525.Az

Pəncərədəki qız - Türkan Turandan daha bir esse


 

İNSANIN MƏNA AXTARIŞI

Pəncərədəki qız - <b style="color:red">Türkan Turandan daha bir esse </b>

Bir müddət əvvəl paytaxtdakı göydələnlərdən birinin həyətinə daxil olarkən qadın yalvarışları, hələ tam yetişməmiş qız səsi gəldi qulağıma.

Başımı yuxarı - səs gələn tərəfə çevirəndə dördüncü mərtəbədə arıq, çəlimsiz, bir ayağını aşağı salladığını, zəif qolları ilə pəncərənin çərçivəsindən bərk-bərk yapışaraq özünü atmaqla anasını təhdid edən bir qızcığaz olduğunu gördüm. Ana da yalvararaq onu fikrindən daşındırmağa çalışırdı. Ətrafda tək-tük insan olduğuna görə, bəllidir ki, qız pəncərəyə yeni çıxmışdı. Bayaqdan anasının adını çəkərək dil tökdüyünü görüb, aşağıdan qıza səsləndim, "gözlə, gəlirəm" dedim. Qız çaşğınlıqla yuxarıdan aşağı  süzdü, böyük ehtimalla kim olduğumu müəyyən etməyə çalışırdı. Fikri yayınmış, hıçqırığı da dayanmışdı. Qonşulardan birinin yardımı ilə təsadüfən yanından keçdiyim, şifrəsini belə bilmədiyim binanın qapısından içəri girərkən yuxarıda nə edəcəyimi, belə bir riskli addımı necə atdığımı düşündüm. Dördüncü mərtəbədə açıq qapının önünə toplanan qonşular pıçhapıç salmışdılar. Ana isə içəridə çırpınırdı. Gah dilə tutur, arada bir sol əli ilə dizinə vurur, gah da əlindəki telefonla kiməsə zəng etməyə çalışırdı. Otağın qapısına yaxınlaşanda qızın "hər şey mənasızdır" deməyi qulağımda əks-səda verdi. İlkin ehtimalım bu oldu ki, on üç yaşlı qız yaşamaq üçün məna tapmadığına görə bu addımı atmaq istəyir. O an beynimdə "İnsanın məna axtarışı" adlı o möhtəşəm kitabın işıqları sönüb-yanmağa başladı.

İnsan ömür boyu bu dörd hərfli kəlmənin axtarışında olur, itirdiyini və ya tapmayacağına inandığı halda yaşamaq gözündə sıfırlanır. Yəhudi əsilli avstriyalı psixiatr Viktor Frankl Avstriya kimi dünyaya açıq, sülhsevər, zəngin mədəniyyətə malik ölkədən çıxıb, Nazi əsir düşərgəsinə düşmüş, dəhşəti iliklərinə qədər yaşamış, həyatın acı həqiqətləri, vəhşilikləri ilə ən sərt şəkildə üzləşərək darmadağın olmuş, həmin düşərgədə bacısı xaric ailəsindən kim varsa hamısını itirmiş, çox sevdiyi həyat yoldaşını və övladlarını bir daha görməmişdi. Düşərgədə dəhşətli şərtlər altında səfil, ac, kir-pas içində sürünmüş, hər gün fiziki və psixoloji işgəncəyə məruz qalmışdı. Yaşadıqlarını və düşüncələrini bu kitabda yazmışdı. Frankel, bədənən qüvvətli olan deyil, mənən qüvvətli olanların xəstəliklərə və dəhşətlərə dözə bildiyini müşahidə edir həmin düşərgələrdə. İnsanın ömür boyu məna axtarışında olduğundan bəhs edən kitabda, bunu yalnız insanın özünün tapa biləcəyini söyləyir. Məsələn, uşaqlar da həmin mənalardan biridir. Mənim gözümdə övlad böyütmək məşəqqətli işdir. Həyatın ən çətin, ən məsuliyyətli, eyni zamanda, ən yorucu yönüdür. Amma uşağı olmayan insanların da valideyn olmaq üçün dəridən-qabıqdan çıxmaları da həqiqətdir. Çünki insan üçün ana-ata olmağın böyük mənası var. Bəzən nənə, baba xəstəliklərlə mübarizə aparır, canlarını qoymağa yer tapmır, üzü gülmür, sevinməyi unudurlar. Elə ki nəvə dünyaya gəlir, bu şəxslər körpə ilə yenidən doğulur, gümrahlaşır, canlanır, uşağın arxasınca qaça-qaça ağrılarını unudur və özlərini xoşbəxt hiss edirlər. Çünki nəvə onların ən böyük mənasına çevrilir. Aparılan araşdırmalar da sübut edir ki, xoşbəxt hiss edən insanlar daha sağlam və uzun ömürlü olurlar.

Yaxşı, nədir bu məna axtarışı? Doğumdan altı saat sonra məna vermə sisteminin inşası başlayır. Körpənin hipokamusunda duyğusal yaddaş hərəkətə keçir və "güvəndəyəmmi", "sevilirəmmi", "dəyərliyəmmi" suallarına cavab axtarır və tapır. Tapdığı cavablara görə anlam vermə sistemini qurmağa başlayır. Əgər vecsiz ortamda doğulubsa, ya bir ot, bir bitki kimi təsadüf nəticəsində ayaqda qalır, ya da əzilir, məhv edilir. Beyni qarmaqarışıq, ətrafında gördüyü insanların məna vermə sistemini təqlid edərək böyüyür. Mühafizəkar və təhdid dolu ortamda doğulubsa, ona mütəmadi olaraq bu fikirlər yeridilir; hər şeyin ən doğrusunu mən bilirəm. Kimə nə üçün inanmalısan, məqsədlərin nə olmalıdır, nə vaxt hansı addımı atmalısan, necə yaşamalısan suallarına cavab axtarmayacaqsan, mən hamısını sənə öyrədəcəm. Məndən fərqli düşünməyəcəksən, sənə öyrətdiklərimi sorğulamayacaqsan, sadəcə inanıb, itaət edəcəksən. Bizim kimi olsan, səni sevib, mükafatlandıracağıq. Əks halda sevgimizdən məhrum olub, cəzalanacaqsan, yalnız və çarəsiz qalacaqsan.

Çağdaş, mədəni ortamda doğulan uşaqlara isə mütəmadi bu mesajlar verilir; sənin potensialın yüksəkdir. Müşahidə edərək, sual verərək, təcrübədən keçirərək yaşamağı öyrənəcəksən və özünə məna qatma sistemini inkişaf etdirəcək gücün var. Sənə inanıram, səndə özünə inan. Mən sənə həmişə dəstək olacam. Suallarına birlikdə cavab tapacağıq. Amma məna qatma sistemini sən inşa edəcəksən. Çünki sənin üçün ən yaxşısını sən qura bilərsən.

Üçüncü ortamda böyüyənlər fərd, şəxsiyyət olmaq azadlığına sahib, uğurlu insanlar olurlar. Bu üç ortamdan ən təhlükəlisi vecsizlərin arasında doğulmaqdır. Ölümlə qalım arasında var-gəl edərək yaşayırsan. Məsələn, son zamanlar küçələrə atılan uşaqlar bu kateqoriyada doğulanlardır. Mühafizəkar və təhdid dolu ortam isə əvvəl-axır əldə partlayır, pəncərədəki qız kimi. O da mühafizəkar ortamda böyüyüb. Mənanı özünün tapmağına imkan verməyiblər, rəqs etməyi sevməyib, amma ailəsi istədiyi üçün öyrənib, şahmat oynamaqla arası olmayıb, mütəmadi uğursuz nəticələr əldə edib, amma başqaları bacardığı üçün ona da bu yöndə təzyiq edilib. Daha on üç yaşı var, amma ona sırınan mənadan bezib. Pəncərədən necə yapışdığını gördüm, məqsədi özünü atmaq deyil, ailəsini cəzalandırmaq idi. Ona sırınan mənaları rədd edib, öz mənasını özünün inşa etməyi idi. Frankelin dediyi kimi, "insan öz mənasını yalnız özü inşa edə bilər". Doğrudur, bəzən üsyan etmək, qarşı çıxmaq naminə də olsa, bunu özü etməlidir. Pəncərədəki qız kimi...

 





31.07.2021    çap et  çap et