525.Az

Bədii tərcümənin cahangiri - Portret


 

Bədii tərcümənin cahangiri - <b style="color:red">Portret </b>

Neçə vaxtdır, uzun  illər yaxın ünsiyyətdə olduğum, sənətinə, şəxsiyyətinə hörmət etdiyim, dəyər verdiyim, "Şeirdən başqa dünya bilmirəm" - deyib, bütün ömrünü misra-misra, sətir-sətir poeziyaya kökləyən şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Vladimir Qafarov haqqında yazmaq istəyirdim.

Bu günlərdə Y.Məmmədovun "Vışka" qəzetində V.Qafarova həsr olunmuş yazı dərc etdirməsi mənə ilham verdi. Qərara gəldim ki, V.Qafarov haqqında düşüncələrimi, fikirlərimi, xatirələrimi qələmə alım.

Onunla ilk tanışlığım 1986-cı ilin aprel ayına təsadüf edir. O zaman mən Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Radiotexnika fakültəsinin tələbə həmkarlar təşkilatının sədri idim. Mənim təşəbbüsümlə institutda Xalq şairi Süleyman Rüstəmin iştirakı ilə onun 80 illik yubiley gecəsinin keçirilməsi qərara alınmışdı. İnstitut rəhbərliyi şairi dəvət etməyi isə mənə həvalə etmişdi.

Nəhayət, mən Azərbaycan Yazıçılar İttifaqında Xalq yazıçısı Hüseyn Abbaszadənin otağında Süleyman Rüstəmlə görüşdüm. S.Rüstəmlə söhbət əsnasında tanımadığım bir nəfər tez-tez şairlə çox səmimi danışırdı. Onu dəvəti qəbul etməyə, özünün də o yubiley tədbirində məmnuniyyətlə iştirak etmək istəyində olduğunu bildirirdi. Sonradan bildim ki, həmin şəxs şair-tərcüməçi Vladimir Qafarov idi. O, Süleyman Rüstəmi bir ağsaqqal, böyük ustad sənətkar, əvəzsiz şair kimi çox sevirdi. Hətta daim ona "Dədəm Süleyman" deyə xitab edərdi.

1986-cı il aprelin 11-də Azərbaycan Politexnik İnstitutunun akt zalında S.Rüstəmin iştirakı ilə çox möhtəşəm, yadda qalan bir yubiley gecəsi keçirildi. Xalq yazıçısı Hüseyn Abbaszadənin, Xalq artisti  Vera Şiryenin qatıldığı yubiley tədbirində Vladimir Qafarov da iştirak edərək, şair haqqında fikirlərini söylədi. Onun rus dilinə çevirdiyi "Çağır" qəzəlini  iştirakçıların nəzərinə çatdırırdı.

O gündən etibarən, ömrünün sonuna qədər mən onunla ünsiyyətdə oldum. Tez-tez iş yerlərinə gedib onunla görüşər, fikir mübadiləsi aparar, hərdən telefonla da hal-əhval tutardım.

Tez-tez müəllifi olduğum televiziya verilişlərində, ayrı-ayrı sənət adamlarının xatirə, yaradıcılıq və yubiley tədbirlərində məmnuniyyətlə iştirak edərdi. Görüş zamanı hər dəfə deyərdi: "Qafar, mən səni həm də ona görə çox istəyirəm ki, sənin adın mənim babamın adıdır, soyadımla eynidir"...   

Vladimir Əbdüləzim oğlu Qafarov 1935-ci il mayın 19-da Sabirabad şəhərində anadan olmuşdu. Atası dənizçi Əbdüləzim azərbaycanlı, anası isə rus idi (Bəlkə elə bu qarışıq nigah onun həm Azərbaycan, həm də rus dillərini mükəmməl bilməsində, dolğun, dəqiq, poetik tərcümələrinin meydana gəlməsində müstəsna rol oynamışdı). Bakıda orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, elmin sirlərinə dərindən yiyələnmişdi. O, burada klassik dünya, rus, Azərbaycan və Avropa ədəbiyyatına mükəmməl yiyələnir. Şifahi xalq ədəbiyyatına, el ədəbiyyatına böyük maraq göstərir.

 "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin redaktoru qismində əmək fəaliyyətinə başlayan V.Qafarov qələmə aldığı şeirləri ilə diqqət çəkir. Gözəl, istedadlı yaradıcılıq qabiliyyəti ilə fərqlənən gənc Vladimir "Literaturnı Azərbaycan" jurnalında ədəbi işçi kimi fəaliyyət göstərir, bütün varlığı ilə ədəbi yaradıcılığa bağlanır. Sonra Moskvada nəşr olunan "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri, "Bakinski Raboçi" qəzetinin şöbə müdiri kimi çalışır.

Lirik üslubda yazdığı şeirlərilə tanınan, böyük oxucu sevgisi, oxucu rəğbəti qazanan Vladimir Qafarov bir vətəndaş kimi poetik tərcüməyə xüsusi önəm verərək, Azərbaycan el ədəbiyyatını, klassik aşıq poeziyası və müasir şeir nümunələrini  ustalıqla, orijinalıq saxlanılmaqla rus dilinə çevirərək, həm ölməz sənət inciləri yaratmış, həm də Azərbaycan ədəbiyyatını geniş oxucu kütləsinə malik rus dilli auditoriyanı bu incilərlə tanış etmişdi. Mən həm də bir oxucu kimi şairin digər tərcümələri ilə yanaşı, bayatı və qəzəllərin tərcüməsini də böyük zövqlə oxuyurdum. Şair tərcümələri elə yüksək səviyyədə, elə dəqiq, zərgər kimi  və orijinal işləyirdi ki, onları oxuyanda elə bilirdim bu əsərlər sanki ilk gündən rusca yazılıb. Mən şəxsən onları oxuyanda, elə bilirdim, orijinaldan oxuyuram.

Bədii yaradıcılığa 1952-ci ildən başlayan V.Qafarovun "Gəlin", "İki Qala", "Lermontov, 123", "Bürünc Külək", "Küləkli Alov" və digər adda kitabları işıq üzü görüb. Azərbaycan və rus dillərində əsərlər yazan şairin kitabları həm respublikada, həm də onun hüdudlarından kənarda çap edilib.

Tərcümə ədəbiyyatımızın iftixarı və flaqmanı sayılan V.Qafarov Azərbaycan poeziyasının dünya miqyasına çıxarılmasında böyük fədakarlıq göstərmişdi. O, Nizami, Füzuli, S.Rüstəm, Ə.Vahid, M.Müşfiq, S.Vurğun, R.Rza, Əli Kərim, B.Vahabzadə və digərlərinin əsərlərini rus dilinə çevirərək rusdilli oxuculara təqdim etmişdi. Onun tərcümə dairəsi çox geniş və hərtərəfli olmuşdu. Etdiyi tərcümələrdə şair təkcə Azərbaycan ədəbiyyatını təbliğ və təşviq etməklə kifayətlənməyərək, həmçinin, azərbaycançılıq ideologiyasını, xalqımızın  qədim tarixi və mədəniyyətini, adət-ənənəsini, dilinin zənginliyini, Şərq və Azərbaycan poeziyasının ritmini, forma və janrını, orijinal xüsusiyyətlərini və s. oxucuya böyük həvəslə, olduğu kimi çatdırırdı.

Tərcümə ədəbiyyatının canlı klassiki adlandırılan Vladimir Qafarov xalqımıza çox zəngin ədəbi irs qoyub getmişdir. Onun "Dədə Qorqud" eposundan tutmuş, Azərbaycan aşıq şeirinin, bayatıların, Məhsəti Gəncəvi rübailərinin, Məhəmməd Füzuli qəzəllərinin, Yunis Əmrənin və digər klassiklərin əsərlərinin rus dilində mükəmməl tərcüməsi Azərbaycan ədəbiyyatının ən gözəl sənət incilərini təşkil edir.

 

XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli lirik və məhəbbət şairi Mikayıl Müşfiq yaradıcılığına dərindən bələd olan, onun şəxsiyyətinə böyük dəyər verən Vladimir Qafarov Müşfiq şeirlərindən ən gözəl nümunələri, eləcə də şairin atası görkəmli maarifpərvər, pedaqoq, şair, dramaturq Əbdülqədir İsmayılzadə Vüsaqinin də  əsərlərindən  tərcümə edib, oxuculara töhfələr verib.

O, hər şeiri  tərcümə etməzdi. O deyirdi: "Şeir gərək şeir olsun, insanı düşündürsün,  maarifləndirsin. Onu sözün sehrinə aparsın".

V.Qafarov heca və əruz vəznlərini, eləcə də sərbəst vəzni çox mükəmməl bilirdi. O, şeirlərdə əks olunan arxaik sözlərimizi də, onun məna çalarlarını da gözəl bilir, tərcümələrini dəqiq və zərgər kimi işləyirdi:

Məni nə zərə tut, nə də ki, sala,
Bircə mənə qarşı olma karsala.
Az qala müqəddəs deyirsən mənə,
Bəli, müqəddəsəm, amma az qala.
 

V.Qafarov daim çalışır, oxucusunu sevindirər, heyrətləndirərdi. Uzun illər öncə "Koroğlu" dastanını, Qarabağ folklor ədəbiyyatını rus dilinə çevirib. Bu gün həmin əsərlər aktualdır, onların nəsrinə böyük ehtiyac duyulur.

2001-ci ildə Bakı Slavyan Universitetində keçirilən poeziya axşamında çıxış edən Xalq şairi Bəxtiyar Vahabzadə şair haqqında belə deyirdi: "Bizi sözün əsl mənasında şair eləyən Volodya olub. Çünki məhz o, ilk olaraq  əsərlərimizi ruscaya çevirəndən sonra rusdilli oxucu bizi tanıdı, əsərlərimizi maraqla oxudu. Buna görə biz hamımız Vladimir Qafarova borcluyuq".

Şairliklə, tərcüməliklə yanaşı, o, həm də çox istedadlı, məhsuldar jurnalist idi. "Günay", "Bakinski Raboçi" qəzetlərində də fəaliyyət göstərərək, bu mətbu orqanlarının inkişafına böyük töhfələr vermişdi.

Pedaqoji fəaliyyətlə də məşğul olan V.Qafarov bir müddət Bakı Slavyan Universitetində xüsusi tərcümə və "Azərbaycan ədəbiyyatı rus dilində" fənnindən dərs demişdi. Tələbələr onun mühazirələrini, eləcə də klassik şair və yazıçılarla münasibətlərini, xatirələrini böyük maraqla, şövqlə dinləyərdilər. Şair öz yeni şeirlərini, tərcümələrini də məhz tələbələri ilə bölüşərdi.

V.Qafarov yaradıcılığını səciyyələndirən cəhətlərdən biri də odur ki, Azərbaycan filmlərində Tofiq Quliyevin bəstələdiyi, R.Behbudovun ifa etdiyi mahnıların rus dilindəki mətnlərini məhz o hazırlamış, mahnılara populyarlıq qazandırmışdı. V.Qafarov həm də çox səmimi etibarlı dost idi. Son tikəsini  də dostları ilə bölüşərdi.

Zahirən ciddi, sərt, qaş-qabaqlı görünən Vladimir Qafarov çox sadə, təvazökar, səmimi bir insan, qayğıkeş, sevimli ailə başçısı idi. Çox zarafatcıl, yumor hissi olan, qəlbi kövrək bir insan, böyük şəxsiyyət  idi.

Xoşbəxtəm ki, belə bir şairlə, şəxsiyyətlə ünsiyyətdə olmuşam. Onun haqqında hazırda Azərbaycan Televiziyasının Fondunda saxlanılan eyniadlı verilişin müəllifi olmuşam. Həmin veriliş onun anadan olmasının  60 illiyinə həsr edilmişdi.

Zamandan asılı olmayaraq, Vladimir Qafarovun xatirəsi daim qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, ədəbi irsi öyrəniləcək.

Qafar ƏSGƏRZADƏ
Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 





30.07.2021    çap et  çap et