525.Az

Co Baydenin xəbərdarlığı - Xaqani Cəfərlinin şərhi


 

Co Baydenin xəbərdarlığı - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

ABŞ prezidenti Co Bayden Milli Kəşfiyyat Direktorunun (Director of National Intelligence) ofisində çıxışı zamanı bəyan edib ki, Putin Rusiyanın ağır vəziyyətdə olduğunu bilir. Rusiyanın neft quyularından və nüvə silahından başqa, heç bir şeyi olmadığını qeyd edən Co Bayden Putinin məhz bu səbəbdən təhlükəli olduğunu bildirib.

Co Baydenin bu açıqlamasına Rusiya rəsmiləri dərhal reaksiya veriblər. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov ölkəsinin nəhəng nüvə arsenalına və böyük neft ehtiyatlarına malik olduğunu təsdiqləsə də, Co Baydenin sözlərinin doğru olmadığını bildirib. "Rusiyanın başqa bir şeyi olmadığını iddia etmək kökündən səhvdir". Co Baydenin fikrini kökündən yanlış hesab edən Dmitri Peksov fikrini əsaslandırmaq üçün əlavə heç bir fikir bildirməyib.

Co Baydenin Rusiya haqqında bu açıqlaması isə Qərbin siyasi və ictimai xadimləri tərəfindən səsləndirilən ilk sərt ifadə deyil. Mərhum senator Co Makkeyn Rusiyanı "benzinkolonka" adlandırmışdı. “Google”un qurucularından biri Sergey Brin isə Rusiyanı Nigeriya ilə müqayisə etmişdi. Bütün bu fikirləri qərəzli hesab edənlər çoxdur. Ancaq bu, Rusiya iqtisadiyyatının neftdən asılılığı, Rusiyanın isə super güc olmasının məhz nüvə arsenalı ilə bağlılığı gerçəkliyini dəyişmir.

Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, Rusiyanın məhsul ixracında neft və qaz təxminən 50 faiz təşkil edir. Rusiya dövlət büdcəsinin gəlirləri də buna görə neft və qaz satışından əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də Co Baydenin Rusiya haqqındakı fikirlərini təkzib etmək mümkün deyil.

Digər tərəfdən, Rusiya iqtisadiyyatının neft və qazdan asılılığı Moskvanın siyasi dairələrinin əsas müzakirə mövzusudur. Müxalifət iqtisadiyyatın neft və qazdan asılılığını ölkənin milli təhlükəsizliyi üçün ən böyük problem hesab edirlər. Bir neçə ay öncə qəbul edilmiş milli təhlükəsizlik strategiyası da Rusiya iqtisadiyyaının xammal ixracından dərin asılılığını aradan qaldırmağı hədəfləyir. Bu hədəflərə nail olmaq mümkün olacaqmı? Bu ayrı bir yazının mövzusudur. Hələlik isə həqiqət ondan ibarətdir ki, Rusiya iqtisadiyyatı xammal ixracından asılıdır və rəqabət qabiliyyətli deyil. ABŞ prezidenti Co Bayden isə  yalnız bu gerçəkliyi ifadə edib.

ABŞ prezidenti Co Baydenin Rusiyanın neft və nüvə sialhından asılılığı, Putinin də məhz bu səbəbdən təhlükəli olması ilə bağlı xəbərdarlığının ən önəmli hisssəsi məhz Rusiya prezidentinin hansı səbəbdən təhlükəli olması ilə bağlıdır. Belə görünür ki, ABŞ prezidenti rusiyalı həmkarı ilə əlaqələrin tam kəsilməməsini də bununla izah etmək istəyib. Çünki Co Baydenin Putini qatil adlandırmasından sonra onunla görüşüb danışıqlar aparması bir sıra suallar doğurmuşdu. İndi isə Co Bayden bu suallar ətrafında Putinlə danışıqlar aparması məsələsinə aydınlıq gətirir.

 

Məsələ ondan ibarətdir ki, Co Baydenin açıqlamasından qısa müddət öncə Rusiya prezidenti Vladimir Putin nüvə çəkindiriliciyi ilə bağlı dövlət siyasətini müəyyən edən fərman imzalayıb. Bu sənəd Rusiyanın hansı hallarda nüvə silahından istifadə edə biləcəyi ilə bağlı qaydaları müəyyənləşdirib. Prezidentin fərmanına görə, Rusiya əsasən dörd halda nüvə silahından istifadə edəcək. Bu halların arasında Rusiya ərazisinə və ya müttəfiqlərinə hücum edən ballistik raketlərin buraxılması haqqında təsdiqlənmiş məlumatlar olduqda, Rusiyaya və ya müttəfiqlərinə qarşı nüvə silahı və ya digər kütləvi qırğın silahlarından istifadə edildiyi zaman, Rusiyanın vacib dövlət və ya hərbi obyektlərinin, nüvə qüvvələrinin müvafiq hərəkətlərinin pozulmasına səbəb olacaq təsir aşkar edildikdə və nəhayət, Rusiyaya qarşı adi silahlardan istifadə edilməklə təcavüz olunduqda Putin nüvə silahından istifadə edəcəyini rəsmi sənədə çevirdi.

Bu dörd haldan başqa, Rusiyanın və müttəfiqlərinin ərazilərinə yaxın bölgələrdə ehtimal edilən rəqib tərəfindən raketdən müdafiə sistemləri və vasitələri, orta və qısa mənzilli ballistik raketlər, yüksək dəqiqlikli adi və hipersəsli silahlar, pilotsuz uçuş aparatları müşahidə olunduqda Moskva nüvə silahından istifadə etmək hüququnu bildirib. Nüvə silahından istifadə qaydalarını müəyyənləşdirən prezident fərmanın təhlili göstərir ki, Rusiya bir çox hallarda nüvə silahından istifadə edə bilər və artıq bunu rəsmən açıqlamaqdan çəkinmir. Prezidentin fərmanına görə, nüvə silahından istifadə etmək dövlət başçısının səlahiyyətindədir.

Beləliklə, Rusiya prezidenti Vladimir Putin dünyanın ən böyük nüvə arsenalını işə sala biləcək mütləq şəxsə çevrilib. Əgər onu da nəzərə alsaq ki, Rusiya nüvə arsenalını artırmaqda davam edir, Putinin əlində hansı qüvvələrin cəmləşdiyi haqqında təsəvvür yarana bilər.

Ötən il Rusiya nüvə silahnın artırılması və yenilənməsi məqsədi ilə 8 milyard dollar xərcləyib. Mərkəzi Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun digər bir məlumatına görə isə, Rusiya döyüş nüvə başlıqları ilə yanaşı, döyüş vəziyyətinə gətirilmiş başlıqların da sayını artırıb.

Qərblə arasında gərginliyin artdığı bir zamanda Rusiyanın nüvə arsenalını gücləndirməsi, nüvə silahından istifadə qaydalarını müəyyənləşdirməsi Co Baydenin Vladimir Putinin təhlükəli olduğu barədə xəbərdarlığının nədən qaynaqlandığına aydınlıq gətirir. Bu xəbərdarlığı vaxtında verilmiş həyəcan siqnalı da hesab etmək olar. Həyatının yarısından çoxu siyasət və dövlət işlərində keçmiş Co Baydenin xəbərdarlığı bütün dövlət liderlərini düşündürməli, Rusiyadan gələ biləcək təhlükənin qarşısının alınması yolları axtarılıb tapılmalıdır. Rusiyanın nüvə arsenalının üzərində beynəlxalq nəzarətin yaradılması ilə bağlı təklifin bütün tərəqqipərvər bəşəriyyət tərəfindən dəstəklənməsi artıq zərurətə çevrilib.

 





01.08.2021    çap et  çap et