525.Az

"Şimal axını"na qarşı yeni təşəbbüs


 

"Şimal axını"na qarşı yeni təşəbbüs<b style="color:red"></b>

Rusiyanın israrla çəkmək istədiyi "Şimal axını-2" qaz kəməri ABŞ Senatında prezident Co Baydenə qarşı sərt çıxışlara səbəb olub.

Senator Ted Kruz ABŞ-la Almaniya arasında "Şimal axını-2" qaz kəmərinin çəkilişi ilə bağlı əldə olunmuş anlaşmanı ölkəsi üçün fəlakət adlandırıb və kəmərin tamamlanmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirib. Bunun üçün Dövlət Departamentində yüksək vəzifələrə təyinatların qarşısını alan Ted Kruz "Şimal axını-2" qaz kəmərinə qarşı sanksiya tətbiq olunana kimi mövqeyini dəyişməyəcəyini bəyan edib.

Senator Ted Kruzun ardınca Respublikaçılar Partiyasını təmsil edən 12 senatordan ibarət qrup da "Şimal axını-2" qaz kəmərinə sanksiya tətbiq edilməsilə bağlı prezident Co Baydenə təzyiq göstərməyə başlayıblar. Senator Patrik Tuminin başçılıq etdiyi senatorlar bəyan ediblər ki, "Şimal axını-2" qaz kəmərinə sanksiya tətbiq edilməyəcəyi halda, Maliyyə Nazirliyinin yüksək vəzifələrinə təyinatların qarşısını alacaqlar. Bununla bağlı senatorlar maliyyə naziri Canet Yellenə məktub da göndəriblər. Senatorlar məktubda qeyd ediblər ki, "Şimal axını-2" qaz kəməri ABŞ-ın milli təhlükəsizliyinə zərər verir. Məktubda qeyd edilir ki, kəmərin inşasının başa çatması Vladimir Putin tərəfindən Avropaya zərərli təsirlərin artmasına səbəb olacaq. Senatorların məktubunda bunun Ukraynada kövrək sabitliyi pozacağı məsələsi də öz əksini tapıb. 

Bəzi məlumatlara görə, "Şimal axını-2" qaz kəmərinin 99 faizi, bəzi məlumatlara görə isə, 97 faizi inşa edilib. ABŞ dörd dəfə sanksiya tətbiq etməklə kəmərin inşasını bu günə kimi gecikdirib. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulsa da, bu günə qədər kəmərin inşasını başa çatdırmaq mümkün olmayıb.

Rusiya kəmərin inşasını sentyabr ayına kimi başa çatdırmağa çalışır. Çünki sentyabrda Almaniyada parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə isə "Şimal axını-2" qaz kəmərinin qatı əleyhdarı olan "yaşıllar"ın qalib gəlmək ehtimalı var. "Yaşıllar"ın kansler vəzifəsinə namizədi Annalena Berbok "Şimal axını-2" qaz kəmərinin inşasını dayandırmaq niyyətindədir. Ümumiyyətlə, 40 yaşlı xanım siyasətçi Almaniyada karbohiderogenlərdən istifadəni kəskin azaltmaq niyyətindədir.

"Şimal axını-2" qaz kəmərinin inşasının dayandırılması və ya istifadəyə verilməsinin qarşısının alınması məqsədi ilə Polşa da fəaliyyətə başlayıb. Polşa Şərqi Avropa ölkələri ilə birlikdə Avropa Birliyinin "Şimal axını-2" qaz kəmərinə qarşı yeni qadağalar tətbiq etməsinə nail olmaq istəyir.

Rusiyada bəzi ekspertlər hesab edirlər ki, "Şimal axını-2" qaz kəmərinin inşası Rusiyanın Avropa ilə daha sıx bağlanmasına səbəb olacaq. Putinin bu kəmərdən Avropanın siyasi qərarlarına təsir etmək cəhdinin isə qarşısının hər zaman alına biləcəyini ehtimal edən siyasətçilər  "Şimal axını-2" qaz kəmərinin Putin üçün əlavə imkanlar yaradacağını  şübhə altına alırlar. Hələlik isə əsas mübarizə kəmərin inşasının qarşısının alınması istiqamətində gedir və bunun üçün yeni təşəbbüslər meydana çıxır.

 





31.07.2021    çap et  çap et