525.Az

Perikl demokratiyası və imperializm - Telman Orucov yazır


 

Perikl demokratiyası və imperializm - <b style="color:red">Telman Orucov yazır </b>

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr

(Əvvəli ötən şənbə sayımızda)

B.e.ə. 490-cı ildə persiyalılar Egey sahillərinə ikinci dəfə qüvvə göndərdilər. Xainlər onlara qapını açdıqda, əhali qul edildi. Persiyalılar Marafon buxtasında sahilə çıxdılar. Yunan generallarından daha dinamiki olan Miltiadın ayağa qaldırdığı afinalılar düşməni Marafon düzənliyində qarşılamağı qərara aldılar. Afinalılar həlledici döyüşdə say tərkibi iki dəfə çox olan persiyalılar üzərində qələbə çaldılar. Bu qələbədən sonrakı onillikdə Afinanın güclü siyasi rəqibləri meydana gəldi. Miltiad isə sonrakı ili başqa bir ekspedisiyaya başçılıq edəndə, məğlub olduğuna görə ona elan edilmiş ölüm hökmü yumşaldılıb, ağır cərimə ilə əvəz edildi, lakin bundan bir az sonra o, öldü.

Femistokl isə Persiyanın böyüyən təhlükəsindən agah olduğundan xalqı inandırdı ki, pulu triyerlər qayırmağa sərf etmək lazımdır. Onun yeni Afina donanması persiyalıları dəf etməkdə həlledici faktorlardan biri oldu.

Sonralar Persiyanın daha iri ekspedisiyası Yunanıstanı işğal etməli idi. Kiçik yunan ordusu Fermopildə dayanmışdı, oradakı dağla dəniz arasındakı dar keçidi əlində saxlayırdı. Buradakı uğursuzluq Yunanıstanın şimalını itirmək demək idi. Afina evakuasiya edilmişdi, ancaq az sayda bir qüvvə saxlanmışdı ki, Akropolu müdafiə etsin.

Fermopil keçidində persiyalıların 200 minlik ordusunun yolunu 1400 adam kəsmişdi. Onların tərkibindəki yunanlar çıxıb getdikdə, burada 300 spartalı qalmışdı, onlara çar Leonid başçılıq edirdi. Spartalılar nəhəng düşmən ordusu tərəfindən məhv ediləcəklərinə şübhə etmirdilər. Lakin onlar geri çəkilmək barədə də düşünmürdülər. Onların hamısı həmin gün düşmənin ox yağışı altında həlak oldu, lakin tarixin çox şərəfli bir səhifəsini yazdılar. Min illər keçsə də, onların qəhrəmanlığı unudulmur və bəşəriyyət yeri gəldikcə bu döyüşçülərin dəlisov igidliyini himn qaydasında vəsf edir.

Yunan donanması Salamin adasında dayanmışdı, dar sularda vuruşmaqla, qalib gələcəyinə ümid edirdi. Persiya çarı Kserks qərbdəki boğazı bağlamışdı. Yunanlar Salamində tam qələbə çaldılar və Kserks öz donanmasını geri çəkməli oldu.

Kserks ordusu ilə quruda həlledici döyüş Plateyada getdi. Persiya generalı Maradoni səhər tezdən hücuma keçdi və asan qələbə çalacağını gözləyirdi. Lakin yunanların Spata qanadı döyüşün nəticəsini həll etdi. Maradoni öldürüldü, Persiya ordusunun qalıqları qaçmağa başladı. Salamindən sonra yunanlar böyük qələbə çaldılar. Bu qələbə İoniyada üsyanın geniş yayılması üçün siqnal oldu.

Sonralar Afina ilə Sparta arasında münaqişə baş verdi. Afinalılar Peloponnes sahilində limanları tutmağa cəhd edərkən məğlub oldular.

Perikl demokratiyası və imperializm 

B.e.ə. V əsrin ortalarında Afina yunan dövlətlərinin Liqasını imperiyaya çevirməkdə uğur qazandı. Bu vaxt aparıcı Afina siyasətçisi və generalı Perikl orduya götürüldü. Peloponnes ordusu Afina qarnizonunu darmadağın etdi. Perikl spartalıların geri çəkilməsi barədə danışıqların aparılmasına nail oldu. Afina imperiyası Sparta tərəfindən tanındı.

Perikl Afina demokratiyası və mədəniyyətinin keyfiyyətində ağıla gələn bütün ideyaları birləşdirdi və bundan Afina məbədlərinin tikilməsi üçün istifadə olundu. Əvvəlkilərdən fərqli olaraq Periklin tikdirdiyi məbədlər mərmərdən idi. Yeni tikililərdən ən böyük təəssürat yardanı Parfenon idi, orada böyük heykəltəraş Fidinin yaratdığı ilahə Afinanın qızıldan və fil sümüyündən gözəl heykəli var idi. Akropolun yamacında "Odeon" teatrı tikilmişdi. Perikl istedadlı natiq idi; məclis onun mühakiməsini qəbul etməyə öyrənmişdi və onun aparıcı mövqeyinin ifadəsinə qulaq asırdı. Özündən əvvəlki strateq olan Fukidid ostrakizmə məruz qaldıqdan sonra o, 15 il ərzində dalbadal general (strateq) seçilmişdi. Onun hakimiyyətinin real mənbəyi öz şəxsi nüfuzu idi. Tarixçi Fukidid isə (o, Perikldən 40 yaş kiçik idi, b.e.ə. 455-ci ildə anadan olmuşdu.) onun b.e.ə. 431-ci ildəki matəm çıxışı barədə geniş məlumat verir. Bu çıxış Peloponnes müharibəsinin birinci ilində həlak olan afinalıların xatirəsinə ehtiram əlaməti idi. Həm də bu çıxış, naminə Periklin çox iş gördüyü demokratiyanın başlıca xüsusiyyətlərinin konturlarını xatırladırdı. Afina dünyaya geniş açılan şəhər idi, əcnəbiləri də mehribanlıqla qarşılayardı, onlar Afina ticarətində aparıcı rol oynayırdılar. Şəhər-dövlətdə suveren orqan məclis idi, onda hər bir vətəndaş bərabər səsə malik idi. Mühüm siyasi məsələlər açıq havadakı yığıncaqlarda müzakirə edilirdi, kvorumun 6 min nəfərdən ibarət olması tələb olunurdu.

Perikl — Vikipediya 

Perikl öz məşhur nitqində deyirdi: "Biz gözəlliyi heç də şıltaqlığa görə, müdrikliyi çətinliyə dözməyə görə sevmirik, həqiqətən onları sevirik; biz var-dövlətdən heç də sözdə lovğalanmaq üçün deyil, fəaliyyət üçün yaxşı bir vasitə kimi istifadə edirik. Bizdə yoxsulluğu etiraf etmək ar deyildir, əksinə, ondan zəhmət hesabına çıxmamaq biabırçılıqdır". Peloponnes döyüşündə həlak olanlar barədə isə demişdi: "Bütün yer üzü məşhur adamların qəbri olmaq üçün xidmət edəcəkdir, bu döyüşçülərə görə peşmançılıq hissləri çəkin, azadlığı xoşbəxtlik, igidliyi isə azadlıq sayın və ona görə də hərbi təhlükə qarşısında acizlik göstərməyin".

Fukidid Perikl epoxasını Afinanın qızıl dövrü kimi qiymətləndirir, keçmişinə baxaraq deyirdi ki, "Bu, demokratiya adına idi, lakin real olaraq birinci adamın idarəetməsi idi. Perikl məclisi inandırırdı, məclis isə kütləyə məhəl qoymamaqdan uzaq idi".

Afina vətəndaşlarının rifahı yüksək standartlar səviyyəsində idi. Perikl həm də ambisiyalı tikinti proqramı irəli sürmüşdü. İllik təzminat daxil olmasa, onu həyata keçirmək də olmazdı.

Lakin Afinanın dinc və müəyyən mənada xoşbəxt həyatı uzun sürmədi və Peloponnes müharibəsi b.e.ə. 432-ci ildə başlandı. Afina donanması həm gəmilərin sayına görə, həm də təcrübəsinə görə əks tərəfdə vuruşanlara nisbətən daha güclü idi. Lakin Perikl Sparta ilə həlledici döyüşdən qaçırdı. Attika tərk edildi və onun əhalisi Afinada sığınacaq tapdı. Şəhəri Pireyə qədər olan divar qoruyurdu.

Spartanın zəif cəhəti onun donanmasında və maliyyə imkanlarında idi. Sparta hələ də öz valyutası kimi dəmir lövhələr düzəldirdi. Onun müttəfiqləri də aqrar dövlətlər olmaqla, kasad resurslara malik idi. Lakin Sparta ordusu sayca daha çox tərkibə malik idi, 30 min nəfərdən ibarət olmaqla, Afinanınkından iki dəfədən də böyük idi. Spartalılar Attikaya müdaxilə edib, onu viran qoydular. Həmin ildə daha bir mühüm hadisə baş verdi, izafi sıx əhalisi olan şəhər kimi Afinanı taun xəstəliyi başına götürdü, vuruşan adamların dörddə birini və daha çox proporsiyada qadınları, uşaqları və qulları epidemiya öldürdü. Perikl komandanlıqdan azad edildi. Lakin qısa müddətdən sonra yenidən seçilsə də, b.e.ə. 429-cu ildə öldü.

Altı il sonra atəşkəs yarandı, bu, daimi sülh bağlamaq yoluna daşın döşənməsi demək idi. Sülh bağlandıqdan sonra da nə Spartada, nə də Afinada yenə də stabillik yox idi.

Müharibə ərzində Afinanın mədəni həyatı və intellektual iqlimi sürətli dəyişikliklərə uğradı. Sofistlər nəsli meydana gəldi, onların ümumi təsirinə həm də Sokratın təsiri əlavə olunmuşdu. Sokrat özü kasıb adam idi, qonorar tələb etmirdi, adamları düzgün dəyərlər ruhunda tərbiyə etməyə çalışırdı. O, dövlət qarşısında xidməti vətəndaşlıq borcu hesab edirdi. Həmin günlərin qabiliyyətli gənc adamlarının bəzilərinə valeh olmuşdu, adamlara güclü cəsarət hissi təlqin edirdi. Onun antitezis barədəki ehtirası ritorikaya olan marağını nümayiş etdirirdi. Tarixçi Fukidid bütövlükdə allahlara məhəl qoymurdu, Yevripid onunla mübahisə edirdi, ancaq o, insan davranışının kökləri ilə dərindən maraqlanmırdı. Aristotel də köhnə dəbdə olan adam deyildi. İzah edirdi ki, faciə sadəcə köhnə dəblidir və bəzi cəhətlərini itirmişdir. Yevripidin pyesləri real olmağa azacıq meyl edirdi, xor isə artıq iflasa uğrasa da, bəzən sadəcə musiqi prelyudiyası xidməti göstərirdi.

Afina müharibədən sonra öz imperiyasını və yunan dünyasındakı liderliyini itirdi. Sparta isə qan tökmək və müharibə metodları ilə öz imperiyasını təşkil etdi. Sparta və Persiya çarları arasında müqavilə bağlandı, İoniya yunanları Persiyanın mərhəmətinə tabe edildi. Buna baxmayaraq, Sparta İoniyadakı yunan şəhərlərini qarət etdi. Lakin müqavilədən az sonra Sparta iflasa uğradı. Sparta heç vaxt bir daha qüdrətli olmadı. Tarixçi Ksenofontun sözlərinə görə, spartalılar "öz zamanlarına belə bir inam bəsləyirdilər ki, onların bütövlükdə ağalığı şərəfli olmaqla yanaşı, həm də möhkəm qurulmuşdur". Lakin o, həm də əlavə edirdi ki, allahlar ilahi və bəşər qanunlarına zorakılıq edən adamları unutmurlar, "kimlər ki muxtar şəhərləri tərk etməyə and içmişlər, özlərinin birinci cəzasından əzab çəkməyə yaxınlaşırlar".

Əgər Sparta həqiqi inkişaf yolu ilə hərəkət etsəydi, yunan dünyasının birliyinə zərbə dəyməzdi və onun irəliləməsində fasilələr baş verməzdi. Lakin yunanlar daha ağılsız hərəkətlərə yol verirdilər. Qədim romalıların "Kimi Yupiter məhv etmək istəyirsə, onu ağıldan məhrum edir" zərb-məsəli yunan birliyi qayğısına qalmayanlara birbaşa aiddir.

Persiya amilinə görə, yunanlar bir-birinə nifrət edirdilər və özlərini bu yolla məhv edə bilərdilər. Onların Persiyaya təhlükəsi isə yalnız cüzi idi.

B.e.ə. IV əsrin ikinci rübündə Afina demokratiyası yenidən bərpa olundu. Dağılan şəhər də 404-cü ildə bərpa edilmişdi. Artıq Sparta da süqut etmişdi və heç də qüdrətli deyildi.

Fiva çarı Epaminond Peloponnesə girdi. Spartanın qapısına od və ölüm gətirdi. Ksenofontun dediyi kimi, "Heç vaxt silahlı düşməni görməyən şəhər qadınları dözülməyən düşmənin törətdiyi yanğından qalxan tüstünü gördülər". Epaminond həm də Afinaya çağırış şəklində özünə donanma qüvvəsi yaratdı. Fivalıların cəsarəti hədd tanımırdı. Spartalılarla döyüşün qızğın çağında Epaminond şəhərin içərisində öldürüldü, nəticəni həll edilməmiş şəkildə qoyub dünyadan köçdü.

(Ardı var)

 





02.08.2021    çap et  çap et