525.Az

"Qədim millət"dən "texnoloji millət"ə?.. - Sosial şəbəkədə yazılanlar


 

"Qədim millət"dən "texnoloji millət"ə?.. - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Erməni startapları yüz milyonlarla investisiya cəlb edə bilib. "Qədim millət" indi də "texnoloji millət" şüarını irəli sürmək istəyir.

Ermənilərin Krisp startapının qurucusu David Baqdasaryan bildirib ki, ötən bir il ərzində erməni startapları 69 milyon dollar investisiya cəlb ediblər. Məsələn, Krisp - 14,  CoinStats - 1,2, Scylla AI - 3,7,  10Web - 2,  InSpace - 6, SuperAnnotate - 14,5, SoloLearn - 24 milyon dollar.  Təsisçiləri erməni olan, Ermənistanla sıx bağlılığı olan və xaricdə yerləşən ServiceTitan startapı 700, CodeSignal startapı 25, Disqo startapı isə 13,5 milyon dollar investisiya cəlb edə bilib.

Eyni zamanda, son zamanlar diqqətimi cəlb edib ki, erməni təsisçisi olan startaplar, Aarki 150, Epic 500 miyon dollara satılıb.

Baqdasaryan texnoloji bir millət formalaşdırmaqdan başqa yollarının qalmadığını bildirib.

Beləliklə, belə görünür ki,  ermənilər artıq "qədim millət" şüarından imtina edib, "texnoloji millət" statusu qazanmaq niyyətindədirlər.

Qeyd edim ki, yuxarıda sadalanan məbləğlər Ermənistan üçün çox böyük rəqəmlərdir. Hiss olunur ki, erməni diasporu, erməni investorları məğlub ölkənin çıxış yolu olaraq texnologiyaları və innovasiyaları önə çəkirlər.

Ümid edirəm, ölkəmizdə startap və innovasiya ekosisteminə cavabdeh olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, KOBİA və digər qurumların da bu rəqəmlərdən xəbərləri var.

Bu gedişlə proqnozlaşdırmaq da olar ki, yaxın illərdə Ermənistan büdcəsi ekosistemdən gələn gəlirlər hesabına böyük vəsaitlər əldə edə biləcək.

P.S. İnnovasiya Agentliyimizin adını cavabdeh qurum olaraq ona görə qeyd etmirəm ki, belə görürəm ki, səlahiyyətli yuxarı qurumlar üçün də bu Agentlik artıq "yoxdur" kimi bir şeydir. Ötən günlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin startaplarla görüşündə bu qurumdan ümumiyyətlə, heç kim iştirak etmirdi. 2-3 il ərzində öz fəaliyyətini qura bilməmək çox təəssüfləndirici bir haldır.

Xaqani Səfəroğlu, jurnalist:

- ABŞ-ın Ermənistandakı səfirinin Kəlbəcərlə sərhədə gəlməsi təsadüfi deyilmiş...

"Logistika savaşları" davam edir. 

Əziz Əlibəyli, jurnalist:

- Başa düşdük: Əmr Fransadan və Basarkeçərə ayaq basan ABŞ-dan gəlib.

Bu ölkələri qoyuram bir tərəfə, Fransa Paşinyan müharibəyə başlayandan sonra hansı güclə gəlib Nikolu xilas edəcək?

Sonuncu dəfə Türkiyə bunun Liviyada, Aralıq dənizində gözünü ovmadımı? 

Günel Musa, jurnalist:

- Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşlarının şəhid adına bulaq tikilməsinə mane olduğu, hətta bir müharibə iştirakçısının tikdiyi şəhid bulağını sökdükləri ilə bağlı şikayətlər eşidirəm. Şəxsən özümə də yazanlar var bu məsələ ilə bağlı. Məsələni araşdırmaq üçün Mingəçevirə getməyi düşünürəm.  

Asif Nərimanlı, jurnalist:

- İrəvanın hücum planı, Bakının cavab gedişləri - sərhəddə nə baş verir?

- Sərhəd müqaviləsinin mətnini formalaşdırmaq;

- Masaya əyləşənə qədər mövqelərin əldə edilməsi;

Kəlbəcər istiqamətində baş verən döyüşlərin siyasi və hərbi hədəfləri belə görünür. Detalları anlamaq üçün proseslərin inkişafına baxmaq lazımdır.

20 iyul: Əliyevlə Putin Moskvada görüşdü;

22 iyul: Əliyev sərhədlərin delimitasiyasını da nəzərdə tutan  sülh müqaviləsi ilə bağlı Ermənistana gündəlik göndərildiyini açıqladı və bəyan etdi ki, bu məsələdə Rusiya, Türkiyə, Avropa İttifaqı Bakı ilə eyni mövqedədir;

23 iyul: Kəlbəcər istiqamətində intensiv döyüşlər başlandı;

28 iyul: Ermənistanın itkiləri ilə (rəsmi məlumata görə, 3 ölü, 4 yaralı) nəticələnən şiddətli döyüşlər Rusiyanın vasitəçiliyi ilə dayandı;

Hadisələrin inkişafı göstərir ki, Əliyevlə Putin Rusiyanın vasitəçiliyi ilə yeni sərhəd müqaviləsinin imzalanması üzərində razılıq əldə edib və mümkündür ki, Moskvada üçtərəfli görüşə hazırlıq gedir. Əliyev Moskvada həm də Putinin vasitəsilə Paşinyana gündəliyi təqdim edib və görüşdən sonra Putin Paşinyanla telefon görüşməsində Bakının şərtlərini çatdırıb.

Gündəliyin təqdim edilməsindən dərhal sonra Kəlbəcər istiqamətində hücuma keçən Ermənistanın masaya əyləşməmişdən öncə üç hədəfə nail olmaq istəyir.

Birincisi, Moskvanın neytral qalacağını bildiyi halda dövlət sərhədində toqquşma yaratmaqla Rusiyanın Ermənistan qarşısındakı "müdafiə öhdəliyini" gündəmə gətirir və bunun qarşılığında masada rusların dəstəyini qazanmağa çalışır: "öhdəliyini yerinə yetirmirsənsə, sərhədlərin delimitasiyasında dəstək ver";

İkincisi, toqquşmalarla Rusiya hərbçilərinin indi bölgəyə girişinə və rusların əli ilə Azərbaycan Ordusunun mövqelərdən geri çəkilməsinə nail olmağa çalışır;

Üçüncüsü, daxili auditoriyada zəmin hazırlanır: Paşinyan anlayır ki, sərhəd müqaviləsini imzalamalıdır, öncə toqquşmalar yaratmaqla, itkilərlə verməklə erməni cəmiyyətinə "anlaşmasaq, yeni müharibə ola bilər" deyə biləcəyi vəziyyət yaradır;

Azərbaycanın 23 iyuldan başlanan erməni təxribatına qarşı gördüyü cavab tədbirləri Bakının prosesləri maraqlarına uyğun istiqamətə yönəltməsi baxımından əhəmiyyətlidir.

1. Masaya əyləşənə qədər Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədini bərpa etmək;

2. İrəvanı sərhəd müqaviləsini imzalamağa məcbur etmək;

28-nə keçən gecə Ermənistan ordusuna vurulan zərbənin miqyası vəziyyətin ordumuzun nəzarətində olduğunu sübut edir. Bakının Moskvanın atəşkəs təklifini qəbul etməsi də hərbi mövqelərin bizim xeyrimizə olduğundan xəbər verir.

Lakin bu atəşkəs olduqca kövrəkdir və Moskvada qurulacaq masaya qədər - bu, Ermənistanda hökumətin formalaşdırılmasından sonra ola bilər - sərhəd xətti boyunca toqquşmalar davam edəcək. Bütün bunların fonunda Qarabağda da əməliyyatların şahidi ola bilərik. 

Dilqəm Əhməd, jurnalist:

- Azərbaycan hökuməti xüsusi komissiya qurmalı, müharibə dövründə öldürülmüş və öldürüləcək ermənilərin erməni mənbələrinə əsasən siyahısını tutmalıdır. Çünki 2071-ci ildə 44 günlük savaşda 300 min erməninin öldürüldüyünü yazacaqlar. Ölüsü çoxalan tək xalqdır. 

Tural Bakuvi, jurnalist:

- Rusiya Müdafiə Nazirliyi Ermənistanı provakasiyaya yol verməməyə, sərhədlərin delimitasiyası üzrə Azərbaycanla danışmağa çağırıb.

Əlavə edilib ki, əks halda, Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlərə əl atmaq hüququna malikdir.

Maraqlıdır... 

Tural Cəfərov, yazıçı:

- Müəllimlərin işə qəbul imtahanında İsmayıl Şıxlının "Namərd güllə" hekayəsindən belə sual düşüb: Niftalı suya girəndə birinci hansı paltarını soyundu? Narazılıq edirlər ki, guya çətin sualdır. Halbuki hekayədə cavab açıqca verilib: "Niftalı durdu, yaxası qaytanlı köynəyini soyundu".

Ya da sual düşüb ki, "Aldanmış kəvakib" əsərində kim özünə "it" deyirdi? Bu da çətin sual deyil. Ağlınıza gələni deməyin, cavab miraxurdur. Yəni axurun miri, baş mehtər. Miraxur beyqafıl qayıdır ki, indi vilayət içində bir itcə abrımız yoxdur.

Mən də ortalığa bir sual atıram,

halal xoşları. Mirzə Cəlilin üçüncü arvadının birinci nikahdan olan qızı Tibb universitetinin professoru Mina Davatdarovanın nəyidir? Düzgün cavab: Bibisi.

Sualları kənara qoyub zər atmaqla müəllimləri işə qəbul etmək də pis olmaz, bir şərtlə ki, zər cütləyənlərə qarşı sərt tədbirlər görülsün. 

Afət Yaqubova, jurnalist:

- Bir ağbirçək təcrübəsi: iclaslar çox olan yer qədər qeyri-məhsuldar iş mühiti yoxdur! Bir yerdə ki iclasların sayı artıb, bilin ki, orada heç kimin heç nəyə vaxtı yoxdur, heç kim heç nəyi çatdırmır, iş iş üstə tökülüb qalıb və iş getmir. 

Elşən Mustafayev, sosial şəbəkə istifadəçisi:

- Sizinlə qeyri-adi, maraqlı bir məlumatı paylaşım. İbn Xordadbeh 9-cu əsrdə yaşayıb, Abbasilər Xilafətinin bir farsdilli məmuru olub. Ən son qeydlərini 885-ci ildə etdiyi bir əsəri var, orijinalı bizim dövrə qədər gəlib çatıb. Həmin orijinal nüsxənin tərcüməsində Beşbarmaq dağı haqqında qeydlər edilib. Xilafətin inzibati idarəetməsini, poçt və yollar xidmətini yaxşı bildiyi üçün onun əsərindəki coğrafi yer adları və onlar haqqında verdiyi məlumatlar etibarlıdır. Təsəvvür edin ki, hal-hazırda "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində olan Beşbarmaq qayası artıq 9-cu əsrdə Musanın qayası adı ilə məşhur yer olub müqəddəs bir yer hesab edilirmiş, orada olan bulaq isə müqəddəs su kimi qəbul edilirmiş. Həmin ərazini tanıyanlar bilir, həmin təbii qaynama bulaq suyu və onun üzərində tikilmiş su ovdanı bugün də qayanın ətəklərindədir. Beşbarmaq dağı İncildə yazılmış hekayəyə görə (Musanın qayada çomağını yerə vurub oradan təbii su çıxarması), həm də Quranda yazılmış yer hesab edildiyinə görə (Musa Peyğəmbərin Xızır ilə görüşməsi) lap erkən orta əsrlərdən başlayaraq həm yəhudilər, həm xristianlar, həm də müsəlmanlar tərəfindən müqəddəs yer kimi qəbul edilib. Dini turizm üçün Azərbaycanda ən böyük turizm potensialı olan yerdir, Beşbarmaq dağı.

Cavid Zeynallı, yazıçı:

- Flora Kərimovanı müxalifətlə bağlı dediyi hansısa fikrinə görə tənqid edirlər. Daha doğrusu, deyib ki, müxalifətçiliyə yer qalmayıb, çünki iqtidar millətimlə, şəhidlərin qanı ilə hamımızı xalq kimi ucaltdı. Nəyi yalan deyib? Nədə səhv edib ki? Heç nədə. "Müxalifətçiliyə yer qalmayıb" fikrini öz şəxsində deyib, özünə aid edib. 20 il əvvəl öhdəlik götürmüşdü ki, inada düşəcəm? Əslində, konteksti bilənlər söhbətin hardan, necə qaynaqlandığını, sualın ona keçmişə hansı işarə ilə ünvanlandığını bilirlər. Flora Kərimova həqiqi sənətin ən uca məqamında olan azsaylı nəhənglərdəndir. Səsi-sənəti ilə belə məsələlərin fövqündə duran adamdır. İncitməyək!

 





30.07.2021    çap et  çap et