölkə florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endemik növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16 faizi deməkdir.

Azərbaycan dendroflorasının belə zəngin tərkibə malik olmasına baxmayaraq, əsas meşə əmələ gətirən növlər azdır.

Departamentdən qeyd olunub ki, Azərbaycan meşələri əsasən enliyarpaqlı cinslərdən ibarətdir. İynəyarpaqlı meşələrdə əsas Qarmaqvari şam Kiçik Qafqazda, Goy-Göldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəndləri ətrafı meşələrdə, Böyük Qafqazda isə Qusar rayonu meşələrində təsadüf edilir.

İynəyarpaqlı meşələrdən Eldar oyuğu adlanan 400 ha-a yaxın sahədə kserofit şəraitdə Eldar şamı, rütubətli fıstıq meşələrində Qaraçöhrədən ibarət enliyarpaqlı cinslərə qarışıq halda və ya kiçik meşəliklər şəklində təsadüf edilir. Belə meşəliklərə Böyük Qafqazda -Qəbələ rayonunda Həmzəli qəbiristanlığında, Pirqulu və Oğuz rayonu meşələrində, Xızı, Dahardibi adlanan meşələrdə, Kiçik Qafqazda - Göy-Göl, Gədəbəy meşələrində, Talış dağlarında - Lerik rayonu Hamazat kəndi ətrafı meşələrdə rast gəlinir.

İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılan ardıc meşələridir. Azərbaycan meşələrində - Qazax ardıcı, Uzunsov ardıc, Cırtdan ardıc, Alçaqboy ardıc, Qırmızı ardıc  və s. növləri bitir. Ardıc meşələrinin ən geniş sahəsi Bozdağda, Naxçıvan meşələrindədir. Ardıcın çox da geniş olmayan sahələrdə seyrək meşələri də var.

Meşələrin yaş siniflərinə görə də paylanması müxtəlifdir. Belə ki, cavan meşələr meşə ilə örtülü sahənin 11,2 faizini, orta yaşlı ağaclar 63,3 faizini, yetişməkdə olan ağaclar 13,4 faizini, yetişmiş və yaşı ötmüş meşələr 12,1 faizini təşkil edir. Azərbaycanın əksər meşələri yüksək dağ yamaclarında yerləşməklə torpaqqoruyucu, susaxlayıcı və iqlim təmizləyici, sanitar estetik və s. əhəmiyyətə malikdir. Qalan faiz düzən meşələrin payına düşür.

 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyir ki, Azərbaycan təbii coğrafi xüsusiyyətləri çox müxtəlifdir. Təbii şəraitdən və insanların tarixən apardığı təsərrüfat fəaliyyətindən asılı olaraq ölkənin ayrı-ayrı regionlarında müxtəlif tip meşələrə rast gəlinir.  Bu baxımdan istər dağ rayonlarında, istərsə də Kür-Araz ovalığında bitən meşələr bir-birindən çox fərqlənirlər. Əgər aran zonasında bir palıd növünə rast gəlinirsə, dağ zonasında onun 6-7 növünə təsadüf olunur. Ona görə də dağ bölgələrində meşəlik ümumi ərazinin 20-60 faizini, aran zonalarında isə bu göstərici 0,5-2,0 faiz təşkil edir. Ölkədə hər adam başına 0,14 hektar meşə sahəsi və 17 kubmetr oduncaq düşür. Azərbaycan meşələrinin yüksəkliklərə görə paylanmasının da özünəməxsus qanunauyğunluqları vardır. Belə ki, əksərən şimal istiqamətli dağ yamaclarında palıd-vələs meşələri üstünlük təşkil edir. Aşağı dağ qurşağında az məhsuldar palıd, qarağac, dəmirağac meşələri, orta dağ qurşağında nisbətən məhsuldar palıd-vələs meşələri, yuxarı dağ meşə qurşağında isə daha yüksək məhsuldar palıd-vələs meşələri mövcuddur. Onun sözlərinə görə, ölkədə meşə siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun müvafiq qurumu - Meşələrin İnkişafı Departamenti vasitəsilə həyata keçirilir. Hər il  departament  tərəfindən meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması üzrə işlər həyata keçirilir.

Ölkənin iqlim, torpaq şəraiti üzvi əkinçiliyə əsaslanan yeni meşə bağlarının salınması və orada zeytun, qozmeyvəli və digər ağacların becərilməsi üçün olduqca əlverişlidir. Nazirlik tərəfindən bu istiqamətdə də mühüm işlər görülür.  Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq nazirlik ağacəkmə aksiyaları keçirir, yeni yaşıllıqların salınmasından əlavə, quruyan və təhlükə törədən ağaclar yeniləri ilə əvəzlənir.

Meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biridir.

F.Əliyev qeyd edib ki,  Azərbaycanda meşələrin mühafizəsi və dayanıqlı inkişafına dair Milli Meşə Proqramı hazırlanıb: "Azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Bu baxımdan ölkəmizdə meşələrin bərpasına, yeni meşə zolaqlarının salınmasına çox böyük önəm verilir. Meşə fondunun əkinəyararlı açıq sahələrində aqrobağlar salınır. Həmçinin, tezböyüyən ağac cinslərindən ibarət plantasiyalar yaradılır. Belə meşə zolaqlarının salınması qida və ağac emalı sənayesinin inkişafı üçün də əhəmiyyətlidir. Milli Meşə Proqramının hazırlanmasının məqsədi ölkədə meşələrin səmərəli idarə edilməsi sahəsində siyasi, institusional və qanunvericilik üzrə təkmilləşdirmə işlərinin aparılmasıdır. Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün işlənib hazırlanıb. Bu proqram ölkədə meşəçiliyin inkişaf strategiyasını əks etdirən əsas sənəddir".

F.Əliyevin  dediyinə görə, sənəd layihəsində ölkənin meşə resurslarının inkişafında ictimaiyyətin və digər maraqlı tərəflərin geniş iştirakı, hazırkı meşə resurslarının mövcud vəziyyətinin ətraflı təhlili xüsusi yer tutur: "Proqramda ətraf mühitin, biomüxtəlifliyin qorunması, iqlim dəyişmələrinə adaptasiya, eləcə də kənd yerlərinin inkişafına töhfə verilməsinə xüsusi diqqət yetirilir. Həmin proqramda nəzərdə tutulan tədbirlər, ilk növbədə, dövlətin ekoloji və iqtisadi siyasətinin tərkib hissəsi olmaqla, bütün tərəflərin maraqlarına, o cümlədən, yoxsulluğun azaldılması, regionların inkişafına və kənd yerlərində əhalinin məşğulluğuna, kənd təsərrüfatı sektorunun, ekoturizmin inkişafına təkan verəcək. Eyni zamanda, istər meşə fondu, istərsə də vətəndaşların fərdi və bələdiyyə mülkiyyətinə aid ərazilərində qısa dövriyyəli kommersiya meşələrinin yaradılması nəzərdə tutulur. Nəticədə, ağac sənayesində və tikinti-inşaat işlərində idxaldan asılılıq azaldılacaq. Yeni Strateji sənəd olan Milli Meşə Proqramında bir sıra əlaqədar qurumların iştirakı ilə eroziyaya qarşı mübarizə və səhralaşma prosesinin qarşısının alınması tədbirlərinin icrası, iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması, bioloji müxtəlifliyin idarə edilməsi, meşə tingçiliyi və toxumçuluğunun inkişafı üzrə fəaliyyətin göstərilməsi nəzərdə tutulub".

Nazir müavini vurğulayıb ki, nazirlik tərəfindən meşələrin, ağacların qanunsuz kəsilməsinin qarşısını almaq üçün sərt tədbirlər görülür: "Meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması üçün daim müvafiq tədbirlər həyata keçirilir. Meşələrə amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı nazirlik tərəfindən qəti tədbirlər görülür. Ciddi ictimai nəzarətin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilir. Biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam şəkildə alınması üçün ictimai nəzarət və ictimai mühafizə təşkil olunur".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





30.07.2021    çap et  çap et